• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İradə Aytel - Səndən xəbər gözlədim

  • Yazarlar
  • 18 Mart 2014 14:55
  • 1 326 Baxış
İradə Aytel - Səndən xəbər gözlədim

SƏN MƏNIM ALIM YAZIM

Sənnən xəbər gözlədim,

Kipriyə qaş düşəndə.

Quru-quru alışdım

Araya yaş düşəndə.

Oxunnan çıxıb yayım,

Oxuma! Yatıb toyum!

Ətaydı buta payım,

Yuxuma daş düşəndə.

Bu nə tale, nə yazı,

A baharım, ayazım?

Sən mənim alın yazım

Alnıma qış düşəndə!

QARA QIZ

Bəxtinə rəngin düşdü,

A bəxtəvər olanım!

Hanı baharın, qışdı?

Dərdi gövhər olanım!

Bu yaz səninki deyil,

Bu qız dünənki deyil,

Çək yazını dara qız,

Qara qız, ay qara qız!

Hanı şirin nağılın,

Hanı balın, noğulun?

Tələ qurdu yığvalın,

Düşdün tara, tora, qız,

Qara qız, ay qara qız!

Gəlinlik libasını

Gözüyolda saçların

Geyindikcə öyün, qız,

Üzündəki naxışlar

Xınasıdı dərdinin

Bəzəyinə söyün, qız.

Şana götür əlinə,

Göynək bağla belinə,

“Telini yan dara, qız!”

Qara qız, ay qara qız!

OLDUN

Elə yaddın, elə uzaq,

Yaxın oldun… yaxın oldun.

Həsrətinlə ilmələnən

Qorxum oldun… qorxum oldun.

Ha gizlətsəm ürəyimdə,

Səni gəzdim hər deyimdə.

Od qaladın kürəyimdə

Ahım oldun… ahım oldun!

Yurdsuz nəfəs, cansız bədən,

Nə sən varsan, nədə ki mən…

Yuvasınnan çıxıb gedən,

Ruhum oldun… ruhum oldun!

YIĞIŞ GEDƏK

A köksümdə döyünənim,

Mərdim, mərdim, yığış gedək.

Səni səni sevməyənə

Verdim… verdim, yığış gedək.

Gül açmadı yenə bu yaz,

Ümid düşdü çənə bu yaz…

Qara saçım, səni bəyaz

Hördüm… hördüm, yığış gedək.

Nədən saldın mənə meyil,

Di içimdə söyül, döyül.

Bu dünya bizimki deyil,

Dərdim, dərdim, yığış gedək!

Kimin xatirinə

Çəkilmirsən qənşərimdən,

Zülüm, kimin xatirinə?

Bircə kərə ah çəkmədin

Dilim, kimin xatirinə?

Anam, qara don geyirsən,

Balam, hey kəfən geyirsən,

Sığal qoyub, dən geyirsən

Telim, kimin xatirinə?!

Yaşadırsan hey hədəylə,

Əlləşirsən yerlə-göylə.

Dostlaşmırsan İradəylə

Ölüm, kimin xatirinə?!

GEDIRƏM

(səni yasaqlarda sevdim…)

Sirrimiydin…
Sirriniydim…
Sirrə bürünüb gedirəm.
Aç qəlbini, hamıya aç!
Son kəz görünüb…
Gedirəm!

Can verdikcə can yasağa,
Qürub çökdü gözdə ağa,
Sən olmuşdum, mən olmağa
Sənnən arınıb gedirəm…

Elə susdum… eşitmədin,
Elə yandım… qış ötmədi.
Məni bu dərd üşütmədi,
Səndə qorunub gedirəm…

AĞRIM

Əlim aşda, başım daşda,

Allah, aşım ağrım dadır.

Tök içimi sevinc ara,

Tapacaqsan, ağrımdadı.

Yanağımda göz yaşı var,

Saçımın öz naxışı var,

Dərdimin də yaddaşı var,

Salnaməsi bağrımdadı.

Nə tufannan dönəsiyəm,

Nə tufanı yenəsiyəm,

Bir mirvari dənəsiyəm

Puçurları uğrumdadı.

İÇİNDƏ

Elə ünvansızam, elə qəribəm,

Dilimdə danışan ellər içində.

Çırpılır daşlara ümid-gümanım,

Gözümdə çağlayan sellər içində.

Səadət quşunu bulmuşdim zornan,

Qanad saxlamadı yazımda durnam,

Başımnan tökülür mutluluq, anam,

Ağ günüm nazlanır tellər içində.

Çölümnən gizlənib içimi uddum,

Yurd yerim boş qaldı, köçümü uddum,

İynəylə gün qazıb, günaha batdım,

Bircə nur bulmadım illər içində.

SƏN BOYDA

Yalanım Sən, olanım Sən,

Doğrum Sən boyda, Sən boyda.

Məni məndə özü edən,

Oğrum Sən boyda, Sən boyda.

Qaldıqca suçum, günahım,

Getsən, cannan çıxan ahım!

Yarıq-yarıq, qorxu-qorxu,

Bağrım Sən boyda, Sən boyda.

Dar günümdü, Dar ağacım,

Çək sinənə, Sənə köçüm,

Ürəyimin göynərtisi,

Ağrım Sən boyda, Sən boyda.

AYRI

Dəli Kürün dəli qızı,
Kürrük edir Kürdən ayrı.
Hey boylanır qərib-qərib
Ləpədöyən yerdən ayrı.

Tellərimdə dalğamı sən?
Ürəyimi dağlamısan!
Suçumuzu dalğa bilsə
Kür qalarmı sirdən ayrı.

Bir arzudan tutub qurşaq,
Kür olaq, Kürə qarışaq.
Gəl Arazı tezcə aşaq
Salar bizi birdən ayrı.

***

Bir dəli sevdaya düşmüşəm, ana,

Intihar sevdasına!

Amma

Qıymıram sənin ürəyinin bir parçasına,

Qıymıram sənə!

Bax, ana,

Bircə canımnan başqa

heç nəyim yoxdu.

Onu da borcluyam Sən Tanrıma!

Bilirəm, onsuz da qatiləm!

Mənli arzularının,

Istəklərinin,

Sənə verəmədiyim nəvələrinin “qatili”!

Indi də

balanın qatili olmaqdan qorxuram!

Ana!

Sənin ölümünü gözləyirəm!

Başımdakı bu sevdanın xatirinə!

Bağışla!!!

***

Qəribəm

Duam Allaha yetmir,

Mən bu dində qəribəm.

Bir qərib də içimdə,

Birəm mində,

Qəribəm.

Məni doğan ögeyim,

Göynəmə göyüm-göyüm,

Suçuyam Yerin, Göyün,

Dolan gendə, qəribəm.

A balamın bələyi,

Yer, sənnəndir diləyim,

Aç köksünü gələyim,

Mən bu təndə qəribəm.

27.11.13

VAR

Göydə Tanrım, yerdə sən,
Yer altında balam var.

Bax, sinəmdə bahardı,

Dərd tarlamda lalam var.

Düyün düşdü toy-düyün,
Çözməyə çatmaz heyim,
Nə yerinəm, nə Göyün,
Hasar-hasar qalam var.

Toxum ikən bitmədim,
Bircə bara yetmədim,
Anam, izsiz getmədim
Gör nə qədər nalam var..,

***

Elə düşmüsən yadıma,

Allahla Yer arasında.

Saxlancım da aşkar oldu

Gözlərimin qarasında.

Göynərtim sirdə qalmadı,

Şah vüqar “hür”də qalmadı,

Məlhəmə yer də qalmadı,

Ürəyimin yarasında.

Dərdim məni elə duyur,

Çimirləmir bircə hoyur,

Yerimi Tanrı saxlayır,

İzsizlərin sırasında.

***

Bir ümidsən asılmısan

Taleyimin budağından.

Çiçək-çiçək bəzənsə də,

Bar gətirmir, budağı dan.

Dönük bəxtim geri dönmür,

Iniltimi kiridəmmir,

Ha sökülür əridəmmir

Sinəmdəki bu dağı dan.

Elə sakit, elə kürsən,

Bəzən qulsan, bəzən hürsən,

Olanları ömrə hörsən,

Aytel, nolar, bu dağı dan.

Dekabr 13

***

Yuvasından perikən

Balaya həsrət quşam.

Gəncliyimə göz dağı,

Məzaram, qara daşam.

Arzularım pərişan,

Dərdim içimdə şan-şan.

Ürəyimdə alışan,

Gözümdə yanan yaşam.

Yorğun düşdü taleyim,

Açılmadı bu düyün,

Bəxt desə, gəlləm yeyin,

Istəməm,

haşam, haşam!

Dekabr 13

***

Gözümdə yaş qalarmı olar?

Sənnən sonra yollarmı var?

Ölər olsan, ruhuma var,

Can yoraram, bağışlamam!

Ümidim nənnimdə dəcəl,

Ümidə son laylam əcəl.

Nənnimə də gözümdəcə,

Gor quraram, bağışlamam!

Göy tutular fəğanımla,

Yer qabarar dağ canımla,

Tanrını da üsyanımla

Durduraram, bağışlamam!

21 dekabr 2013

***

Səndən sonra

Saçlarım tumarını itirdi

Cığır-cığır,

Bəyaz-bəyaz

yolaqlar kimi,

Səndən sonra

Əllərim istisini itirdi

Bircə nəfəslik hənirə həsrət

Tüstüsü kor qalan

ocaqlar kimi,

Səndən sonra gözlərim sevincini,

Ürəyim puçur-puçur arzusunu,

İlk yazını itirdi

Baharda xəzan geymiş

Budaqlar kimi.

Səndən sonra

Sevməyən,

Sevinməyən,

Solğun üzü gülməyən,

Bir yadım zəbt etdi məni

Qaldım

Anadan yetim,

Can eşidib, can görməyən

Uşaqlar kimi…

Gəl..

Gəl də

azad eylə içimdəki bu köləni….

Dekabr 2013

***

Ay adamlar,

Ay kişilər!

Sevgilim məni atıb!

Gəlin,

Gəlin asın məni ürəyimdən

Bədənimi nuş eyləyin!

Saçlarımda tumar izi,

Dodağımda hərarət var

Sinəm altı köz-közsə də

Sinəm üstdə məhəbbət var!

Nuş eyləyin sevgi-sevgi

Muncuqlayan sinəmi də

Nuş eyləyin sevgilimin

ürkək-ürkək

Toxunduğu bədəni də.

Param-parça edin məni

Ac qurd kimi

Gözləriniz parıldasın bir tikəlik,

Bir gecəlik ov üstündə

Ürəyimə baş qoşmayın!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR