Nazir şair haqda yazdı: “Başını çəkiclə əzmək lazımdır” - Video
Bizi izləyin

Yazarlar

Nazir şair haqda yazdı: “Başını çəkiclə əzmək lazımdır” - Video

Nazir şair haqda yazdı: “Başını çəkiclə əzmək lazımdır” - Video

Belə nəql edirlər ki, o dünyaya göz açdığı 1907-ci ilin mart ayının 25-də Xəzər olduqca coşquluydu, dalğaları qayalara qamçı kimi çırpılırdı. Yağış yağır, şimşək, ildırım çaxırdı . Adını İldırım qoyurlar. Nəsil soyları Almaszadə olub.

Atası Hacı Əbdülməhəmməf varlı tacir olmaqla yanaşı, nəqliyyatçılıq işi ilə də məşğul olurdu, Xəzərdə üzən bir neçə kiçik gəmisini kirayə verməklə dolanırdı. Torpaqları, binaları vardı əlində.

1920-ci ildə Azərbaycanda kommunist rejimi qurularkən atasının var-dövləti əlindən alınır. Ailə qəfildən yoxsullaşır. Hacı Əbdülməhəmməd pərişan duruma düşür, xiffət çəkir və dünyasını dəyişir. Anası Nisə xanımın zərif çiyinlərinə böyük bir məsuliyyət düşür.

Gimnaziyanı bitirən İldırım 1927-ci ildə Universitetin Şərq Ədədbiyyatı fakültəsinə daxil olur. İctimai mənşəyinə görə bir neçə tələbə yoldaşı ilə universitetdən qovulur. Bu vaxt Yazıçılar Birliyinə üzv qəbul edilir. Süleyman Rüstəmlə birgə 1926-cı ildə “Dün- bu gün”adlı şeir məcmuəsi buraxdırır. İlk qələm nümulərindən olan “Dağlar” şeiri İstanbulun “Həyat” məcmuəsində çıxmışdı. Şair bu şeirində Qafqaz sıra dağlarına xitab edirdi;

Zirvəndə oynayaşan rüzgarlar acı,

İllərdir görünməz başımın tacı,

Anlat ki dərdinin nədir əlacı,

Ndir bu dumandan tüllər, a dağlar?

Boynunda kızıldan rəngin bir dəstə,

Lalələr dağılmış yolların üstə,

Gəl sən bu ölkədən min qurban istə,

Səndən əsirgəməz, yollar, a dağlar!...

Bu şeir ozamankı sovet ideologiyasının tərəfdarı olan şair və yazıçıların böyük hücumuna və təpkisinə məruz qalır. Ozamankı maarif naziri, ədəbiyyatşünas-tənqidçi Mustafa Quliyev də bu hücumların fəal iştirakçısı və dəstəkçisi idi. Mustafa Quliyev yazırdı;

“Almaz kimilərinin başı Sovet çəkici ilə əzilməlidir. O, Əhməd Cavadın və Hüseyn Cavidin yolu ilə gedir.Almas İldırım Türkiyənin casuslarının şagirdidir. Milli ədəbiyyat yaratmaq məqsədilə qəmli mərsiyələr yazan bu kimi gənc şairlərdən ədəbiyyatımızı təmizləməliyik.

Mustafa Quliyev 1938-ci ildə repressiya dalğasına tuş gəlir, cəza tədbirləri zamanı həbs edilir və güllələnməyə məhkum olunur.

Almaz İldırımı “yeni gəncliyin beynini zəhərləməkdə suçlu”bili Dağıstana sürgün edirlər. Sovet cəza maşını onu hər yerdə təqib edir.

Xüsusi zövqlə yazdığı şeirlər gizli şəkildə əldən ələ ötürülür və dağıstanlılar tərəfindən həyəcanla oxunurdu.Xüsusən çeçenlərin doğma yurdlarından sürgün edilməsiylə bağlı şeirləri əldən-ələ dolaşırdı. Bu quruluşun başında dayananların gözündən qaça bilməzdi.

Daha sonra Türkmənistana sürgün edilir. Aşqabadda 32 sinifli, daha çox İran Azərbaycanlılarının təhsil aldığı orta məktəbə tədris hissə müdiri vəzifəsinə təyin olunur. Vəzifəsinin öhdəsindən böyük məsuliyyət və bacarıqla gəlirdi.

“Artıq bizim cəbhəyə keç, sənə daha böyük vəzifələr”-deyə, fürsət düşdükcə ona təkliflər edirdilər. Böyük həsrət şairi, bir müddət sükutunu qoruyub saxlamışdı, sürgünlər və ittihamlar Qalalı gənci yormuş və öz qalasına çəkilməyə məcbur etmişdi.

Amma, Aşqabadda da bomba partlayır. Sərbəst vəzndə yazdığı “Amudərya şeiri” insanlar arasında gizli şəkildə, görünməmiş şəkildə yayılmağa başlayır. Xüsusilə, burada ömür sürən azərbaycanlı heyranları onun Aşqabad radiosu üçün yazdığı kiçik hecalı şeirlərə acgözlüklə qulaq asırdılar.

Azərbaycanlıların könlünü ələ alan şair, daha çox ideoloji sifarişlə şeir yazanları qıcıqlandırırdı. Bakıdan xüsusi sifarişlə Türkmənistana göndərilən Əkbər Ruhi adlı bir nəfər yazırdı;

“Almaz İldırıma Azərbaycanda və Dağıstanda göz açmağa qoymadılar. Fəqət burada rahatlığını tapıb, istədiyini yazır.Bizim tərəfimizə keçməkdə azaddır.Keçmişindən imtina edib, sözdə deyil, işdə bizimlə birgə olursa çox əla, yox sa ən ağır zərbələrimizə məruz qalacaq”

Göründüyü kimi Almaz İldırımı sovet ideologiyası üçün zərərli şair sayırdılar. O ya, öz gəncliyini, uşaqlığını, düşündüklərini, bütün milli varlığını tərənnüm edən şeirlər yazacaq, yaxud da kommunist rejimin sefarişlərini yerinə yetirərək, quruluşu mədh edən şeirlər yazmalı, yeni həyatın üstünlüklərindən bəhrələnərək, ”Əməkdar şair ”adını daşıyan Məmməd Rahim kimi şairlərlə bir sırada dayanmalıdır.

Almas İldırım 1932-ci ilə Şamaxıdan Aşqabada sürgün edilmiş ailənin qızı olan Zivər xanımla həyat qurur. Zivər xanım İldırımın tədris hissə müdiri olduğu orta məktəbin şagirdiydi. Qısası, müəllim öz şagirdiylə evlənir.

O, başa düşürdü və anlayırdı ki, Əkbər Ruhinin irəli sürdüyü şərtlər onun xasiyyətinə və temperamentinə uyğun gəlmir. Əks təqdirdə isə onu ən yaxşı halda Sibirə sürgün gözləyirdi. Onun Aşqabadda yaşamağı gündən-günə çətinləşirdi.Türkiyəyə qaçmaq niyyətini yenicə ailə qurduğu Zivər xanıma bildirir. Zivər xanım yaxınlarından ayrımağın nisgilli və kədərli olacağını göz önünə gətirərək, həyat yoldaşı ilə əvvəlcə razılaşmır. Lakin başqa bir yol da qalmamışdı. Qəmli və dəhşətli yolçuluq başlanır. Yenicə dünyaya gələn ailənin ilk övladı Azər üç aylığında idi.

Sovet İttifaqından qaçmaq o zamanlar böyük cinayət və günah sayılırdı. Sərhədlər çox sıx qorunurdu. Gənc ailə qarşıda onları gözləyən xoşagəlməz macəralardan sığortalanmayacaqlarını yaxşı bilirdilər.

Onlar Türkmənistandan İrana qaçaq mal daşıyan dəstəyə qoşulurlar. Bir günlük yolçuluqdan sonra, dəstədən ayrılırlar. Qarşılarına yaşayış məskənləri çıxmadığı üçün günlərlə ac qalırlar. Günlərlə insan üzü görmürlər. Yalın ayaqla yeridiklərindən ayaqları şişmişdi. Üç aylıq körpələrini qaya kölgəsinə qoyub getmək istəyirdilər. Çünki taqətləri kəsilmişdi. ..Hətta bunu edirlər də...Amma, körpənin çığırtısı onları geri qaytarır...

İran sərhədində onları sovet casusu zənn edib yaxalayırlar. Sorğu-sualsız 25 gün həbsdə saxlayırlar.Fars dilini bilməsi köməyinə çatır. Tehrandan gələn əmrlə onları, Azərilərin sıx yaşadığı Məşhədə yollayırlar. Burada da maddi sıxıntı çəkməyə başlayırlar.”Azərin duası ”adlı ilk vətən həsrətli şeir yaranır.

Həsrət qalıb doğma yurdun nazlı, müşfiq qucağına,

Gözlər yaşlı, boynu bükük, vətənsizmi öləcəyim.

Göz dikərək yad ellərin şəfa verməz ocağına,

Belə qərib bir parçacıq kəfənsizmi öləcəyəm.

Maddi sıxıntılar çox çəkmir. Türkmənistandan olan bir xeyirxah mühacir onları himayəsinə alaraq qoruyur, Almaz İldırımı işlə təmin edir. Adı unudulan bu xeyirsevər insanın qaynayan qazanından minlərlə insan yararlanmışdı. Türkiyənin Əlazığ bölgəsində yaşayan dostlarından birinin dediyi kimi, “dizinə can, üzünə qan gəlmişdi”.

Türkiyəyə getmək arzusunu rəsmi yollarla gerçəkləşdirə bilmir. Iki il İranda yaşadıqdan sonra, qaçaq yolla Türkiyənin Van vilayətinə, ordan isə Əlazığa keçir. Burada bir xeyirxah vəkil ailəyə həm hüquqi yardım göstərir, həm də Almaz ildırımın işlə təmin edilməsinə yardım edir.

İşgüzarlığı və müsbət insani keyfiyyətləri ilə Əlazıq valisi Tefvik Gurun diqqətini cəlb edən azərbaycanlı şair Ağın yaşayış məskəninin Nahiyə Müdiri vəzifəsinə irəli çəkilir.

Əlazığda yaşadığı illərdə Almaz İldırım türkçü dərnəklərə getməyə başlayır, onun öz çevrəsi yaranır. Ailəsi normal qidalanmağa başlayır. Şeirlərində ən çox türklüyü və türkçülüyü dilə gətirməyə başlayır.

Amma, yaxın dostu Ramiz Ardanın düşüncəsinə görə, onun şeirlərini diqqətlə oxumada bəzən qüsurlu hökm verənlər də olurdu İldırımın şairliyi ilə bağlı.

“Lanet şairliğime, şiirime, hevesime

Nerdesin ey sevgili, ses ver benim sesime”

Onun bu misralarını oxuyanlar elə zənn edirdilər ki, söhbət qarasaç, qaragöz bir qızdan gedir. Lakin, İldırımın sevgili deyə, xitab etdiyi onun vətəni Azərbaycanıydı. Alovlu şeirlər yazmağa başlayır, onun hər misrası dövrdaşlarının dediyinə görə Kremli və vəhşi dövlətin ideologiyasını top atəşinə tuturdu.

Ağında Nahiyə müdiri işlədiyi zamanlar onun bir məmur kimi davranışları, yerli əhalinin təəcübünə səbəb olurdu. Onlar elə düşünürdülər ki, Nahiyə Müdiri deyilən şəxs zəhmli və qaşqabaqlı olmalıdır. Almaz İldırım isə, sakit təbiətli idi və yerli sakinlərə xoş rəftarla yanaşırdı.

Lakin şeirləri qəzəbliydi hər zaman . Onun, Milli Şef İsmət İnönünün Stalinin təkidiylə 146 azərbaycanlnın Bolartan körpüsündən geriyə göndərilməsinə kəskin etiraz edən “Dönək qardaş” şeiri o zamanlar Türkiyədə dillər əzbəri olmuşdu. Bu şeiri başdan –başa oxuyan hər kəsin tükü biz-biz olurdu. Geri qaytarılan azərbaycanlılar Stalin əsgərləri tərəfindən körpünün bu tərəfindəcə, türk əsgərlərinin gözü qarşısında güllələnmişdilər;

Türk denince özü, sözü mert olur,

Dost deyince ayrılmaz bir fert olur,

Kardeş deyip dara düşsem, sığınsam,

Şimden geru bu bana bir dert olur.

Ben ne diyem bu vefasız dağlara,

Öz kardaşı dönek olan ağlara!

Onu yaxından müşahidə edənlərin qənaətinə görə, o idarə adamı deyildi, onun öz idealları vardı. Məsələn, o İkinci Dünya Müharibəsi zamanı arzulayırdı ki, Hitler Almaniyası Sovetlər İttifaqını işğal etsin və Azərbaycan müstəqillik qazansın.

O düşünürdü ki, Azərbaycan müstəqillik qazansa dərhal vətəninə qayıdacaq və müstəqilliyin qurulmasında qızğın şəkildə iştirak edəcək. O Azərbaycanda əələrindən alınan var-dövlətlərinin yarsını Türkiyədəki dostlarına bağışlayacaq.

Almanlar cəbhədə gerilədikcə, Almaz İldırım əriməyə və fikir çəkməyə başlayır. Dostlarının qənaətinə görə, o içməklə özünü ovutmağa başlayır. Vətəninə qayıtmağın qeyri-mümkün olduğunu düşünəndə “qanadları qırıq, aciz, uça bilməyən quşa dönmüşdü”.

Ölümündən bir neçə ay əvvəl Malatyanın Qala nahiyəsində müdir vəzifəsində işləməyə başlayır. ..Bakının Qala kəndində anadan olan şair Malatyanın Qala qəsəbəsində gözlərini Neft qoxan, nazlı Bakını görmədən əbədi yumur. Arxada gözüyaşlı Zivər xanım və böyük külfət qalır. Malatya valisi Şefik San Bəyəfəndi ailəyə hər cür yardım edir, böyük oğul Azərin Universitet təhsilinə maddi yardım göstərir.

Teymur Mahmudov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm