Vaqif Səmədoğluna şeir tacı verdilər - FOTOLAR
Bizi izləyin

Yazarlar

Vaqif Səmədoğluna şeir tacı verdilər - FOTOLAR

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, Aşıq Şəmşir Ocağı” İB-nin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə keçirilən Azər­baycandan Türk Dünyasına könül körpüsü” adlı layihə çərçivəsində Azərbaycanda olan, qardaş Türkiyə və İraqı təmsil edən 20-ə yaxın tanınmış şair, yazıçı və ədəbiyyatşünas Xalq şairi Vaqif Səmədoğlunu evində ziyarət ediblər.

Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva Xalq şairinə sözükeçən tədbir, qonaq yazarların respublikazmıa səfərinin proqramı barədə ətraflı bilgi verərək, bu səfər çərçivəsində onun ziyarət edilməsinin bir vəfa borcu, şeirə-sənətə məhəbbət və şairin özünün şəxsinə, yaradıcılığına sayğının ifadəsi olduğunu dedi.

Millət vəkili Qənirə Paşayeva qardaş Türkiyənin ədəbi-ictimai sektorunda nüfuz sahibi olan dəyərli insanların, o cümlədən çox nüfuzlu şair olan Cemal Safinin bu heyətdə yer almasını Azər­bay­cana, ədəbiyyatımıza bəslənən münasibət, sevgi və sayğı kimi xarakterizə etdi.

O, gözəl bir layihə olan Kapadokiya Şeir Şölənin ənənəvi olaraq hər il gerçəkləşməsində böyük əməyi olan Türkiyəli xanım yazar Ayişə Paslanmazı, Kərküklü soydaşımız dr. Şəmsəddin Kuzəçini, heyətin digər üzvlərini Xalq şairinə təqdim edərək, Kapadokiya Şeir Şölənlərində son illər formalaşmış ənənəyə uyğun olaraq, bu il də fəxri “şeir tacı” sahiblərinin seçildiyini, onlardan biri bizim çox dəyərli şairimiz, hamımızın sevimlisi əziz Vaqif Səmədoğlu olduğunu dedi.

Sonra Türkiyəli şairlər tərəfindən “şeir tacı” Xalq şairinə təqdim olundu.

Xalq şairi Vaqif Səmədoğlu bu təltifdən məmnun olduğunu deyərək, belə bir qərar qəbul etmiş qardaş ölkənin şair və yazarlarına təşəkkür etdi. Xalq şairi Ədəbiyyat, ümumən Mədəniyyət üzərinə, Türk Dünyasında ədəbiyyatın, mədəniyyətin oynadığı rol, bu yaradıcılıq sahəsinin dünəni, bu günü və sabahı haqqında fikirlərini, atası – Xalq şairini Səməd Vurğun, Nazim Hikmət və iki qardaş ölkənin digər görkəmli ədibləri ilə bağlı xatirələrini bölüşdü.

Türkiyənin tanınmış şairi Cemal Safi və digər şair və yazarlar xalq şairi Vaqif Səmədoğlunun yaradıcılığının qardaş Türkiyədə də ədəbi çevrələr tərəfindən yaxşı bilindiyini vurğulayaraq ona cansağlığı və gözəl yaradıcılığında uğurlar dilədilər və onu yaxın zamanlarda yenidən Türkiyədə tədbirlərdə, şeir şölənlərində görməyi arzuladıqlarını bildirdilər.

Qardaş Türkiyəyə dəfələrlə səfər etdiyini, müxtəlif tədbirlər və şeir şölənlərində iştirak etdiyini və iki qardaş ölkə arasında bütün istiqamətlərdə, o cümlədən ədəbi-mədəni əməkdaşlığın daha da genişlənməsinin vacibliyini vurğulayan xalq şairi Vaqif Səmədoğlu qonaqlara özünün Türkiyə türkcəsində çıxmış şeir kitablarını da hədiyyə etdi. V.Səmədoğluna üzərində qızıl suyu ilə Atatürkün rəsminin əks olunduğu qələmi hədiyyə edən heyət ona Türkiyə ədəbiyyatına göstərdiyi xidmətlərindən dolayı bir daha təşəkkür ediblər. Özəlliklə iki böyük şair - Vaqif Səmədoğlu və Cemal Safinin maraqlı söhbətləri ilə keçən görüşün sonunda Türkiyədən gələn tanınmış şair və yazarlar da öz kitablarını V.Səmədoğluna hədiyyə ediblər.

İraq türkmanlarının təmsilçisi şair Şemseddin Kuzeçi xalq şairi Vaqif Səmədoğluna Türkman bayrağını hədiyyə edib. Xalq şairi Vaqif Səmədoğlu bayrağı öpərək təşəkkür etdi və İraq türkmanları bizim qardaşımızdır və biz hər zaman onların yaxşı olmasını diləyirik deyib.

Qonaqlar xalq şairi Vaqif Səmədoğluna Türk ədəbiyyatı qarşısında xidmətlərinə görə tacla yanaşı xüsusi mükafat və "Onur belgesi"ilə mükafatlandırdıqlarını deyiblər və onları da xalq şairinə təqdim ediblər.

Sonra Xalq şairinin şərəfinə və bügünlərdə qeyd olunan yubileyi münasibəti ilə tort kəsildi, səmimi söhbət çay süfrəsi arxasında davam etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm