“Qarabağ” üçün YOLAYRICI
Bizi izləyin

Yazarlar

“Qarabağ” üçün YOLAYRICI

Bu gün futbol azarkeşləri üçün xüsusi gündür. Bu gün “Qarabağ” üçün həqiqət anıdır. Əlbəttə, deyə bilərsiz ki, Avropa Liqasının pley-off matçıdır. Məğlubiyyətlə həyat bitmir. Bəli, elədir. Amma və lakin...

Məlum olduğu kimi, bu il iki klubumuz – “Qəbələ” və “Qarabağ” avrokubok mövsümündə qrup mərhələsinin bir addımlığındadır. Hər iki klubumuz seçmə mərhələdə uzun yol qət edib və yolayrıcına gəlib çatıb. “Qəbələ”nin hətta bir ayağının qrupda olduğunu ehtiyatla qeyd edə bilərik. Qeyri-adi bir şey baş verməsə, Roman Qriqorçuk və yetirmələri payız fəslində yenidən bizə unudulmaz həyəcanlı anlar yaşadacaq. Niyə unudulmaz? Çünki qrup mərhələsinin oyunlarında ab-hava, atmosfer tam fəqli olur. Əvvəllər biz yalnız sözdə bunu müzakirə edərdik. Ancaq son 3 ildə bunun əyani şahidi olmuşuq. Odur ki, ilk oyunda işin yarıdan çoxunu həll edən “Qəbələ” ilə işim yoxdur. Onların “Maribor” səddini rahatca keçəcəyinə əminəm.

Məni narahat edən “Qarabağ”dır. Əsla inamsızlığa qapıldığımı düşünməyin. Əksinə, son vaxtlar Ağdam klubunu tənqid edənlərə qarşı çıxanlardan biri olmuşam. Digər klublarmız inciməsin, ancaq mənə futbolu yenidən sevdirən, azarkeşlərin stadionlara axışmasına səbəb olan, Avropanın adlı-sanlı klublarından qorxmamağı öyrədən məhz “Qarabağ” olub. Bir az keçmişə qayıdın. Klublarımızın ötən əsrin sonlarında Avropadakı aciz durumunu xatırlayın. Hər dəfə meydana çıxanda “bircə 4-5 top buraxmasınlar, heç olmasa bir qol vursunlar, uzağı heç-heçə edərlər” tipli fikirlərlə 90 dəqiqə özümüzü yeyib-bitirirdik. Nə tez yadınızdan çıxdı? Keçmişi unutmaq olmaz. Keçmiş bir tarixdir. Bizi bu zülmdən məhz “Qarabağ” qurtarmadımı? Şəxsi fikrimdir: son 2-3 ildə “Qarabağ”ın oyununu o qədər rahat izləyirəm ki, məğlubiyyəti ağlımın ucundan belə keçirtmirəm. Bilirsiz niyə? Çünki bu komandanın öz oyun dəsti-xətti var. “Barselona” olmasa da, “Barselona” kimi oynayır. İfaçılar fərqli olsalar da, belə oyun həm rahatlıq, həm də nəticə verir. Mən deyərdim ki, “Qarabağ” bu taktiki oyun üslubuyla Avropada fırtına kimi əsdi. Bir az şişirdilmiş səslənə bilər. Ancaq, 0:9-ların, 0:6-ların, 0:3-lərin fonunda buna yalnız belə ad vermək olar.

Həmin “Qarabağ” fırtınasının başlamasından 6 il ötür. Təsəvvür edirsiz, 6 ildir biz avrokuboklarda qapazaltı uşaq statusunu itirmişik. Biz indi skandinaviyalılara aşağıdan yuxarı baxmırıq, biz indi Azərbaycan klublarınn qorxulu kabusu sayılan Polşa, Rumıniya klublarından qorxmuruq, biz artıq “böyük beşlik” ölkələrinin təmsilçiləriylə oyunlarda “aşağısı 3-4 top buraxacağıq” demirik. Çünki “Qarabağ” bu düşüncələri bizim beynimizdən silib atdı. “Qarabağ” Avropada avropalılarla necə oynamaq lazım olduğunu göstərdi.

İndi həqiqət anıdır. 6 illik yüksəliş erasında “Qarabağ”a qarşı ilk dəfə inamsızlıq müşahidə edirəm. Başa düşürəm, komanda daxilində müəyyən problemlər, futbolçu çatışmazlığı ola bilər, lazımi transferlər həyata keçirilməyə bilər. Ancaq komanda daxilində olan problemlər Qurban Qurbanova aiddir. Belə problemlərdən necə çıxmaq lazım olduğunu Qurban müəllimdən yaxşı heç kim bilə bilməz. Kənardan dayanıb müxtəlif fikirlər səsləndirmək asandır. Amma və lakin...

Mənə görə bu gün “Göteborq”la oyun bir eranın ya başlanğıcı, ya da sonu ola bilər. “Qarabağ”ın indi əvvəlkindən də çox dəstəyə ehtiyacı var. Təkcə “Qarabağ”ın yox, elə Qurban Qurbanovun da...

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm