“AYB-in qurultayından müsbət gözləntilərim var" - Qurultay barədə sorğu
Bizi izləyin

Yazarlar

“AYB-in qurultayından müsbət gözləntilərim var" - Qurultay barədə sorğu

Publika.az Yazıçılar Birliyinin gənc üzvləri arasında keçirdiyi “AYB-nin qarşıdan gələn qurultayından nə gözləyirsiniz?” sorğusunu təqdim edir.

Publika.az Yazıçılar Birliyinin gənc üzvləri arasında keçirdiyi “AYB-nin qarşıdan gələn qurultayından nə gözləyirsiniz?” sorğusunu təqdim edir.

Cavid Zeynallı: “AYB-də qurultayqabağı yeniliklər oldu, "Ədəbiyyat qəzeti"nin və "Ulduz" jurnalının baş redaktorları dəyişildi. Düşünürəm ki, bu müəyyən qədər inkişafa, yeniliyə səbəb olacaq. Hər halda, istərdim, həm qəzet, həm də jurnal oxunaqlı və keyfiyyətli çıxsın. O ki, qaldı dəyişikliyə, köklü dəyişik gözləmirəm. Fikrət Qocanın və Anarın müsahibələrindən başa düşmək olar ki, indiki rəhbərlik qalacaq. Yəni Anar müəllim növbəti dəfə də sədr seçiləcək və AYB-nin əvvəlki ədəbi siyasəti davam edəcək.

Gənclər siyasəti haqqında da bunu demək olar. Ola bilər, hansısa layihələr həyata keçirilsin, müəyyən dəyişiklik olsun. Hər halda, bu istisna deyil”.

Emin Piri: “Məncə, qurultaydan sonra daha aydın danışmaq olar. Hər halda, yaxşı olacağına ümid edirəm. Yaxşı olar ki, gənclər AYB-nin mətbu orqanlarında təmsil olunsun. Gənclər siyasətinin daha uğurlu olması üçün gənclər katibliyinin səlahiyyətləri artırılmalıdır. Xüsusən də mətbu orqanlardan biri birbaşa və ya tam olaraq həmin katibliyin sərəncamına verilməlidir”.

Elmin Nuri: “AYB-in qarşıdan gələn qurultayından müsbət gözləntilərim var. Yaradıcı birlikdə artıq müsbət istiqamətdə işlər görülür. Qurultayın özündən qabaq onun yenilikçi nəfəsi hiss olunmaqdadır. Artıq " Ədəbiyyat qəzeti" və Ulduz jurnalında yeni təyin olunan rəhbərlər ora yeni nəfəs, müsbət gənclik ruhu qatmağa başlayıb. Xəyal Rza ayb.az saytı, Səlim Babullaoğlu “Kitabçı” jurnalı ilə sanki qurultaydan sonra olacaq müsbət dəyişiklərin müjdəsini verir.

Bilirəm, hətta çox gözəl bilirəm ki, ilk cümlələrimi oxuyan kəslər məni "AzTV”-AzTV danışmaqda suçlayacaq. Amma bəylər, mən faktları deyirəm. Faktlar isə qaçılmazdır. İstəsək də, onları görməliyik, istəməsək də. Qurultayın bütün müsbət dəyişiminin kökündə gəncləşdirmə siyasəti dayanacaq. Bu mənim istək və ehtimalımdır”.

Vüsal Nuru: “AYB-nin növbəti qurultayında da əvvəl olduğu kimi idarə heyətində dəyişikliklər olacaq. Bildiyiniz kimi, artıq "Ədəbiyyat qəzeti”ndə və "Ulduz" jurnalında bu islahatlar aparılıb. Anar müəllimin növbəti dəfə sədr seçiləcəyinə inanıram və tam səmimi olaraq, bunu istəyirəm. Gənclər siyasətində dəyişiklik gənclərin xeyrinə nəticələndi. On iki nəfərdən ibarət yeni Gənclər Şurasının heyəti təsdiqləndi və biz AYB-nin yeni vəsiqələrini aldıq. Bu rəhbərlik tərəfindən gənclərə qarşı çox yaxşı bir jest oldu. Mətbuat katibi Xəyal Rza gəncdir, Cənubla əlaqələr üzrə katib Sayman Aruz gəncdir. "Ədəbiyyat qəzeti"ndə bir neçə gənc yazıçı dostumuz işə götürülüb. Bunlar müsbət nəticələrdir. AYB bütünlükdə gənclərin ixtiyarına veriləsi deyil ki. Onu da qeyd edim ki, Gənclər Şurası olaraq, yeni layihələrimiz, yeni təkliflərimiz var və bunları yaxın vaxtlarda həyata keçirəcəyik”.

Fərid Hüseyn: Gözləyirəm ki, növbəti qurultay daha təntənəli keçəcək. Uğurlu kadr islahatları yenə davam edəcək. Gənclər siyasətində nə dəyişiklik olacağından xəbərsizəm, gümanımda yanıla bilərəm deyə, bəri başdan nəsə demək, zənnimcə, o qədər də düzgun olmaz.

Qılman İman: AYB--də əsas nə dəyişiklik olacaqdısa, məncə, oldu. Xüsusən "Ədəbiyyat qəzeti"ndəki kadr dəyişikliyi. Yaxşı olardı ki, Abbas Abdulla, Fikrət Sadıq kimi yaşlı nəslin nümayəndələri çevik, istedadlı gənclərlə əvəzlənsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm