Elməddin: “Bizdə evin böyüyü qardaşımdı"
Bizi izləyin

Yazarlar

Elməddin: “Bizdə evin böyüyü qardaşımdı"

Elməddin: “Bizdə evin böyüyü qardaşımdı"

Kəramət Böyükçölün aktyor Elməddin Cəfərovla söhbəti

I hissə

- Elməddin, evdə neçə uşaqsınız?

- Üç qardaşıq.

- Evin böyüyü kimdir?

- Qardaşım.

- Bizdə evin böyüyü atamdır.

- (Qəfil gülür və əlini mənə uzadır) Vur bura, məni ilişdirdin.

- Ali təhsilin var?

- Hə, var.

- Haranı bitirmisən?

- Gəncə Dövlət Universitetinin tarix-filologiya fakültəsini. Bakı Dövlətin tarixinə düşmək istəyirdim.

- Bəs nə oldu?

- Balım çatmadı.

- Maraqlıdır, tarixə düşsəydin, tarixçi olacaqdın ki?

- Əslində, bəlkə də, bu sahəni davam elətdirib tarixçi olardım. Ona görə ki, tarixi çox sevirəm və tarixə çox da meyilliyəm. Hətta bir müddət şah İsmayıl Xətaini araşdırdım.

- Necə araşdırdın?

- Getdim burdan Ərdəbilə. Onun, babası Şeyx Heydərin qəbrini ziyarət elədim. Təəssüf ki, bizim tarix gizlədilir.

- Nəyi gizlədirlər ki?

- Məsələn, deyirlər, ilk dəfə şüşə Çində olub. Halbuki şüşə ilk dəfə 3 min il bundan əvvəl Azərbaycanda, yəni Ərdəbildə olub. Heyif ki, bunu sübut eləyə bilmirik. Çünki İran imkan vermir, gedib öyrənək, bilək. Əslində, imkan vermirsə, bu o deməkdir ki, şüşə Azərbaycanındır.

- Sənin üçün həyatda elə qutsal mövzular var ki, onlarla məzələnmək olmaz?

- Bəli, var. Ən əsası da dindir. Qətiyyən mümkün deyil ki, dini bir şeyi yumor hədəfinə çevirim.

- Niyə?

- Olmaz!

- Sonra nə olmaz?

- Sonra Azərbaycan hərbçisini yumor hədəfinə çevirmək olmaz.

- Tarixə olan marağını, sevgini məşğul olduğun sənətdə tətbiq eləməyə çalışmısan?

- Heç tarixi də yumor atəşinə tutmaq məqsədə uyğun deyil.

- Məncə, sənin rollarında çılpaq səhnələr də yoxdur.

- Hansısa səhnəni oynayanda birinci onu fikirləşirəm ki, bu, mənim anamın, bacımın, yoldaşımın baxacağı bir şeydirsə, sonra ona əl qoyuram, öz anamın baxa biləcəyi şeyə razı oluram. Hamının anası-bacısı var, yəni onlar da baxa bilsin.

- Tənqid hədəflərin də daha çox sadə insanlar, belə demək mümkünsə, təhlükəsiz adamlardır.

- Bəzən tənqidin elə nöqtəsinə gəlib çıxırlar ki, orda insanları alçaldırlar. Mən belə şeylərə getmirəm. Qıraqdan baxanlar var, başqa ölkədən baxanlar var, istəmirəm bizim millət cılız görsənsin. Əlhəmdülilləh, belə götürəndə, çox sevinirəm ki, azərbaycanlıyam.

- Maraqlıdır, niyə sevinirsən?

- O qədər cılız tərəfləri olan millət görmüşəm, o qədər böyük dediyimiz millətlərin kiçik tərəflərini görmüşəm, vallah, bizim millət üstün cəhətləri dəhşət çox olan millətdir.

- Məsələn...

- Maşaallah, əlhəmdülilləh, din yavaş-yavaş inkişaf eləyir, insanlar Allahını tanıyır. Ola bilər ki, 70 il bizi dindən uzaq tutublar, amma get-gedə görürsən ki, insanlarda vicdan hissi yaranır. İndi çox şey düzəlibdi və çox da düzəlibdir. Əlhəmdülilləh, buna görə də çox sevinirəm.

- Səncə, bu millətin pis cəhəti yoxdur?

- Əlbəttə, pis cəhətləri də var.

- Məsələn, nədir?

- Qardaş, pis cəhətin olması da, normaldır. Ailədə də uşağın biri o birisi ilə təpikləşə bilər. Amma mən milləti alçaldacaq, kiçildəcək tənqidlərə icazə vermirəm.

- Amma səndən başqa eləyənlər var. Məsələn, Rafael, Coşqun...

- Düzdür, belə şeylər var, amma mən heç kimə məsləhət verə bilmərəm. Çünki bizdə bir şey deyəndə, mütləq elə bilirlər ki, paxıllığını çəkirsən. Yəqin hər kəs bir gün dərk eləyəcək ki, belə şeylər olmaz!

- Deməli, sənin məntiqinlə yanaşsaq, Rafaellə Coşqunun tamaşalarında qeyri-etik şeylərə çox yol verilir.

- Belə şeyləri tək onlarda yox, çox adamda görmüşəm. Təbii ki, hər kəsin öz baxışı var. Sadəcə, Rafaellə Coşqunda televiziya deyil, konsert layihəsidir.

- Hər halda, o konserti televiziyada da göstərirlər.

- Nəzərə alaq ki, müstəqil dövlətik, söz azadlığı var, insan azadlığı var. Ona görə də hamının fikrinə hörmətlə yanaşmaq lazımdır.

- Elməddin, sənin səhnələrin demək olar ki, məişətdən kənara çıxmır.

- Hə, düzdür.

- Bəs cəmiyyətin ictimai hadisələri səni niyə maraqlandırmır?

- Açıq deyim ki, inkişafda olan dövlətik. Elə Amerikanı götürək, Allaha and olsun, oranın bomjları da yetərincədir, işsizləri də. Qətl də, qatil də, oğurluq da yetərincədir.

- Bəs səncə, niyə Azərbaycandan baxanda Amerika ideal cəmiyyət kimi görünür?

- Sadəcə, informasiya vasitələri ilə özlərini elə təqdim edirlər ki, guya Amerika cənnətdir.

- İctimai əhəmiyyət kəsb edən məsələləri gülüş yolu ilə cəmiyyətə çatdırmağa çəkinmirsən ki?

- Yox, çəkinmirəm. Elə problem yoxdur.

- Bəs niyə eləmirsən?

- Onsuz da, bu insanlar səhərdən-axşama qədər işdə gərginlik yaşayır. Yəni elə bir iş yoxdur ki, səni əsəbiləşdirməsin. Axşam da gəlirsən evə ki, televizoru açıb stressini atasan, güləsən, xoşbəxt olasan. Təsəvvür elə ki, televizoru açırsan, baxırsan ki, Elməddin düşündürücü rol oynayır.

- Elməddin və düşündürücü rol...

- Hə, yəni sənin dediyin ictimai əhəmiyyət kəsb eləyən süjetlər. Başa düşmək lazımdır ki, bu səhnələr, seriallar insanları daha da təsirləndirmək üçün deyil, onların gərginliyini atmaq üçündür ki, günün pis enerjisi, pis aurası yaddan çıxsın. Mən qarşıma bu cəmiyyəti marifləndirmək deyə, bir məqsəd qoymamışam.

- Deməli, ictimai hadisələrdən danışıb adamların qanını qaraltmaq istəmirsən və sənin sənətin insanların gərginliyini atmaq üçündür.

- Belə şeylərdə alimlərimizə müraciət eləsinlər, gəlib onlar danışsın.

- Axı bu insanlar alimlərə yox, sənə baxmaq istəyir.

- Düzdür, bir alim danışsın, heç bir reytinq verməyəcək. Allah şahiddir ki, bizdə bu xasiyyət də var, ağıllı danışanda heç kəs dinləmir.

- Heç olmasa, buna görə təəssüf hissi keçirirsən ki, insanlar sənə maraqla baxırlar, amma bir alimi dinləmək istəmirlər.

- Əlbəttə, çox təəssüflənirəm.

- Eşq olsun sənə!

- Amma bütün dünyada belədir, biri ağıllı danışanda deyirlər ki, mənə ağıl öyrədir. Belə şeylər insanın psixologiyasında var.

- Xalq olaraq başımız xeyli bəlalar çəkib. Xüsusən Qarabağ hadisələri, 20 Yanvar, Xocalı faciələrindən sonra Azərbaycan insanını güldürmək sənin üçün çətin deyil ki?

- Həqiqətən o hadisələr insanların aurasını öldürmüşdü. Biz “Tək səbir” verilişinə başlayanda demək olar ki, heç nə yox idi. “Parni iz Baku” bağlanmışdı, “Bu şəhərdə” var idi, o da daha çox lətifələrdən ibarət idi. Yəni hamının bildiyi şeyi ekranlaşdırırdılar. Həmin məqamda “Tək səbir” çox böyük partlayış elədi. Hər şeyi tənqid edirdik, amma çərçivələrimiz də vardı.

- Yəni həmin məqamda insanları güldürmək asan idi?

- Hə... Onda adamları güldürmək asan idi.

- Bəs indi?

- İndi çox çətindir.

- Səncə, niyə?

- Televiziyalar çoxaldı, internet yayıldı, saytlar-filan ortaya çıxdı və nəticədə insanların intellekt səviyyəsi yüksəldi. İndi hər şeyə gülmürlər. Hər şey çox dəyişib.

- Mövzu problemi də olur?

- Əlbəttə olur. Elə vaxtlar olub, oturub uzun-uzadı düşünmüşəm, nə eləyim ki, gülməli çıxsın, adamlar gülsün.

- Bəlkə, qorxursan, çəkinirsən, yoxsa ictimai hadisələr səni maraqlandırmır deyə, belə şeylərə getmirsən?

- Elə şeylər var, onları tənqid eləyib dəyərləndirmək istəmirəm.

- Necə yəni?

- Tənqid eləmək onun reklamıdır. Hansısa insanların reklama ehtiyacı var, onların haqqında danışıb onu dəyərə mindirmək istəmirəm. Bəzi dəyərsiz şeyləri görmədən keçirəm. O səviyyəsizlik onun çəkisinə uyğundur.

- Sənə hansısa qadağalar qoyulur?

- Əlhəmdülilləh, bizdə heç nəyə qadağa qoyulmur, istədiyimizi, bacardığımızı məsləhət görürüksə, eləyirik. Amma biz də özümüzə hədd qoymuşuq. Məsələn, təhsillə bağlı tənqidlərimizi eləmişik.

- Hansı tənqidi nəzərdə tutursan?

- Müəllimlərin hədiyyə yığmağı ilə bağlı, işıq idarəsini-zadı da tənqid eləmişəm. O vaxt qərar verilmişdi ki, 8 Martda hədiyyə alan müəllim cərimələnəcək.

- Əhəmiyyəti oldu?

- Həmin müəllimlər mənim tənqidimə baxıb gülürlər, bəzən də gəlib mənə təşəkkür eləyirlər ki, sağ ol, bizi reklam edirsən. İnanırsan, yanıb-tökülürəm. Adam ləzzət alır ki, mənim efirdə adım çəkildi.

- Maraqlıdır, səni kim güldürür? Söhbət Azərbaycandan gedir.

- Rafaellə Coşqunun bəzi səhnələri var ki, gülürəm. Bu yaxınlarda “Parni iz Baku”nun konserində oldum, düz iki saat güldüm. O qədər düzgün yanaşmışdılar ki...

Müşfiqin səhnələri xoşuma gəlir. Düzdür, o molla səhnələrində bir az dinə gedib çıxır, amma meyxana səhnələri xoşuma gəlir.

- Bəs Fərda necə?

- Fərdanın adını çəkməsəm, zülmə düşərəm. Onun yumorlarını çox xoşlayıram. Mənim üçün Azərbaycanda Fərda qədər sözdən söz düzəldən ikinci adam yoxdur.

- Ola bilər ki, Rafaellə Coşquna o azadlığı veriblər, amma sizə yox...

- Ola bilər.

- Niyə?

- Çünki onlar 90-cı illərdən böyük səhnədədir. Onların tamaşaçı kütləsi çoxdur.

- Elməddin, məncə, yaratdığın imic çox qeyri-ciddidir.

- Mən əvvəllər sosial şəbəkələrdə olanda düşünürdüm ki, ictimai bir adam olum, titulum olsun... Sonra sosial şəbəkələrdən uzaqlaşdım, dini kitablar oxumağa başladım və başa düşdüm ki, hansı sənətin sahibi olmağından asılı olmayaraq, mütləqdir ki, yaxşı insan olasan, Allahın gözəl qulu olasan.

Dəyəri insanlardan yox, Allahdan gözləməlisən. Səni Allah dəyərləndirməlidir. Hamı məndən narazı ola bilər, mən hesabatımı Allaha verirəm. Hamı məndən razı olsun deyə, rəbbimə xoş olmayan bir şeyi qətiyyən eləyə bilmərəm.

- Yəqin içki də içmirsən.

- Yox, içmirəm və içki olan məclislərə də getmirəm.

- Niyə?

- Mən belə çox xoşbəxtəm, gecələr rahat yata bilirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm