Keşişi müsəlman edən Azərbaycan aşığı
Bizi izləyin

Yazarlar

Keşişi müsəlman edən Azərbaycan aşığı

Keşişə İslam dinini qəbul etdirən Azərbaycan aşığı

Azərbaycanlı mənəviyyatının köklərinə çevrilib baxmış olsaq biz orada Xəstə Qasımı görəcəyik. Amma kimlərin gözüylə?

Xəstə Qasımı 1930-cu illərdə Vəli Xuluflu və Salman Mümtaz öyrənib. Hənəfi Zeynallı araşdırıb. Ötən il dünyasını dəyişmiş, böyük folklorşünas, xalq ədəbiyyatı araşdırmaçısı Sədnik Paşayev( Pirsultanlı) araşdırıb...

Bu gün dünyamız bir sufi mədəniyyəti havası yaşayır. Xəstə Qasımın şeirləri də dərviş ruhlu idi və çox güman ki, bu tarixi bir rişəyə bağlıydı. Xəstə Qasımın 1684 və 1680-ci ildə Təbriz yolu üzərində yerləşən Tikmədaşlı kəndində anadan olduğu söylənilir. Anadan olduğu ili tədqiqatçılar dəqiqləşdirməkdə çətinlik çəkirlər.

Onun əkinçiliklə məşğul olması söylənilir. Yaşadığı 17- 18 -ci əsrlərdə aşıq mədəniyyəti və röya, yuxu görmək məfhumları geniş yayılmışdı. Xəstə Qasım ilk təhsilini mollaxanada alımışdı. Bundan sonra o, üzünü o dövrünün elm, təhsil mərkəzlərindən ən böyüyü sayılan Ərdəbilə tutur.

O, dini təhsilini Ərdəbildə fəaliyyət Şeyx Səfi mədrəsəsində davam etdirmək qərarına gəlir. Xaraktercə saf, sözü üzə deyən olub, şeirlərindən ilahi varlıq və əxlaq mövzusuna bağlılığı da aydın görünür.

“Xəstə Qasımın Ərdəbilə səfəri” dastanında yazılır ki, o, Şeyx Səfi mədrəsəsində müəllimin verdiyi dərsləri oxuyub dərk etməyə böyük çətinlik çəkirmiş. Yuxu görmə mövzusu Xəstə Qasımın yaradıcılığından da qırmız xətt kimi keçirmiş.

Dastanda yazılanlara görə, qoyun otararkən qəbristanlıqda yuxuya getmiş və yuxuda Həzrət Əlini görmüş, onun əlindən badə almışdı. Beləliklə, bu yuxudan sonra rəvayətlərə görə bir gecənin içində, Xəstə Qasım təriqət anlayışının ən ali mərtəbəsinə çatmışdı.

Ərşi-zəmin, lövhi-qələm yox ikən,

Varlığa hamıdan tez gələn Əli.

Ustadlar ustadı özün olubsan,

Cəbrail məqamın düz bilən Əli.

Sənin hörmətinə quruldu varlıq,

Həyatın Zəmzəmi, o suyi-dirlik

Səndə nəqş olundu elm və birlik,

Cəmi dillər ilə söz bilən Əli.

Xəstə Qasim, zərbi-danəndən Əli,

Aləmi-zərridə demişəm, bəli,

Bir ismin Əlidir, bir ismin vəli,

Cəmi pünhan dərdi tez bilən Əli.

Ruhani və qazilər qarşısında elm imtahanı verən Xəstə Qasımı bu şeiri söylədiyinə görə, onu ən ali mərtəbədə qəbul etmiş və imtahandan keçirmişdilər.

Onun 20 ilə yaxın Qum və Nəcəf şəhərlərində dini təhsil alması, ömrünü ürfan elmlərinə həsr etməsi və hafiz olması söylənirdi. Sovet dövrü tədqiqatçılığında Xəstə Qasımın guya fiziki cəhətdən xəstə olması və ya xüsusi mülkiyyət olan cəmiyyətin qanunlarına qarşı xəstə, aciz olması fikri təbliğ edilirdi.

Əslində isə ona Dədə Qasım deyə də müraciət edilirdi və bu onun çevrəsində ustad sənətçi kimi qəbul edilməsiylə izah olunurdu. Atasının adı İbrahim idi və ailə əkinçiliklə dolanırdı. Çox qəribədir ki, həyatıyla bağlı əldə olunan məlumatlar yalnız ipucu kimi dastanlardan əldə olunurdu. Ona görə qəribə və həm də təəssüfdoğurucudur ki, Xəstə Qasımla eyni dövrdə yaşayan deyək ki, Qərb filosofları və ya mədəniyyət xadimləri haqqında kifayət qədər məlumatlarla mənbələr aşıb daşsa da, bu Şərqdə belə deyildi.

Böyük mədəniyyət və ədəbiyyat xadimləri haqqında mənbələr xəsislik dərəcəsində cüzi olmuşdu. Əsl Tikmədaşlı Xəstə Qasımı tanımaq üçün də tədqiqatçıların əlacı hər şeydən üzüləndə dastanlara və rəvayətlərə üz tutmalı olurlar. Ona görə də, tədqiqatçılar Azərbaycan folklorunu öyrənərkən hədsiz fədakarlıq nümayiş etdiriblər.

Bu yaxınlarda Təbrizdə Xəstə Qasımın xatirəsinə həsr edilmiş Aşıq yaradıcılığı festivalı keçirilirdi. Tədbirin təşkilat komitəsinin üzvlərindən biri olan Əhmət Səttari adlı birisi Aşıq sənətinin Cənubi Azərbaycandan Şimali Azərbaycana tərəf yayıldığını söyləyir və bölücülük apararaq cənub aşıqlarının şimal aşıqlarından güclü olduğunu bildirirdi.

Ə. Səttarinin söylədiklərində ən bağışlanılmaz qüsur ondadır ki, Azərbaycanda ozanlıq, aşıqlıq, saz-söz sənəti, dastan folklorçuluğu heç zaman ayrılmış şəkildə qəbul edilməyib. Biz necə deyə bilərik ki, Xəstə Qasım və yaxud Şəhriyar Şimal Azərbaycanının mədəniyyətinə, ədəbiyyatına daha çox təsir edib. Bu ona bənzəyər ki, Şimal tərəfin də təmsilçiləri Aşıq Ələsgərin və ya Aşıq Alının onların mədəniyyətinə mənsub olduğunu söyləsin və onların da Cənubi Azərbaycana təsir etdiyini iddia etsinlər. Təbii ki, bu mənasız və heç bir elmi dayağı olmayan fikiriləri irəli sürən Əhməd Səttari kimi cılız düşüncə sahibləri fars rejiminə yarınmaq istədiklərini ortaya qoyurlar. Xəstə Qasım və bütün Cənubi Azərbaycanda yaşamış aşıqlar, aşıq sənəti tarix boyu bütün Azrəbaycan xalqının mənəvi sərvəti kimi qəbul edilib.

Xəstə Qasım Şah İsmayıl Xətai dövründən başlayaraq ənənəyə çevrilmiş səyahət edən aşıqlar nəslinə mənsubuydu. Xətai hakimiyyətdə olduğu illərdə, aşıqların səyahətə çıxmasını hakimiyyət tərəfindən dəstəkləyir, onlara şiə məzhəbi ideologiyasının, səfəvi hakimiyyətinin ruporları kimi yanaşırdı.

Doğrudur, Xəstə Qasım Xətai dövründə yaşamamışdı, sənət dünyasına da xeyli illər sonra gəlmişdi, lakin o, Xətai yaradıcılığına yazdığı aşıq şeiri nümunələriylə, çox bağlı olmuşdu. Şah İsmayıl da Xəstə Xətai təxəllüsü ilə şeirlər yazmışdı. Həm də belə bir fikir vardı ki, Tikmədaşlı Qasım çəlimsiz və arıq olduğuna görə bu təxəllüsü özünə yaradıcılıq mayakı kimi qəbul etmişdi.

Əxlaq tərənnümü və ali ideallar yayan şeirləriylə Xəstə Qasım bütün Azərbaycanı gəzib dolaşmağa başlayır. O, yaşadığı ömür ərzində ən böyük səfərini Dağıstana etmişdi. Bu səfərdən bəhs edən “Xəstə Qasımın Dağıstan səfəri “ adlı dastanında Ləzgi Əhmədlə deyişmələrindən söz açılmışdı. Xəstə Qasım yaradıcılığının Dağıstanın şifahi xalq ədəbiyyatına böyük təsiri olmuşdu. Dağıstan aşıqları divan şəklində şeir qoşmağı Tikmədaşlı aşıqdan öyrənmişdilər.

Xəstə Qasımın yorulmaz tədqiqatçısı, folklorşünas alim Sədnik Paşa Pirsultanlı yazır ki, o 70-ci illərdə Xəstə Qasımın irsini toplayaraq kitab halında nəşr etdirmək qərarına gəlmişdi . Lakin sovet ideologiyası onun şeirlərindən yalnız 46-şeirinin çap edilməsinə icazə vermişdi. Xəstə Qasım öz şeirlərində Qızıl cildli kitabını ürək ağrısı ilə itirdiyini dilə gətirirdi. Ona görə də, Sədnik Paşa bu şeirləri qızılı rəngli üz vərəqi ilə çap etdirir və Təbrizə yollanır. Təbrizin 78 kilometrliyində yerləşən Tikmədaş qəryəsindəki qəbristanlığında uyuyan böyük iman aşığının qəbrini tapıb kitabı onun qəbrinin üzərinə qoyur.

Bir çox tədqiqat mənbələrində onun vəfat etdiyi məkan kimi, Şamaxı kimi göstərilsə də, aşıq məktəbimizin yaradıcılarından olan Xəstə Qasım göründüyü ki, Tikmədaşda 80 ildən artıq ömür yaşamış, vəfat etmiş və orada da dəfn edilmişdi.

Şair aşığın yaradıcılığından və tərcümeyi- halından bəhs edilərkən onun yaratdığı, qəhrəmanı olduğu dastanlara bir qayda olaraq müraciət edilirdi . Xəstə Qasımın macəraları və deyişmələri tarixinə qədər bu dastanlarda saxlanılıb.

Xəstə Qasımın eyni zamanda Dədə Qasım kimi çağrılmasıyla bağlı onun” Dağıstan səfəri” ndə belə bir dialoq verilib.

Müctəhid Xəstə Qasımdan soruşur;

-Oğlum adın nədir?

Xəstə Qasım;

-Hansı adımı soruşursunuz?

-Adamın neçə adı olar?

Qasım cavab verir ki;

-Mənə Dədə Qasım da deyirlər.

Xəstə Qasım daha sonra izah edir ki, mən hamıya düzgün yol göstərdiyim, sözün düzünü dediyim üçün Dədə Qasım deyirlər.

Müctəhid deyir ;

-Oğul, bəs o Xəstə Qasım adının mənası nədir?

Qasım düşünüb-daşınıb cavab verdi ki, mənim qıfıl-bəndlərimi, sözlərimi sənin kimi alimlər, üləmalar o qədər fikir eləyir bir yana çıxarda bilmir,axırda xəstə düşürlər. Ona görə mənə “Xəstə Qasım” deyirlər.

Xəstə Qasımın yaşadığı və yaratdığı illərdə Nadir şah işğalçılıq müharibələri aparırdı. Bu illər böyük çarpışmalarla və insanların doğma ev –eşiklərindən didərgin düşməsi ilə yadda qalırdı.

Xəstə Qasımın o dövrlərdə Şamaxı şəhəri ilə əlaqəsi olmuşdu. Onun “Qalıbdı” qoşmasında Şamaxı şəhərinin başına gətirilən müsibətlər və ictimai çarpışmalara, faciələr meydan olması təsvir edilirdi;

Köhnə Şamaxının seyrin eylədim,

Əl dəyməmiş təzə bağlar qalıbdı.

Elə köçüb gedib ulusu, eli,

İşlənməmiş ağ otaqlar qalıbdı.

əstə Qasım Dağıstana səfər etdiyi zaman subay idi, amma Sənəm adında (Kəklik adında da olması istisna edilmir) sevgilisindən getmək üçün halallıq istəməsi şeirlərində yazılır və qürbətdə də öz sevgilisi Sənəmi düşünməsi qeyd edilirdi.

Yuxarıda qeyd etdiyim kimi, Dağıstan səfərində Ləzgi Əhmədlə tanış olur. Onunla deyişmələri dildən-dilə düşür, qulaqdan-qulağa ötürülür.

Ləzgi Əhməd;

Səndən xəbər alım, ay dədə Qasım,

O nədir ki, dürlü-dürlü halı var?

Nədən hasil oldu ərşin arğacı?

O nədir ki, toxunmamış xalı var?

Xəstə Qasım;

Sənə cavab verim, ay Ləzgi Əhməd,

Bahardır ki, dürlü-dürlü halı var.

Nurdan xəlq olundu ərşin arğacı,

O buluddur ki, toxunmamış xalı var.

Xəstə Qasımın dövründə və ondan sonra gələn şair aşıqların İslamla münasibətləri indiyəcən tədqiq edilməyib. Bu baxımdan Xəstə Qasım yaradıcılığında da İslama bir doğma münasibət sərgiləndiyi halda, atəşpərəstliyə yanaşmada bu doğmalıq müşahidə olunmur;

Xəstə Qasım, heç vəsfindən doymazlar,

O ölüdür, götürərlər, qoymazlar.

Atəşpərəstlərin məzarı yox, yumazlar,

Dünya qonhaqondur, ölüm köçhaköç.

Xəstə Qasım yaradıcılığında ustadnamələri ilə məşhur olmuşdu. Şeirlərində əxlaq və tərbiyə ön plana keçmişdi. Təvazökarlığı, sevgi və igidliyi təbliğ edən aşıq –şair, pis hadisələrdən dərs almağın yollarını da göstərmişdi. Onun “Dəli könül, məndən sənə əmanət” ustadnaməsi insana müraciət edirdi;

Bir məclisə varsan özünü öymə,

Şeytana bac verib, kimsəni söymə,

Qüvvətli olsan da yoxsulu döymə,

Demə ki, zorluyam, qolum yaxşıdır.

Onun “Xəstə Qasımın Dağıstana səfəri” əsərində Ləzgi Əhmədlə birgə güclü istedad sahibi olmalarının sirri belə izah edilir ki, Qasım taxıl əkinçiliyi ilə məşğul idi. Günlərin birində, Xəstə Qasım fikir verir ki, zəmisindəki sünbüllər saraldığı halda ortalıqda bir xeyli yer yaşıl halda qalıb. Qasım həmin yeri biçib qurudur və onun buğdasından un üyüdüb çörək bişirir. Çörəyin yarsını özü yediyi halda yarsını da Ləzgi Əhmədə verir. Bu çörəyi yedikdən sonra, bir sirri-xuda sayəsində onların istedadı ətraf ellərə yayılır.

Onun Dağıstana getməsi də rəvayətə görə, belə olmuşdu. Dağıstan hakimi Nadir şahdan Dağıstana bir aşıq göndərməsini xahiş edir.

Belə bir adamın seçilməsi Təbrizin baş müctəhidinə tapşırılır. Qərara alınır ki, müctəhid və qazilərin qarşısında uğurla imtahan verilmiş Xəstə Qasım Dağıstana göndərilsin. Xəstə Qasım sevgili olduğu üçün imtina edir. Anası oğlunun namizədliyini vermiş mollaya rüşvət də təkli edir. Amma, sevdiyi qızın Mələksimanın atası Alıxan onların sevgisinə mane olurdu . Bundan acıq edən Xəstə Qasım anası və ikinci sevgilisi Kəklikdən halallıq alaraq səfərə çıxmış və səfərinin ilk günlərində dağlarda qara-borana düşmüşdü.

Dağıstana çatana qədər gecələmək üçün bir çox evlərin qapısını döyürdü, onu qonaq edir və Xəstə Qasım da təcnislər deyir, islamdan maraqlı hadisələr danışırdı. İnsanlar maraqla onun İmralı sazı dindirməsinə tamaşa edirdilər. Xəstə Qasım səfər boyunca bir keşişin də evində qonaq olur. İslam mədəniyyətinin aşıq şeirinə daxil olması onun bu evdə qoşduğu bir divan şeirindən də görünür.

O, qonağı olduğu keşişə islami dəyərləri elə aydın başa salır ki, keşiş müsəlmançılığı qəbul edir.

Adəmdən xatəmə natiqi Quran mənim,

Din mənim, məssəb mənim, yol mənim, ərkan mənim.

Bağ mənim, bağban mənim, kövsəri-rizvan mənim,

Gül mənim, bülbül mənim, sünbülü-rehyan mənim,

Yerdə insan, göydə qılman, ərşdə aslan mənim.

Dini təhsili yüksək olan Xəstə Qasımın Quranı, dini hadisələri, dini fəlsəfəsini aydın izah etməsi keşişin islam dinini qəbul etməsinə səbəb olur.

Aşıq Xəstə Qasımın yaradıcılığından it-bata düşən, günümüzə gəlib çatmayan şeir nümunələri də çox olmuşdu. Onun şeirlərində gözqamaşdıran söz əlvanlığı və sadə dildə xitab halları üstünlük təşkil edirdi. Ustad şairin Azərbaycan şeirinin ağır zirehli ərəb-fars sözlərindən təmizlənməsində xidmətləri böyük olmuşdu. O, səyahət etdiyi məkanları, xüsusilə yaşadığı Tikmədaşın təbiətini əlifırçalı rəssam kimi ustalıqla təsvir edirdi.

Onun özündən sonra gələn aşıq sənətinin inkişafında böyük izi və rolu olmuşdu.

Xəstə Qasımın adı və sənəti bizim orta əsrlərdə yaşayan ruhumuz deməkdir.

Mərifətli və vicdanlı azərbaycanlı olmağı öyrənmək üçün Xəstə Qasımın şeirlərində sadə düstur var. Xəstə Qasım Azərbaycanın vicdanlarından biridir.

İndi Azərbaycan dəyərlərinin sınağa çəkildiyi bir zamanda hamının Xəstə Qasımın və digər ustad şair-aşıqlarımızın yaradıcılıq irsinə müraciət etməyimizə əşəddü-ehtiyac yaranıbdır...

Teymur Mahmudov

P.S. Mərhum folklorşünas alim Sədnik Paşa Pirsultanlının “Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi” əsərindən istifadə olunub

Oxumağa davam et
Reklam
Reklam

Gündəm