“Amor fati” şeir kitabının təqdimatı keçirilib
Bizi izləyin

Yazarlar

“Amor fati” şeir kitabının təqdimatı keçirilib

Adil Mirseyidin “Amor fati” şeir kitabının təqdimatı keçirilib

Şair, rəssam Adil Mirseyidin “Amor fati” kitabının təqdimatı keçirilib. Atatürk Mərkəzində keçirilən tədbirdə şairin sənət dostları, tanınmış ədiblər, rəssamlar, tənqidçilər və media nümayəndələri iştirak ediblər.

Kitabda şairin həm əvvəllər, həm də son illərdə yazdığı şeirlər və esselər yer alıb.

Qeyd edək ki, “Amor fati” sözü latın dilindən tərcümədə "qəzavü-qədər" mənasını verir. Kitabın üz qabığının fərqli dizaynı da oxucuların diqqətini cəlb edib. Belə ki, kitabın üzlüyündə şairin bir bənd şeiri tərsinə çevrilmiş formada yazılıb.

Tədbirin aparıcısı, tənqidçi Vaqif Yusifli Adil Mirseyidin şeirlərini səsləndirib, onun yaradıcılığının bənzərsiz olduğunu bildirib. Qeyd edilib ki, Adil Mirseyid 80-90-cı illərin modernizm ədəbi cərəyanının yeni dalğasının nümayəndələrindən biridir. Şairin ixtisasca rəssam olduğunu bildirən tənqidçi onun şeirlərində də həyatın müxtəlif rənglərinin əks olunduğunu vurğulayıb.

Yazıçı Elçin Hüseynbəyli, rəssam Məmməd Dəmirçioğlu, tanınmış diktor Rafiq Həşimov və digərləri çıxış edərək Adil Mirseyidin yaradıcılığının özəlliklərindən danışıb, onun şeirlərinin bir rəsm əsəri təəssüratı aşıladığını və yüksək vizuallıq effektinə malik olduğunu bildiriblər.

Çıxışçılar serrozdan əziyyət çəkən, şairliklə rəssamlığın vəhdətini yaradan bu yaradıcı insana can sağlığı və yaradıcılıq uğurları arzulayıblar.

Qeyd edək ki, kitab Atatürk Mərkəzinin təşəbbüsü ilə nəşr edilib. Şairin daha öncə “Ay süvarisi” adlı kitabı işıq üzü görüb. Adil Mirseyidin şeirləri rus, ingilis, fransız, alman, ispan dillərinə tərcümə olunub, nüfuzlu beynəlxalq mükafatlara (“Gümüş arzu”, “Bahar Simpatisi”, “Türk ədəbiyyatına xidmət”, “Rəsul Rza” ) layiq görülüb. Onun rəsm əsərləri Türkiyə, Almaniya, Norveç, Qazaxıstanda və ölkəmizdə şəxsi kolleksiyalarda saxlanılır.

Son illər serozdan əziyyət çəkən şair-rəssam müalicə pulunu ödəmək üçün 2 dəfə çəkdiyi rəsmlərin satış-sərgisini keçirməyə məcbur qalıb.

Nərgiz Liftiyeva

(Fotolar müəllifindir)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm