Obamaya “donos” yazanlar
Bizi izləyin

Yazarlar

Obamaya “donos” yazanlar

“Obamanı Əliyevlə görüşdən imtina etməyə çağırdılar”.


Ölkə qəzetlərindən birinin bu manşeti Azərbaycan üzərinə son hücumlar fonunda diqqətdən yayınmır. Xəbərə görə, ABŞ-da yaşayan azərbaycanlılar (?!) Ağ Evin rəsmi saytında petisiya yaradıb və bu petisiya Vaşinqtona dəvət olunan Azərbaycan prezidentinə qarşı hücum xarakteri daşıyır. Lakin həqiqətənmi məsələ təkcə bir nəfərə, bu ölkənin rəhbərinə qarşı “mənəvi terror aktı” ilə yekunlaşır?


2015-ci ilin dekabrında erməni lobbisi ilə isti əlaqələri haqda xəbərlərin dolaşdığı Kristofer Smitin “Azərbaycanda demokratiya aktı” adlı sənədi peyda oldu. Bu, o vaxt idi ki, Azərbaycan rəhbərliyinin böyük əfv addımı atacağının anonsu verilmişdi. Bu, o vaxt idi ki, regionda siyasi situasiya yetərincə bulanıqlaşmışdı. Bu, həm də o vaxt idi ki, ABŞ prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirak üçün məktub göndərmişdi (Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dövlət başçısının Vaşinqtona dəvəti haqda atdığı “tvit”də dəvət məktubunun dekabrın 3-də göndərildiyini bildirir).


Dəvətin tarixi ilə Smitin anti-Azərbaycan aktının ortaya çıxdığı tarix arasındakı fərq göstərdi ki, ABŞ-Azərbaycan münasibətlərini dalana soxmaq istəyənlər var. Belə demək mümkünsə, Ağ Evdə məqsədlərinə nail ola bilməyənlər bu sanksiya ilə Bakını qəzəbləndirmək və Azərbaycanda anti-ABŞ abı-havasını yaratmaq istəyirmiş. Lakin səbirli Bakı bu oyunu pozmağı bacarıb.


Təsəvvür edin, ABŞ-n Azərbaycana sanksiyalar tətbiq edəcəyi xəbərlər və siyasi müxalifətin bundan doğan “sevinci” fonunda Barak Obamanın İlham Əliyevi sammitə dəvət etdiyi haqda yayılan xəbərlər “gölə atılan daşa” bənzəyirdi. Bu dəvət həm də Ağ Evdə hələ də Azərbaycanın önəmini anlayan praqmatik siyasətçilərin olduğunu göstərdi. Bunun bir çox siyasi amilləri haqda danışmaq olar.


Lakin dövlət başçısının Vaşinqtona səfəri ərəfəsində belə bir petisiyanın gündəmə gəlməsi bir tarixi faktı xatırlatdı.


- SSRİ dönəmində Heydər Əliyev haqda Moskvaya azərbaycanlıların adından “donos”lar göndərilirdi. Sonradan ortaya çıxan faktlar göstərdi ki, bunu ermənilər edirmiş. Onlar Ermənistana gedib-gələn, yaxud hava limanından uçan azərbaycanlıların pasportlarını yoxlamaq adı ilə alır, ad və soyadları dəqiqliklə götürüldükdən sonra Moskvaya göndərilən “donos”un altından imza olaraq qoyulurmuş.

Barak Obamanı İlham Əliyevlə görüşməməyə çağıranların üslubu da çox bənzərdir, sadəcə olaraq, onların “donosu” müasir texnologiyanın üstünlüyü olan petisiya ilə əvəzlənir. Üslub isə o qədər fərqli deyil. Görünür, anti-azərbaycançılar (ermənipərəstlər) Vaşinqton-Bakı müharibəsi üçün əl atdıqları bütün vasitələr boşa çıxandan sonra, tarixə ekskurs edir və “azərbaycanlıların şikayətini” gündəmə gətirirlər. Ya həqiqətən, bir çox azərbaycanlının adından petisiyaya səs verir (hansı ki, təcrübə internetdə bunun mümkünlüyünü göstərir), ya da ABŞ-da yaşamaq hüququ almaq üçün hər vasitəyə əl atan azərbaycanlıların bir qrupu bunu sevə-sevə edirlər. Amma bütün hallarda vaxtilə Heydər Əliyevdən Moskvaya “donos” yazanlar, indi İlham Əliyevdən Obamaya “şikayət” edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm