Fahişənin həyatından yazan Koelyo Azərbaycanda niyə oxunur?
Bizi izləyin

Yazarlar

Fahişənin həyatından yazan Koelyo Azərbaycanda niyə oxunur?

“Onsuz da nə oxuduqlarını qanmırlar”

Teleqraf.com saytı olaraq brazilyalı yazıçı Paulo Koelyonun yaradıcılığını müzakirəyə çıxardıq. Ədəbiyyat nümayəndələri ilə onun əsərlərinin Azərbaycan ədəbiyyatına təsirindən danışdıq.

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu kitab oxumağa yenicə başlayan insanların Koelyoya müraciət etmələri gərəkdiyini dedi: “Paulo Koelyonu mütəmadi olaraq oxusam da, aludə olduğum yazıçı deyil. Onun əsərlərini Azərbaycan dilinə çap edirik. Yayım haqları bizim nəşriyyatdadır. Paulo Koelyonun bəlkə də ən az oxunduğu ölkə məhz Azərbaycandır. Çünki onun əsərləri dünyada çox satılır. Demək olar ki, hər həftə təyin olunan Nyu York bestseller siyahısında Koelyonun əsərləri ilk onluqda olur. Ancaq ola bilər ki, kimsə onu bəyənməsin. Bu sırf zövq məsələsidir. Mənim fikrimcə isə yeni kitab oxumağa başlayanlar üçün “Kimyagər” əsəri yaxşı əsərdir. Bu kitab insanda arzular yaradır. Onun digər əsərlərinin hərəsinin bir qayəsi var. Paulo Koelyonun obrazları hansısa bəlağətli ifadələri işlətməyi sevmirlər. Onun əsərlərinin baş qəhrəmanları daim yerini dəyişir, axtarışda olur. Koelyo elə də təsir edə bilən bir yazıçı deyil. Markes mistik realizm yaratmışdı. Yazıçılar onun əsərlərindən bəhrələnirdilər. Ancaq Paulo ayrıca bir cərəyan, sistem yaratmayıb. Ona görə də kiminsə ondan təsirlənəcəyinə inanmıram. Paulo Koelyo çoxsaylı oxucuları sayəsində klassik yazıçı adını qazana bilib”.

Paulo Koelyonun bir neçə kitabını Azərbaycan dilinə çevirən Nəriman Əbdülrəhmanlı yazıçılarımızın onun əsərlərindən təsirləndiyini dedi: “Paulo Koelyo Azərbaycan oxucusuna ona görə maraqlıdır ki, onun dili çox anlaşılandı. Koelyonun əsərləri romandan daha çox ibrətamiz pritçalara oxşayır. Oxucu onun əsərlərini oxuyanda obrazlarının, dilinin dərinliyini görməsə də, ibrətamiz fikirlərdən mənəvi zövq alır. Məhz buna görə də Koelyo dünyada ən çox oxunan iki-üç yazıçıdan biridir. Bizim bəzi gənc yazıçılarımız var ki, onun əsərlərindən təsirlənirlər. Bir çox yazıçılarımızın romanlarında mətnə, obraza qarşı münasibətdə Koelyo dəsti-xətti görmüşəm. Bu, əslində normal bir haldır. Çünki Dostoyevskidən, Tolstoydan, Markesdən təsirlənənlər də olub. Düzdür, bəzi yazıçılarımız var ki, Koelyonu bütə çeviriblər. Öz yaradıcılıqları onun əsərlərinin kölgəsində qalıb. Koelyo böyük yazıçı deyil, ancaq maraqlı yazıçıdır. Ona “qeyri-ciddi yazıçı” demək bir az haqsızlıq olardı. Çünki o, ədəbiyyatı kifayət qədər duyan adamdır. Buna görə də düşünürəm ki, Koelyonu Varislə, Elxan Elatlı ilə eyniləşdirmək düzgün deyil. Bu günün ölçüləri ilə o, artıq klassikdir. Paulo Koelyo dünya ədəbiyyatına öz nəfəsini, üslubunu gətirmiş yazıçıdır. Dünyanın ən çox oxunan üç yazarından biridir”.

Tərcüməçi Fərican Yaren isə Koelyonun maraqsız yazıçı olduğunu düşünür:

“Azərbaycan ədəbiyyatına Paulo Koelyonun nə verdiyini indi prosesin içində olduğumuz üçün demək bəlkə də çətindir. Bunu illər göstərər. Yazarların onun əsərlərindən nə qədər təsirləndiyini bilmək üçün hər birinin bu barədə rəyini bilmək lazım gələcək. Hiss etdiyim odur ki, "11 dəqiqə"ni milli variantda yaratmaq cəhdləri var..Həmid Herisçidə “Brida” əsərindən təsirlənmə hiss edirəm, mistika axtarışı ilə bağlı səyləri nəzərdə tuturam. “11 dəqiqə” isə Pərviz Cəbrayılın “Yad dildə” əsərində var. Mistik arayışlarda olan yazıçı realist oxucuya maraqsız görünür. Bu mənada Koelyo mənim üçün maraqsız yazıçıdır”.

Şair Şəhriyar Del Gerani isə Koelyonun yaradıcılığını “balaca” adlandırıb: “Mənə görə Koelyo Azərbaycan ədəbiyatına nəsə vermək üçün çox balacadır. O ki qaldı Azərbaycan oxucusuna, kimi oxuyur oxusun, onsuz da nə oxuduqlarını qanmırlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm