• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Saxlamadılar qatarı, bir dəlidən ötəri” - Nüsrət Kəsəmənlinin şeiri

  • Yazarlar
  • 21 Aprel 2014 15:14
  • 1 091 Baxış
“Saxlamadılar qatarı, bir dəlidən ötəri” - Nüsrət Kəsəmənlinin şeiri

Publika.az mərhum şair Nüsrət Kəsəmənlinin “Dəli Zəhra” şeirini təqdim edir.

Uçub gözəlliyi də

Getmişdi ağlı kimi,

Yaşayırdı kəndimizdə

O illərdən ağrı kimi.

Onun durğun yaddaşında

Hələ dava illəriydi,

Bu gün-sabah cəbhələrdən

Nişanlısı gəlməliydi.

Gözləyirdi

İnamıyla,

Ürəyinin vurğusuyla,

Uduzmuşdu tale ilə

Oyunda o,

Əllərini gəzdirirdi

Qoynunda o,

Nişanlısı tanımaz,- deyib

Dəyişməzdi donunu da.

Gözləyirdi bu ümidin

Sonunu da.

Yamanmaqdan üstü-başı

Qalın idi,

Gözlədiyi o yol kimi

Ayaqları yalın idi...

***

Yollar gözündən keçirdi,

İllər üzündən keçirdi,

Ümid izindən keçirdi,

Qocalırdı Dəli Zəhra.

Oyaq idi gecələri,

Evi- kəndin küçələri,

Mürgülüydü hər səhəri,

Sozalırdı Dəli Zəhra.

Tale gəlmişdi tərsinə,

Eşqi durmuşdu qəsdinə,

Hər qış ölümün üstünə

Qıcanırdı Dəli Zəhra...

***

Yaşmağı tanıyırdı

Qalın dodaqlarını

Çınqıllar tanıyırdı

Yalın ayaqlarını

Ətəyi tanıyırdı

Dəcəllərin əlini,

Kəndin bir dənəsiydi

O dava illərinin

Bu qarımış gəlini...

***

Kəndin öz “ağısı”,

Daqqası var idi.

Çapayı, Zahidi, Aqqası var idi.

Biri dinc qoymurdu əlini,

Biri göstərirdi dilini,

Hərəsi bir cür

Hirsləndirirdi dəlini.

***

Xoşu gəlirdi uşaqların

Zəhranın səsindən.

Hamını nişanlısıyla hədələməsindən,

Söyüşü yağış kimi ələməsindən,

Bir çubuq qırıb çinar qələməsindən

Onların dalınca düşməyi.

Hərdən dayananda uşaqlar

Zəhranın da dayanıb

Qorxub üşənməyi...

Beləcə başlayırdı səhər,

Beləcə düşürdü axşam...

Yorulanda dəli,

Yanlarına düşürdü əlləri,

Hərdən hirslənib ataları

Çapayı, Zahidi, Aqqanı döyürdülər.

Yorulub

“Allah baisin evin yıxsın”

Deyirdilər.

Boğurdu qocaları qəhər,

Beləcə düşürdü axşam,

Beləcə başlayırdı səhər...

***

Bir gün əsgər aparırlar

Çapayı, Zahidi, Aqqanı,

Vağzalda hamı sevinirdi

Qaralmışdı Zəhranın qanı.

Beləcə aparmışdılar nişanlısını da,

Gözüyolda qoymuşdular

Neçə gəlini, qızı da...

Ağladı için-için

Yüyürdü qatarın arxasınca;

-Düşün!....Düşün!...

Dişləri kəsirdi dodaqlarını,

Çınqıllar kəsirdi ayaqlarını

Elə bil ağlayırdı

Torpağa möhürlənən

Qanlı izləri də...

Dolmuşdu gözləri

Çapayın, Zahidin, Aqqanın da.

Dolmuşdu gözləri

Qarasaqqalın, ağsaqqalın da...

Saxlamadılar qatarı

Bir dəlidən ötəri.

Yüyürürdü dəli,

Qatarı, relsləri, dünyanı

Söyürdü dəli.

Üzünü cırıb,

Dizinə döyürdü dəli.

Saxlamadılar qatarı

Bir dəlidən ötəri.

***

Peşman-peşman qayıdıb,

Bir dirəyin dibində

Bir az ot atdı Zəhra,

O gündən vağzalda yatdı Zəhra...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR