Mən niyə Nadir Qafarzadə ilə bir verilişə çıxmalıyam?
Bizi izləyin

Yazarlar

Mən niyə Nadir Qafarzadə ilə bir verilişə çıxmalıyam?

Mən niyə Nadir Qafarzadə ilə bir verilişə çıxmalıyam?

- Seymur, səhv eləmirəmsə, yaxınlarda ad günün olacaq.

- Hə… Aprelin 25-də 38 yaşım tamam olur.

- Təbrik edirəm.

- Çox sağ ol.

- Maraqlıdır, bu yaşda özünü necə tanıyırsan?

- Özümü çox yaxşı tanıyıram, nə qədər cəsarətli, nə qədər qorxaq, nə qədər istedadlı, nə qədər istedadsız olduğumu çox yaxşı bilirəm. Məncə, bir insanı özündən yaxşı heç kim tanıya bilməz, təbii ki, əgər o insan normal insandırsa, özü haqqında düşünə bilirsə, özü-özünə hesabat verirsə.

- Neçə romanın var?

- Dörd roman, bir povest yazmışam.

- Dörd roman, bir povest yazmısan, amma səni yazıçı kimi yox, daha çox publisist kimi tanıyırlar.

- Bu məni bir qram da narahat etmir.

- Nəsrə daha çox can yandıran və özünü nəsrdə realizə etməyə çalışan adam məncə, buna görə narahat olmalıdır, axı.

- Bilirsən, Kəramət, durub desələr ki, Seymur nə yazıçıdır, nə də publisistdir, təbii ki, ağın çıxarmış olacaqlar. Bu o qədər açıq qərəz olacaq ki, onlar özləri biabır olacaqlar. Ona görə də məni yazıçı kimi görməyənlər publisist kimi görməyə məcburdular. Hətta məhkumdular.

- Niyə həmişə özünü elə təqdim eləməyə çalışırsan ki, guya səni başa düşən, anlayan yoxdur? Bəlkə, bu da orijinallıq xətrinədir?

- Düzdü, məni başa düşmürlər. Məsələn, 18.6 romanımı bu camaat necə başa düşsün? Azərbaycan xalqı bu əsərə layiq deyil. Amma bu adamları da qınamıram, bu əsər Azərbaycan ədəbiyyatı üçün, ən azı, 20 il əvvəl yazılmış romandır. Bəxtiyar Vahabzadənin şeirləri ilə böyümüş xalq “18.6” romanını necə anlasın? Bu xalq aşıqdır, hələ gəlib yazı mədəniyyətinə çıxmayıb. Bu xalq folklor səviyyəsində olan bir xalqdır. Birdən-birə gətirib onun qabağına belə bir roman qoyursan. Əlbəttə, başa düşməyəcəklər.

- Məncə, Azərbaycan yazılı ədəbiyyatı heç folklor səviyyəsinə gəlib çatmayıb. Lap istəyirsən, başını yerə qoy, ayaqlarını göyə qaldır, xeyri yoxdu, xalq bunları 1000 il bundan qabaq eləyib. Və axırda görəcəksən ki, elə sən də folklorun içində fırlanırsanmış. Bu xalq kəndirin üstündə də başı üstə dayanıb. Yəni sən yeni nə eləyə bilərsən ki, bu xalq təəccüblənsin? Sənin bəyənmədiyin folklor beyninə kodlaşdırılıb, əsərlərinə nə qədər ala-bəzək adlar qoysan da yenə folklorun içindəsən. Amma hiss edirəm ki, bundan heç özünün də xəbərin yoxdur. Mən səni bu qədər sadəlöhv bilməzdim.

- Razıyam. Amma ölkənin reallığı bizim də reallığımızdır. Bir neçə dəfə demişəm, yenə təkrar edirəm. Əgər Novruzəli məktubu poçt qutusuna ata bilsəydi, Mirzə Cəlil başqa mövzuda əsər yazardı və ədəbiyyatımız dünyada gedən proseslərə daha yaxın olardı. Hansı ölkədə və necə insanların arasında yaşadığımı yaxşı bilirəm. Bu mənada hər birimiz siyasi mövqeyindən, üslubundan, istedadının dərəcəsindən asılı olmayaraq, reallığın bir parçasıyıq.

- Yeri gəlmişəkən, «18.6 sm» nəyin ölçüsüdür?

- Özümün ölçümdü.

- Yəni, boyunun ölçüsü?

- Yox!

- Ağlının ölçüsü?

- Yox!

- Bəs nədir ?

- Heç nə, elə-belə, mənasız bir şey. «Kişi sözü» filmində soruşur ki, o nə kəmərdi belinə bağlamısan? Deyir, heç elə-belə, karate. Onun kimi bir şey.

- Qadınlar haqqında fikrindən sonra adamlar səndən bir söz soruşmaq istədilər: “Seymurun özün necə kişidir?”.

- Kişi kimi özümə qiymət vermək mənim üçün çox çətindir. Bircə onu deyə bilərəm ki, son vaxtlar çox deyingən və hövsələsiz olmuşam.

- Deyirsən, xalq məni başa düşmür. Bəs sən niyə başa düşmürsən ki, sənin bu çıxışların yazıçı çıxışları deyil. Məsələn, ədəbiyyata dəxli olmayan o qədər adamlar var ki, hər gün sənin dediklərini deyirlər.

- Hə, deyirlər.

- Bəs fərq nədir?

- Fərq yanaşmadadır. Yazının kimin qələmindən çıxması çox önəmli məsələdir. Yadıma gəlir, anam da bu sözü tez-tez deyirdi ki, başım çıxmır, sənin yazılarını niyə oxuyurlar.

- Sən bu xalq üçün nə etmisən?

- Bu gün Azərbaycanda Seymur Baycandan daha çox bu xalqa yaxşılıq edən ikinci bir adam var?

- Məsələn...

- Azərbaycan publisistika tarixində tək qələmi ilə hələ bu qədər adam dəyişdirən olmayıb. Mən bunu etmişəm.

- Niyə sənin haqqında belə fikir formalaşıb ki, xaraktercə qorxaq adamsan?

- Düz deyirlər, xaraktercə qorxaq adamam. Hesab eləmirəm ki, yazılarımda cəsarətliyəm. Sadəcə, ikiüzlülük etmək istəmirəm. Bu da məni cəsarətli göstərir. Yaltaqlığı Azərbaycanda epidemiyaya çeviriblər. Ona görə də bir balaca yaltaqlıq etməyən adamı cəsarətli kimi görürlər. Ümumiyyətlə, mən bütsevər insan deyiləm. Amma doğrudan da, çox qorxaq və çəkingən adamam. Atdığım addımlarımı ölçüb-biçirəm.

- Bəlkə, bilə-bilə özün haqda bu cür təəssürat yaratmısan. Çünki adətən, cəsarətli çıxışların arxasında xaraktercə qorxaq və zəif adam dayananda istər-istəməz qəhrəmana çevrilirsən.

- Bilirsən Kəramət, mənim gözümün qabağında o qədər adam öz mənliyini və şəxsiyyətini itirib ki, artıq onlardan dərs götürmüşəm ki, yekə-yekə danışmaq lazım deyil. Vaxtilə məni antimillilikdə, antitürkçülükdə ittiham edən adam indi gedib AZƏRSUN-a deyir ki, mən kürdəm, mənə iş verin. Halbuki o, mənə vətən xaini demişdi. Haqqımda yazılar yazırdı ki, bu vətən xainidir. Buna deyən yoxdur ki, ay alçaq, bəs niyə indi gedib deyirsən ki, mən kürdəm, mənə iş verin?

- Anlamadım, kürd olanda nə olur ki? O da Azərbaycan vətəndaşıdır, insandır və haqqı var.

- Əlbəttə, tamamilə doğrudur. Sadəcə, vaxtilə məni vətən xainliyində ittiham edən adamlar indi elə oyunlar çıxarırlar ki, onlara baxanda istər-istəməz daha da qorxaq olursan.

- Seymur, küçədə də qorxa-qorxa yeriyirsən?

- Əlbəttə, qorxmaq lazımdır. Biz çox qorxulu insanların əhatəsində yaşayırıq. Doğrudan, belədir. Təsəvvür elə ki, meşədəsən, üstünə ayı gəlir, sən o ayıya necə başa salasan ki, mən yazıçıyam?

- Bəlkə, səni çıldağa aparaq, qorxuluğunu götürsünlər.

- Ola bilər. Get-gedə özüm də hiss edirəm ki, mövhumatçı oluram.

- Yeri gəlmişkən, yazmaq üçün rayona getmişdin. Nəsə yaza bildin?

- Hə... Uşaqlar üçün xatirələr yazıram.

- Təbiətdən, heyvanlardan qorxmursan ki?

- Qorxuram. Bir dəfə az qalmışdı ki, ayı məni yesin.

- Bəs ayını başa sala bilmədin ki, yazıçıyam?

- Bilirsən ki, o, şüursuz heyvandır, yəni onu bağışlamaq olar.

- Seymur, yaltaq olub-olmamağın ədəbiyyata nə dəxli var? Səncə, yaltaq olub, eyni zamanda yaxşı yazıçı olmaq mümkün deyil?

- Bilirsən, bizi çox vaxt istisnalar aldadır. Bir istisnaya milyonlarla insan aldanır. Nə zamansa bir pis adam olub, amma yaxşı roman yazıb, bu o demək deyil ki, hamı pis olmalıdır.

- Ən böyük istisna da Dostoyevskidir.

- Dostoyevski çox pis bir insan olub, o, bizim bügünkü pis adamlardan heç də geri qalmayıb.

- Nə mənada?

- Mütləqiyyəti dəstəkləyib.

- Seymur Baycan, Dostoyevskini «Cinayət və Cəza»ya, «Karamazov qardaşları»na, «İdiot»a bağışlaya bilməzsən?

- O, bu əclaflıqları edib, söz yox, amma sürgündə də olub, sarsıntılar keçirib, məsələnin bu tərəfi də var. O da var ki, bizim pis adamlar Dostoyevski kimi həm pis olub, həm də gözəl romanlar yaza bilmirlər, axı. Ona görə də bu adamları bağışlaya bilmirəm. Köləlik mənim ürəyimi bulandırır. Baxırsan ki, nə boyda kişidi, nə boyda başı, nə boyda qulağı var, bir manatdan ötrü elə yaltaqlanır, özünü elə çölə qoyur ki, adamın ürəyi bulanır.

- Özün haqqında niyə bu qədər yüksək fikirdəsən?

- Çünki haqqım var.

- Haqqın olsa da, olmasa da yüksək insani keyfiyyətlərdən biri odur ki, özün haqqında yüksək fikirdə olmamalısan. Sən bunu bilmirsən?

- Yaxşı eləyib özümü tərifləyirəm. Mənim haqqımda layiq olduğum sözləri demirlər, mən də məcbur olub özüm deyirəm. Bir universitetin görmədiyi işi mən təkbaşıma görmüşəm, bu qədər adama ədəbiyyat sevdirmişəm, bu qədər adamın geyimini dəyişmişəm, bu qədər adama kitab oxutdurmuşam. Özü də heç nəsiz! Bircə qələmlə. Bəs məni niyə tərifləmirlər? Niyə qiymətləndirmirlər? Az iş görmüşəm? Amma bütün günü efirlərdə mənasız, başıboş adamları tərifləyirlər.

- Əgər sən də bu tərifləri gözləyirsənsə, onda Seymur Baycanın bütün günü efirlərdə təriflənən başıboş adamlardan fərqi nədir?

- Əlbəttə ki, Azərbaycan kimi ölkədə mənim onlardan heç bir fərqim yoxdu. Əksinə, onlar daha üstündülər. Amma bu mənim məğlubiyyətim deyil. Bu insanların məğlubiyyətidir ki, güləş döşəyinin üstünə çıxan ölkənin bütün qələm adamlarından hörmətli tutulur. Don Kixotun təbrincə desəm, mənim məğlubiyyətim mənim həqiqətimi əsla sarsıda bilməz. Əgər mən axmaq və gülünc vəziyyətə düşürəmsə və buna gülən, sevinən adamlar varsa, lütfən bir şeyi anlasınlar ki, onlar hər şeydən əvvəl öz faciələrinə gülürlər. Çünki sözün həqiqi mənasında mənim heç kəslə şəxsi davam yoxdur. Və səmimi qəlbdən insanlarımızın xoşbəxt yaşamasını arzulayıram.

- Efirlərə çağırırlar?

- Çağırırlar, amma getmirəm.

- Niyə?

- Çünki elə adamlarla çağırırlar ki, o adamlarla efirə çıxmaq istəmirəm. Görürəm ki, məni efirə biabir etməyə çağırırlar. Mən niyə Nadir Qafarzadə ilə bir verilişə çıxmalıyam?

- Nadir Qafarzadə ilə verilişə cıxıb, öz sözünü deyə bilməzsən?

- Sözümü, onsuz da, yazılarımla deyirəm.

- Bəzən sənin də elə çıxışların olur ki, təxminən Nadi Qafarzadə təsiri bağışlayırsan.

- Məsələn…

- Məncə, «Azərbaycanda mənə layiq qadın yoxdur» fikrinlə sən də Nadir Qafarzadənin əxlaqını daşıyırsan.

- Bir dəfə ATV-də Elçin Əlibəylinin verilişinə çıxmışdım. Səhərisi bir qız mənə zəng vurdu. Özü də tanınmış bir adamdı. Dedi ki, ay Seymur, verilişdə bir aşbaz səni yaman günə qoydu. Dedim, niyə sevinirsən? Bu sənin arzundur? Özü də yaman günə-zada qoymadı. Sadəcə, sən istəyirdin ki, bir aşbaz məni orda yaman günə qoysun. Eyni sözü sənə də deyirəm. Bəlkə, sənin də arzundur ki, mən Nadir Qafarzadə kimi görünüm?

- Seymur, niyə hamını özünə düşmən hesab edirsən? Bu cəmiyyətdə düşmən olası nə qədər adam var. Səni Nadir Qafarzadə kimi görmək niyə mənim arzum olmalıdır ki?

- Kəramət, sənə bir söz deyim, kiçik bir sirrimi sənlə bölüşüm. Azad olmayan insanın heç bir sözü, tənqidi mənə təsir eləmir. O daşların heç biri mənə dəymir. Başa düşürsən? Bu ölkədə sözü mənə təsir edəcək cəmi 3-4 adam var.

- Maraqlıdır, o üç-dörd adam kimlərdi?

- Şahvələd Çobanoğlu, Zamin Hacı, Elnur Astanbəyli, Rasim Qaraca... Çox sevinirəm ki, belə dostlarım var. Bu adamlar məni yaxşı tanıyırlar və bilirlər ki, Seymur Baycan kimdi. Dostlarım inkişafımda çox müstəsna rol oynayıblar.

- Seymur, məncə, özün də istəyirsən ki, səni üç-dörd adam başa düşsün. Niyə özünü süni şəkilə yuxarı qaldırıb, orada özünə quş yuvası boyda balaca bir yer düzəltmisən? Və odlu-alovlu çıxışlar edirsən, bəyanatlar verirsən.

- Düz deyirsən, təhqir olunmuş cəmiyyətdə insanlar belə düşünür. Azərbaycan xalqı təhqir olunub və təhqir olunmuş insanların arasında da yaşamaq, doğurdan da, çox çətindir.

- Özün azdan-çoxdan kitab oxumuş adamsan. Amma elə bil oxuduğun kitablar sənə əksinə təsir edir. Məncə, vəziyyəti o yerə çatdırmısan ki, əlində tutduğun qələmdən çox nizəyə oxşayır. Belə mübarizə aparmaq olar?

- Hə, düzdü. Həyatın elə anları olur ki, bəzən oxuduqları insanın xoşbəxt olmasına mane olur.

- Tutalım, 20, 30, 40, 70 ildən sonra nə Anar, nə Elçin Əfəndiyev, nə də sən olacaqsan. Bu söz-söhbətlər də unudulub gedəcək. Sənin vətəndaş mövqeyin də hamının yadından çıxacaq. Ortada təkcə yaradıcılıq qalacaq. Səncə, onda Seymur Baycanın «Quqark» romanı bu xalqa daha çox lazım olacaq, yoxsa bu gün tənqid elədiyin, yaltaq dediyin adamların əsərləri? Heç bu barədə düşünmüsən?

- Olsun! Mən həmişə demişəm ki, bizim nə yazdığımızı xalq bilməsə də, o adlarını çəkdiyin adamlar yaxşı bilirlər. Bu, mənə bəsdir. Onlar özləri haqqında lazım olan bütün sözləri eşitdilər və oxudular. Bütləri də dağıldı.

- Səncə, dağıldı?

- Əlbəttə, dağıldı. Bir söz var, deyir, necə kef çəkməli əyyam idi. Çox istəyirdilər ki, insanlar həmişə nəşr olunmaqdan ötrü onlara yalvarsın, bunlar da donos yazıb kimisə sürgünə göndərsinlər, həbsə atdırsınlar. Amma dövr dəyişdi.

- Kamal Abdulla «Dədə Qorqud»un bütünü dağıdır, sən də Anarın. Niyə bu qədər xırda işlərlə məşğul olmağa həvəs göstərirsən?

- Məcburam. Bəzən istəyirəm ki, başqa yazılar yazım, amma reallıqlar mənə öz yazılarımı yazmağa imkan vermir. Əksər hallarda özümün bəyəndiyim, üstündə daha çox əziyyət çəkdiyim yazılar diqqətdən kənarda qalır.

- Seymur, kor tutduğun buraxmayan kimi sən də yapışmısan Anarın yaxasından, əl çəkmirsən ki, çəkmirsən.

- Görmürsən, 24 ildir oturub orda, hələ bir camaata minnət də qoyur ki, mən burda əziyyət çəkirəm. Sən bu sözü mənə niyə deyirsən? Niyə gedib Anara demirsən ki, dövlətin maliyyələşdirdiyi təşkilatı dədənin mülkiyyəti kimi idarə edirsən?

- Səncə, Anar o kreslodan ibarətdi?

- Əlbəttə! Anar özü də çox gözəl bilir ki, divin canı şüşədə olduğu kimi onun da canı o kreslodadır. Sabah o kreslodan dursa, nə onun dədəsi haqqında yazı yazan olacaq, nə də özünə yaltaqlanan. Anar paqonunu çıxarsa, hamı görər ki, o heç kimdir.

- Bəs sən öz oğlun üçün hansı mülkiyyəti qoyub gedirsən? Axı ədəbiyyatın özü də bir mülkiyyətdir.

- Anarın nə yaradıcılığı var, ədəbiyyatı var ki? Anar məmurdur, yazıçı deyil. O, dədəsinin qucağında ədəbiyyata gəlmiş bir adamdı. Hakimiyyətə sərf eləyir deyə orda otuzdurublar. Anar həyatda bir dəfə də problem görməyib, ayaqqabı dərdi çəkməyib, bir dəfə vağzalda yatmayıb, bir dəfə kirayə pulu verməyib. Anar nə yaza bilər ki? Bəlkə öz həyatından nəsə yaza bilər ki, maraqlı olsun.

- Bu kövrəldici notlarla məni ağlatmaq istəyirsən?

- Məncə, yersiz zarafatdı.

- Səni başa düşürəm. Amma onu da başa düşmək lazımdır ki, yazıçılıq ayaqqabı dərdi çəkmək deyil. Yazıçılıq vağzalda yatmaq da deyil. Azərbaycanda o qədər ayaqqabı dərdi çəkən var, o qədər vağzalda yatan var. Anarın mənsub olduğu dairədə, bəlkə, elə dərdləri var ki, «ayaqqabı dərdi» onun yanında toya gedəsidir.

- Düz deyirsən. Amma yazıçılıq həm də ayaqqabı dərdi çəkməkdir.

- Səncə, Anar heç olmasa, həyatından nəsə yaza bilərmi?

- Yox, heç həyatından da yaza bilməz! Onun həyatı başdan-başa ləkələrdən ibarətdir. Onun özü haqqında yazmağı böyük cəsarət tələb edir.

- Seymur Baycan, necə kor-koranə şəkildə səni daşlayırlar, elə sən də kor-koranə şəkildə başqalarını daşlayırsan.

- Mənim daşladığım adamlarla məni daşlayan adamlar arasında böyük fərq var.

- Əkrəm Əylisli haqqında da eyni fikirdəsən?

- Bizim köhnə yazıçıların içində bir balaca özünü yazıçı kimi aparan Əkrəm Əylislidir. Heç olmasa, o, bir az da olsa, yazıçıya oxşayır. Qalanları məmurdur. Ancaq Əkrəm də yazıçı kimi bitibdir. Onun «Ətirşah Masan» əsərini oxudum və gördüm ki, tükənibdir.

(Davamı olacaq)

1937.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm