Asiman Eyniyev - Sahil
Bizi izləyin

Yazarlar

Asiman Eyniyev - Sahil

"Sahil" - hekayə

Geniş masanın ətrafında əyləşən insanların şən qəhqəhəsi, toqquşan pivə parçlarının cingiltisi, səsgücləndirici aparatlardan ətrafa yayılan xoş musiqi, “Coca-Cola” reklamlı çətirin altında oturan iki nəfərin vecinə deyildi. Bir qədər kənarda, öz çətirinin altında oturan bir qadın qollarına krem sürtürdü. Qadın, çiynindəki açıq mavi rəngli yüngül tülü düzəltdi, sonra şezlonqa uzandı, dəbə uyğun eynəyini gözünə taxıb üzünü açıq səmaya tutdu.

- Dənizdə pivə içməyi xoşlamıram, çünki adam köpür və rahat üzmək olmur.
- Ola bilər – dedi nisbətən yaşlı, qaraşın adam.
- Ümumiyyətlə, gərək dənizdə içməyəsən.
- Niyə? –soruşan qaraşın adam təəccüblə yanındakı sarışın adama baxdı.
- Bilmirəm, belə eşitmişəm.
- Rəhmətlik atam deyərdi ki, dənizdə içmək olar – deyə qaraşın adam qulağını qaşıdı.
- Bilirsən, içməyi xoşlamıram –deyə sarışın adam gülümsədi –içkidən söz düşmüşkən dünən maraqlı bir mənzərəyə rast gəldim. Deməli, dayanacaqda, səki qırağında zır kefli bir kişi oturmuşdu. Ondan təqribən beş metrə kənarda hicablı bir qadın dayanmışdı. Qadın sərxoşa düşməncəsinə baxırdı. Sərxoş da ayağının altına. O elə bil yerdə nəsə gəzirdi. Bəlkə də utanırdı. Həqiqətən də, maraqlı mənzərə idi. Dünən hey fikirləşmişəm: Görəsən, Tanrı qarşısında o iki adamdan hansı daha çox günahkardır?
- Paranormal adamlar kimi danışırsan.
- Başa düşmədim, paranormal adam olur?
- Mən bir-ikisini tanyıram –dedi qaraşın adam, -Günahkar dedin, yadıma düşdü. Neçə gün oldu çıxmağın?
- Dünən on gün oldu.
- Düzünü de, içəridə səni döydülər?
- Həbsxanada?
- Hə, orda.
- Yox, niyə döysünlər ki?!
- Nə bilim, bir yaşlı qohumum var, o deyir ki, həbsxanada adamı mütləq döyürlər. O ömrünün qırx ilini həbsxanada keçirib. Axırda da əfv etdilər –deyə qaraşın adam gülümsədi: -Zalımoğlu höküməti söyürdü, onu niyə amnistiyaya düşənlərin siyahisinə salıblar deyə.
- Deməli, ona inanırsan, mənə yox?
- Hərəniz bir cür danışırsız, mən də çətinlik çəkirəm –deyə qaraşın adam üfüqə baxıb fikrə getdi. Hər ikisi dənizə baxırdı. Kafenin qarsonu yaxınlaşıb, qarşıq meyvələrdən hazırlanan soyuq kokteyli masanın üstünə qoydu. Qaraşın adam başını yelləyib qarsona təşəkkür etdi. O, içkidən qurtumlayıb danışdı:
- Başa düşmürəm, necə oldu ki, sənə casus adı verib saxladılar? Axı sən casusa oxşamırsan–deyə qaraşın adam əlini uzadıb yanındakı sarışın adamın arıq, tüklü sinəsini göstərdi.
- Casus olmaq üçün Oldriç Eymsə oxşamaq lazımdır? –deyə sarışın adam bir az əsəbiləşdi.
- Nə bilim, bəlkə də...
- Sənədlərimdə qüsur tapdılar. Casus ola bilərəm deyə müvəqqəti saxladılar. Düzünü desəm, içəridə mənə yaxşı baxırdılar. Hətta oxumağa bir neçə kitab da verdilər. Kitablar rus dilində idi. Dedilər, biz bilirik ki, siz rusca yaxşı bilirsiz.
-Dedilər? Neçə nəfərdilər ki ?
-İki nəfər. Orta boylu, dolu bədənli, bığlı iki adam.
- Kitablar təxəyyül məhsulu idi?
- Hə, Kamyu.
- Kamyu? O fransız əclaf?
- Əclaf olduğunu hardan bilirsən?
- Bilmirəm, elə-belə dedim, dilim sürüşdü –deyə qaraşın adam güldü.
Sarışın adam kokteyl stəkanını yana itələyib siqaret qutusunu götürdü.
- Çəkirsən? –qutunu yoldaşına uzatdı.
- Yox, tərgitmişəm.
- Yaxşı iş görmüsən.
- Hə? Hə, ola bilər.
Sarışın adam siqareti yandırıb sovurdu, burnundan tüstü buraxanda asqırdı. Əsəbiləşib siqareti taxta masanın üstünə basıb söndürdü. Sonra ağır söyüş söydü.
- Pullu yerlərdə söyüş söyməzlər. Bura pulludur –deyə, qaraşın adam kefini pozmadan gərnəşdi.
- Deyirsən, pullu yerlərdə daha ciddi olmaq lazımdır?
- Mütləq ! –dedi qaraşın adam, əlilə sinəsinə bir neçə dəfə vuraraq.
Sarışın adam sağ əlilə boynunu ovuşdurdu, sonra həmin əlini dizinə sürtdü, kokteyl stəkanını götürüb qurtumladı, üzünü yoldaşına tutub:
- Əslində, düz deyirsən, fikir vermişəm, pullu yerlərdə insanlar daha ciddi, kübar, təmkinli görünməyə çalışır. Həqiqətən də bəzi insanlar elə düşünür ki, məkan pulludursa deməli, aristokrat yığıncağıdır. Kübar görünmək vacibdir. Bilirsən, o aristokratı iki gün içəridə ac saxlayırsan, sonra çirkli qabda yemək verirsən, görərsən necə tıxışdırır. Kübarlıqdan əsər-əlamət belə qalmır.
- Əhsən, Prust sənə təsir edib.
- Prust yox, Kamyu –deyə sarşın adam güldü.
- Fransız xalqı kef eləyir –deyə qaraşın adam da güldü.
Balaca bir oğlan onların yanına gəldi. Uşaq qumun üstünə uzanıb əlindəki qırmızı parçadan olan bayrağı yerə sancdı. Bayraq qumun üstündə əyildi. Uşaq nə qədər əlləşdisə bayrağı dikinə saxlaya bilmədi. Onun qollarında dənizdə batmamaq üçün xüsusi rezinlər var idi.
- O, bizi fəth etdi –deyə qaraşın adam güldü, sonra sukeçirməyən saatına baxdı.
- Yox, fəth etmək istədi, amma alınmadı, alınmayacaq da –deyə sarışın adam uşağa diqqətlə baxıb fikrə getdi. Hər ikisi içkidən qurtumladı.
- Anam, hərdənbir uşaqlıq xatirələrindən danışardı. Nənəm, hər il “1 may”da kütləvi paradda qara, günəbaxan tumu satarmış. Anam da onun yanında dayanıb bələdçilik edərmiş. Bir dəfə bir rus, öz uşağına nənəmdən tum almaq istəyib. Nənəm də dərhal beş qəpiklik stəkanı doldurub. Xatırladım ki, nənəmin iki ayrı qiymətə stəkanı varmış. Beş və on qəpiklik stəkan. Hə, nənəm uşağa deyib ki, aç cibini tumu boşaldım. Bu məlun rus başlayıb ağlamağa: “mən cibimə tökmək istəmirəm, mənə kağızdan qab düzəltsin” –deyə sarışın adam ağzını qəribə formaya salıb uşağı yamsılayırmış kimi qıvrıldı. Qaraşın adam, yanındakının özünəməxsus hərəkətinə qəhqəhə çəkdi.
- Hər halda sənin də yadında olar, o vaxtı tumu kağızdan hazırlanan xüsusi qablara tökürdülər. Nənəmin də kağızı olmayıb, yazıq arvad birtəhər rusları yola gətirib tumu satıb.
- Fərasətli arvad olub –deyə qaraşın adam xüsusi vurğuladı.
- Hə, zəhmətkeş olub –deyə sarışın adam kokteyli başına çəkdi.
- Həbsxanada yemək işini necə edirdiz? Sizə nə yedirirdilər?
- Kartof qaynamışı, balıq və.s
- Yeməyi də həmin adamlar gətirirdi? O iki nəfəri deyirəm, yanına kitab gətirənlər.
- Yox, o işə baxan xüsusi adamlar olur.
- Araq da verirdilər? –soruşan qaraşın adam güldü.
- Yox-yox –deyə sarşın adam da güldü.
- Hə, deməli, quru xörəklər...
- Hə, quru xörəklər.
- Bir dəfə biri danışdı, dedi ki, Hindistanda ölümə məhkum edilmiş məhbusa iyirmi bir gün qaynanmış ət yedirirlər. İyirimi birinci gün, artıq məhbus bu həyatla vidalaşır. Onun bağırsaqları şişir və qapanır.
- Maraqlıdır, Hindistanda ölüm hökmü mövcuddur?
- Bilmirəm –deyən qaraşın adam başını dikəldib sol əlilə sinəsini ovuşdurdu.
İki nəfər yenidən susdu. Öz-özünə mızıldanan sarışın adam: “Maqnitofona niyə bu qədər səs veriblər?” – deyə ətrafına boylandı.
Orta yaşlı bir adam yaşlı bir kişinin üstünə bellə qum tökürdü. O, yaşlı adamı qumun altında basdırdı. Sonra həsir papağı kişinin üzünə örtdü.
- Əsgərliyimi başa vurub evə gəlirdim. Məni qarşılamağa kürəkənim gəlmişdi. Onun təzə maşını bir əsgər üçün həqiqətən də çox rahat idi. Maşındakı maqnitofonu yandırıb səsini artırdım. Kürəkənim dedi ki, maqnitofonun səsini al. Mən də deyiləni yerinə yetirdim. Nə isə, gəlib çatdıq evə. Sonra başa düşdüm ki, kürəkənim nəyə görə mənə əmr etdi ki, maqnitofonun səsini alım. Sən demə, atam vəfat edibmiş, qırx günü hələ çıxmayıbmış - deyə qaraşın adam yenidən üzünü dənizə tərəf tutdu.
Sarışın adam ona diqqətlə baxdı. Şübhəli casus baxışı... Sahilə yayılan musiqinin səsi birdən kəsildi.
- İndi nə işlə məşğul olacaqsan? –qaraşın adam soruşdu.
- Yenə köhnə işimə qayıdacam. Müdiriyyət bilir ki, müalicə məqsədilə sərhəddi o tərəfə keçmişdim. Günahsızam.
- Yenə xorda oxuyacaqsan? –laqeydcəsinə soruşan qaraşın adam yoldaşına baxdı.
- Hə, başqa təklifin var?
- Məncə, o maaşa işləməkdənsə, türmədə oturmaq daha münasib idi.
- Nə danışırsan, heç özün də bilmirsən.
- Düzünü de, adlarını bilmədiyimiz o iki adam sənə partnyorluq təklif etdilər? Məsələn, bizim üçün işləsən səni yaxşı yaşadarıq filan-beşməkan –deyə qaraşın adam qəhqəhə çəkdi.
- Öz aramızdı, sən həqiqətən də çərənləyirsən və yersiz gülürsən -deyən sarışın adamın gözləri göynəyirdi. O, sol əlilə gözlərini ovuşdurmağa başladı.
- Zarafat edirəm, əsəbiləşmə. Burdan çıxıb hara gedəcəksən?
- Bibimgilə getməliyəm. Gərək bu gün ona dəyim.
- Bibin ölmədi?
- Yox, övladları onu yaşatdı. O böyük hadisədən sonra çox əziyyət çəkdi, posttarvmatik stress keçirtdi. Hamısı keçib getdi. İndi yaxşıdır -deyə sarışın adam gözlərini bir neçə dəfə yumub-açdı.
- Düzünü de içəridə adamı döyürlər? Döyürlərsə, adamın ən çox harasına vururlar?-soruşan qaraşın adam yenidən sukeçirməyən saatına baxdı.
- Bura bax, nə məsələdir, eyni sualı təkrar-təkrar niyə verirsən? Məni bura bunu soruşmağa çağırmısan?
- Hə. Bilirsən, mənim dostum, ola bilsin, məni həbs etsinlər.
- Başa düşmədim, niyə?- batıq səslə birtəhər soruşan sarışın adam kürəyini taxta skamyaya söykədi. Sonra əllərinə baxdı. Əlləri tərləmişdi... Qaraşın adamın üz cizgiləri birdən-birə dartıldı. Vaxt idi... O, üfüqə tərəf baxdı. Sonra yoldaşına tərəf çevrilib:
- Bir nəfər var, onu öldürməliyəm. Öldürdüm... –dedi, sonra skamyadan durub getdi.
Gözlərini tez-tez qırparaq, titrəyə-titrəyə kokteyl stəkanına baxan sarışın adam qıc olmuşdu. Batmaqda olan günəşin kövrək şüaları onun köpüklənən ağzına, solğun bənizinə düşürdü...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm