• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Aysel Əlizadə: “Aqşini qızı İzel xilas elədi”

  • Yazarlar
  • 18 İyun 2014 16:54
  • 10 476 Baxış
Aysel Əlizadə: “Aqşini qızı İzel xilas elədi”

Aysel Əlizadəylə çoxdan görüşüb söhbətləşməliydik. Amma gah onun işi çıxdı, gah mənim. Nəhayət, qərarlaşdırdıq ki, müsahibə qalsın Ayselin Türkiyə səfərindən sonraya.

Beləliklə, bu günlərdə evlərində görüşdük. Həmişəki kimi, çox şeylərdən danışdıq.

Bu günlərdə Türkiyədə çıxan ikinci kitabının – “Erkekler” əsərinin təqdimatı oldu. Elə söhbətə buradan başlayaq. Tədbirlə bağlı təəssüratlarını bilmək maraqlı olardı.

– Keçən il IQ Kültür yayınçılıq evindən kitabla bağlı təklif gəlmişdi. Amma mən gözlədim ki, Türkiyədə çıxan “Beyaz kürk” hekayələr kitabından sonra, heç olmasa, bir il keçsin. Onlar ümumiyyətlə klassik və çağdaş Azərbaycan ədəbiyyatıyla maraqlanırlar, axtarıb-araşdırırlar. Məndən yeni roman istəyirdilər. Amma əsər hələ hazır olmadığından qərara gəldim ki, Azərbaycanda nəşr olunmuş “Erkəklər” romanımı təqdim edim. Hər iki kitabı türkcəyə İmdad Avşar çevirib. Təqdimat İstanbuldakı Azərbaycan kültür evində oldu. Tədbirə türklərlə yanaşı, orada yaşayan azərbaycanlılar, o cümlədən güneylilər də gəlmişdi. Kitab gözlədiyimdən də yaxşı qarşılandı. Çox adam – ziyalılar, tələbələr, Azərbaycan mədəniyyətini tədqiq edən araşdırmaçılar toplaşmışdı. Əsərlə, təbii ki, çox adam tanış deyildi, çünki elə təqdimat mərasiminə toplaşmışdıq. Amma oxuyanlar, xüsusilə kültür evinin rəhbəri Hikmət bəy əsərdəki gözlənilməz keçidlərdən danışdı. Türkiyədə vapurla gəzəndə qarşı skamyada bir kişi oturmuşdu. Qızım İzel gedib onun yanında oturdu, söhbətə başladılar. Kişi İzelə məsləhət gördü ki, televizordan daha çox kitablarla maraqlansın. Astadan dedim ki, o, elə kitablarla böyüyür, anası yazardı. Adam çox şaşırdı. Hiss elədim ki, ədəbiyyatı sevir. Təsadüfən yanımda son kitabdan birini götürmüşdüm, çıxarıb imzaladım. Kişi sevincindən, az qala, uçurdu. Qarşılığında çantasından bir bloknot çıxarıb mənə bağışladı. Yəni o, kitabı hədiyyə kimi qəbul eləmək istəmədi. Bu, məni çox təsirləndirdi. Bilirsən də, bu, bizim yaralı yerimizdi...

Aysel, bizdə keçirilən təqdimat mərasimləriylə oradakılar arasında hansı fərq var?

– Əvvəlcə bir şeyi qeyd eləyim. Topqapıda başqa bir Azərbaycan kültür evi var. Yayınçılığın təmsilçisi onlarla danışmışdı ki, sizin yazarın burada kitabı çıxıb, onun tanıtımını təşkil etmək istəyirik. Oradan isə bildirmişdilər ki, kitabın adı “Erkekler” olduğundan bu kitabın tanıtımını burada edə bilmərik. Ədəbiyyata, mədəniyyətə kültür evinin rəhbərliyinin bu cür yanaşması mənə çox qəribə gəldi. Sanki “erkek” ayıb bir sözdür. Görün adamların təxəyyülü nə qədər zəngindir, yozumlarda hardan-hara gediblər...
Fərqə gəlincə, türklər daha rahatdırlar, gərginlik yoxdu. Bizim təqdimatlarda hamı gərgin olur, tədbir çox formal keçir, müəllif özünü boğub oturur. Amma orada təqdimatda adamlar təkcə əsərdən deyil, həm də onları narahat edən başqa, əlaqəli mövzulardan danışırlar. Xüsusən gündəmə münasibət bildirməyə həvəslidirlər. Yəni, çərçivə olmur. Təqdimata ütülü, nişastalanmış geyimdə, qalstuk-pencəkdə gəlmirlər. Səmimi danışırlar, pafossuzdurlar. Danışdıqları mövzunu çox yaxşı bilirlər. Onların “Sən” müraciəti adamı qıcıqlandırmır, çünki bunun arxasında baqaj, səmimiyyət, hörmət var.

Bu günlərdə AYB-nin qurultayı keçirildi. Bu barədə nə düşünürsən?

– Nə düşünəcəm? Hər şey aydındır da...

Aysel, çoxprofilli adam hesab oluna bilərsən. Şeir, roman yazırsan, tərcümə edirsən, televiziya, mətbuat, sayt işlərində təcrübən var, bir müddət ifaçılıqla məşğul olmusan, siyasətə güclü meylin var. Üstəlik, anasan. Bu qədər parçalanmaq səni narahat etmir ki?

– Yox, narahat etmir. Bunu parçalanma hesab etmirəm. Əksinə, özümü daha çox iş görmüş hiss edirəm. Bunlardan biri olmasa, həyatımda boşluq hiss edə bilərəm. Hər şeyi şeirə gətirmək olmur axı. Amma bir şeyi deyim, son vaxtlar şeir yaza bilmirəm. Bu, vaxtla bağlı məsələ deyil. Çünki mən şeir yazanda paralel nəsrlə də, publisistikayla da, İzellə də məşğul olmuşam. Şeir öz vaxtını özü təyin edir. Görünür, indi poeziya məzuniyyət götürüb. Tərcüməyə gəlincə, “Qanun”un rəhbəri Şahbaz Xuduoğlu təklif elədi, görünür, hiss eləmişdi ki, məndə alınar. Beləcə başladım. Tərcümə elədiyim kitablar – Oşonun iki, Aqata Kristinin bir kitabı da ən çox satılan kitablar siyahısındadır. Bu yaxınlarda da mənim tərcüməmdə Platonovun “Kotlovan” əsəri işıq üzü görəcək...

Aysel, qəfil sualımdan çaşma, sözümün mabədi olacaq. Amma əvvəlcə, de görüm, özünü gözəl qadın hesab edirsən?

– Özümü çəkici hesab edirəm. Bilirəm ki, məndə diqqətçəkən nəsə var.

Gözəllik yaradıcı qadın üçün divident gətirir, yoxsa daha çox mane olur?

– Gözəlliyin populyarlıq gətirməsini mif sayıram. Çünki məndən gözəl qadınlar var. Amma bunu bir dəfə hardasa demişəm, gözəl qadınlar, adətən, maraqlı olmurlar. Tək fiziki gözəllik azdır, bu, uzun müddət diqqət çəkə bilməz. Mənə elə gəlir ki, insanların mənə bağlanmağının səbəbi təkcə xarici görünüşüm deyil, həm də bazamdır. Çünki ünsiyyətdən sonra çoxlu dostlar qazanıram. Adamla gözəlliyinə görə dostluq eləmirlər ki. Ümumiyyətlə, bilmirəm, başqa ölkələrdə necədir, amma bizdə gözəl, baxımlı, kreativ, müasir qadına, ya elə kişiyə ciddi yanaşmırlar, fikirlərşirlər ki, o, rahat, qayğısız adamdır, hadisələrə səthi yanaşır. Bunun səbəbini tapmışam özüm üçün. Çünki Azərbaycanda, adətən, elə belə də olub, yəni bu, təcrübədən irəli gəlir. Məsələn, yaraşıqlı kişi qadını əldə etmək üçün o qədər də beyin işlətmir. Eləcə də gözəl qadın da xarici görünüşü diqqət çəkmək üçün yetərli hesab elədiyindən adamlar onunla ünsiyyətdən sonra məyus olurlar.

Yəni çəkiciliyin sənə mane olur?

– Olur. Məsələn, iş görüşməsinə gedirsən, bir qədər sonra hiss edirsən ki, sənə özəl münasibət var, qarşılıq verməyəndə münasibətlər gərilir, iş pozulur. Amma üstünlükləri də var. Bir qadın kimi, diqqət xoşuma gəlir. Bundan başqa, məsələn, müəllimim universitetdə mənə heç nə soruşmadan “5”yazdı, dedi ki, sən Azərbaycan gözəlisən, elə Allah sənə “5” yazıb da. Yəni estetlər, dünyaya başqa gözlə baxan, Tanrısı gözəllik olan adamlar da var ki, məsələyə şəxsi zəmində yox, bəşəri prinsiplərlə yanaşırlar. Amma daha çox, əlbəttə ki, mane olur. Bəzən belə fikir gəlir keçir beynimdən: bəlkə də, dünyada yeganə qadınam ki, tez qocalmaq istəyirəm. İstəyirəm, görünüş mane olmasın, yazdıqlarıma diqqət versinlər.

Yazar qadın kimi, xüsusi yadında qalan kreativ oxucu tərifi varmı?

– Bir oxucum var, bütün yazılarımı, haqqımda gedən bütün materialları sözbəsöz oxuyur, amma heç nəyi də bəyənmir, daim irad bildirir. Yazım çıxmayanda da e-mailə yazır, əsəbiləşir ki, niyə yazmırsız. Nadir və çox maraqlı oxucudur, ola bilsin, fərqli görünmək üçün edir. Çünki bəzən absurda varır, bəzən tənqidlərinin məsələyə dəxli olmur. Hər yazdığında intellektual mübahisəyə girmək istəyir və bu, mənim xoşuma gəlir. Amma ən yaddaqalan məktubu Güney Azərbaycandan almışam. Tanımadığım bir adam yazırdı ki, güneyliyəm və içimi boşaldacaq, öz dilimdə, kültürümdə dərdimi danışacaq adam tapmıram, burada heç kimim yoxdur və çox fikirləşəndən sonra qərara aldım ki, sizə yazım. Bundan sonra neçə gün özümə gələ bilmədim, kövrəldim və həm də çox sevindim, qürurlandım.

Yazar qadın xüsusən gözəldirsə, onun barəsində çoxlu şayiələr dolaşır. Qulağına çatan nəsə olub?

– Son vaxtlaradək bu barədə bilmirdim. Kənar adamların həyatında, təcrübəsində gördüm ki, kiminçünsə qadının yazması problem ola bilər. Onda başa düşdüm ki, bütün bunların mənə də dəxli var. Axı bizim barəmizdə xoşagəlməz söhbətləri gəlib üzümüzə deməyəcəklər ki? Başqalarına danışırlar. Və başqalarına danışırlarsa, deməli, elə o başqalarından da danışırlar. Bütün bunlardan uzaq olmaq lazımdır, belə şeylərə münasibət bildirməyə dəyməz. Amma hansısa qadına yazıb-oxumaqla qadağa qoyulursa, o, mütləq həmin mühitdən qaçmalıdır. O gün də bu barədə söhbət oldu ki, həbsxanada hər şeydən məhrum olan, bütün dəyərlərini, ümidlərini itirən adamlar hara üz tutur? Kitablara, ya dinə. Tanrı özü də insanla dialoqa kitabla giribsə, demək, mütaliə, gerçəkdən də, həyatda ən ciddi nəsnədir. Ən çətin anlarda kitab səni xilas edir. Pulsuz qalmaq olar, yarıac, bahalı geyimlərsiz yalnız kitabların içində yaşamaq olar. Mən belə eləmişəm. Uşaqlıqdan nağılların, kitabların dünyasında yaşamışam. İndi də İzelə oxuyuram.

Qadağalardan danışdın. Sənə qadağa qoyan olub?

Yox. Mənə bunu kimsə edə bilməz. Ümumiyyətlə, anlamıram, adamın hisslərinə, fikirlərinə, davranışlarına necə qadağa qoymaq olar? Və bu kənar qadağalarla necə razılaşmaq olar?

Qadağa qoymusan?

– Heç vaxt. Heç bir halda.

O zaman, icazənlə, şəxsi sual verim. Əslində, şəxsi sayılmaz. Bax sən də sərbəst düşüncəli adamsan, keçmiş həyat yoldaşın Aqşin Yenisey də. Azadlıq barədə düşüncələriniz də üst-üstə düşürdü. Niyə sizin izdivac alınmadı? Yoxsa, iki yaradıcı adamın bir yerdə yaşaması mümkün deyil?

– Niyə ki, mümkündür. Qarşılıqlı minnətdarlıq hissi olsa ki, həyatımda var olduğun üçün, məni sevdiyin üçün sənə minnətdaram, yəni belə bir münasibət qurulsa, izdivac uzun sürür. Yox, əgər belə yanaşırsa ki, məni sevmək və anlamaq hamının borcudur, o zaman bir gün səni sevən adamların da sevgisi tükənir.

Yəni tərəflərdən biri daha çox sevir?

– Yox. Sevgi ya var, ya yoxdur. Daha çox, daha az sevgi olmur. Əgər insan hiss edirsə ki, onu az sevirlər, deməli, onu sevmirlər. Deməli, əslində, bu, başqa münasibətdir: ya adamın boynuna düşüb, ya nəyinsə xətrinə münasibəti kəsmir, ya da bioloji faktorlar, qan qohumluğu amili ola bilər. Amma sevgi deyil.

Yəni, səncə, Aqşin səni sevmirdi?

– Məncə, yox.

Aysel, Aqşindən söz düşmüşkən, onun xəstəliyi ilə bağlı məsələdə diqqət həm də sənin üzərinə yönəldi. Sənin narahatlığını, şairi xəstəxanaya aparmağını, çətin anda onun yanında olmağını fərqli dəyərləndirənlər oldu. İstəyirəm, bu məsələyə aydınlıq gətirəsən. Niyə Aqşini ölümdən xilas elədin?

– Onu mən xilas eləmədim, Aqşini qızı İzel xilas elədi. “Erkekler” kitabının tanıtımıyla bağlı İstanbula getməliydik, qızımı da aparmaq üçün atasının razılığı tələb olunurdu. Sənədi düzəltdirmək üçün Aqşinə zəng vurdum, hiss elədim ki, səsi yaxşı gəlmir. Tələbəlikdən tanışıq və səsindən başa düşdüm ki, vəziyyəti ağırdır. Düzdür, dedi ki, sənədi düzəldər, indi başqa yerə getməlidir. Etiraz elədim ki, bu halda heç yana getməsin. Sənəd-filan yadımdan çıxdı. Gecə əmisinə yazdım ki, Aqşin yaxşı deyil. Səhər təkrar özünə zəng vurdum, gördüm, öskürür. Dedi, gecə təcili yardım çağırmalı olub. Dedim, gözlə gəlirəm. Anamla getdim ki, ehtiyac olsa, yanımda kömək üçün kimsə olsun. Qapını açanda anam da, mən də şoka düşdük. Bəlkə də, Aqşin anamı tanımadı. Yataqda təmtək uzanıb canıyla əlləşirdi. Hər an nəsə ola bilərdi. Bilmirdim neynim, onu o şəkildə qoyub gedə bilməzdim. Məəttəl qaldım ki, hanı o adamlar, yaxınları onu bu şəkildə niyə qoyub gediblər? Sənə yazdım, İradə xanıma – İradə Tuncaya yazdım. Dedi ki, əsas onu xəstəxanaya aparmaqdı, qalanını həkimlər edəcək. Ən yaxın adamlara zəng etdim, həkim tapdıq, Aqşin razılaşmadı. Evində yeməyə heç nə yox idi, xırda-para bazarlıq edib, yemək bişirdim. Axşam saat 10-da qayıtdım evə. Səhər yenə zəng vurdum, bir az əsəbi formada dedi ki, nə istəyirsən, getməyəcəm həkimə. Qorxutdum onu, daha doğrusu, düzünü dedim ki, rəngin qaralıb, gözün sapsarıdır, vəziyyət yaxşı deyil. Razılaşdı. Qalanını özünüz bilirsiniz.

Motivin nəydi, Aysel? İnsanlıq borcuydumu, dostluqdumu, yoxsa Aqşinin qızının atası olduğunu düşünüb elədin bunu?

– Ümumiyyətlə, biz təmənnasız insani münasibət görəndə təəccüblənirik. Ona görə də altqat axtarırıq. İndi deyirlər, Aysel hələ də Aqşini sevir...

Və ya divident qzanmaq istəyir.

– Divident, ümumiyyətlə, söz konusu deyil. Mən Aqşinlə özümə niyə diqqət çəkim ki? On səkkiz yaşımdan bu ölkədə öz işimlə tanınıram. Heç kəsi qaralamamışam, heç kəsin bostanına daş atmamışam. Xüsusi ajiotaj yaratmaq fikrim olmayıb. Bir də ki, o vəziyyətdə bu barədə düşünmək mümkündürmü? Gözünün qarşısında bir insan ölür. Ona qədər məsələni mətbuata çıxarmadım. Adamı qucağımda maşına qoyub xəstəxanaları gəzirdik. Sonuncu məqamda mediaya danışdım, çünki Aqşini xəstəxanaya götürmək istəmirdilər. İkincisi də, məni heç kəsin bu məsələyə münasibəti maraqlandırmır. Heç Aqşinin özünün də. Çünki Aqşinin özünə qalsa, mən gərək heç onun adını da çəkməyəydim. Çünki buna yer qoymamışdı. Digər tərəfdən, övladımın atasıdır və məndən sonra İzelə bioloji olaraq ikinci ən doğma adamıdır.

Növbəti ağrılı sual verəcəm. Bütün bunlardan sonra Aqşinin son müsahibəsində “bir oğlum var” deyib, İzeli unutması nəylə bağlıydı? Təəccübləndin?

–Yox. Mən ondan gələn heç bir zərbəyə artıq təəccüblənmirəm. Dediyi heç nəyə fikir də vermirəm. Sadəcə, sağlamlığı ilə maraqlanırdım. Türkiyəyə getməzdən öncə bəzi ehtiyaclarıyla bağlı ona baş çəkmişdim, yaxşı idi.

Yəni, sənə münasibətində aqressiya-filan yox idi?

– Qətiyyən. Əksinə, mənim yanımda rahat olurdu. Amma son müsahibəsində gördüm ki, boynuna yeni aparat bağlayıblar. Görünür, vəziyyəti pisləşib. Bundan narahat oldum. Amma o nə danışır, niyə danışır, buna fikir vermirəm. Bununla belə, kənar rəylər məni incidir, bilmirəm niyə, amma incidir...

İzel atasını soruşur?

– Soruşmur e. Çox həssas uşaqdır. Amma başa düşür ki, vəziyyət necəsə başqa cürdür. Bir ildi ki, münasibət yoxdu deyə evdə onun adını çəkmirəm.

Münasibət niyə yoxdur ki? Uşaqla görüşməyinə qadağa qoymusan?

– Səncə, mən belə qadağa qoyaram? Niyə yalan danışım, niyə gizlədim ki, onları mən tanış eləmişəm. İndi fikirləşirəm ki, bəlkə də, səhv eləmişəm. Çox çalışdım onları yaxınlaşdırım, onda atalıq hissini oyadım ki, övladım nakam böyüməsin. Özüm İzeli onun yanın apardım. İzelin artıq dörd yaşı tamam olub, amma Aqşinin anası hələ uşağın üzünü görməyib. Üstəlik, Aqşin onun ilk övladıdır. Qardaşları görüb, çünki mən aparmışam, tanış eləmişəm. Sonra gördüm ki, təkidlə atalıq duyğusu oyatmaq olmaz. Özü uşağa maraq göstərmirdi. Düzdür, elə mərhələ olurdu, iki gündən bir zəng vururdu ki, qızı götür, gəl. Amma mən sırf İzelə olan münasibət axtarırdım, istəyirdim məni məsələyə qatmasın. Mən görüşməyə etiraz edəndə İzelə də münasibəti dəyişirdi. Halbuki, mən övladıma münasibətimi Aqşinə görə tənzimləmirəm.
ABŞ-ın postmodernist yazarı Don Delillonun “Ağ səs” əsəri var, orada bir cümlə mənim yaddaşımda ilişib qaldı: “O, sevdiyi adamları həqiqətdən uzaq tutmağa çalışırdı”. Postmodernist yazıçının bu qədər kobudluqdan, ironiyadan uzaq, ciddi və real, eyni zamanda, romantik fikir söyləməsi mənə qəribə gəldi. Düşünürəm, mən də belə eləməliyəm. Mən onu Aqşindən mümkün qədər qorumalıyam ki, zədə almasın və xoşbəxt yaşasın. Çünki ən böyük zərbə qızıma atasından gəlir. İzel nə vaxtsa o müsahibəni görsə, travma alacaq. Böyüyəndə, yetkinlik yaşına çatanda isə, əlbəttə, qərarını özü verəcək...

Mövzunu dəyişək. Bir az İzeldən danış. Onun gələcəyini necə görürsən?

– İzeli diplomat görmək istəyirəm. Çünki indidən görürəm ki, çox diplomatik gedişləri olur. Rəssamlığa, fiqurlar düzəltməyə meyillidir, baletlə maraqlanır. Ümumiyyətlə, hər bir halda istərdim ki, yaradıcılıqla bağlı hobbisi olsun. Bu, əsas işə mane olmur ki.

Özün nəylə məşğulsan?

– Romanımı yazıram. Mövzunu bilmirəm.

Bu, yazıçı hiyləsidir?

– Yox, doğrudan bilmirəm. Çox şey var.

Televiziya üçün darıxmırsan?

– Darıxıram...

Siyasətlə məşğulsan. Millət vəkilliyinə namizəd olmaq fikrin yoxdur ki?

– “125” qrupunda olduğum üçün belə bir perspektiv ola bilər. Elə televiziyaya da bunun üçün getmək istəyirəm ki, ədəbiyyat naminə daha çox iş görmək imkanı olsun. Bu günlərdə 1937.az saytında Brodski ilə bağlı bir yazı oxudum, deyirmiş, millət vəkili seçəndə daha çox onun ədəbi biliyinə, nə oxuduğuna diqqət edin. Bunu oxuyanda yadıma düşdü ki, vaxtilə siyasətçi İlqar Məmmədova simpatiyam vardı, bir dəfə ona sual ədəbiyyatla bağlı sual vermişdilər, demişdi ki, mən ədəbiyyatla maraqlanmıram. Simpatiyam elə o cümləylə ölüb getmişdi. Siyasətçinin mütaliəsi onu bir pillə də qaldırır... Elə bu gün ədəbi mühitdə də görürsən ki, proses gedir, amma mətn azdır. Bununla belə, düşünürəm ki, bizim nəsil xeyli iş görə bildi.

Müsahibələrindən birində demişdin ki, Azərbaycana "Nobel"i sən gətirəcəksən və bu açıqlaman xeyli ajiotaj yaratmışdı. Bu bəyanatından peşman olmadın ki?

– Mən indi də bunu deyirəm. Hədəfim "Nobel"dir.

Yaxşı, onda belə bir sual: Aysel Əlizadəyə "Nobel"i nəyə görə verməlidirlər?

– Niyə verməməlidirlər?

Üstünlüklərini sadala.

– Yazılarıma görə. Mənə elə gəlir ki, başqa dalğada düşünürəm, yazıram. Məsələn, poeziyam, yazılarımın bəziləri o qədər də əlçatan deyil. Bunlar öz qiymətini alacaq. Hər halda, mən Nobel alsam, bu, Azərbaycanın adıdır. Bir də, yazılarımda mən çoxluğu azlıqda, qloballığı lokal şəkildə ifadə etməyə çalışıram. Fikrimcə, ədəbiyyat mümkün qədər lakonik danışmağı bacarmaqdır. Düşünmürəm ki, yazıçı yaşadığı mədəniyyətdən, mühitdən kənarda nəsə əsər yarada bilər. Belə ola bilməz. Kökündən qopmaq lazım deyil.

Rəbiqə Nazimqızı

Foto: Elnur Muxtar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR