• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“O, qəhrəman doğulub”

  • Yazarlar
  • 10 İyul 2014 16:08
  • 845 Baxış
“O, qəhrəman doğulub”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xəlil Zeynallının "O, qəhrəman doğulub..." adlı kitabının təqdimatı keçirilib. Kitabda Qarabağ döyüşçüsü, türk dünyasının qəhrəman oğlu kimi tanınan “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynlinin Rusiyadakı əsgəri xidmət illərindən bəhs edilir.

Tədbirdə çıxış edən Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadənin fikrincə, vətənpərvərlik mövzusunda yazı və ekran əsərlərinə geniş yer ayrılmalıdır. Daha sonra tədbirin aparıcısı, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı çıxışçılara söz verdi.

Şair-publisist Əli Aslanov dedi ki, kitab səmimi, sadə, səlis dildə yazılması ilə bərabər orijinallığı ilə seçilir: “Kitabı oxuduqca gördüm ki, əsərin qəhrəmanının genetik liderlik, humanistlik, qorxmazlıq, cəsurluq xüsusiyyəti var. Hesab edirəm ki, qəhrəman oğullarımız, xüsusən Qarabağ döyüşçüləri haqqında hələ çox yazılmalıdır. Zaman-zaman biz öz insanımızı layiqincə təqdim etməmişik”.

"Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi" MMC-nin şöbə rəisi Arzuman Kosayevin sözlərinə görə, vətənpərvərlik mövzusuna həsr olunan kitab çox aktualdır: “İbad müəllimin keçdiyi döyüş yolundan əksəriyyətimiz məlumatlıyıq. Amma mən onun gənclik dövründə fəaliyyəti, hünəri haqqında ilk dəfə bu kitabdan oxuyuram. Fikrimcə, bu, gənclərimizin stolüstü kitabı olmalıdır”.

Kitabın redaktoru Gülşən Behbud kitabın müəllifi haqda söz açaraq bildirdi ki, Xəlil Zeynallı yazıçı olmasa da, Tanrının ona bəxş etdiyi ruh saflığı, zəngin könül dünyası, daxili vətənpərvərliyi, Vətən sevgisi ilə əlinə qələm aldığı üçün bu povest oxunaqlıdır: “Azərbaycan və Ermənistan arasında başlanan tarixi hadisələr hər kəsə bəllidir. Qərbi azərbaycanlı olaraq 80-ci illərin sonunda yurd-yuvasından didərgin düşmüş həmvətənlərimizdən olan Xəlil Zeynallı o acıların canlı şahidi olub və bu gün də o dövrü unuda bilmir. Ona görə də qələmə yazdıqları mübağiləsizdir”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli dedi ki, Qarabağın azadlığı uğrunda vuruşanların hər birinin həyatı haqqında bir yox, bir neçə əsər yazmaq mümkündür: “Çağdaş dünyada informasiyanı qəbul etmək prinsipləri dəyişib, insanlar daha lakonik, məzmunlu məlumatlara can atırlar. Bu baxımdan yaxşı olardı, gələcəkdə bu qəbildən yazılar daha kiçik həcmli olsun. Əgər o yazıda ruh, səmimiyyət varsa, o yazı tarixdə qalacaq”.

İbad Hüseynlinin və onun şəhid qardaşı İlyas Hüseynlinin döyüş fəaliyyəti ilə yaxından tanış olan “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas isə öz xatirələrini bölüşdü. Bildirdi ki, Hüseynlilər ailəsinin döyüş yolu Azərbaycan gəncliyi üçün böyük bir məktəbdir.

Müdafiə Nazirliyinin nümayəndəsi İbrahim İsgəndərov dedi ki, hərbi vətənpərvərlik haqqında materiallar təkcə kitabla məhdudlaşmamalıdır, ekranlara da çıxmalıdır: “Mustafa Kamal Atatürk vaxtilə deyib ki, dünya tarixini türklər yaradıb, təəssüf ki, tarixini özgələri yazıb. Həqiqətən özgələrin yazdığı tarix başımıza çox dərdlər açıb. Bu baxımdan biz öz tariximizi doğru-dürüst şəkildə yazmağa borcluyuq”.

Şair Ənvər Əhməd kitabın ərsəyə gəlməsində hər kəsə minnətdarlıq etdi. Daha sonra İbad Hüseynlinin hərbi xidmətdəki şücaətini əks etdirən video-slayd nümayiş olundu.

Qeyd edək ki, “O qəhrəman doğulub...” kitabı müəllifin oxucularla ilk görüşüdür.

S.HİLALQIZI
Foto: Elçin MURAD

Xəbər lenti

DAHA ÇOX XƏBƏR