Anamın adı Ədalətdir
Bizi izləyin

Yazarlar

Anamın adı Ədalətdir

"Yaramazlar, heç olmasa məni vətəndaşlıqdan məhrum etməyin. Nə vaxtsa mən bu torpağa ya ruhum, ya da kitablarımla qayıdacağam”

Paşa ARAZ

(Ədalət axtarışında olan qıza və bir yaşlı Qızıma həsr olunur)

“Və mən də artıq düşürdüm, harasa yıxılırdım, sürünürdüm, uçurdum; soyuq hava axınının ağuşunda olan mən səadət və əzabdan titrəyərək aşağı – sonsuzluqdan anamın sinəsinə atılırdım.”

H.Hesse, “Ağır yol”.

Birinci sübut. Yanılma!

1968-ci ildə “yüksək yazıçılıq ustalığı ilə əsərlərində yapon süurunun mahiyyətini açıqladığına görə” ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən yapon yazıçısı Yasunari Kavabata öz nobel nitqində deyirdi: “İnsanın dünyadan məyusluq dərəcəsi hansı həddə olursa-olsun, intihar etiraz əlaməti sayıla bilməz. İnsan nə qədər ideal olsa belə intihar edərsə, o, mömünlükdən çox uzaqdır”. Bu hadisədən dörd il sonra ruhi xəstə kimi müalicə olunan müəllif yaşadığı mənzilində ritual intihar etdi.

İkinci sübut. Sayğı!

Nobel mükafatlı yunan şairi Odiseas Elitis ölümqabağı vəsiyyət qoydu ki, onu sakitcə, təntənəsiz basdırsınlar, nitqlər söyləməsinlər. Sadəcə dostlar yığışıb onu birlikdə ansınlar. 1996-cı ildə şairin ölümündən sarsılmış yunan xalqı onun vəsiyyətinə hörmətlə yanaşdı.

Üçüncü sübut. İmtina!

1972-ci ildə uzun müddət təzyiqlərə dözə bilməyən gələcəyin Nobel mükafatçısı, rus şairi və esse ustası İosif Brodski hava limanında mühacirətə gedərkən acı-acı deyirdi: “Yaramazlar, heç olmasa məni vətəndaşlıqdan məhrum etməyin. Nə vaxtsa mən bu torpağa ya ruhum, ya da kitablarımla qayıdacağam”. Çox maraqlıdır o, özünün qayıtmasını nəzərdə tutmurdu. 1996-cı ildə o, dünyasını dəyişəndə onu vəsiyyətinə uyğun olaraq Venesiya şəhərində dəfn etdilər. Onun ruhu və kitabları bir zaman sürgün olunduğu torpağa qayıtdı.

...Bu gün də Rusiya Federasiyası onun məzarının bir zaman qovulduğu torpağa köçürülməsi üçün əlindən gələni edir.

Haşiyə: “Məni dünyaya gətirdiyi üçün nə indi, nə də ki, başqa vaxt anama acığım tutmayıb, lakin sənin doğulmağına səbəbkar olduğum üçün çox üzgünəm, əziz qızım.”

Ön söz: Bu yazı nə nəsibət, nə məsləhət, nə də ki, vəsiyyət, yaxud bunlara bənzər bir şey deyil.

Hadisələr:

İlkin hadisə (birinci fakt). I. Psixiatriya xəstəxanasında bir dəfə bir xəstə mənə kağız parçası verib dedi “Bunu Tanrıya yazmışam, ona verərsiniz”. Məktubda belə bir cümlə var idi: “Əgər insanlar ikinci dəfə dünyaya gəlsəydilər o zaman birincidən nəticə çıxararaq heç bir səhv etməzdilər.”

Bu cümləni bir dəfə universitetdə dərs deyən yaşlı professora (onun bir yığın adı və mükafatları var idi) danışdım, o isə, “çox düzgün yazıb” dedi.

Çox sonralar mən cəzaçəkmə müəssisəsində bir məhkumu məhkəmə tapşırığı ilə əlaqədar sual-cavab edərkən o, belə bir söz işlətdi: “Əgər insanlar ikinci dəfə dünyaya gəlsəydilər onda birincinin qisası naminə ancaq cinayət törədərdilər”.

P.S. İnsan ömrü bir və qısa olmalıdır.

Sən ruhun vasitəsilə cismini idarə edirsən.

Növbəti hadisə (ikinci fakt). II. Bir səhər zibil torbasını bizim yox, qonşu binanın həyətindəki zibil yeşiyinə atmaq istəyirdim ki, gözümə qonşumuz, iki ay bundan öncə dünyadan köçmüş Həmid kişinin ağ-qara rəngli fotoşəkillərini səpələnmiş gördüm. Həmin axşam, yazı yazmaq üçün ailə tərəfindən mənə ayrılmış məkana – qırmızı kərpiclə hörülmüş və nəmişlik iyinin hökm sürdüyü eyvandakı yazı masamın arxasında əyləşib, beş yaşımdan xatirəmdə qalmağı bacarmış (bu anda sən mənə yaxınlaşıb səni qucağıma almağı tələb edirsən, mən səni qucağıma alıram, sən isə mənim nə etdiyimdən tam xəbərsiz halda əlimdəki qələmi alırsan və bu yazıları yazdığım kağızı təyinatı bilinməyən xətlərə boyayırsan (çox maraqlıdır)) hadisələrin bir neçəsini xatırlayaraq belə bir cümlə, daha doğrusu bir cümlədən ibarət vəsiyyətnamə yazdım: “Mənim bütün xatirələrimi mənimlə birlikdə dəfn edin.”

P.S. İnsan əşyalarla deyil, əməllərlə xatırlanmalıdır.

Hər şey Tanrıya məxsusdur.

Tarix: 1927-ci ilin 15 iyulunda günahsız I Dünya müharibəsi əlilini və 8 yaşlı uşağın ölümünə bais olmuş 3 şəxsə andlı iclasçılar tərəfindən bəraət verdikti çıxarılmasına dözə bilməyən bir qrup qiyamçı Vyana ədalət məhkəməsinin sarayını yandırmışlar. Həmin gün 600 qiyamçının öldürülməsinə baxmayaraq, hakimiyyət öz yolundan və prinsiplərindən çəkilmədi.

Bu hadisə tarixə sadə və yoxsul insanların ədalətsizliyə qarşı mübarizəsi kimi həkk olundu.

Əziz qızım...

Dünyanı nə sevgi, nə mərhəmət, nə də ki, gözəllik xilas etməyəcək, dünyanı yalnız ədalət xilas edəcək və əgər nə vaxtsa səndən sənə və dünyaya nəyin lazım olmasını sual etsələr yalnız “ədalət” söyləyərsən.

“Ədalətin bizim aləmimizdə müqəddəsə çevrilmiş ruhla cansız cismlər, miflər əsasında formalaşmasını biz nədən öyrənməliyik?”

Unutma, sən dünya ədəbiyyatının misilsiz nümunələri oxusan da, dünya mədəniyyətinin əvəzsiz incəlikləri ilə tanış olsan da, bu, sənə həyatda yaşam qaydalarını lap öyrətsə belə, köməklik etməyəcək.

Həqiqət tamam başqadır! Başqalarının içində başqa olduğu kimi! Yaşamaqla həqiqəti dərk etməyin necə ağrılı olduğunu sənə izah etməyə ehtiyac yoxdur. Bu göz qarşısındadır.

Əziz qızım, dünyanın hansı qitəsində, hansı ərazisində və hansı məkanında olursan ol, əgər sən orada ədalət və azadlıq axtarışındasansa, bunu tapmaq qeyri-mümkündür. Əgər azadlığın və ədalətin olmamasının səbəblərini araşdırmaq istəsən, uzağa getmə, bu, insanlardır.

İstər keçmişdə, indi və gələcəkdə, tarixin hansı mərhələsində axtarsan insanlar arasında ədavət, qanlı savaşlar olub və olacaqdır. Əgər sən vaxtını itirib buna cavab axtarmaq fikrinə düşmüsənsə, bu fikrindən vaxtından uzaqlaş, mən belə edə bilmədim və əvəzində qiymətli, lakin qiymətini bilmədiyim illərimi itirdim, baxmayaraq ki, cavabı tapmışdım “Biz ədalətin olmadığı və olmayacağı bir dünyada yaşamağa məhkumuq.”

Tanrı istəklidi, yalnız bir halda ədalətli olarsa hər şeyi qədərində və vaxtında icra etmiş olur. Sən heç zaman tanrını insanları fərqli yaradaraq onlara qarşı ədalət prinsipini qorumamaqda günahlandırma, tanrı insanlara şüur kimi bir misilsiz sənət verib ki, insanlara ədalət yolunda addımlamaqda yardımçı olsun.

Aforizm: “Ədalətin bərqərara olması üçün insanlar arasında pul və onu əvəz edən nə isə bir varlıq olmalıdır.”

Biz sevgini, şöhrəti, maddiyyatı ədalətsiz bir halda və şəraitdə qazanmaqla, biz çox yoxsuluq, lakin biz yalnız ədalətlilik kimi bir istyə layiqiksə o zaman biz varlıyıq, biz dünyanı idarə edəcək, insanları sevəcəyik. Bu isə tamam başqa bir şərhdir. Sonu olmayan...

Əziz qızım, sənin çətinliklərini atan, ailəmizin çətinliklərini dövlət, dövlətimizin çətinliklərini isə beynəlxalq təşkilatlar həll edə bilmir. Bu gün sən küçədə yaşayan bir evsiz insanı, mən aclıqdan ölməmək üçün mübarizə aparan bir ailəni, biz hakimiyyət uğrunda yer üzündən silinmək təhlükəsi yaşayan bir xalqın şahidiyiksə və onlara istədiyimiz, ən əsası onlar istədikləri ədaləti verə bilmiriksə, o zaman nədən danışırıq?

Mən sənə bu həyatda yaşamaq, yaşam qaydaları barəsində heç nə danışmayacam, əgər ədalətin olmadığı bir dünyada ədalətli yaşamaq, mümkündürmü? Əsla!

Bacardığın kimi yaşa, səni heç kim buna görə ittiham etməyəcək, arzularla deyil, milyonların istəyinə və arzusuna çevrilmiş arzuları qapının astanasında saatlarca gözlətməklə keçən dəqiqələrin qədrini bilərək yaşa.

Nə kitab oxumağı, nə film seyr etməyi nə də ki, bunlara bənzər şeyləri sənə məsləhət görməyəcəyəm, yalnız Tanrının yaratdığı və insan yaradıcılığından uzaq olanlardan ilham alıb yaşa və rahatlıq tap.

Ulu əcdadlarım onlardan süzülüb gələn “düz olan düzdə qalar” və digər buna bənzər kəlmələr bizə hansı istiqamərt üzrə hərəkət etməyi göstərməkdə, N.Gəncəvinin məşhur “bəxtsiz insanlardan uzaq ol” kəlməsi isə bizi insanlar arasında seçim etməyə vadar etməkdədir.

Heçliyi varlığa çevirmək arzusu, yaxud bilərəkdən özünü aldatma...

Mən nə Freydin, nə də ki, Nitşenin, yaxud Dostoyevskinin təlimlərini oxumaqla onlar və reallıq arasında hansısa bir uyğunluğu tapmağa çalışsam da bəzən məyus olurdum. Anadan cinayətkar doğulan cinayətkarı, yaxud hansısa ruhi xəstəni sağaltmağın qeyri mümkünlüyünü bilə-bilə, yaxud onun cəmiyyətə və insanlara hansısa bir köməyinin olmaması, əksinə ziyan verməsi kimi anlamlar əslində onun həyatda yaşamaqdan daha çox yaşamaması önəmli olduğunu qənaətinə gəlirəm. Onun dünyasının özününkü olması bizə bəllidir, heç ona bizim olmamız və yaxud bizim onun dünyasını rəngarəng etmək barəsində çalışdığımız əsla onu maraqlandırmır. Bəs nədir bizi sürükləyən?! Biz qüsurla yaranan barmağımızı biz bilərəkdən kəsib ata bilərikmi? Biz onu həyatda daşımağa, himayə etməyə məhkum olunmuşuq. Necə ki, bu həyatda yaşayırıq elə.

Mən “Lənətə gəlmiş Oşo fəlsəfəsi” adlı hekayəmdə Oşonun təlimlərinin ziddiyyətinə çevrilmiş hadisələrlə insanlara bu təlimlərin heç nəyə lazım olmadığını göstərmişəm. Lakin reallıq nədir? Biz risksiz yaşaya bilərikmi? Risk bizi yaşatmağa itələyir.

Biz həyata yaşamağa deyil, yaratmağa, işləməyə, ən pis halda ölməməyə, ən yaxşı halda xoşbəxt anlar görməyə çalışırıq. Lakin bunlar kimə gərəkdir. Əgər bir təbii fəlakət insanlar arasında fərq qoymadan bir göz qırpımında milyonları məhv edirsə o zaman sənin işləməyin, yaxud yaşamağın kimin vecinədəir.

P.S. Bundada Tanrını qınama.

Mən bütün bunları söyləməklə həyata olan ümidlərinin üstündən xətt çəkmək, yaxud onları məhv etmək niyyətində deyil, sadəcə sənə yaşayacağın və bir hissəsinə çevriləcəyin (bunu istəmədən edəcəksən) həyatın forma və məzmununa dair ilkin bələdçilik etmək niyyətindəyəm. Ən əsası isə qarşıda qarşılaşacağın uğursuzluqlar, pisliklərin sənə ziyan gətirməməsi üçün ilkin xəbərdarlıq olsun deyə, deyirəm sənə.

Reallığın sonu...

Pulun insan həyatının həll etməsi ideyasına yanaşmanı səthi sayma, pul insanın həyatını dəyişir, amma hansı istiqamətə, bunu insanlar düşünmürlər. Pul insanın həyatını əvəzli olaraq dəyişir, insana çətinliklərdən, məhrumiyyətlərdən uzaqlaşdıraraq qismən rahat həyat bəxş edir, lakin ədalətli şəkildə onu uçuruma aparır.

Həyatın və yaşamağın mənasını hərə bir cür başa düşdüyü tərzdə düşünür və yaşayır. Bu düşüncə ilə yaşamaq arasında ötüb keçən müddət sadəcə mənasız və boş yaşam anlarıdır.

Təəssüf ki, biz həyatı düşündüyümüz və dərk etdiyimiz kimi yaşayırıq. Bu düşüncə anında biz özümüzü, ən böyük halda özümüzün yaratdığı birliyi düşünürük. Lakin biz bu düşüncə anlarını bizim mənasını anlamağa çalışdığımız həyatda yaranmağımızı, yaxud yaranma səbəbimizi, bizi həyatda yaşamağa məcbur və məhkum edən amillərə həsr etməkdən uzağıq. Bu ədalətsizliyin təməlidir.

Təbiətin bəxş etdiyi instink...

Biz düşünmə qabiliyyətinə malik olmayan canlılarla istədiyimiz kimi hərəkət və rəftar edir, düşünmə qabiliyyətinə malik olan canlılarla istədiyimiz kimi deyil, bacardığımız kimi hərəkət və rəftar edirik.

Həyatın qanunauyğunluğu da bundan ibarətdir. Sən düşünmə qabiliyyətinə malik canlıyla düşünmə qabiliyyətinə malik olmayan canlı kimi rəftar etmək istəyirsən, lakin hər şeyi, hətta həyatı da unudaraq, özündən (yaranışdan), insanlardan (insanlıqdan) yavaş-yavaş uzaqlaşırsan.

İnsanlıq...

Körpə uşaqlar əvvəllər mənə şirin, mənalı, yaxud da əziz, özündən razı və hər kəsin məhəbbətini qazanan kimi görünürdü, zaman keçdi və anladım ki, əslində onlar çox məsumdur; axı, onlar danışa, düşünə, istədiklərini deyə bilməyən canlıdırlar, məhz bu səbəbdən mən onları sevməyə və qorumağa başladım. Bu ədalət deyil, bəs nədir?!

Əsl ədalət nəyisə qiymətləndirmək deyil, olanı düzgün qiymətləndirməkdir.

Qızım, ədalətli olan insanı zaman-zaman xəbərçi, kinli, satqın, alçaq və bunlara yaxın adlarla damğalayıblar. Diqqət et, minlərlə insan öz həyatlarını puç edərək məhz ədalətliliyin qurbanı olmuşlar.

Qanun və ürək...

Ədalət - düzgünlükdür. Düzgünlüklə insan qəlbi uyğunlaşmır. İnsan qəlbi bağışlayandır, acız qalandır və istəyəndir.

Qanun və ürək! Bəşər tarixi boyunca bu mübarizəni Viktor Hüqo kimi araşdıran olmamışdır. Lakin o, nə etdi? Ürəyin səsinə qulaq asaraq yanıldığının şahidi oldu, özünü qanuna qurban verdi.

Məhz bu səbəbdən ədalət ilahəsi sayılan Femidanın gözləri bağlıdır. Bizə belə öyrədiblər; ədalətli olmaq üçün mütləq gözlərin bağlı olmalıdır. Lakin bunu doğru hesab etmirəm. Təsəvvür et, sən görmürsən, görmədiyin səhnə sənə ədalətli olmağa necə yardımçı olacaq? Və ən əsası, gözləri bağlı olan insan cəmiyyətdə yaşaya bilərmi?

Unutma, ədalətli insanın bir müdafiəçisi var – Qanun! Qanun qədər heç kim səni qorumaq gücünə malik deyil. Baxmayaraq ki, İsa öz yəhudilərinə deyirdi: “qanunlar kölələr üçün yazılmışdır. – Allahı onun oğlu olan mənim kimi sevin. Bizim kimi Allah övladlarına qanunların nə dəxli var!”. Amma Qanuna da çox ümid etmə. Çünki o insanlar tərəfindən yaradıldığı kimi, insanlar tərəfindən dəyişdirilə və ləğv edilə bilər.

(Yazılan, lakin sonradan çıxarılan hissələr)

“Bu yazını yazmağa məni iki hadisə vadar etdi; birincisi, sənə uşaq yeməyi almaq üçün cibimdə yetərincə pulun olmaması, ikincisi, ədalət axtarışı barəsində o qızın danışığı.”

“Rejissoru Devid Finçer olduğu “Benjamin Battonun nağıllı tarixi” filminə hər dəfə sona qədər tamaşa etmək istəmişəm, lakin indiyə qədər bu filmə cəmi bir dəfə baxmışam, o zaman mən Frensis Fisceraldın həyatını yenidən yaşamışam, amma onun qızına verdiyi nəsihətlərdən tamam fərqli fikirlər söyləmişəm sənə.”

“İnsan dünyaya gəldiyi üçün Tanrıya minnətdar olmalı, yaşadığı dövrdə ədalətli olmalı və rahat ölməlidir.”

“Tanrı, ana, övlad...”

P.S. Atan səni çox sevir...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm