Yazarlar
"İlk sevgiyə də burda şahidlik eləmişdim..."
1937.az "BAŞI DUMANLI" adlı yeni layihəyə başlayır. Bu layihədə Şuşa haqda xatirə yazıları dərc ediləcək.
Aynur Camalqızı
MƏNDƏ QALAN ŞUŞA
Oxumağı-yazmağı bacarmadığım yaşdaydım. Bütün balacalar kimi məndə də böyüklərin söhbətlərini dinləmək marağı vardı. Bir dəfə Xuramanın özünü Xəznə qayasından (Xəzinə qayası) atmağı barədə eşitmiş və möhkəmcə qorxmuşdum...
Sonralar Şuşada Cıdır düzündən Xəznə qayasına çox baxdım. Hər
dəfə də vahimə ilə. Qəribədir ki, indi də yada salanda mənə elə
gəlir, o tanış hiss – qorxu hardasa yaxınlıqda,
həndəvərimdədir.
Böyüyəndən, məktəbə gedəndən sonra anladım ki, söhbət Səməd
Vurğunun “Vaqif” əsərindən gedirmiş. Yəni, çox güman, o vaxt
böyüklər bu əsər barədə danışırmış. Amma bu epizod mənim yaddaşıma
həmişəlik ilişib qalıb. Şuşa ilə bağlı qəlbimdəki həzin
xatirələrdən biri kimi. Şuşa yadıma düşən kimi – son vaxtlar, demək
olar, hər gün xatırlayıram – Xəznə qayası da yadıma düşür. Elə
bilirəm ki, məcazi anlamda da olsa, Xəznə də yol gözləyir: yeni
qurbanların – xəyanətkarların, günahkarların yolunu.
***
O illərdə, anamın təbirincə desəm, “o gözəl illərdə” hər yay
yaylağa – Şuşaya gedərdik. Hər dəfə eyni evi kirayələyərdik. Molla
Pənah Vaqifin heykəlindən və bazardan yuxarıda yerləşən – küçənin
adı yadımda deyil – bu ev artıq bizimçün doğmalaşmışdı. Qurban
kişinin evi. İkimərtəbəli, yaraşıqlı böyük bir ev idi. Biz ikinci
mərtəbədə qalırdıq. Burda bizdən başqa bir kirayənişin ailə də
vardı. Aşağı mərtəbədə isə ev sahibi öz ailəsi ilə qalırdı. O biri
kirayənişinin mənimlə həmyaşıd olan oğlu girəvəyə salan kimi məni
vurur, ya da oyuncaqlarımı əlimdən alırdı. Üzünü xatırlaya
bilmirəm. Kök, o qədər kök ki, yeriməyə də çətinlik çəkən bir oğlan
uşağının silueti gəlir gözümün önünə. Anası da hündürboy, şişman
qadınıydı. Bir dəfə yenə də oğlu saçlarımdan yapışmışdı. Anam məni
uşağın cəngindən almağa çalışarkən acıqlı-acıqlı gəlib oğlunu çəkib
aparmışdı. Anlaya bilməmişdim ki, oğluna acığı tutub, yoxsa
bizə?
Qurban kişinin Afət adlı qızı da xatirimdədir. Hündürboylu,
gözəgəlimli bu yeniyetmə qızla yanaşı dayananda özümə həddən ziyadə
cılız görünmüşdüm, deyəsən. Çünki “niyə mən də belə ucaboy deyiləm”
deyə üzüldüyüm də dumanlı şəkildə yadıma gəlir.
***
Bunları niyə xatırlayıram? Son vaxtlar Şuşada keçirdiyimiz ayların,
günlərin, saatların bütün təfərrüatlarını yada salmaq, elə bil
Şuşanı yaddaşımda bərpa eləmək, geri qaytarmaq istəyirəm. Bəzən
saatlarla gözlərimi yumub ən xırda, ən əhəmiyyətsiz sayıla biləcək
epizodları xatırlamağa cəhd göstərirəm. Mağazadan üçkünc kağız
qutuda süd almağımız, sonra boşalmış qutuları zibil qabından
götürüb içinə balaca həşəratları yığmağımız, o həşəratlardan
qorxmağım, həmyaşıdlarımın qorxaqlığıma gülmələri... sanki dünən
baş verib. Sanki dünəniydi, nəyəsə acıqlanıb gəlinciklərimin – atam
Aranda qalırdı, həftəsonu bizi yoxlamağa gələndə mütləq mənə və
bacıma nəsə bir oyuncaq alıb gətirirdi – qol-qıçını kəsib ikinci
mərtəbədən yerə atmağımı, qonşu uşaqların həmin kəsik “baş”ları,
“qol” və “qıç”ları səliqə ilə yerinə bağlayıb oyuncaqlarımla
həvəslə oynamalarını, onlara və gəlinciklərimə həsədlə baxmağımı
xatırladıqca mənə elə gəlir, elə Şuşadayam, elə uşağam və bu dəqiqə
anamın səsini eşidəcəyəm: “Üstünü bulama, bacının əlindən
tut...”
***
Xalq artisti Firəngiz Mütəllibovagillə münasibətimiz olduğunu isə
sonralar qardaşlarımdan eşitdim.Televiziyada hansısa tamaşada gənc
aktrisanı görəndə heyrətlənmişdilər: Bəhər müəllimin qızı. Böyük
qardaşım həvəslə Firəngizlə voleybol oynamağından danışardı. Mənsə
xatırlamıram. Əslində, Şuşa ilə bağlı yaddaşımda çox az şey qalıb.
Cıdır düzünə getməyimiz yadımdadı. Şəkil çəkdirməyimiz. Bir şəkildə
elə küskün pozada durmuşam ki, elə bil məni silah gücünə
fotoaparatın qarşısında dayanmağa məcbur ediblər.
Amma buna yüzdə yüz əminəm: Cıdır düzü uşaqlıqda da ən sevdiyim
yeriydi.
İllər şəkillərə də təsirsiz ötüşmür. Onlar da yaşlaşır. Rəngləri
saralır. Amma nə yaxşı, bu şəkillər var. Adam baxır, xeyli
sakitləşir. Düşünürsən ki, gedə bilməsən də, görə bilməsən də, orda
səndən nələrsə var, sənə aid nələrsə var.
Çox şey var.
Hər şey var...
***
Bir dəfə anamla bazara getmişdik. Mürəbbəlik böyürtkən almağa.
Böyük bir vedrə dolusu böyürtkən aldıq. Həmişə bazara gedib
gəldiyimiz küçənin solundakı dar səki ilə geri qayıdırdıq. Səkinin
ortasında enişlə yoxuşu tənzimləyən dar bir pilləkən vardı.
Pilləkəni qalxırdıq ki, anamın ayağı burxuldu, yerə yıxıldı.
Əlindəki vedrə də aşdı. Böyürtkən yerə səpələndi. Dördümüzün də –
qardaşlarımın, kiçik bacımın və mənim əyilərək anamın yarasına necə
baxmağımız, ufuldamağımız, sonra isə heç nə olmamış kimi, yerə
dağılan böyürtkənləri toplamağa can atmağımız, ha çalışsaq da,
vedrəmizin dolmamağı gözümün qabağındadı.
Vedrəmiz dolmasa da, o gün gözümüz və qarnımız doydu. Bir əlimizi
vedrəyə atırdıqsa da, bir əlimiz ağzımızdaydı...
Həmin gün anamın dizləri əməlli-başlı əzilmişdi. Amma mənim fikrim
vedrədəydi. Gözləyirdim ki, anam indicə bizi sorğu-suala çəkəcək:
vedrəmiz aşandan sonra böyürtkənlərimiz niyə azaldı? Guya yerdə nə
vardısa, toplamışdıq, vedrəyə yığmışdıq. Amma evə niyə ala-yarımçıq
vedrəylə qayıtmalı olduq?
Mənə elə gəlir, bizim evdə toza-torpağa bulaşmış o
böyürtkənlərdən bişirilən mürəbbədən daha dadlısı olmadı. Nə əvvəl,
nə də sonra...
***
Axşamçağı Şuşa əhlinin “İstirahət evi” adıyla məşhur olan
meydançaya toplaşmağının da bir ayrı ləzzəti vardı. Çalğıçılar,
şaqraq musiqi, rəqs, xanəndələr... Əsl “musiqi akademiyası”ydı.
Qadınlar təkcə musiqiyə qulaq asmağa gəlmirdi bura, aydın
məsələydi, duzlu-məzəli, maraqlı söhbətlərin, qeybətlərin də
məkanıydı bura: bütün Şuşa burada müzakirəyə çıxarılar, məişət
məzmunlu bir sıra önəmli qərarlar burada alınardı. Oğlanlar burda
qız bəyənər, qız-gəlinlər qızılı-qırmızı donlarını geyib burda
göstərərdilər.
Sümüyə düşən rəqslər olanda tamaşaçılar da ayağa qalxıb rəqqasələrə qoşular, rəqs edər, yallı gedərdilər. Bir dəfə gənc qızların səhnədə rəqs elədiyini görüb mən də həvəslənərək onlara qoşulmaq istəmişdim. Amma görünür, hərəkətərimin nahamvarlığı konsertmeystrin gözündən yayınmamışdı. Əlini-qolunu ölçə-ölçə işarə etmişdi ki, səhnəni tərk eləyim. Pisikmiş halda anamın yanına qaçmışdım. Yaman utanırdım. Yaxşı ki, böyüklərin başı söhbətə qarışmışdı, mənim həyəcanımdan xəbərləri olmadı.
Amma konsertmeystr də haqsız deyidi. O vaxtdan otuz il
keçəndən sonra da gözəl rəqs etməyi öyrənəmmədim.
***
İlk sevgiyə də burda şahidlik eləmişdim. Bu, yəqin ki, mənim uşaq
qəlbimin sevgi haqqında ilk təsəvvürüydü. Oğlanlardan biri
qonşuluğumuzdakı yeniyetmə qızlardan birindən gözünü çəkmədiyinə və
“İstirahət evi”ndən evə qayıdanda dəstəmizi qarabaqara izlədiyinə
görə bəlli olmuşdu ki, bu oğlan bizim qızı “istəyir”. Oğlanın
kimliyi araşdırılmışdı və bəlli olmuşdu ki, nə qalalıdı, nə şuşalı.
Gəlmədi, ağdamlıdı.
O gündən sonra o oğlan məhləmizin ətrafında çox dolaşdı. Hər
axşamçağı başmaq seyrinə çıxan dəstəmizi çox izlədi. Və bir gün,
deyəsən, qızımızın könlünü aldı.
Axşam gəzintilərimizin sayı artmağa başladı, məhlənin gənc
qızları biz uşaqlara həmişə olduğundan daha çox diqqət göstərməyə
başladılar. Bizi də hər gün özləriylə gəzməyə apardılar.
İndi anlayıram ki, əslində, biz bir bəhanə imişik. Sevgililər
üçün məsum bir bəhanə. Çünki artıq o gözəl oğlan bizi kənardan
izləmirdi. Yaxınlaşırdı, dəstəmizə qatılırdı, nədənsə danışırdı,
sevdiyi qız və rəfiqələri maraqla ona qulaq asır, danışıb
gülürdülər.
***
Görüşlərimizin birində o oğlan mənə bir nişan bağışlamışdı. Evə
qayıdandan sonra qardaşlarımdan öyrənmişdim ki, adını unutduğum o
yaraşıqlının – bəlkə də, onun adını heç yerli-dibli bilməmişdim –
öz əli ilə yaxama bağladığı bu qırmızı sancaq oktyabryat nişanıdı.
Niyə mənə məhz bu nişanı vermişdi? Ola bilsin, tezliklə oktyabryat
olacağıma işarə etmək istəmişdi. Ya da ola bilsin, özü komsomolçu
imiş. Bir komsomolçu bir uşağın könlünü daha necə ala bilərdi
ki...
O nişanı qiymətli bir hədiyyə kimi uzun müddət
saxladım...
O oğlansa uşaqlıq xəyallarımın, bəlkə də, həmişəlik qəhrəmanı
oldu.
Uzun müddət mənə elə gəlmişdi ki, dünyanın ən yaraşıqlı, ən ağıllı,
ən sevimli, ən güclü, ən cəsur dəliqanlıları məhz Ağdamda
doğulur!
Və aradan illər keçəndən sonra – baxmayaraq ki, artıq böyümüşdüm –
Qarabağ müharibəsinin qanlı-qadalı günlərinin birində Ağdam işğal
olunanda təsəvvürlərim də alt-üst olmuşdu. Sadəlövhcəsinə
düşünmüşdüm: Ağdam da təslim ola bilər? Bu, necə baş vermişdi, bəs
Ağdamın “ən ağıllı, ən güclü, ən cəsur” dəliqanlıları hardaydı?
Doğrudan, hardaydı onlar? Ermənilər onların hamısını qırıb-çatıbmı
almışdı Ağdamı, yoxsa?..
Ermənilər bu igidləri necə məğlub etmişdilər? Bu, mümkünmüydü?
Daha heç nəyə təəccüblənmirəm.
Daha dünyanın ən yaraşıqlı, ən cəsur, ən ağıllı oğlanlarını da
hərbi geyimdə təsəvvür eləmirəm. Eləyə bilmirəm. Hərdən mənə elə
gəlir, ermənilər Şuşayla bahəm Şuşada keçən uşaqlığımı, Şuşayla
bağlı xatirələrimi də işğal eləyiblər. Oğurlayıblar. Ermənilərə,
əslində, Şuşa yox, bizim Şuşada keçən uşaqlığımız, Şuşayla bağlı
xatirələrimiz, dünya haqqında ilk təsəvvürlərimiz, ilk sevgi
tarixçələrimiz, ilk zümzüməmiz, ilk pıçıltımız, ilk şeirimiz
lazımdı. Ona görə qaytarmaq istəmirlər Şuşanı.
Bu şəhərin fəlsəfəsindən, mistikasından ayırmaq, qoparmaq
istəyirlər bizi...
***
Qarabağda vəziyyətin daha həmişəki kimi olmadığını da ilk öncə
böyüklərin söhbətlərindən anladım. 1988-ci ildə Əsgəranda
ermənilərin iki azərbaycanlını qətlə yetirməsi Qarabağın
yuxarısında ermənilərlə azərbaycanlılar arasında münasibətlərin
düşmənçilik həddinə çatmasının ilk qanlı siqnalı oldu.
Müharibə başlandı...
Biz daha yayda yaylağa – Şuşaya gedəmmədik.
Topxanada Ağaclarımızı qırdılar.
Sonra Adamlarımızı qırdılar.
Şuşa yaxınlığındakı Malıbəyli işğal olundu. Bu kənddə yaşayan
qohumlarımız ayaqyalın, başıaçıq kəndimizə pənah gətirəndə, anam
qırmızı zərli örtüyü yükün üstündən yerə salıb qonaq-qara üçün
əzizləyə-əzizləyə saxladığı ipək üzlü yorğanlarımızı malıbəylilərə
paylayanda başa düşdüm ki, müharibə həm də budu: insan böyüyüb
boya-başa çatdığı, daşının-divarının üstündə əsdiyi evinə həsrət
qalır.
Gözləyir ki, sığındığı evdə nə vaxt qazan asılacaq, süfrə açılacaq
və o da əlini həmişə ərklə uzatdığı süfrəyə artıq çəkinə-çəkinə,
qısıla-qısıla uzadacaq, əti-ətini yeyəcək...
Müharibə həm də buydu: kimin qorxaq, kimin cəsarətli olması bütün
elə bəlli olurdu. Malıbəyli köçkünləri həmkəndliləri Cəsarət adlı
oğlanın cəsarətindən, igidliyindən, onun axıradək doğma kənd
uğrunda kişi kimi döyüşməsindən, kənddəkilərin gözü qarşısında kişi
kimi ölməsindən fəxarətlə danışırdılar və mən düşünürdüm:
Qəhrəmanlığın bir adı da elə Cəsarətdir!
Malıbəyli işğal altındaydı və mən dəhşətlə gözümüzün önündə baş
verənləri izləyirdim: ermənilər Şuşaya bir addım da
yaxınlaşmışdılar.
Amma o vaxt kimin ağlına gələrdi ki, Şuşanın yerləşdiyi yüksəkliyə
ermənilərin əli çata bilər...
***
Bu epizodu da heç unuda bilmirəm. Kəndimizə pənah gətirən
malıbəylilər arasında bir müəllim vardı. O günlərdə vacib bir iş
üçün Ağdamdan Şuşaya gedərkən son anda qorxduğunu etiraf edərək
helikopterdən aşağı enmişdi. Şuşaya getməmişdi. Helikopterdə onun
şagirdləri də varmış. Buna görə də qohum-əqrəba onu qınayırdı ki,
qaçqınçılıq-köçkünçülük qurtarandan sonra – buna necə də
inanırdılar – jurnalı əlinə götürüb sinif otağına girəndə o
uşaqların – şagirdlərinin üzünə necə baxacaqsan?
Az sonra xəbər yayıldı ki, ermənilər həmin helikopteri
vurublar.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik