Arvadı üzünə durub sürgünə yolladı – Özbəkcə ilk tarixi dramları o yazdı
Bizi izləyin

Yazarlar

Arvadı üzünə durub sürgünə yolladı – Özbəkcə ilk tarixi dramları o yazdı

Arvadı onu “pozğun” adlandırıb əleyhinə ifadə verdi – Özbəkcə ilk tarixi dramlar yazan azərbaycanlı

Ədəbiyyat vurğunu olan feldşer atası Məsim Şixiyev əslən Qazaxın Salahlı kəndindən olsa da, həyat onun güzarını Ağdaşa salmışdı.1908-ci ildə Şıxiyevin ailəsində göz açan şair və yazıçı Məqsud Şeyxzadə ilk ibtidai təhsilini Ağdaşdakı “Rüşdiyyə” məktəbində Muxtar Əfəndizadədən alır Keçmiş “Əhrar”çı, görkəmli pedaqoq və şərqşünas Muxtar Əfəndi haqqında cəsarətlə “Azərbaycanın Makarenkosu”ifadəsini işlətmək olar Görkəmli pedaqoq millətinin savadlanması üçün böyük miqyaslı fəaliyyətlər ortaya qoyub

Onun ziyasından Məqsud Şeyxzadənin taleyinə də pay düşüb desək, yanılmarıq Kiçik Məqsud müəlliminə böyük hörmətlə yanaşır, onun verdiyi dərs tapşırıqlarını canla-başla yerinə yetirirdi

Bakıda 1926-1927 –ci illərdə təhsil aldığı dar-ül-müəllimində (pedaqoji məktəb) gələcək müəllimə Abdulla Şaiq, Hüseyn Cavid, Mədinə Qiyasbəyli dərs deyirdi Pedaqoji məktəbi bitirən gənc müəllim təyinatla Dərbəndə göndərilir

Dərbənddə müəllimlik etməklə yanaşı şeirlər də yazır Onun ilk şerlərini hələ 12 yaşındaykən 1920-ci ildə Nərimanov Şəkiyə gedərkən yolüstü ağdaşlılarla görüşündə dinləmişdi Növbəti ildə Nərimanovun xoşuna gələn şerləri mətbuatda dərc edilmişdi

1927 –ci idlə Dağıstanı sevən vətənpərvər insanlarla görüşləri, Stalin rejimi tərəfindən təqib olunur Belə görüşlərdən birində müzakirə edilən mövzulardan biri bu idi ki, Dərbəndin əsas rəsmi dili hansı dil olmalıdır. Şeyxzadə cəsarətlə söyləmişdi ki, əhalinin 90 faizi azərbaynalılardan ibarətdirsə, deməli əsas aparıcı dil də Azərbaycan dili olmalıdır Millətçilikdə günahlandırılaraq həbs edilir. Həbsdən sonra hakimiyyət başkəsənləri tərəfindən sürgün təkilifi edilir. Bu zaman Məqsud Şeyxzadə Bakıda Pedaqoji İnstitutda təhsil alırdı.

Onun sürgün illərini keçirməsi üçün, türklərin çoxluq təşkil etdiyi Krım və Qafqaz qadağan edilmişdi.

Şeyxzadənin Dərbənddə yaşadığı dövrdə çap etdirdiyi “Şeyx Şamil” və “Azad dağlar qızına” şeirlərindən pantürkist və panislamist qoxunun gəldiyini güman edirdilər. Daha sonralar Özbəkistanda yaşadığı illərdə Hüseyn Cavidin dram əsərlərinin və bir müəllim kimi söhbətlərinin onun yaradıcılığına təsir etdiyini söyləyirdi Şeyxzadə .

1964-cü ildə yaratdığı “Mirzə Uluqbəy” faciəsini yazmağına Cavidin təsiri olmasını dönə -dönə vurğulayırdı.

Atası Məsim Şıxıyev oğlunu təhlükələrdən uzaq olması üçün Özbəkistanın Daşkənd şəhərinə yollayır. Daşkənddə yaşadığı ilk illərdə pedaqoji texnikumda dərs deməyə başlayır. Daşkənd mətbuatında məqalə və şeirlərlə çıxış etməyə başlayır. O, sürətlə özbək dilini öyrənir və yerli həyata asanlıqla uyğunlaşır. Yazdığı şeirlərə görə, ona “Özbəkistanın Səməd Vurğunu” da deyənlər olur. 1933-cü ildə Bakıda daxil olduğu Universitetin filologiya fakültəsini başa vurur və belə görünür ki, ömrünü qardaş özbək xalqı ilə bağlamalı olur. O bu ölkədə elmi iş müdafiə edir, şeir və dram əsərləri yazır, tərcüməçilik fəaliyyəti ilə məşğul olurdu. 1938-ci ildə ömrünün axırınadək Nizami adına Daşkənd Pedaqoji İnstitutunda müəllimlik edir.

Yavaş-yavaş onu tanıyanlar arasında “Şeyx əkə” kimi doğma bir adla çağırılan Məqsud Şeyxzadə haqqında danışırdılar ki, onda ən yaxşı insani keyfiyyətlər toplanıb .Şeyxzadə Daşkəndə yollanandan bir müddət sonra onun valideynləri Bakıya köçürlər. Maqsud subay idi, anası Fatma xanım onu evləndirmək haqqında düşünürdü. Fatma xanım bir dəfə görür ki, qonşuları Fərməzovgilin qapıdan içəri gözəl və yaraşıqlı gənc qız içəri keçdi . Məlum olur ki, Fatma xanımın xoşuna gələn gənc qız Fərməzovun kiçik baldızıdır. Qız ananın o qədər xoşuna gəlmişdi ki, evləndirmək üçün qız tapdığını dərhal Daşkənddə yaşayan Məqsuda xəbər verir .

Məqsud Bakıya gələndə məlum olur ki, gözəl Səkinə Astaraya evlərinə dincəlməyə yollanıb. Ana və oğul da Astaraya elçiliyə yollanır Toydan bir müddət sonra Məqsud gənc həyat yoldaşı Səkinə xanımla birgə Daşkəndə yola düşürlər. Bir neçə müddətdən sonra Səkinəgilin ailəsində faciə baş verir- onun bacısı və bacısı əri vəfat edirlər . Yası vermək üçün Bakıya gələn Məqsud Səkinənin yetim qalmış üç bacısı uşağını da övladlığa qəbul edir.

Şeyxzadələr ailəsin bütün üzvləri istedadlı, bacarıqlı və harda yaşamalarından asılı olmayaraq çevrələrinə fayda verən insanlarıydı. Qardaşı Fuad Şıxiyev bacarıqlı hidrotexnika mütəxəssisi idi. Odessada təhsil almış və ömrünün axırınadək bu liman şəhərində yaşamışdı. Onun taleyi əvvəldən uğurlu olmuşdu Qara Dəniz mirvarisi adlanan bu şəhərdə böyük hörmət sahibinə çevrilmişdi. Müharibədən sonra dağıdılmış Odessa limanı onun texniki layihəsi əsasında yenidən bərpa edilirdi .

Bir dəfə limanda maraqlı bir hadisə baş verir. Belə ki, Sovet hökuməti tərəfindən lend-liz proqramı çərçivəsində (bu proqram çərçivəsində İkinci Dünya müharibəsi zamanı ABŞ öz müttəfiqlərinə borca və icarəyə böyük məbləğdə texniki avadanlıq, silah-sursat vermişdi, müharibə başa çatdıqdan sonra, istifadə edilən nə vardırsa təkrar geri qaytarılmalıydı) Amerikaya gedən gəmiyə qızıl külçələrlə dolu yeşiklər yüklənirdi. Gəmilərin yüklənməsi NKVD-nin sərt nəzarəti altında və məxfilik şəraitində aparılır. Gəmidəki əsgərlərdən biri qızıl külçə dolu yeşiyi gəmidəki anbara apararkən ayağı büdrəyir və əlindəki qızıl külçələri dənizə aşır. Bədbəxt hərbçini dərhal “xalq düşməni” elan edib həbs edirlər. Dalğıclar suya atlanırlar. Birgünlük axtarışlar nəticə vermir. Belə söz yayılır ki, əsgərin suyun altında ortağı varmış, qızılı belinə bağlayıb üzərək aradan çıxıb .

Bu hay-küylü hadisə bütün Odessaya yayılır. Kimsə xatırlayır ki, limanın layihəsini mühəndis-hidrotexnik Fuad Şıxıyev hazırlayıb, onunla məsləhətləşmək lazımdır. Şıxiyevi axtarmağa başlayırlar . Məqsud Şeyxzadənin qardaşı limanın bərpası işləri aparılan zaman dənizə düşdüyü üçün ayağından zədələnmişdi və xəstəxanada yatırdı. Böyük bir heyət xəstəxanaya Şixiyevin yanına gedərək ondan qızılı tapmağa kömək etməsini xahiş edirlər. Azərbaycanlı mühəndis gələnlərdən qızılın dəqiq çəkisini və gəminin lövbər saldığı yerin öyrənib ona məlumat vermələrini xahiş edir . Onun istəyi dərhal yerinə yetirilir. Fuad Şıxıyev xəstəxana çarpayısında beş dəqiqə ərzində qızılın yoxa çıxdığı bucağı təyin edib gələnlərə qızılı harda axtarmalı olduqlarını başa salır.

Dalğıclar vaxt itirmədən suya şığıyıb başıbəlalı qızılı Şıxıyev müəyyən etdiyi yerdə tapırlar. Bədbəxt hərbçi azad edilir və Şıxıyevə göstərdiyi qeyri-adi xidmətə görə Stalin mükafatı verirlər.

Bu o zamanlar idi ki, Məqsud Şeyxzadə də Özbəkistanda ədəbi mükafatlara və uğurlara imza atırdı .

Özbəkistanda “Şeyx əkə” haqqında danışanda mütləq görkəmli şair və dramaturq, peşəkar tərcüməçi kəlməsini işlədirdilər . Vurğunları çox idi . Xüsusən, özbək qadınları onun heyranlarıydı. Bəstəboy olmasına baxmayaraq yaraşıqlı kişi olması söylənirdi. Deyilənlərə görə, onun kişiyana xasiyyətləri çox idi. Əliaçığıydı, sözü hər yerdə keçirdi. Çoxlu dostları vardı . Özbək məclislərinin başında əyləşdirirdilər . Amma elə bir zaman gəlir ki, panislamist və panirançı adı altında onu ikinci dəfə həbs edirlər . Dostları yenidən ondan uzaq gəzməyə başlayırlar

Bu hadisə 50-ci illərin əvvəllərində baş vermişdi . 1951-ci ildə Daşkənd teatrında Şekspirin “Romeo və Cülyetta ” əsərinə quruluş verilirdi. Pyesi özbək dilinə Məqsud Şeyxzadə tərcümə eləmişdi. Əsəri səhnələşdirən Daşkənd teatrının baş rejissoru Mannon Uyqur idi. Hazırlanan tamaşanın məşqləri səkkiz ay davam etdi. Tamaşanın ümumi baxışına o zaman Özbəkistanın mədəniyyət naziri Muksinov və tənqidçilər qrupu gəldi. Tamaşaya baxış keçirildikdən sonra, dərhal müzakirələr başlandı.

Tənqidçilər aktyor oyunundan daha çox tərcüməyə diqqət yönəldirdilər. Çıxış edənlərdən biri onun Azərbaycandan Özbəkistana hələ 20 –ci illərin sonlarında millətçilikdə təqsirli bilinərək gəldiyini vurğulayırdı. Məqsud müzakirələrə gəlməmişdi. O, deyəsən başı üzərində qara buludların dolaşmasından hali idi.

Tamaşa qurtaran kimi, özbək şairi, bir növ Özbəkistanın Məmməd Rahimi olan Kamil Yaşen tələsik getdi. Müzakirə başa çatdıqdan sonra komissiya əsərin “kosmopolit” təsir altında tərcümə edilməsi və pantürkist, islamçı meyllərə yuvarlanması haqqında qərar çıxardı. Şekspirin bu məhəbbət faciəsinin yenidən tərcümə edilməsi Şeyx Əkənin dostu, Qafur Qulama tapşırıldı .

Səbəb də bunu göstərdilər ki, tərcümədə işlədilən iki fars sözü müəllifin pantürkizmə və panislamizmə yuvarlanmasından xəbər verir. Biletlər satıldığı üçün, tamaşanın premyerasını təxirə salmaq mümkün deyildi.

Özbəkistanın xalq artisti, istedadlı aktrisa Məryəm Yaqubova sonralar tamaşadan əvvəl küçədə qəfil Məqsud Şeyxzadə ilə rastlaşmasından söz açacaqdı;

“Mən Məqsud Şeyxzadə ilə Çorsu bazarının yaxınlığındakı küçədə rastlaşdım Ona dedim ki, ilk təqdimat tamaşasına mütləq gəlmək lazımdır, o isə uzun fasilədən sonra, mən yəqin ki, gəlməyəcəyəm, deyə cavab verdi. O, çox pərt olmuşdu. Şəxsiyyətinə qarşı ədalətsiz hücumların hardan qaynaqlandığını gözəl bilirdi . ”

Tamaşanın təqdimatından bir neçə ay ötəndən sonra, 1952-ci ildə Məqsud Şeyxzadəyə 25 il həbs cəzası verilir . Bu hadisə Məqsud Şeyxzadəni sevənlərdə dərin məyusluq yaradır. Amma bununla yanaşı hətta yaxınları da onun haqqında məhkəmənin çıxardığı hökmün haqsız olmasına səsini çıxarmaq istəmirdi.

Zaman elə bir zaman idi ki, kimsə odla çilingağac oynamaq istəmirdi. Musiqiçi dostu Muradbəyli Bakıya –anası Fatma xanıma oğlunun həbs olunmasını xəbər verir Fatma xanım gözüyaşlı Daşkəndə gəlir.

Dostları Məqsudun həbsinin ədalətsiz olmasını Fatma anaya danışırlar . Həyat yoldaşı Səkinə xanımın da istintaqda ərinin əleyhinə ifadə verməsi də aşkar olur. Həbs olunmazdan əvvəl tanınmış yazıçı ilə arvadı arasında ciddi münaqişə hökm sürürdü. Səkinənin Məqsudu özbək qadınlarına hədsiz dərəcədə qısqanması və ondan incik olması səbəbindən ifadə verərək ərini mənəvi pozğunluqda ittiham etməsi vəziyyəti daha da mürəkkəbləşdirmişdi.

Fatma xanım dərhal oğlunun işinə yenidən baxılması xahişi ilə Sovet İttifaqının Nazirlər Sovetinin sədri Georgi Malenkova məktubla müraciət edir Bu, Stalinin vəfatından sonrakı dövrə təsadüf etdiyindən, qoca ananın müraciətinə müsbət baxılır və Məqsud Şeyxzadə tez bir zamanda, 1954-cü ildə həbsdən azad edilir .

Onu həbs etdirən, əleyhinə “donos” yazan şəxsin tanınmış bir özbək yazıçısı olmasından xəbər tutur. Həmin şəxs Məqsud Şeyxzadə həbs edildikdən sonra onun Stalin küçəsində yerləşən mənzilinə yiyələnmişdi. Sonralar həmin yazıçı bu mənzili Məqsudun özünə qaytarmaq istəsə də, azərbaycanlı yazıçı mənzildən imtina etmişdi. Cavabı belə olmuşdu ki, sən həmin mənzilə yiyələnmək üçün böyük “əziyyətlər”çəkmisən, indi isə qoy bu mənzil sənə xoşbəxtlik qismət eləsin.

Böyük ideallar sahibi olan Məqsud Şeyxzadə insan övladının mahiyyəti haqqında belə düşünürdü;

Adam var ki, diriykən bir ölüdən seçilməz,

Adam da var ki, ölüm ona yanaşa bilməz

Həbsdən azad edilən Məqsud dərhal ədəbiyyata üz tutur O, əvvəlki müəllimlik fəaliyyəti ilə məşğul olmaqla yanaşı, özbəklərin indiyəcən görə bilmədiyi bir işi görür- lirik-fəlsəfi məzmunlu “Daşkəndnamə” poemasını yaradır. Bu əsər ona növbəti uğur qazandırır. Böyük oxucu marağına səbəb olur. Həyatı boyu Özbəkistanın ən ali mükafatlarını qazanır. Özbəkistanın klassik şairlərindən birinə çevrilir. Həbsdə yatmasını da bədbəxtlik kimi deyil, adi bir çətinlik kimi qarşılayırdı. Bu ifadəni təkrar etməyi çox sevirdi; “Növbəti çətinlik, növbəti xoşbəxtliyin başlanğıcıdır”.

Gözləri zəif görürdü. Həbsxananın da insana faydalı olmasını düşünürdü. Deyirmiş ki, bir dəfə qaldığı kameranın dar pəncərəsindən düşən günəş işığı onun gözlərini xeyli qüvvətləndirmişdi.

Həyatsevər, insansevər idi. Hər il Ağdaşa gələndə hədiyyə kimi dostlarına özbək papaqları gətirirdi. “Papaq- dostluğun rəmzidir “ deyirdi. Kasıb tələbələrə pul verir, işi dara düşənlərə maddi və mənəvi köməklik göstərirdi. Azərbaycandan Özbəkistana istər dövlət səviyyəsində, istərsə də şəxsi işiylə əlaqədar gələn hər bir kəs mütləq Şeyx Əkənin qonağı olmalı, onun çörəyindən kəsməliydi. Azərbaycanı dəlicəsinə sevirdi . Xoş söhbətlər etməyi, xoş əməllərdən söz açmağı çox sevərdi.

“Daşkəndnamə” də yazırdı;

Yaxşını qiymətdən salmayın heç vaxt,

Qiymətin artırın Siz onun qat-qat

Öləndə yüz saat ağlamaqdansa,

Sağ ikən oxşayın onu bir saat

Danışırlar ki, Məqsud Şeyxzadənin gözəl nərd oynamağı varmış. İstədiyi zəri ata bilirmiş. Böyük şairin həyatı da belə olub. Uğurlar hər zaman onu təqib edirdi

Məqsud Şeyxzadə 1967 –ci ilin fevral ayının 19-da həyata gözlərini yumub.Günü bu gün də onun tələbələri və sevənləri Məqsud Şeyxzadənin adı gələndə göz yaşlarına hakim ola bilmirlər.

Teymur Mahmudov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm