• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Arif Bozuvnalı: "Məncə, Yavər bəy müasir dövrün Nəsimisi idi" - VİDEO

  • Yazarlar
  • 3 Aprel 2014 14:40
  • 1 270 Baxış
Arif Bozuvnalı: "Məncə, Yavər bəy müasir dövrün Nəsimisi idi" - VİDEO

İki il bunda öncə haqq dünyasına qovuşan Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından olan, fəlsəfə-muğam üzrə tədqiqatçı Yavər Hüseynbəylinin vəfatından danışmaq, onu tanıyan dostları və sevənləri üçün bu acını yaşamaq olduqca ağırdır. Çünki Yavər Hüseynbəyli mükəmməl biliyə malik insan olmaqla yanaşı, həm də gözəl dost, ruhu təmiz bir sirdaşımız idi.

Müxtəlif mövzular ətrafında Yavər bəylə söhbət aparmaq insana zövq verirdi və üstəlik, onunla söhbət etməkdən doymaq olmurdu. İnsan onunla söhbətin gec qurtarmasını və zamanın dayanmasını istəyirdi. Məzh belə kefiyyətlərə malik olan insanın haqq dünyasına qovuşması dostları üçün çətindir.

Təkcə özünün rəhbəri olduğu "Cahargah" Ailəvi İstirahət Mərkəzi dünya azərbaycanlılarının sevimli ocağı sayılırdı. Xaricdən gələn yüzlərlə soydaşımız Cahargah" Ailəvi İstirahət Mərkəzini ziyarət etməyi özünə mənəvi borc sayar və onunla müxtəlif mövuzlar ətrafında söhbətlər aparardılar. Onun vəfat xəbəri ilə bağlı dünyanın müxtəlif yerlərində yaşayan onlarla soydaşımız mənə yazdıqları elektron məktublarında Yavər bəyin necə insan olduğunu və ölüm xəbərinə inana bilmədiklərini qeyd edirdilər. Deməli, bu onu göstərir ki, Yavər bəy sağlığında rəhmət qazanan insanlardan idi.

Nə etmək olar, ölüm haqdan gələn hökmdür. Bir gün yaranan bir insan, bir gün də bu dünyadan köçməlidir. Əsas odur ki, hər bir insan yaşadığı boyu bu dünyada gözəl və əməlisaleh işlər görməli, torpağını sevməli və ona bağlı olmalıdır. Sadalığımız bu amillər mərhum dostumuz Yavər bəy şəxsiyyətində birləşmişdi.

Belə vətənpərvər insanlarımız hər zaman xatırlanmalı və onlardan nələrsə öyrənməliyik. Onu da əlavə edək ki, mərhum Yavər Hüseynbəyi vəfatından bir neçə gün əvvəl "Təzadlar" qəzetinə Nəsimi fəlsəfəsi, Hürufilik mövzusunda müsahibə vermişdi. Çox təəssüflər ki, belə ziyalı insanımız həyatdan çox tez köçdü...

Beləliklə, mərhumun yaxın dostu, tanınmış qəzəlxan-şair Arif Buzovnalı ilə Yavər Hüseynbəyli şəxsiyyəti haqda etdiyimiz söhbəti oxuculara təqdim edirik:

- Arif bəy, bu günlərdə haqq dünyasına qovuşan fəlsəfə üzrə tədqiqatçı Yavər Hüseynbəyli şəxsiyyəti haqqında nə deyə bilərsiniz?

- Əvvəla, çox əfsus ki, bu əvəzsiz insan barəsəində keçmiş zamanda danışmalı oluruq. Yavər Hüseynbəyli mənim aləmimdə bir mədəniyyət meyarı idi. İstər mədəniyyət tariximizin bilicisi kimi, istərsə onun daşıyıcı kimi. Böyük ziyalı bir nəsildən gəlməyi ilə yanaşı, eyni zamanda dərin savada və analitik ağıla malik insan idi. Şəxsiyyəti bəşəri dəyərlər formalaşdırır, kifayyət qədər millətçi və vətənpərvər olmasına baxmayaraq, geniş miqyaslı təfəkkürü onu ümumbəşəri dəyərlərin təbliğatçısına, mənəviyyat carçısına çevirmişdi.

Son bir ildə Yavər bəy sanki fiziki dünyadan kənarda mövcud idi. Günü Nəsimi, Füzulu yaradıcılığını oxumaq və onarı dərindən öyrənməklə keçirdi. Mənimlə qızğın ədəbi mübahisələri olurdu. Bəzən saatlarla bir mövzunu incələyirdik, doymurdu, usanmırdı, nəsə axtarırdı. Texniki elmləri yüksək səviyyədə bilirdi. Bəlkə elə bu səbəbdən ədəbiyyata fərqli baxmağa cəhd edirdi. Yanaşmaları daha zərif, daha ölçülü idi. Elə bil illərlə içində sıxıb saxladığı, üzə çıxmasına mane olduğu bir istedadı vulkan kimi püskürməyə başlamışdı.

Demək olar ki, hər gün bir qəzəli uzun-uzadı şərh edir, təhlil edir, fikir soruşur, sonra isə həmin şeiri hissiyyatında qəbul etdiyi kimi musiqi üzərinə köçürürdü. Heyrətamiz səsi, özünəməxsus yorumu vardı. Hər səsyazmadan sonra mənə dinlədirdi və gözünü qırpmadan üzümə baxaraq sanki gizlətmək istədiklərimi də oxumaq istəyirdi. Seçdiyi şeirlər də, adətən, qəmgin olardı. Optimist kimi tanıdığımız, heç vaxt hissə qapılmadan soyuqqanlı və ümidli proqnozlar verən Yavər bəy şeirlərdə dünyadan doymuş, bezmiş çirkinliklərə, ədalətsizliklərə qarşı hayqıran bir Nəsimiyə çevrilirdi. Məncə, Yavər bəy müasir dövrün Nəsimisi idi.

- Onun muğama belə bağlı olması ilə nə ilə əlaqədar idi?

- İçinə qapalı bir insan idi, amma zahirən belə idi. Əslində, o, demək istədiklərini şeirlərlə, muğamlarla deyirdi. Muğam onun üçün özünü realizə idi. Üsyankar ruhunu muğam sakitləşdirirdi. Bir xanəndə muğamın qəzəlini səhv desəydi, ya qəzəli yarımçıq desəydi, özünəməxsus təbəssümü ilə etirazını bildirərdi, köks oturub baş yellədərdi. Muğamda min il əvvəl dünyadan getmişlərlə sanki əlaqə yaradırdı, musiq onunçün zamanlar arası rabitə idi. Sazı çox sevirdi, təbii ki, saz havalarını da. Musiqi Yavər bəyin dərdböləni idi. Fikri var idi ki, bir muğam və poeziya klubu yaratsın. Layihəni beynində formalaşdırmışdı, ən böyük arzusu onu gerçələşdirmək idi.

Təəssüf ki, bu mümkün olmadı, təkcə onunçün deyil, hələ də qəzəlləri və dolayı yolla muğamları şikəst edən xanəndələri, başqa cür desək, Azərbaycanın musiqi mədəniyyəti üçün vacib idi.

- Vəfatından bir neçə gün öncə Güney Azərbaycan Televiziyasında "Milli şüurun inkişafında incəsənətin rolu" mövzusunda maraqlı çıxış etmişdi. 2 saata yaxın çəkən verilişdə olduqca maraqlı yanaşmalar ortaya qoymuşdu. Sizcə, belə hərtərəfli dünyagörüşə malik insan nə üçün özünü ictimaiyyətləşdirmədi?

- O verilişə mən də baxdım, qürur duydum. Ortaya qoyduğu və həlli yollarını söylədiyi problemlər bu gün və gələcək üçün çox aktualdır. Verilişdən sonra zəngləşdik, təbrik etdim onu. Biz bir-birimizə "dostum" deyə müraciət edərdik. Mən də ona "əla idi, dostum" dedim. İki gün sonra dəhsətli xəbər...

Məncə, insan kamillik yoluna qədəm basmadan ictimai aləmə daxil ola bilməz. Yavər bəy böyük bir ömür yolu keçərək, təcrübə yığaraq, qazandıqlarını cəmiyyətə ötürmə metodlarını öyrənərək ictimailəşmək istəyirdi. Əslində o buna çoxdan hazır idi, amma həm məsuliyyətli, həm də təvazökarlığı bu prosesi geçikdirmişdi. Bir də Yavər bəy kimi böyük mədəniyyət və incə əxlaqı olanlar heç vaxt özünü gözə soxmaz, reklam etməz, güclə ictimailəşməz. Çox təəssüflər ki, Yavər bəy böyük potensialını ortaya qoyduğu vaxt əcələ rast gəldi. Bu onu tanıyanlar üçün doğmasını itirmik qədər böyük itki oldu. Təsəllimiz budur ki, biz əsl insanı tanımışıq, onunla dostluq etmişik, onun təcrübəsindən faydalanmışıq. Ruhun şad olsun, dostum!

Elnur Eltürk

P.S: Bundan sonra Yavər bəyin özü tərəfindən "youtube" yüklədiyi yüzlərlə səsləndirdiyi qəzəl və şeirlərinə qulaq asdıqca onu xatırlayacağıq!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR