Azərbaycan türkünün gerçək tarixi: “Doqquz bitik”
Bizi izləyin

Yazarlar

Azərbaycan türkünün gerçək tarixi: “Doqquz bitik”

Firudin Ağasıoğlu: “Ən qədim yazılar türklərindir”

Mayın 24-də türkoloq-alim Firudin Ağasıoğlunun “Doqquz Bitik” – “Azərbaycan türklərinin islamaqədər tarixi” kitabının təqdimatı keçirilib. “Avropa” otelində baş tutan təqdimat mərasimində millət vəkilləri, ictimai-siyasi xadimlər və ziyalılar iştirak ediblər.

Türkologiya elmində analoqu olmayan əsər müəllifin bu sahədə apardığı 30 illik tədqiqatın nəticəsi kimi ortaya çıxıb. 5 ildən çoxdur ki, hazır olan əsərin çap edilməsi Azərbaycan tarixi üçün böyük töhfə kimi qiymətləndirilib.

Ramiz Əskərin aparıcılığı ilə keçən tədbirdə ziyalılar müəllifin böyük zəhməti hesabına ərsəyə gələn əsər haqqında xoş fikirlər səsləndiriblər. Ramiz Əskərin sözlərinə görə, “Azərbaycan türklərinin islamaqədər tarixi” əsəri ilə 30 ildən bəri həsrətlə gözlənilən bir sualın cavabına yaxınlaşmış olduq: “Görkəmli Azərbaycan alimi Firudin Ağasıoğlunun bu kitabı milli varlığımıza nüfuz edən, bizi millət və xalq kimi tərpədən böyük bir hadisədir”.

Doqquz cildlik kitabın üç cildinin elmi redaktoru akademik Vəli Əliyev əsəri Azərbaycan tarixinə obyektiv baxış kimi dəyərləndirib: “Firudin Ağasıoğlunun bu əsərdə qoyduğu problem tək onun yox, bütün xalqın problemidir. Çünki Azərbaycan xalqının öz tarixinə obyektiv baxışı bir növ kölgədə qalmışdı. Türkün mənşəyi, etnogenetik proseslərini izləmək Firudinə nəsib oldu.

Firudin bəyin yazdığı əsər obyektivlik baxımından yüksək qiymətə layiqdir. O, bu əsəri yazmazdan əvvəl mənimlə bir neçə dəfə görüşüb, fikrini demişdi. Amma dedim ki, Azərbaycanın ən qədim tarixini yazıb ortaya çıxarmaq hünər tələb edir, asan məsələ deyil. Gərək bütün türk xalqlarının tarixini yaxşı-yaxşı araşdırıb, müqayisə aparasan. Dedi, mən bunu edəcəm və bacardı.

Azərbaycanda iki belə ziyalı tanıyırdım. Biri rəhmətlik Aydın Məmmədov idi, biri də Firudin Ağasıoğlu. Onlar bilirdilər ki, Azərbaycanın tarixi düzgün mənbədən götürülməlidir, saf olmalıdır.

Firudin bəy bir dəfə mənə öz kitabxanasını göstərdi, onda mən əmin oldum ki, bu əsər yazılacaq, işıq üzü görəcək. Amma uzun çəkdi... Fikirləşdim ki, bəlkə, o, bu işdən imtina etdi. Amma elə deyilmiş. Ona bu çətin işin öhdəsindən məharətlə gəldiyi üçün təkrar-təkrar təbrik düşür”.

Tədbirdə çıxış edən professor Nizami Xudiyev tarixi əsərin əvəzsizliyindən söz açıb: “Həmişə türkün tarixi kitablarını müzakirə edirik. Ancaq Firudin müəllim bu kitabları elə yüksək səviyyədə yazıb ki, türk ədəbiyyatı tarixində bu şəkildə tamlığı ilə əks olunan kitab yox dərəcəsindədir.

Firudin müəllim bu əsəri ilə tarixən özünə yer tutmuş nəzəriyyələrə əsaslandırılmış şəkildə etiraz bildirdi. Tarixi prosesləri onun qədər elmi əsaslı bir əsərlə sübut edən ikinci adam olmamışdı”.

Tədqiqatçı-alim Qəzənfər Paşayev isə əsəri bir ziyalı ömrünün bəhrəsi kimi xarakterizə edib: “Bu möhtəşəm əsər, yeni bir nəzəriyyə irəli sürmək təkcə cəsarətin, hünərin deyil, bütün ömrünü bu sahəyə həsr etmiş insan əməyinin bəhrəsidir. Firudin müəllim bu doqquz cildliyə 30 il həsr etdiyini deyir, amma mən inanıram ki, o, lap gəncliyindən bu duyğularla yaşayıb, bu elmlə məşğul olub. O, artıq bir məktəb yaradıb. Bu əsərlər bir-birinə zəncir kimi elə bağlanıb ki, onları ayırmaq mümkün deyil.

9 cild kitab buraxmaq, özü də bu kitabı ən ali məsələyə həsr etmək çox ciddi məsələdir. Tarixin yaddaşı çox qısa və soyuqqanlı olur. Amma Firudin Cəlilov bu əsərlə tariximizi bərpa etdi”.

Millət vəkili Fazil Mustafa çıxışında “Azərbaycan türklərinin islamaqədər tarixi”nin tarixlə bağlı ortaya qoyulan ilk iddialı əsər olduğunu vurğulayıb: “Azərbaycan tarixinə baxışda ciddi bir addım atılması sevindiricidir. Səmimi deyim ki, mən bu doqquz cildliyin əleyhinəyəm, çünki Azərbaycan türklərinin tarixinə isalamaqədərki konteksdə yanaşılmasına fərqli baxıram. Türklərin islamaqədərki tarixi anlayışına daha çox üstünlük verirəm. Bizə tarixə müxtəlif istiqamətlərdə yanaşmaq vacibdir, bu mənada əsərin dəyəri çox böyükdür”.

Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlu Firudin Ağasıoğlunun bu əsərlə gələcəyə bir çağırış etdiyini qeyd edib: “Firudin müəllim bu kitabı Əbülfəz Elçibəy üçün yazdığını demişdi. Bu kitab türklərin keçmişini bəlirlədiyi kimi, gələcəyini də bəlirləyir. Əsər Hind-Avropa tarix tezisinə qarşı alternativ türk tezisi qoyur. Firudin müəllim bu kitabla isbat etdi ki, türklər bu ərazinin yerli əhalisidir və bu torpaqlarda sivilazasiya türklərin iştirakı ilə qurulub”.

Təqdimatda çıxış edən millət vəkili Adil Əliyev müəllifə təbriklərini çatdırıb və onun 30 illik zəhmətinin bəhrəsinin məhz bugünkü iqtidarın dövründə işıq üzü gördüyünü deyib.

Tarixçi-alim Yunus Oğuz isə çıxışında Firdun Ağasıoğlunun Urmiya nəzəriyyəsinin türk nəzəriyyəsində inqilab etdiyini söyləyib.

Türk Tarix Qurumunun rəhbəri Mətin Lakin çıxışında bu kitabın önəmini və türk dilinə tərcümə edilməsinin vacibliyini bilidirib.

Tədbir Firudin Ağasıoğlununun çıxışı ilə yekunlaşıb. Müəllif kitabının yazılma prosesindən, istifadə etdiyi ədəbiyyatlardan bəhs edib. O, tədbir iştirakçılarına abidələr üzərində yazılan qədim yazılarla ilk yazının məhz qədim türklərə məxsus olduğunu sübut etdiyini bəyan edib.

1937.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm