İkinci Mahmud - Seksual manyaklar
Bizi izləyin

Yazarlar

İkinci Mahmud - Seksual manyaklar

İkinci Mahmud - Seksual manyaklar

(I hissə)

Qatilin kim olduğunu müəyyənləşirməyə çalışaq…

Sovet idarə sistemi kütlə üzərində mütləq nəzarətə nail ola bilmişdi. Söhbət yalnız vətəndaşların davranışlarına nəzarətdən getmir, bu sistem az qala öz insanının xəyallarını, yuxularını da nəzarətdə saxlamağa çalışırdı. Məncə, bacarırdı da.

Kommunist ideyaları sevgi məktublarına da yol tapmışdı.

Sovet vətəndaşının qəbul edilmiş, daha doğrusu, əvvəldən dəqiqliklə ölçülüb-biçilmiş standart obrazı var idi. Sən o çərçivədə yaşamağa məcbur idin. İnformasiyasızlıq şəraitində istənilən yalanı informasiya adına sırımaq olar, bunu Sovet ideoloqları yaxşı bilirdilər. Kütlədən isə yalnız ikicə şey tələb olunurdu: işləmək və ənənəvi nitqləri alqışlamaq. Yaxşı olardı ki, aradabir də “Ura!”-deyə qışqıraydın.

Görəsən qatil kimdir?

Belə bir ağır ruhi-psixoloji şəraitdə kriminal aləmi nəzarətdə saxlamaq həddindən artıq diqqət və yüksək peşəkarlıq tələb edirdi. İlk baxışdan adama elə gəlirdi ki, hüquq mühafizə orqanları bu işin öhdəsindən uğurla gəlir. Zarafat deyil, “KQB” adlı qorxunc mif yaradılmışdı. Post-Sovet dövründə də keçmiş Sovet vətəndaşları bütün növ xüsusi xidmət orqanlarını “KQB” adlandırmağa davam etdilər.

Sovet cəmiyyəti “manyak” anlayışı ilə çox-çox sonralar tanış oldu. (Sovet kriminalistləri bu anlayışı “seksual” termini ilə əvəz etməyi üstün tuturdular) Təxminən 80-ci illərin ortalarında. “Perestroyka” dövründə, necə deyərlər, hər şeyin “paxırı açıldı”. Məsələ burasındadır ki, bütün seriya qətl cinayətlər kütlədən gizlədilirdi, bu tip cinayət işlərinə “məxfi” qrifi vurularaq arxivə göndərilirdi.

Amma xalqın ağzını yummaq mümkün deyil, ara söhbətləti həmişə həqiqətə daha yaxın olur. Xalq arasında müxtəlif şayiələr gəzməkdə idi. Bəzən bu tip cinayət hadisələri əsasında bədii əsərlər yazılırdı.

Qatil zorlamağa və öldürməyə davam edir!

Məsələn, C. Əmirovun “Qara Volqa”sı real hadisələr əsasında qələmə alınmışdı, lakin oxucu onu daha çox müəllif təxəyyülünün məhsulu kimi qəbul etdi. Bu isə Sovet idarə sisteminin xoşuna gəlirdi. Axı necə ola bilərdi ki, adi bir qadının başçılıq etdiyi cinayətkar dəstə uzun illər ərzində “o boyda” Sovet milisini barmağına dolasın?! Bu mümkün idimi? Əsla! Uşaq-uşaq danışma!

Maraqlı fakt ki, dəstəni ifşa etmək mümkün olmadı, dəstə üzvləri çox sonralar, özü də ayrı-ayrı cinayətlərə görə həbs olundular. Milis dəstəyə başçılıq edən “Pəncəli Aslan”ın kişi yox, zərif bir qadın olduğunu yalnız onu həbs edəndə anladı. Mokvada iki milis zabiti “Pəncəli Aslan”ı qovur, birdən qorxulu cinayətkar dayanır, qayırma bığını və parikini çıxarır və gözəl, incə xanıma çevrilir.

Həmin an şanlı Sovet milisin üzünün ifadəsini görməyi çox istərdim. Bu, həqiqət ola bilərdimi? Yox! Amma həqiqət idi.

Deyəsən, qatilin izinə düşmüşük!

Daha bir maraqlı fakt: O dövrdə Volqaya sahib olmaq hər oğulun işi deyildi, qara Volqa isə yalnız yüksək çinli dövlət məmurlarına xidməti maşın kimi verilirdi. Cinayətkarı dövlət məmurlarının arasında axtarmaq isə axmaqlıq olardı, Sovet məmuru belə qələt etməzdi! Sonralar hər şey məlum oldu, sən demə, hər cinayət öncəsi dəstə qarajların birindən sarı rəngli “Volqa”nı oğurlayır, tez-bazar qara rəngə boyayır, işi bitirəndən sonra isə qaytarıb gətirirmişlər. Sən maşını oğurlamaq texnikasına bax: bununçün qarajın qapısını sındırmağa ehtiyac yox idi, sadəcə, qarajı yük kranı ilə qaldırmaq kifayət edirdi. Hansısa başqa millətin nümayəndəsi bunu düşünə bilər?! Ay düşündü ha! Bu ki, lap kino oldu!

Ahha! Qatil ard-arda səhvlər buraxır, bu onu tutub ifşa etməyə kömək edəcək!

Hə, doğrudan da bu, kino oldu. Təxminən 7-8 il sonra “Avtomobildən qorun!” (E.Ryazanov, 1966) adlı film ekranlara çıxdı. Tezliklə kütlə arasında populyarlıq qazandı, Sovet adamının sevimli filminə çevrildi. Yuxarıda nəql etdiyimiz hadisə filmdə olduğu kimi yer alıb.

Diqqətli olun, bir az uzunçuluq etməyə hazırlaşıram!

Maraqli ki, ədəbiyyatda dedektiv (yaxud süjetdə hadisələrin novellavari inkişafı) janrının, yaxud kinoda müasir terminlə desək, ekşn (ingiliscə: “action”) janrının uğur qazanmaq ehtimalı daha yüksəkdi. Məncə, bunu yalnız kütlənin daha yüngül mövzuları sevməsi ilə bağlamaq düzgün olmazdı. Məsələ bu ki, oxucu (tamaşaçı) elə ilk səhifədəcə (elə ilk dəqiqədəcə) kobud desək, qatilin kim olduğunu təxmin etməyi sevmir. O, bu maraqlı axtarış prosesinin iştirakçısına çevrilmək istəyir.

Şəkili Mustafa müəllimin sözü olmasın, bu haqda biz tərəflərdə maraqlı bir lətifə də var: deyir, bir kinoteatr işçisinin öz qonşusundan zəhləsi gedirmiş,..

(Üzr istəyirəm, sözümü balla kəsim, uzunçuluq etmişkən icazə verin, bir az da uzadım: Əlbəttə, mən onu qınayıram! Gözəl bir gürcü atalar sözü var, deyir, qonşunu seçmirlər, qonşu ilə dost olurlar. Bax elə götürək məni, bir Allah bilir ki, mən qonşum Adilə xalanı necə sevirəm. Hər gün Adilə xalanın hansısa qonşu ilə dalaşdığını görməsən, elə bil, nəyimsə çatmır. Bircə gün Adilə xalanın məlahətli səsini eşitməsəm, darıxıram.)

...ondan qisas almaq arzusunda imiş. Bir gün kinoteatra maraqlı bir dedektiv kino gətirirlər. Bu işçi görür ki, həmin qonşusu da filmə baxmağa gəlib. Özü də böyük maraqla “jurnal”ın bitməsini gözləyir. Kino başlayan kimi kinoteatrın işçisi gəlir öz qonşusunun yanına, əyilib qulağına yavaşca deyir: “Qatil o ağ köynəkli oğlandı...”

Qatil izi itirməyə çalışır, amma o, mütləq tapılacaq!

Müşahidələr isə onu göstərir ki, bu janrda yazılan əsərlərin çoxu real hadisələrə dayanır. Çünki polis də cinayətkarı eyni maraqla axtarır, hadisələr gözlənilmədən müxtəlif miqyas alır, cinayətkarı tapana qədər bir neçə şübhəli şəxs dindirilir, əvvəlcə hamı cinayətkarın başqa adam olduğuna əmin olur, sonra məlum olur ki, cinayət baş verən zaman həmin adam “Karvan” kafesində yeyib-içirmiş, bunu təsdiq edən adam da tapılır. Sən demə, həmin vaxt Kəramət Böyükçöl də hər zamankı kimi orda imiş. Axırda əsl cinayətkar tapılır və hamı öz evinə dağılışır...

Qatili bu dəfə tapa bilmədik!

Tez-bazar yazını yekunlaşdırmağa çalışaq:

Yazının əvvəlində Sovet sisteminin kütləyə göstərdiyi psixoloji təzyiqlərdən ötəri də olsa danışdım. Belə bir psixoloji gərgin mühitdə mütləq manyaklar yetişməli idi. Amma kütlə arasında dolaşan bir-iki söz-söhbəti çıxsaq, əhali manyaklar, seriya qətllər, hannibalizm, pedofilizm faktları haqda heç nə bilmirdi. O dövrün səs-küylü (Bu “səs-küy”ü yalnız milis oqranları və KPMK-nin müəyyən üzvləri eşidə bilərdi) cinayətləri haqda isə insanlar post-sovet dönəmində xəbər tutdular. Məlum oldu ki, Sovet dövründə onlarla manyaklar yaşayıb, zorlayıb, öldürüb, tutulub, güllələnib.

Bu manyakaların içində isə ən məşhuru “Rostovskiy potraşitel” adını almış, öz 12 illik “fəaliyyəti” tarixində çoxu uşaq olmaqla 56 nəfəri zorlayaraq qətlə yetirmiş Andrey Çikatilodur.

Çikatilo haqqında gələn yazıda. Növbəti yazını gözləyin!

Nəticə: Aparılan istintaq tədbirləri nəticəsində qatilin Kəramət Böyükçöl olmadığı müəyyənləşdirildi. Çünki o, hadisə baş verən gecə “Karvan” kafesində mənlə pivə içirdi. Başına vurmaq kimi olmasın, hesabı da mən vermişdim.

P.S. Cinayət hadisəsinin məhz “Karvan” kafesində baş verməsinin isə məsələyə heç bir dəxli yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm