Erməni NKVD şefi azərbaycanlı atalığına necə xəyanət etdi?
Bizi izləyin

Yazarlar

Erməni NKVD şefi azərbaycanlı atalığına necə xəyanət etdi?

Erməni NKVD şefi azərbaycanlı atalığına necə xəyanət etdi?

Şərura sabahla gələn ölüm

Səhər Şərurun Kosacan kəndinin əhalisi top-güllə səsinə oyanır. Sabahın qaranlığı çəkilmədən kəndin gülləboran edilməsindən heç kim bir şey anlaya bilmir. Əlisilahlı, gözünü qan örtmüş quldurlar əhaliyə hücum edir, divan tutur, kimliyinə varmadan qabaqlarına çıxanı o dünyalıq edirlər. Babacan kəndinin köklü-arxalı nəsli olan hacıalıların ağsaqqalları kəndin ucqarına yığışır.

Bunlar kim idi? Heç bir yerdən hücum gözləmədikləri anda nə baş vermişdi?

1905-ci ilin fevralında Bakıda türk əhaliyə qarşı soyqırımı törədən və sonda da acı məğlubiyyət alan erməni dəstələri, bunun əvəzini Naxçıvanda çıxmağı qərara alırlar. Şəhərin müsəlmanlar yaşayan hissəsi top atəşinə tutulur və dağıdılır. Noyabrın 26-da isə Cəhri kəndinə bəla üz verir. Kazaklarla birləşən erməni dəstələri əhalini qırdıqdan sonra kəndi yandırır, yer üzündən silirlər. Və bu dəhşətin budəfəki ünvanı Kosacan idi.

Hacıalıların igidləri döyüşə-döyüşə sərhəddə – Cənubi Azərbaycana doğru geri çəkilirlər və nəhayət, kəndi ələ keçirən ermənilər və ruslar ərzaq, qənimət tapa bilmədikləri üçün buranı tərk edirlər və növbəti qurbanlarının arxasınca yollanırlar.

Düşmən balası bəsləmək

Aylar sonra hacıalılar geri dönməyə qərar verirlər. Kosacanda onları şoka salacaq bir sürpriz gözləyirdi. Kənd başdan-başa xaraba günə qalmış, evlər yandırılmışdı. Hər kəs öz evinin hayına qalır, səliqəyə salıb, təmir etməyə başlayır. Cəbrayıl kişi qara torpaqdan qazdığı qazma evinə yollanır. Qapısında atı-barxananı sahmana salır və yarı uçulmuş evin qapısına doğru yol alır. Cəbrayıl qapıya çatmamış içəridən iki balaca oğlan uşağı qorxa-qorxa çıxır. Cəbrayılı təəccüb bürüyür. İnsan yaşamayan bu kənddə, onun tərk edib getdiyi evində bu uşaqlar nə gəzirdi? Cəbrayıl on-on iki yaşlarında olan iki oğlan uşağını danışdırmağa başlayır. Türkcə bircə kəlmə anlamayan, qorxudan bir-birinə qısılan uşaqları qabağına qatan Cəbrayıl kəndin ortasındakı meydana yığılan insanların yanına gəlir.

Tale onları qəribə bir sınağa çəkmişdi. Onları yurdlarından edən, qırıb-çapan ermənilərin əvəzində bu iki körpə erməni uşağı kənddə unudulub qalmışdı. Hərə bir söz deyirdi. Kimi öldürmək təklifi verir, kimi kənddən qovmağı təklif edir. Amma erməni də olsa, körpəliklərinə onları bağışlayan Cəbrayıl kişi qəti qərar verir. Hər iki uşağı saxlayıb böyüdəcək...

Bu gündən etibarən hər iki uşaq Cəbrayıl kişinin mal-qarasını otarmaqla onun çobanına çevrilirlər. On üç il sonra Cəbrayılın Kosacan kəndi yenə də erməni hücumuna məruz qalır. Yenə eyni ssenari, eyni xəyanət davam edir. Hacıalılar cənuba Şahtaxtı tərəfdən keçib getmək qərarı alır. Bütün kəndin əhalisi sağ-salamat Arazı adlayır. Amma gün axşam olsa da, Cəbrayılın mal-qarasını otaran çobanları gəlib çıxmaq bilmir.

Səhər tezdən geriyə doğru yol alan atlı Şahtaxtıda Cəbrayıl kişinin pərən-pərən düşmüş naxırına rast gəlir. Heyhat, çobanları gördüm deyən olmur. Erməni uşaqlarını böyüdüb çoban edən Cəbrayıl kişi böyük səhv etdiyi üçün özünü bağışlaya bilmir. Çünki o çobanlar artıq Andronikin dəstəsinin tərkibində Zəngəzurda qətlima hazırlaşmaq üçün gedirdilər.

Təsadüfdən doğan zərurət

Bağırovun 1937-ci ildə başlayan dəhşətli repressiyası Kosacana, sözün əsl mənasında, qara yel əsdirir. Bir gecədə hacıalıların on bir say-seçmə adamını həbs edirlər. Hər şey dəhşətli idi. Bütöv bir nəslin məhvi həyata keçirilirdi. Heç kimə rəhm etmədən xalq düşməni, varlı adı ilə Sibirə, Bayıla güllələnməyə göndərilirlər.

Cəbrayıl sanki yaddan çıxdığını başa düşür. Elə növbəti gecə Naxçıvandan üzü Şəmkirə yol alır. Repressiya maşınının ağzından qaçan Cəbrayıl burda, Dəllər qəsəbəsində başqa bir adda, başqa bir soyadda yaşamağa başlayır. O, bütün malik olduğu statusu unudaraq qəssablıq edir.

Və bir gün hər şey ortaya çıxır...

– Salam, Cəbrayıl dayı, necəsən, mənə iki kilo ət çək.

Az qala, iki ildən artıq idi ki, onu bu adla çağıran yox idi. Onun adı Cəbrayıl yox, "Cəbi" idi. O, özünə bu adı vermişdi. Keçmiş həyatına bağlı olan Cəbrayıl kəlməsini o, Naxçıvanda qoyub gəlmişdi. Burda ona ilk dəfə idi ki, kimsə öz adını deyirdi. Və ən əsası, onu öz adıyla çağıran adam Cəbrayılı hər şeyə rəğmən tanımışdı. Demək, gizlədə biləcək qədər şansı da qalmamışdı.

Onu ikinci sual xəyaldan ayırdı:

– Məni tanımadınmı, eybi yox, sabah saat 11-də səni NKVD-də gözləyirəm. Gələrsən.

Cəbrayıl kişi özündə deyildi. Onu tanımışdılar, hətta NKVD-yə çağırmışdılar. O, evinə döndü, hər kəslə görüşdü. Bu gedişin son olacağından əmin idi. O dövrdə bu idarəyə çağırılan adamların heç biri dönmürdü. Birbaşa ya güllələnməyə, ya da sürgünə göndərilirdi. Hər şeyə sonuncu dəfə baxan Cəbrayıl kişi, taleyinin axarına düşüb son mənzilə getməyə məcbur idi.

Yaxşılıq itirmi?

Saat 11-də NKVD-də rəisin qəbuluna gələn Cəbrayıl kişi sanki tikan üstündə əyləşir. Rəis onu çaya dəvət edir və qorxunc sükutu pozur:

– Məni tanıdınmı, Cəbrayıl kişi?

Kişi onu tanıyacaq halda deyildi. Rəis bunu başa düşür və danışmağa davam edir:

– Mənəm də, Arsen, sənin böyütdüyün erməni uşağı.

Cəbrayıl kişi stula yapışıb qalmışdı. Bu nə demək idi? Bu, bəxtin ironiyası idi, yoxsa töhfəsi? Bunu bilmirdi, amma o dəqiq idi ki, burdan sağ çıxmağa ümid var. Arsen ona təşəkkür edirdi. Ermənilər adına üzr istəyir, onu böyüdən kişinin ayaqlarına qədər düşür, minnətdarlığını ifadə edirdi...

Cəbrayıl kişi evinə döndükdə, artıq Qəssab Cəbi deyil, "Selpo" rəisi Cəbrayıl kişi idi. Bəlkə də, bu, erməni xalqına xas olan nadir nümayəndənin simasında rast gəlinən, qeyri-adi yeganə həqiqət idi. Öz borcunu ödəməklə, xəyanətini bağışladacaq addım atmaq istəyi ona üstün gəlmişdi. Artıq Cəbrayıl Selpo rəisi, dostu isə NKVD rəhbəri idi.

Cəmi bir il keçir.

NKVD rəhbəri olan erməni Arsen başqa bir erməninin fitvasına qurban gedir və uzunmüddətli Sibir sürgünündən sonra ondan bir xəbər çıxmır. İllər sonra, Cəbrayıl kişi elə Şəmkirin Dəllər qəsəbəsində Selponun rəisi işləyə-işləyə də ömrə vida etdi. Amma ondan geridə qalacaq bu hadisə uzun zaman unudulmayacaq ibrətlər sırasında yerini tuturdu.

P.S. Əvvəlki yazılarımızın birində Cəbrayıl kişinin qardaşı, Türkiyədə Ənvər həkimlə birgə yaşayan Baxşəli kişi haqqında da yazmışıq. (Oxu üçün linki tıkla: YAZI )

Əziz Əlibəyli

1937.az

Əvvəlki yazıları da oxu:

Yazı 1 - Mircəfər Bağırov düşməni Məcid ağanın oğlunu necə qarşılayıb?

Yazı 2 - Mircəfər Bağırovun himayəsi altında böyüyən “Tİbbbandit” balaları

Yazı 3 - Keşiş Vahan arvadını niyə bir gecəlik Məmməd ağaya göndərdi?

Yazı 4 - Məcid ağa düşməni Bağırovu ölümdən necə xilas etdi?

Yazı 5 - Bağırovun ölümü, xatirə dolu İzmir və yad qadın nəfəsindəki vətən

Yazı 6 - “Mayılın körpüsü” üzərində Bağırov kim üçün ağlayırdı?

Yazı 7 - Polyak qızının dodaqlarından son öpüş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm