“Brexit” şousu və yaşasın Tetçer
Bizi izləyin

Yazarlar

“Brexit” şousu və yaşasın Tetçer

Yüz il öncə Avropanın siyasi xəritəsi müharibənin ən qızğın vaxtında cızılırdı. Britaniya müharibədən çox şey qazanacaqdı və qazandı da. Belə bir deyim var - çayda iki balığın dalaşdığını görsəniz, bilin ki, burdan britaniyalı keçib. Britaniya bu gün də Avropanın yeni xəritəsini cızmağa hazırlaşır.

Əslində, “Brexit”, yəni Avropa Birliyindən çıxmaq üçün referendum heç bir siyasi yük daşımır. İngilislər həmişə siyasəti ancaq öz maddi maraqları üçün istifadə ediblər. Tetçerin dövründəki çiçəklənmədən sonra Britaniya iqtisadiyyatı süstlük yaşayırdı. Son illərin “Avropa çaxnaşmaları” iqtisadiyyatı zəiflətməyə başladı. Tədricən nəzarət itirdi. Təbii ki, ərəb ölkələrində müharibələr və Britaniyanın bu prosesdə süst mövqeyi fayda verə bilməzdi. Britaniyanın iqtisadiyyatını xilas etmək üçün “birja oyunları” lazım idi. Şübhələr içərisində üzən avro və dişini qıcıyan dolların qarşısında funtun çəkisini saxlamaq onsuz da asan olmayacaqdı. Və “Brexit” istəyi gerçəkləşdirdi. Birjalar oynadı, funt ucuzlaşdı. Zahirən Britaniya iqtisadiyyatının zəifləməsi görünür. Amma əslində proses belə deyil. Britaniya tam yeni iqtisadi dönəmə qədəm qoyur. Bu dönəmin reallaşması üçün “Brexitin” fəsadları əla zəmin olmalı idi və olur da. Britaniya hər şeyi qaydasında etdi. Referendum, gözlənilən nəticə, baş nazirin vəzifədən getmək bəyanatı, Şotlandiya və Şimalı İrlandiyanın ayrılmaq söhbətləri və mühafizəkarların yeni liderləri. Hər iki namizədin qadın olması yeni “dəmir ledi” erasının başlanğıcının anonsudur. Avropada Merkelin simasında bir “dəmir ledi” var. ABŞ-da da prezidentliyə namizədlərdən biri (və qələbəyə real namizəd) qadındır. Britaniya da meydana qadını çıxarır. Demək, dünyadakı gələcək siyasi vəziyyəti hələ 100 il əvvəl rolu mətbəxlə məhdudlaşan qadınlar müəyyənləşdirəcək! Sözün əsl mənasında güclü dövlətlərdə “qadın davası” başlayacaq. Bəlkə, Ərdoğan da “qadın davasına” baş qoşmamaq üçün Rusiya və İsraillə rahatca barışdı. Nə bilmək olar...

Avropa liderləri son hadisələrə çox susqun yanaşdılar. Onlar ya nə baş verdiyindən tam xəbərdardırlar, ya da oyunun bitəcəyini gözləyirlər. Oyunun sonu isə yaxınlaşıb. Artıq Avropa siyasi və iqtisadi cəhətdən bütöv deyil. Daha kimisə dolandırmaq üçün kiminsə boğazından kəsmək də mümkün deyil. Amma heç kimin “Avropanın daha nə birliyi, nə də ittifaqı var” kimi real, amma biabırçı etirafı etməyə cəsarəti çatmır. Hamı prosesin “məxməri” formada inkişafını gözləyir. Amma bu məxmər də, o məxmərlərdən deyil. Və Böyük Britaniyada yenidən “dəmir ledi” hakimiyyəti bərpa olunarsa, bundan ən çox zərəri Rusiya və Çin çəkəcək. Çünki, “dəmir ledi” birinci növbədə Britaniyanın ciblərini dolduracaq və bu da Yaxın Şərqdə yeni oyunlara rəvac verəcək. Üstəlik, London Şərqi Avropanı da qurdalayacaq. Sözsüz ki, Amerikanın razılığı ilə. Rusiya öz başını qorumaq üçün müvəqqəti olaraq Yaxın Şərq maraqlarını qurban verməli olacaq. Gizlin şəkildə olsa da, Çinin də bir neçə mühüm rıçaqı Britaniyanın əlindədir. Dünyada yeni oyun başlayacaq.

Özünə təskinlik vermək istəyənlər Britaniyanin SSRİ-nin taleyini yaşayacağını deyirlər. Əslində böyük imperiya tarixi boyunca parçalanma yaşayıb və bu mərhələdən də öz xeyrinə istifadə etməklə keçəcək.

Britaniyanın atacağı addımlar Azərbaycana da təsirsiz ötüşməyəcək. İlk növbədə ölkəmizin karbohidrogen ehtiyatlarına sərmayə qoyan Britaniya iyirmi ildən artıq davam edən münasibətləri daha da dərinləşdirməyə çalışacaq. Sözsüz ki, belə şəraitdə ölkəmiz yeni layihələri daha asanlıqla həyata keçirə biləcək. Britaniyanın dəyişən iqtisadi maraqlarında Azərbaycan olduqca fərqli və önəmli yer tuta bilər. Avropa evindən qopan Britaniya Şərqi Avropada və Asiyada yeni maraq müstəviləri yaradacaq. Biz regionda ciddi manevrlər etmək imkanı qazana bilərik!

Məni sevindirənsə odur ki, yenidən qadınların dövrü başlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm