Azərbaycanı ona Çingiz Abdullayev tanıtmışdı
Bizi izləyin

Yazarlar

Azərbaycanı ona Çingiz Abdullayev tanıtmışdı

Azərbaycanı ona Çingiz Abdullayev tanıtmışdı

Bir dəfə facebookdakı kitab səhifəmizdə belə bir sorğu aparmışdıq: Ən çox oxuduğunuz yazar kimdir? Hardasa iki yüzə yaxın adam yazmışdı. İştirak edənlərin əksəriyyəti Çingiz Abdullayevin adını çəkmişdi.

Metroya minəndə sağ-solda əgər kitab oxuyan varsa, əlində böyük ehtimal ya Çingiz Abdullayevin, ya da Elxan Elatlının detektiv romanlarını görmək olar. Yazıçı dostlarımın əksəriyyəti isə nə Çingiz Abdullayevin, nə də Elxan Elatlının əsərlərini ciddi ədəbiyyat nümunəsi kimi qəbul etmir. Həmin dostlarımın kitablarını 100-150 dost-tanışdan başqa kimsə oxumur. Nə dəxli var ki, nə yazırsan? Önəmli odur ki, səni oxuyurlar və tanınırsan. Yazmağa qalsa, İsa Hüseynov dünyanın bir nömrəli yazıçılarından biri idi. Amma nəinki dünya, heç öz ölkəsi belə onu yaxşı tanımır.

Bu gün Rusiyada, Avropada Çingiz Abdullayevi oxuyub qəbul edirlər. Bir dəfə bu mövzuda Universitetdə müəllimimlə mübahisə etdim. Müəllimim israrla deyirdi ki, Çingizin ədəbiyyata dəxli yoxdur. Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi olan bir adamın ədəbiyyata dəxli yoxdur? Bu qədər paradoks olar? Yaxşı, ay müəllim, sizin ədəbiyyata dəxliniz var, amma heç Biləcəriyə səsiniz çatmır.

Bu yaxınlarda Bişkek səfərində maraqlı bir hadisənin şahidi oldum. Deməli, konfransdan bir gün əvvəl günümüz boş idi. Dedim çıxım bir Bişkeki gəzim. Uşaqlığımı yada salmaq üçün trolleybusa mindim. Qarşımda əlində kitab olan bir oğlan durmuşdu. Qəfil gözüm kitabın yan hissəsindəki ada sataşdı. Çingiz Abdullayevin Rusiyada nəşr olunmuş əsəri idi. Qaldığım hoteldən Oş bazarına qədər olan yarım saatlıq yolu bu oğlanla söhbət etdim. Bişkekdə kollec tələbəsi idi. Özümü təqdim edəndə oxuduğun kitabın müəllifinin olduğu torpaqdan - azərbaycanlıyam dedim. Azərbaycanı ona Çingiz Abdullayev tanıtmışdı. Kitabı da atası Moskvadan ona alıbmış. Oğlan da eləmə tənbəllik, başladı Çingiz Abdullayevin bir-bir əsərlərinin adını çəkməyə. Açığı, bi raz utandım. Başımı yelləyib vəziyyətdən çıxdım.

Hər kəs bilir ki, Çingiz Abdullayev bu gün Yazıçılar Birliyinin rəhbərliyində olsa da fikir, düşüncə baxımından AYB-dən çox uzaq adamdır. Əslində Çingiz Abdullayev Yazıçılar Birliyinə daha çox lazımlı adamdır, nəniki Yazıçılar Birliyi Çingizə.

Bu gün dünyada Azərbaycanı Çingiz Abdullayevə görə tanıyanlar varsa, demək, o, sözün həqiqi mənasında hadisədir, ədəbiyyatdır. Sadəcə, bunu qəbul etmək lazımdır.

Mehman Həsən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm