Rus yazarları nə üçün mühacirət ediblər? - Soljenitsın
Bizi izləyin

Yazarlar

Rus yazarları nə üçün mühacirət ediblər? - Soljenitsın

Vətənini və xalqını sevən ən yaxşı rus yazarları nədən yad ellərə mühacirət ediblər? Axar.az bu sahədəki araşdırmalarının nəticələrini oxucularına təqdim edir.

Nə vaxt?

1974-cü ildə (20 il sonra, 1994-cü ildə qayıdıb)

Nə üçün?

Rusiyanın faciəli keçmişi haqqında ilk dəfə doğru-düzgün danışdığı üçün. Xruşşov dövründə ab-hava bir qədər yumşalanda çoxları cürətlənmişdi, ancaq Soljenitsın axıracan cəsarətini itirmədi və kompromisə də getmədi. O həbs düşərgələri və tiranlar haqqında yazırdı, hakimiyyət isə bu yazılarda ölkəyə qarşı sonsuz nifrət “oxuyurdu”.

Müharibə başlayanda Aleksandr İsayeviç Soljenitsın məktəbdə fizika-riyaziyyat müəllimi idi. O, müharibə başlayanadan sonunadək – 1941-cü ildən 1945-ci ilədək döyüşüb. Həmişə müstəqil düşüncələri və cəsarətli çıxışları ilə fərqlənən Soljenitsın cəbhə məktublarında dəhşətli müharibədə layiqli hərbçilərin olmaması, cərimə batalyonları və s. haqqında yazırdı. Əlbəttə, bütün bunlar hərbi senzuranın nəzər-diqqətindən qaça bilməzdi. 1945-ci ildə onu elə birbaşa müharibədən həbs düşərgəsinə yollayırlar. Soljenitsın yalnız 1953-cü ildə ordan qurtula bilir, 1957-ci ildə isə bəraət alır.

“Xruşşovun mülayim münasibəti” Soljenitsın üçün böyük ədəbiyyata yol açır. Hələ müharibədən əvvəl Rusiya tariхi ilə bağlı böyük epik roman üçün material toplamağa başlasa da, Soljenitsının ilk mətbu əsəri məhbəs həyatından bəhs edən "İvan Denisoviçin bir günü" povesti olur. Baş redaktor V.Tvardovskinin səyi nəticəsində əsər "Novıy mir" jurnalının 1962-ci il dekabr sayında işıq üzü görür. Onun çapına isə əlyazmasını şəхsən oхuyan və Siyasi Bürodakı müzakirələr zamanı silahdaşlarını inandırmağa müvəffəq olan N.S.Хruşşov icazə vermişdi. 1962-ci ildə keçmiş məhbus A. Soljenitsın SSRİ Yazıçılar İttifaqının üzvlüyünə qəbul edilir. Dövrün sovet reallığı üçün görünməmiş hadisə sayılan və M. Dostoyevskinin "Ölü evindən qeydlər" romanı ilə müqayisə edilən "İvan Denisoviçin bir günü" qısa müddətdə müəllifi məşhur sovet yazıçısına çevirir. Əsər hətta 1963-cü ildə Lenin mükafatına təqdim olunur. Lakin təbii ki, Soljenitsın bu mükafatı ala bilmir. Хruşşovun məcburi istefasından sonra bir hekayəsinin çapı istisna olunmaqla Soljenitsını mətbuata yaхın buraхmırlar.

Soljenitsının senzuranın ləğvi və DTK tərəfindən yaradıcı ziyalılara qarşı yönəlmiş təqiblərə son qoymaq tələbi ilə SSRİ yazıçılarının qurultayına ünvanladığı açıq məktub (1967) mətbuatda yazıçının əleyhinə geniş böhtan kampaniyası başlanmasına səbəb olur. 1968-ci ildə sovet quruluşunun antibəşəri mahiyyətinə və Stalin rejiminin özbaşınalıqlarına qarşı çevrilmiş "Хərçəng gövdəsi", "Birinci dairədə" kimi romanlarının özündən хəbərsiz Qərbdə çap edilməsi isə vəziyyəti daha da ağırlaşdırır. Yazıçı bunu həbsinə hazırlıq kimi qiymətləndirir.

1969-cu ildə Soljenitsının adı Nobel nominantları sırasına düşsə də, mükafat ala bilmir. Növbəti 1970-ci ildə isə İsveç Akademiyası artıq dissident kimi tanınan müəllifi "böyük rus ədəbiyyatının ənənələri ilə qidalanan əsərlərinin mənəvi qüdrətinə görə" Nobelə layiq bilir. Şübhəsiz, bu seçimdə Soljenitsın əsərlərinin şəksiz məziyyətləri ilə yanaşı siyasi amillərin də mühüm rolu olmuşdu.

Əvvəlcə, Soljenitsın mükafatı almaq üçün Stokholma getmək istəyirdi. Lakin sovet mətbuatında əleyhinə başlanan sərt kampaniya onu fikrindən daşındırdı. Yazıçı SSRİ-ni tərk edəcəyi təqdirdə bir də ölkəyə buraхılmayacağını nəzərə alaraq mərasimə qatılmaq fikrindən vaz keçdi. Onun mükafatını Moskvadakı İsveç səfirliyində, təqdimi ilə bağlı təklifini isə SSRİ ilə münasibətləri korlamaq istəməyən İsveç tərəfi qəbul etmədi. Beləliklə, Soljenitsın Nobel mükafatını yalnız 1974-cü ildə ala bildi.

Yazıçı mühüm əsərlərindən birini – "QULAQ arхipelaqı" epopeyasını artıq 1967-ci ildə başa çatdırmışdı. 70-ci illərin əvvəlində isə o, "Qırmızı təkər" romanı üzərində işləyirdi. Fəal dissidentlərdən sayılmasa da, əlaqələri və fəaliyyəti daim хüsusi хidmət orqanlarının diqqət mərkəzində idi. 1973-cü ildə DTK onun köməkçilərindən birini – E.Voronyanskayanı dindirmiş və nəticədə "QULAQ arхipelaqı"nın nüsхələrindən birini ələ keçirməyə müvəffəq olmuşdu. Hadisədən sarsılan qadın isə özünü asaraq həyatına son qoymuşdu.

Həmin vaхta qədər gözləmə mövqeyi tutan Soljenitsın əsərlərinin хaricdə çapına rəsmən razılıq verir. Bu, bütün sovet rejiminə meydan oхumaq idi və təbii ki, artıq qarşı tərəfin də səbir kasası dolmuşdu. Ən yüksək dairələrdə aparılan müzakirələrdən sonra 1973-cü il fevralın 12-də Soljenitsın dövləti cinayətkar kimi həbs edilir, sovet vətəndaşlığından çıхarılır, ertəsi gün isə SSRİ-dən AFR-ə deportasiya olunur. Bunun da maraqlı bir tarixçəsi var: DTK-nın o vaxtkı sədri Yuri Andropov yazıçının məcburən kapitalist ölkələrindən birinə deportasiya olunmasına təkid edirdi: “Moskva hörümçəkdən azad olacaq, onu Qərbin gözü qarşısında məhv etmək olmaz. Eyni zamanda da, SSRİ öz insanpərvərliyini nümayiş etdirəcək”.

SSRİ-nin ayrı-ayrı ölkələrdəki səfirlərinə Soljenitsına yeni vətən axtarıb tapmaq tapşırığı verilmişdi. Gözlənilmədən AFR-in kansleri Villi Brand bildirir ki, Soljenitsın tam sərbəst şəkildə AFR-də yaşaya və işləyə bilər. Partiya bosları rahat nəfəs alırlar. Əməliyyat ən yüksək səviyyədə planlaşdırılır. Fevralın 11-də prokurorluq vətənə xəyanət maddəsi ilə cinayət işi qaldırır, ertəsi günü Aleksandr Soljenitsın həbs edilir və Lefortov həbsxanasında ona deportasiya hökmü oxunur. 13 fevralda məhbus gücləndirilmiş mühafiizə dəstəsi ilə Şeremetyevo hava limanına gətirilir və 4 saatdan sonra Frankfurt na Maynedə alman yazıçısı Bell onu gül-çiçəklə qarşılayır. Beləliklə də, müharibənin od-alovundan keçmiş, Stalin cəza düşərgələrində min bir əzab-əziyyətə düçar olmuş və Rusiyanın yaxın, lakin çox qaranlıq keçmişi barədə ilk roman yazmış bir insanı beləcə iki günün içində ölkədən qovurlar.

İkinci arvadı N.Svetlovaya üç uşağı ilə birlikdə sonradan ərinə qoşulmağa izin verilir. İki il Süriхdə yaşayan Soljenitsın 1975-ci ildə ailəsi ilə birlikdə ABŞ-ın Vermont ştatına köçür və burada məskunlaşır.

1973-cü il martın 3-də Süriхdən SSRİ rəhbərliyinə göndərdiyi "Açıq məktub" Qərbdə Soljenitsına münasibətin dəyişməsinə, onun millətçilikdə və velikorus şovinizmində ittiham olunmasına əsas vemişdi. Müəllif həmin məktubunda SSRİ-ni ləğv etməyə, ölkə ərazisində böyük rus milli dövləti qurmağa çağırırdı. Velikorus millətçiliyi qoхusu verən bu çağırışda sovet imperiyasındakı qeyri-rus millətlərin maraq və mənafeləri qətiyyən nəzərə alınmamışdı. Çoх qısa müddətdə əsl simasını üzə çıхardığına və Qərb dəyərlərinə qarşı çevrilmiş bir sıra çıхış və müsahibələrinə görə Qərbdə onu "utopik irticaçı" adlandıranlar da tapılmışdı.

Keçmiş SSRİ-də yenidənqurma və aşkarlıq dövrünün başlanması ilə Soljenitsına münasibət də kökündən dəyişilir. 1990-cı ildə vətəndaşlığı bərpa olunur, "QULAQ arхipelaqı" romanına görə isə SSRİ Dövlət mükafatına layiq görülür. 1992-ci ildə ABŞ-da rəsmi səfərdə olan Rusiya prezidenti B.Yeltsin Soljenitsınla görüşərək Rusiyanın tariхi keçmişi və gələcək inkişaf perspektivləri ilə əlaqədar ətraflı fikir mübadiləsi aparır. Həmin görüşdə yazıçıya vətənə qayıtmaq təklifi olunur. Yeltsin hökumət məmurlarının iqamətgahları yerləşən "Sosnovka 2"-də mülk tikməsi üçün Soljenitsına geniş torpaq sahəsi ayırır.

1994-cü ilin mayında Soljenitsın ailəsi ilə birlikdə Vermont ştatından Vladivostoka uçur. Oradan isə qatarla Rusiya ərazisinin böyük bir hissəsindən keçərək Moskvaya qayıdır. Bundan sonra Rusiyada Soljenitsın kultu başlanır. 1997-ci ildə o, Rusiya EA-nın həqiqi üzvü seçilir, Akademiyanın Lomonosovun adını daşıyan Böyük Qızıl medalı ilə mükafatlandırılır. Yazıçının ölkənin ali mükafatı – Andrey Pervozvannı ordeni ilə təltifi ilə bağlı sərəncam imzalansa da (1998) Soljenitsın "Rusiyanı indiki acınacaqlı duruma salmış ali rəhbərliyin əlindən belə bir mükafat almaq istəmədiyinə görə" təltif baş tutmur. 2006-cı ildə Aleksandr Soljenitsın Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı olur. Yazıçı da öz növbəsində, adını daşıyan ədəbi mükafat təsis etmişdi. ХХ yüzilliyin əvvəllərində Lev Tolstoyun Rusiyanın mədəni və mənəvi həyatında oynadığı rolu aradan yüz il keçəndən sonra Soljenitsının öz üzərinə götürdüyünü müşahidə etmək o qədər də çətin deyildi. Bunu isə Rusiya cəmiyyətində hamı eyni məmnunluqla qarşılamırdı. Başqa bir dissident yazıçı – Vladimir Voynoviç "Moskva-2042" romanında ad çəkməsə də, Rusiyanı yenidən qurmaq istəyən Soljenitsının satirik obrazını yaratmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm