• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Müşfiq XAN - Nənəmin sözünü tutmadığı gün

  • Yazarlar
  • 24 Aprel 2014 10:04
  • 1 678 Baxış
Müşfiq XAN  - Nənəmin sözünü tutmadığı gün

bu həyatda tanıdığım yeganə

qeyri-adi yazıçını dərin hörmətlə anaraq

– Nənə, iki gün əvvəl İsa Muğanna dünyasını dəyişdi. Xəbərin oldumu?

– Allah rəhmət eləsin bala. Amma tanımadım kimi deyirsən.

Hiss elədim ki, yaddaşını qurcalamağa çalışdı. Onu fikirlərindən ayırdım:

– “Yanar ürək” əsərinin müəllifini deyirəm. Yadındadır o kitab?

– İsa Hüseynov?, – səksəni haqlamış Aliyə xanımın baxışları maşının salon güzgüsündən gözlərimi axtardı.

– Hə, ay nənə, İsa Hüseynov.

Həmişə canlı arxiv bildiyim nənəm əslində mütaliəli insandır və onu çox yaxşı tanıyırdı. Mənə hamıdan əvvəl İsa Muğannanı sevdirən də o olmuşdu. Mən “o kitab” deyib Aliyə xanımdan soruşanda özümdən qeyri-ixtiyari orta məktəbdə oxuyanda baş vermiş kiçik hadisəyə işarə etmiş, sükan arxasında olsam da həmin günə qayıtmışdım. İndi nənəm də susmağa başlamışdı. Əmin idim ki, indilərdə o, gənclik illərinin sevimli yazıçısını səssizcə içində yad edir.

Sükutdan yararlanıb mən də xəyallarımda “o gün”ə qayıtmışdım...

... Kasat dövr idi. Məktəb kitabxanamızdakı əsərləri fürsət düşdükcə evə gətirirdik. “Kim daha çox kitab oxuyub” həvəsi var idi hamımızda. Milli ordumuzun müharibədəki qələbəsi üçün ancaq belə dəstək ola bilərdik. “Savadlı olmaq güclü olmaq deməkdir”, – 13-15 yaşlı yeniyetmələri - bizləri inandıraraq müəllimlərimiz yalnız bunu aşılayırdı.

Mütaliə mübarizəsinin qızğın vaxtlarında nənəmin kitab rəfi mənim üçün böyük avantaj idi. Çiy kərpicdən hörülmüş daxmanın ən zəngin guşəsi də elə o kitablardı. Həmin rəfdə tapılmayan nadir kitablara rastlamaq olardı. “Yanar ürək”i nənəm tövsiyə etmişdi oxumağa. Doğrusu, 50-60 səhifə oxuydan sonra suallarımdan bezib “bir az böyü, sonra oxuyarsan”, – deyib, arvad kitabı məndən aldı. Özünə qaytarandan sonra da başqa kitabları axtarandavhərdən açıb baxırdım. İndi anlayıram ki, o yaşımda həmin əsəri qavraya bilməməyim normal hal imiş. Amma arxayın idim – böyüyəcəyəm və nənəm o kitabı oxumaq üçün təkrar mənə verəcək.

Bir neçə il keçdi. Artıq müharibə bitmişdi. Camaatın dolanışığı xeyli yaxşılaşmışdı. Açığı, kitablara əvvəlki kimi maraq da yox idi. İsa Muğanna da yada düşmürdü. Elə indiki kimi. Həmin günsə nənəm ilk dəfə mənə verdiyi sözü tutmadı. “Yanar ürək” köhnə kitab rəfində yox idi. Onu kitab həvəskarı olan bibimə verdiyini dedi. Amma həmin gün bildim ki, o da kitabı 4-5 il əvvəl başqasına verib və qayıtmayıb. Öz aləmimdə nənəmdən küsdüm. Doğrusu, o gün bərk incimişdim. Çox sonralar bildim ki, əslində həmin gün mən indi yaxşı tanıdığım yeganə qeyri-adi yazıçını və magik əsəri oxumaq şansımı itiribmişəm.

... Bir neçə ay sonra artıq hərə bir formada ailənin ilk övladının – mənim ali məktəbə qəbul olmağımın sevincini təbrik etməklə, gözaydınlığı verməklə məşğul idi. Həmin gün nənəm əlimdən tutub məni köhnə kitab rəfinin qarşısına gətirdi. Divarın içində daldalanmış kitabları görmək üçün qarşısındakı pərdəni çəkdim. Göy üzlü üstündə “Идеал” yazılan roman bilərəkdən hamısından öndə qoyulmuşdu. Tanış gəlmədi. Bir-iki saniyə sonra isə gözüm müəllifin adına sataşanda içimdə qəribə bir hiss yaranmışdı. Müşfiq, bu, elə “Yanar ürək” əsəridir, – deməyi ilə nənəmin boynunu qucaqlamağım bir oldu. Hər ikimiz nənəmin sözünü tuta bilmədiyi və mənim bərk incidiyim o günü xatırlayıb kövrəlmişdik.

... Sonralar nəşriyyatımızın onun əsərlərini yenidən nəşr etdiyini deyəndə nənəm çox sevinmişdi. İsa Muğannanın dəfnində öz vəsiyyəti ilə məzarı üstündə ruhani havasının səsləndirilməsini nənəmə danışanda o yenidən susdu. Bu, sevimli yazıçımızla bağlı nənəmlə ortaq xatirələrimizdə ikinci və sonuncu kövrəlməyimiz idi.

Maşından düşüb nənə-bala bir-birimizə sarıldıq...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR