“Yazıçılar Birliyinin rəhbərliyi məsuliyyət daşıyır...“ - Foto
Bizi izləyin

Yazarlar

“Yazıçılar Birliyinin rəhbərliyi məsuliyyət daşıyır...“ - Foto

“Ədəbiyyat qəzeti”nin faciəsi odur ki...“ - FOTO - BRİFİNQ

“Deyəcəklər ki, bu nə vicdansız adamdır”

"Gündəlik teleqraf" qəzetinin “Brifinq” layihəsinin bu dəfəki qonağı tanınmış yazıçı-publisist Elçin Hüseynbəyli olub. Elçin müəllimlə yeni baş redaktor təyin olunduğu “Ədəbiyyat qəzeti”nin indiki və gələcək durumundan tutmuş, vaxtilə təmsil olunduğu “EQO” ədəbiyyat qurumuna kimi bir çox mövzulara toxunulub. Publik.Az həmin müsahibəni təqdim edir.

“Ora biz düşündüyümüzdən də bərbad gündədir”

- “Ədəbiyyat qəzeti”nə gedəcəyinizi gözləyirdinizmi?

-Gözlənilməz bircə ölüm ola bilər. Hər şey gözləniləndir. “Ədəbiyyat qəzeti”nə baş redaktor getməyim, AYB-də hansısa başqa bir postu tutmağım, yaxud ümumiyyətlə, öz işimdən getməyim kifayət qədər gözlənilən ola bilər. Çünki özümün də Yazıçılar Birliyindən kənar layihələrim var. Sadəcə olaraq, oranı ocaq kimi qəbul edirəm, uzun illərdir orda işləyirəm və bir növ öyrəşmişəm, doğma bir yer hesab edirəm.

“Ədəbiyyat qəzeti” yaxşı gündə deyildi və məsləhət oldu ki, gedib oranı düzəldək. Ancaq getdim gördüm ki, ora biz düşündüyümüzdən də bərbad gündədir. Qəzeti bir adam çıxara bilməz, Elçin Hüseynbəyli olmur, kim olur - olsun. Ciddi kadr islahatları olmasa, düşünən beyinlər, çevik ideyalar verən insanlar olmasa, atmosfer dəyişməsə qeyri-mümkündür. Təsəvvür edin, “Ədəbiyyat qəzeti”nin vur-tut 2 kompüteri var. Biri yığıcıdadır, biri dizaynerdə. İşçilərin böyük əksəriyyəti kompüterdə işləyə bilmir. Qaranlıq mühitdir, redaksiya tamamilə dağılıb, texniki avadanlıq yoxdur.

- Elçin müəllim, bütün bunların günahkarı kimdir?

- Orada texniki təchizat sıfır səviyyədədir. Şübhəsiz, köhnə rəhbərlik günahkardır, amma düşünürəm ki, vəziyyətin bu yerə çatmasında həm də AYB rəhbərliyi məsuliyyət daşıyır. Çünki ora gedib baxmalı, yaxından tanış olub problemlərin səbəblərini araşdırmalı idilər. Amma indiyə kimi bunların heç biri olmayıb. İndi mən məcburam hər şeyi sıfırdan başlayım. Bunun üçün də yaradıcı potensialı güclü olan və dinamik kadrlara ehtiyacım var.

- Sizə şərait yaradılacaq?

- İmkan və şərait yaradılarsa, bizə ayrılan maliyyə çərçivəsində müəyyən işlər görmək olar. Amma "dəymə mənə, dəyməyim sənə" prinsipi olarsa, “Ədəbiyyat qəzeti”ndə ciddi heç nə ola bilməz.

- Ötən gün baş redaktor təyin olunandan sonra ilk nömrəni çıxardınız. Ürəyinizcə oldu?

- Bu nömrə Ayaz Vəfalı üslubunda çıxdı. Mən baş redaktor gəlmişəm, bilmirəm ki, təşkilati məsələ, yoxsa mühasibat işləri ilə məşğul olum. Mənim yerimdə başqası olsaydı, ona qibtə etməzdim. Əksinə, deyərdim ki, yazıq qardaş vəziyyətin çox çətindir. “Ulduz” jurnalında vəziyyət başqa cür idi. Orda hər şey qaydasında və rahatdır. Mən çıxdım, Qulu Ağsəs gəldi, rahat kabinetdə oturdu. Qarşısında kompüteri, əlinin altında telefonu, internet şəbəkəsi, kombi sistemi, kondisioneri, avadanlığı var. Ancaq mən “Ədəbiyyat qəzeti”ndə bərbad bir vəziyyətlə qarşılaşdım.

- Heyəti tamam dəyişmək istəyirsiniz?

- Demirəm ki, tamam dəyişim. Daxili potensialdan istifadə etmək olar. Oradakı heyət mənim həmkarlarım və hazırda işçilərimdir. Onların da günahı deyil ki, işi yadırğayıblar. Onlara düşünmək, ideya irəli sürmək, təkliflər vermək üçün şərait yaradılmayıb. Belə başa düşürəm ki, kollektiv qəzetçi təfəkkürü ilə düşünmək intuisiyası və bacarığını da itirib. Çalışıram, bunu hansısa formada bərpa edim. Nəzərə almaq lazımdır ki, bu, jurnal deyil. Jurnal rahat işdir, materiallar gəlir, sən seçirsən və konkret qrafiklə çıxmır. Qəzet isə həftəlik də olsa, konkret qrafiklə çıxan bir orqandır. Onun üçün maraqlı materiallar olmalıdır. Bu vəziyyətdə ona alternativ təkliflər irəli sürməlisən. Alternativ təklifi baş redaktor nə qədər irəli sürməlidir? İşçilər nəyə görədir? Onlar da təklif verməlidir. Bir baş redaktorun başı müxtəlif istiqamətlərdə çox işləyə bilməz.

İşçilərin insani keyfiyyətlərinə gəlincə, hamısı ilə mənim münasibətim var, çoxu qələm yoldaşlarım, dostlarımdır. Sadəcə, orda yaradılan mühit belə acınacaqlı mənzərə yaradıb.

- Bu həftə çıxan qəzet Ayaz Vəfalı stilində çıxdı. Bəs Elçin Hüseynbəylinin qəzetini neçə aydan sonra görə biləcəyik?

- Düşünmürəm ki, bu tezliklə o qəzeti görə biləcəksiniz. Məsələnin bir tərəfi kadr məsələsidir. Vaxtilə Ulu Öndərimiz Heydər Əliyev deyirdi ki, hər şeyi kadrlar həll edir. İkincisi redaksiyanın texniki təchizatıdır, üçüncüsü dizayn məsələsidir. Düşünürəm ki, A3 formatına keçək. Məzmunda dəyişiklik də lazımdır. Geniş, ağır elmi-publisistik materiallardan imtina edilməsi və daha çox çevik və oxunaqlı materiallara müraciət etmək vacibdir.

“Ədəbiyyat qəzeti”nin faciəsi odur ki, müəllifləri itirib. Əli qələm tutan müəlliflərin böyük əksəriyyəti bu qəzetdən imtina edib. Onların çoxu deyir, Elçin Hüseynbəyli gələn kimi vəziyyət dəyişəcək. Axı mən təkəm və uçuq binanı təkbaşına qaldıra bilmərəm.

- AYB rəhbərliyinə təkliflər paketi təqdim edəcəksiniz?

- Şübhəsiz ki, katibliyə müraciət edəcəyəm. Mən eyni şeyləri həll etmək üçün həm nəşriyyata, həm də AYB-yə qaçıram. Demək olar, redaksiyanı telefonla idarə edirəm. Neçə gündür mühasiblə smetanı tutmaq istəyirik, heç cür heç nəyi həll edə bilmirik. Bu redaksiyanın bineyi-qədimdən xidməti maşını olub, harada olduğu bilinmir.

“Kiməsə böhtan ata bilmərəm”

- Deməli, yeyinti var...

- “Yeyinti var” deyib, kiməsə böhtan ata bilmərəm. Deyə bilmərəm nədir. Baxırıq ki, filan şey haradadır, sənədləri varmı? Keçmiş baş redaktorla da görüşməmişik, çünki onu tapa bilmirəm. Ola bilsin ki, yaxın günlərdə onunla görüşüb söhbətləşdim. Mən əvvəl yüksək qonorar müəyyən etmişdim. Çünki deyirdilər ki, qəzetin büdcəsi çox böyükdür. Ancaq indi aydın olur ki, bu mümkün deyil.

- Sirr deyilsə, “Ədəbiyyat qəzeti”nin büdcəsi nə qədərdir?

- 200 min manat. İndiki redaksiya heyəti baxımından bu rəqəm həftəlik çıxan ədəbiyyat qəzeti üçün elə də böyük deyil. Nəzərə alsaq ki, bizim texniki təchizatımız, təmirimiz, redaksiya maşınımız yoxdur, ayrılan puldan nə mükafat, nə qonorar verə bilərik, nə maaşları artıra bilərik, nə də texniki təchizat ala bilərik. Heç nəyimiz yoxdur. “Ədəbiyyat qəzeti”ndə ciddi ixtisarlar və kadr islahatları aparılmalıdır. Məsələn mən, sürücüdən, katibədən imtina etmişəm. Vəziyyəti düzəldənədək müvəqqəti olaraq özüm üçün qonorar da istəmirəm. Amma yenə də heç nəyi həll etmək mümkün deyil.

- Yaxınlarda tanınmış qəzetçilər arasında sorğu keçirmişdik, onlar deyirdilər ki, ildə 200 min manatla çox yaxşı qəzet çıxarmaq olar...

- O baxır, sən işçilərə nə qədər maaş verəcəksən, neçə işçi saxlayacaqsan. Gəlin hesablayaq, baş redaktor, müavin, nəsr, poeziya, ədəbiyyatşünaslıq, tənqid, dramaturgiya şöbələri olmalıdır. Bundan başqa, fotoqraf, korrektor, dizayner, yığıcı, məsul katib olmalıdır, xadimə, nəqliyyat xidməti, yayım işləri üzrə menecer lazımdır. Deyək ki, katibədən, sürücüdən imtina etdik. Yenə pul çatmır. Çap xərclərimiz, arenda, internet, rabitə var hələ. Ayda neçə min manat da bunlara lazımdır. Bəs işçilər arasında bunu necə böləcəksən? İstənilən saytın aylıq xərci bizimkindən qat-qat çoxdur. Sizin qəzetiniz gündəlik çıxır, 200 min manatla bizim qəzet gündəlik çıxsa, görün xərclər nə qədər olar.

- O məbləğlə gündəlik yox, həftəlik qəzet çıxarmaq olar?

- İxtisar etsən və yeni kadrlar cəlb etsən, olar.

- Planınızda kimlər var?

- Fərid Hüseyni cəlb etmişəm. Hələ ki, bizlə əməkdaşlıq edir.

- Qəzetin təsisçisi Yazıçılar Birliyidir...

- Və qəzetin kollektivi.

“Bunu yuxarılar da gözləyir, aşağılar da”

- Bu məsələdə əsas maneəni nə hesab edirsiniz? Çünki yaxşı bir qəzet buraxacağınızla bağlı tərəddüdləriniz hiss olunur...

- Maneə həm də məsələnin maliyyə tərəfidir. Bizdə yığıcı qadın var, yaşlıdır, bütün ömrü boyu orada işləyib. Dediyinə görə, ev-eşiyi də yoxdur, vəziyyəti pisdir. Mən onu işdən çıxara bilmirəm, mənəvi baxımdan ürəyim gəlmir. Başqa işçilərimiz var ki, orada 20 ildir işləyir, onu da çıxara bilmirəm, çünki haradasa işləməlidir. Məsələnin o biri tərəfi də var ki, hamı bu qəzetdən nə isə gözləyir. Bunu yuxarılar da, aşağılar da gözləyir. İndi ortada qalmışam, nə bata, nə çıxa bilirəm. Mən “Ədəbiyyat qəzeti” kimi qəzetlərdə müəyyən adamların potensialından istifadə edib onları saxlamaq şərti ilə bütöv dəyişikliyin tərəfindəyəm.

-İş işdir, vicdan vicdandır. Məncə, işi daha önə çəkməlisiniz...

- O aydın məsələdir. Ancaq qəzetdə bir yazı getsə ki, Elçin Hüseynbəyli gələn kimi yaşlı adamı işdən çıxardı, onda artıq məni qınayacaqlar, deyəcəklər ki, bu nə vicdansız adamdır.

Bu gün işçilər narazılıq edir, deyirlər ki, maaşımız artsın. Maaşların artması üçün ixtisarlar getməlidir.

-İxtisar aparmaq Sizin səlahiyyətlərinizə daxil deyil?

- Bu qəzetin təsisçisi həm də AYB-dir axı.

- Maneə faktorunda AYB-nin rolu var, ya yoxdur?

- Bilmirəm, bu, maneədir, ya nədir hər halda bu, kollegial bir şeydir. Kollektiv qərar qəbul olunmalıdır. Bu, təkcə məndən asılı deyil. Qızıl ortanı tapmaq lazımdır ki, burada həm sosial ədalət olsun, həm humanizm, həm də tələbkarlıq prinsipi. Bunun üçün də bir az mən, bir az AYB, bir az da kollektiv güzəştə getməlidir. Kollektiv məni anlayıb başa düşməlidir. Çünki qəzet satılmalı, onun abunəsi olmalıdır.

- Vaxtilə populyar olmuş “Ulduz” jurnalına uzun müddət rəhbərlik etmisiniz. Amma Sizin vaxtınızda bu jurnal ciddi irəliləyiş əldə etmədi. Eyni taleyi “Ədəbiyyat qəzeti” də yaşaya bilərmi?

- Doğrusu, “Ulduz”da da həmin vəziyyət idi. Sadəcə olaraq, bəxtim onda gətirmişdi ki, jurnal aylıq çıxırdı. Hərdən gənclərə meydan verirdim ki, dinamiklik artsın. “Ulduz”un da büdcəsi böyük olmayıb. İldə 65 min manat ayrılıb. Orda ən yuxarı maaş alan mən idim, mənim maaşım hər birinizin maaşından aşağı olub. Heç vaxt “Ulduz”un hesabına ailəmi dolandıra bilməzdim. Bəxtim onda gətirdi ki, uzun müddət ingilislərlə, türklərlə layihə işlədik. Kitablarım çıxdı və qonorar aldım.

“Ulduz”da yığıcı 105 manat əmək haqqı alırdı. Orda ixtisar edib 5 nəfər saxlasaydım, uzağı əmək haqqı 300 manat olacaqdı. Minimum yaşayış səviyyəsində bu məbləğ böyük pul deyil. Həmin işçidən də ancaq 300 manatlıq iş tələb edə bilərsiniz. İndi Qulu Ağsəs ixtisar elədi, işçilərin maaşı artacaq? 120 manat alan 140 manat alacaq, cəmi 20 manat artacaq.

-Siz redaksiyamıza ictimai nəqliyyatla gələndə təəccübləndim. “Ədəbiyyat qəzeti”nin keçmiş baş redaktoru Ayaz Vəfalı 5 otaqlı evi olsa da, əlavə ev istəyirdi.

- Aldı da.

- Bəli, aldı, amma sizin heç maşınınız da yoxdur...

- Həyatda heç vaxt naşükür adam olmamışam. Bəzən yaxınlaşıb soruşurlar ki, Elçin müəllim, niyə ictimai nəqliyyatdan istifadə edirsiniz? Deyirəm, bəs nədən istifadə edim? Bəli, mən də kreditlə maşın ala bilərəm, ancaq maşını saxlamaq da lazımdır axı. Heç vaxt ona böyük imkanım olmayıb. Mən əsas ailəmin yaxşı dolanmasına çalışmışam. Normal geyimləri olsun, sağlam olsunlar... Övladımın dişində ağrı olanda üstündə durub müalicə etdirirəm. Çalışmışam ki, yaxşı təhsilləri olsun. İndi, şükür Allaha, qızım Leyla beynəlxalq hüquq üzrə təhsil alıb, hazırda İstanbulda magistrda oxuyur, əlaçıdır. Orxan da ikinci kursdadır, maliyyə-kreditdə oxuyur, zərbəçidir. Hər ikisi yüksək balla qəbul olublar, ingilis dilini mükəmmələ yaxın bilirlər. Orxandan fərqli olaraq Leyla rus dilini də yaxşı bilir.(gülür). Maşının pulu övladlarımın yaxşı təhsil almasına yönəlib. Adam var “Cip” sürür, ancaq uşaqları savadsızdır. Mənim uşaqlarımın biliyinin və savadının Azərbaycan xalqının sərvəti olduğunu nəzərə alsaq, deməli, hər tərəfli şəkildə xalqıma xidmət etmişəm.

- Bir zamanlar siz “EQO” qrupunu yaratmışdınız. İndi də elə bir qurum yaradıb “Ədəbiyyat qəzeti”nin inkişafına nail olmaq olar?

- Təxminən o tip insanları qəzetə cəlb etmək olar. Qəzetin maraqlı çıxmasında iştirak edə bilərlər. Ancaq onun da bir çətinliyi var. Salam Sarvan demişdi ki, “EQO” fərdlərin cəmidir. İstedadlı adamları idarə etmək çox çətindir. Bəli, düşünürəm ki, yeni düşüncəli bir neçə adam və onları qeydə ala bilənlər olsa, qəzetdə böyük dəyişiklik etmək olar.

İndi qəzetlə oxucuları təəccübləndirmək çox çətindir. Çünki internet o qədər inkişaf edib ki, qəzetdə çıxan informasiyaların böyük əksəriyyəti köhnəlir. “Ədəbiyyat qəzeti”nin həftəlik çıxmasının bədbəxtçiliyi ondadır ki, verdiyimiz materialların çoxu köhnə olacaq. Çünki 1 günün içində 16 səhifə yeni material təqdim edə bilmərəm. Şeir, nəsr, özəl müsahibə vermək olar. Amma informasiyalar köhnə olacaq. Qəzetə gedəndən bir çox istiqamətdə düşünürəm. Tam səmimi deyirəm ki, düşünmək imkanlarım müəyyən saatdan sonra artıq tükənir. Axmaq bir şeydir, adamın əsəbləri pozulur.

-Pərviz Cəbrayıl dedi ki, “EQO”ya pula görə toplaşmışdıq, amma pula görə dağılmadı...

- Pula görə yox, ideyaya görə toplaşmışdıq. Pul məsələsini mən atdım ortaya. Dedim, yalnız bir mətbuat orqanında çap olunaq. P.Cəbrayıl “Avrasiya” qəzetinin üstündə dayanmışdı, biz gizli səsvermə keçirdik və “Yeni Müsavat”ı seçdik. O vaxt 40 “şirvan” çox böyük pul idi. Qurban mənim şahidimdir, alınan pullar hamının arasında bölünüb. Allah rəhmət eləsin, Rafiq Tağı bir dəfə gəldi ki, sən nə az qonorar verirsən. Xətkeşi çıxarıb yazısını ölçdü, dedi ki, mənə 10 şirvan düşməlidir. Dedim, ay Rafiq, sən düz deyirsən e, amma daha bunu xətkeşlə ölçmə də. (gülür).

- Bu barədə 1937.az saytı məndən açıqlama almışdı. Dedim, “EQO”da EQO-lar kəllə-kəlləyə gəldi və qurum dağıldı. Amma hesab edirəm ki, ədəbiyyatda müsbət rolu oldu bu təşkilatın.

- “EQO” durğunluq yaranmış Azərbaycan ədəbiyyatında dalğa yaratdı. Çox adam bizə üzv olmaq istəyirdi. Qəbul konsensus yolu ilə həyata keçirilirdi. Əvvəl 7 nəfər idik, sonra 9 olduq. Ən axırda 2 əlavə adam da qəbul etmək istəyirdik, onun biri deyəsən, Şerif idi. Təşkilat dağıldı deyə, qəbul edə bilmədik. “EQO”dakı adamların imzaları yenə də ədəbiyyatdadır. Bəziləri az görünür. Məsələn, Qurban axır vaxtlar, publisistikaya meyl edir, amma əvvəllər şeir, hekayə yazırdı. Hər halda onların hamısı ədəbiyyatda və mətbuatda var. Bu da onu göstərir ki, Elçin Hüseynbəylinin zövqü ədəbiyyat sahəsində kifayət qədər yüksəkdir. Çünki Qurbana da, Quluya da, Pərvizə də, Orxan Fikrətoğluna da, Rafiq Tağıya da zəng edib demişəm ki, belə bir şey yaradırıq.

Bir ara müəyyən adamlar ortaya iddia atmışdılar, deyirdilər, guya “EQO”-nun ideyası onlarındır. Mən də 1991-ci ilin mart ayında makinada yazılmış və üzərində redaktələr aparılmış “EQO” yaradıcılıq təşkilatının nizamnaməsini əldə etdim və indi arxivimdədir. Dedim, qurum 1998-ci ildə elan olunub axı. Bəs 1991-ci ildə yazılan nizamnaməni kim yazıb?

-Axı burda elə bir mübahisəli bir şey yox idi. Mən müsahibəmdə də demişəm ki, təşəbbüskar Elçin Hüseynbəyli idi.

- Guya kiminsə ideyası olduğunu və mənim bu ideyanı həmin adamdan mənimsədiyimi dedilər. Bu adam “EQO”çulardan biri idi. Onun adını çəkməyəcəyəm, özü yaxşı bilir.

- Mehriban Ələkbərzadənin quruluşçu rejissoru olduğu “Qatil” tamaşası ətrafında gedən müzakirələr barədə fikriniz nədir? Sizin də bir sıra əsərləriniz səhnəyə qoyulub...

- Bu barədə elə bir məlumatım yoxdur. Mehriban Ələkbərzadənin quruluşunda baxmamışam. Hansı teatrda baxdığımı xatırlamıram, səhv etmirəmsə, “Qatil”ə Rus Dram Teatrında baxmışdım. Tamaşa kifayət qədər normal idi. Pyes şəklində onu “Azərbaycan” jurnalında oxumuşam. Hər rejissorun öz yozumu var. Mən baxdığım quruluşda çılpaq səhnələr olmayıb.

“Mən açıq öpüş səhnəsinin əleyhinəyəm”

- Azərbaycanda incəsənət xadimləri səhnədə aktyorla aktrisanın öpüşməsinə problem yaradırlar.

- Mən açıq öpüş səhnəsinin əleyhinəyəm. Bəlkə də geridə qalmış hesab edəcəksiniz, məncə, intuitiv bilinən şeyi real şəkildə həyata keçirməyə ehtiyac yoxdur. Qucaqlaşmaq, müəyyən məhrəm münasibətləri göstərməkdə ayıb bir şey görmürəm.

- Bir yazıçının sənətə belə münasibət göstərməsi təəccüblüdür.

- Bir dəfə rus rejissorlarından biri səhnədə öz xanımı ilə aktyoru cinsi əlaqədə vermişdi. Ondan soruşanda ki, ayıb deyilmi, öz arvadınız açıq-saçıq səhnədə başqa kişi ilə o oyunlardan çıxdı? O, da dedi ki, o, obrazı oynayırdı. Bununla kimin başını aldatmaq olar ki?

-R.Danyeri: Bəs öz əsərlərinizdə bu mövzuya müraciət edirsiniz?

- Mənim əsərlərimdə qucaqlaşmaq da, intim və erotik səhnələr də var. Ancaq onlar çox incə ifadə olunub və quruluşda da bu cürdür. Mən belə düşünürəm və belə görmək istəyirəm.

“Bir müddət ədəbi quruculuqla məşğul olmalıyam”

- Yalnız ədəbiyyatla kifayətlənirsiniz, yoxsa siyasi məsələlərə marağınız?

- Bəlkə, cavanlar bilmir, təvazökarlıqdan kənar da olsa da, deyim ki, Azərbaycanda ilk informasiya modelini yaradan adamlardan biri mənəm. “Azadlıq” radiosunun müxbiri olmuşam, 3 il ərzində bəlkə də, 3 mindən çox reportaj hazırlamışam. İlk köşə yazarlarından biri mən olmuşam. Orijinal yazmaq və fərqli bir yol seçmək baxımından da bioqrafiyama baxsanız, “Avropa”, “Rezonans”, “Yeni Müsavat” qəzetlərində cəhdlərim olub. Sosial, iqtisadi, siyasi, mənəvi, əxlaqi, ədəbi mövzularda publisistik məqalələrim olub, polemikalara qoşulmuşam. Ona görə də, Elçin Hüseynbəylini yalnız ədəbiyyatla qavramaq doğru olmazdı. Sadəcə olaraq, müəyyən müddətdən sonra sırf ədəbiyyatla məşğul olmağa başladım. Belə görürəm ki, bir müddət də ədəbi quruculuqla məşğul olmalıyam.

- Aktiv siyasətdə olanların çoxu niyəsə ədəbiyyata üz tutur. Bunun səbəbi nədir?

- Görünür, ədəbiyyat ən təhlükəsiz yerdir. Deyirlər, başımızı aşağı salıb öz işimizlə məşğul olarıq. İnsanın elə dövrü gəlib çatır ki, o, rahat həyata meyl etmək istəyir. Bilirsiniz, ümumiyyətlə, mənə elə gəlir ki, yazıçı nə müxalifətdə, nə də iqtidarda olmalıdır. Yazıçı düz sözün yanında olmalıdır. Əgər düz sözü deyə bilmirsə, ən azı yalandan özünü qorumalıdır.

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm