Bir həzin layla...
Bizi izləyin

Yazarlar

Bir həzin layla...

Mənə yaşam üçün səbr, dözümsən,
İşıqlı dünyaya baxan gözümsən,
Sən, sən deyilsən ki, mənim özümsən,
Mən, səni unuda bilərəmmi heç?!

Sən eşqin bağında barım, bəhərim,
Sənsiz viranədir könül şəhərim,
Yuxusuz gecəmsən, nurlu səhərim,
Mən, səni unuda bilərəmmi heç?!

Sən, məni həyata bağlayan həvəs,
Sən, məni sevgiyə çağıran bir səs,
Sən, mənim dünyada aldığım nəfəs,
Mən, səni unuda bilərəmmi heç?!

Ruhumu qoruyan saf məhəbbətin,
Gecəm də, günüm də hicrin, həsrətin,
İlk eşqi unutmaq çətindi, çətin,
Mən səni unuda bilərəmmi heç...

Sən mənim çəkdiyim ən şirin zülüm,
Sən, mənim çəmənim, çiçəyim, gülûm,
Sən, mənim içimdə dünyamsan, gülüm,
Mən, səni unuda bilərəmmi heç?!

****

Bir şirin kəlməyə, bir gülər üzə,

Bir həzin laylaya möhtacam, ana.

Bir məlhəm baxışlı mehriban gözə,

Bir doğma anaya möhtacam, ana...

Nə uşaq, nə cavan, nə yaşlı, qoca,

Həyatda nə qədər olsam da uca,

Ağrıya, acıya düçar olunca,

Səsində dəvaya möhtacam, ana...

Xoşbəxtdir o kəslərdir vardır anası,

Başqa kimsə varmı candan yanası,

Anasız həyatın yoxmuş mənası,

Mən həmin mənaya möhtacam, ana...

Başımı qoymağa dizə möhtacam,

Təsəlli verici sözə möhtacam,

"Döz bala, bir az da döz"ə möhtacam,

Mən, sənli dünyaya möhtacam ana...

Bir doğma anaya möhtacam, ana...

Xəyyam Məmmədov, Kamança ustası

Oxumağa davam et
Reklam
Reklam

Gündəm