• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Siyavuş Novruzov: “Mənə bir neçə dəfə vəhy gəlib”

  • Yazarlar
  • 18 İyul 2014 18:50
  • 914 Baxış
Siyavuş Novruzov: “Mənə bir neçə dəfə vəhy gəlib”

Millət vəkili Siyavuş Novruzovla ədəbiyyat söhbətini təqdim edirik.

I HİSSƏ

– Siyavuş müəllim, ədəbiyyatla aranız necədir?

– Ədəbiyyatla mənim aram həmişə yaxşı olub. Uşaqlıqdan ədəbiyyatı çox istəmişəm. Sahəm də, əsasən, humanitar sahə olub. Orta məktəb illərində də, ali təhsil aldığım dövrdə də humanitar sahədə daha çox çalışmışam.

– Belə çıxır ki, siyasətlə məşğul olmasaydınız, özünüzü ədəbiyyatda tapardınız...

– Belə demək mümkünsə, əgər hüquq fakültəsi olmasaydı, mən mütləq filologiyaya girərdim. İndi də hərdən düşünürəm ki, görəsən, seçimdə səhv etməmişəm ki? Xüsusilə, Azərbaycan ədəbiyyatı, o cümlədən də dünya ədəbiyyatı ilə məşğul olmuşam. Və o dövrdə mövcud olan əsərlərin, kitabların, demək olar ki, böyük hissəsini oxumuşam.

– Yəqin, şeir də yazmısınız...

– Yox... Bir neçə dəfə vəhy gəlib, amma uyğun hesab eləməmişəm.

– Heç yazı da yazmamısınız?

– Müəyyən yazılarım olub. Vaxtilə, 90-cı illərdə “Səs” qəzetində çoxlu silsilə yazılarım gedib. Bəzi hekayələrim olub, dərc də olunub.

– Deyirsiniz ki, uşaqlıqdan ədəbiyyata sevginiz olub, hekayələr yazmısınız... Maraqlıdır, bəs o sevginin axırı necə oldu?

– Sonradan ictimai-siyasi fəaliyyət məcbur elədi ki, ədəbiyyata az yer verək, daha çox, siyasi müstəvidə fəaliyyətə başlayaq.

– Sonralar o sevgi siyasətdə sizə mane olmadı ki?

– Əksinə, köməklik elədi. Ədəbi mühit, ədəbiyyatda obrazlar, oradakı sahələr, istiqamətlər insan üçün çox böyük köməklik göstərir. Dünyada siyasi mühitin formalaşması və siyasi mübarizənin gedişinə nəzər salsaq, görərik ki, bu işlə məşğul olanların əksəriyyəti məhz humanitar sahədə olan insanlardır. Azərbaycan tarixinə, milli azadlıq hərəkatına da nəzər salsaq, görərik ki, belə adamların yeri daha üstün olub. Bu baxımdan da ədəbiyyatı, tarixi bilən siyasətçilərimiz var ki, müəyyən cəhətdən paralellər aparmaqda, müxtəlif məsələlərə münasibət və ondan çıxış yolları tapmaqda ədəbiyyat onlara kifayət qədər imkanlar yaradır, köməklik göstərir.

– Sizcə, ədəbiyyat başqa nəyə kömək edir, başqa nə üçün lazımdır?

– Ədəbiyyat, xüsusilə, insan beyninin sakitləşməsinə xidmət edir. Ən gərgin vaxtlarda bir gözəl şeir və yaxud bir gözəl roman oxuyanda, demək olar ki, bütün fikirlərin dağılır. Artıq oxuduğun şeirin, hekayənin, romanın, povestin təsiri altına düşürsən və yavaş-yavaş insan beyni gərgin fəaliyyətdən sonra dincəlir.

– Maraqlıdır, axırıncı dəfə gərgin fəaliyyətdən sonra sizin beyninizi hansı şeir, roman, hekayə və yaxud povest dincəldib?

– Son vaxtlar bizim jurnallarda, qəzetlərdə müxtəlif yazılar oxuyuram. Məsələn, “525-ci qəzet”də Azərbaycanda olan yeni yazarların hekayələri, povestləri olur. O cümlədən, başqa-başqa jurnallara abunə oluram. Məsələn, son vaxtlar ortaya dini cərəyanlarla bağlı məsələlər çıxıb. Bununla bağlı çoxlu kitablar götürürəm. Düzdü, dini cərəyanlarla bağlı xeyli məlumatım var. Amma ümumi ictimai-siyasi vəziyyətlə bağlı dini cərəyanlar barədə ətraflı oxumaq üçün o kitablara ehtiyac duyuram.

– Tez-tez şikayət edirlər ki, Bakıda kitab dükanları çox azdır...

– Düzdür, Bakı şəhərində bu məsələ ilə bağlı problemlər var. Məsələn, əvvəl “Əli və Nino” kitab evi vardı, yeni kitablar çıxanda gedib oradan alırdım. Və yaxud da, Prezident kitabxanası var, oradan kitab alıram. Keçmiş Mərkəzi Univermağa yaxın bir yerdə kitab mağazaları var ki, ora bir neçə yerdən kitablar gəlir. Sosial Təminat Evinin yanında “Rusiya kitab evi” var, ora da Rusiyada çap olunan kitablar gəlir. Buralardan kitab götürüb istifadə eləyirəm. Yəni hələlik budur.

– Bu qədər gərgin işlərdən sonra müasir ədəbi prosesi izləmək sizin üçün çətin olmur ki?

– Çalışıram ki, izləyim. Təbii ki, yazanlar indi çoxdur. Ola bilər, dövrün tələbi ilə bağlı hər kəs hesab edir ki, öz yazdığı daha qiymətlidir. Keçmişdə bir yaxşı cəhət vardı ki, müəyyən redaksiya kollegiyası mövcud idi. Materiallar müzakirə olunurdu, ondan sonra çapa verilirdi. Düzdü, burda ədalətsizlik də olurdu. Görürdün ki, tərəfkeşlik olurdu, müxtəlif yazılar vardı ki, çap olunmağa qoymurdular. Ədalətli tərəfi də bu idi ki, ölçüb-biçib Azərbaycan oxucusunun zövqünü korlamağın da qarşısını alırdılar.

– Bu gün də zövqləri korlayan xeyli adamlar var.

– Doğrudur. Məsələn, görürəm ki, bizim həmkarlarımızın da arasında yazanlar çoxdur. Təbii ki, yaradıcılıq istedaddır, burda ixtisas yoxdur. Bir çilingər də gözəl şeir, hekayə yaza bilər. Amma elələri də var ki, hansı sahədə nə görürsə, götürüb ondan da yazır. Gah şeir yazır, gah roman yazır, hekayə yazır, povest yazır... Yəni bu cür olmur. Artıq ədəbiyyatla məşğul olan adamlar bilir ki, hər kəsin bir sahəsi var. Biri felyeton sahəsini götürə bilər, biri satira sahəsini götürə bilər, biri daramaturgiyanı götürə bilər... Amma görürsən ki, son dövr yazarlar hər şeydən yazırlar. Bəzən heç hesablamırlar. Nə oldu, yazırlar. Yazmaq, yaxşı halda, gündə üç səhifə mümkündür. Mən orta hesabla götürürəm, elə olur ki, vəhy gəlir, 10 səhifə yazırsan. Elə olur ki, on beş gün heç nə yaza bilmirsən. Və bunun üçün gərək xeyli sayda ədəbiyyat oxuyasan, kitab oxuyasan, müxtəlif mənbələrdən məlumatın olsun. Yalnız bunun nəticəsi olaraq da nəsə yazıb ortaya çıxartmaq olar. Ordan-burdan eşitməklə əsər yazmaq mümkün deyil, uyğunsuzluq yaranır.

– Bir qədər də konkret danışsaq...

– Məsələn, adını çəkmək istəmirəm, bu yaxınlarda keçmiş millət vəkillərindən biri Nadir şah haqqında kitab yazıb. Və bunu da təbliğ etməyə başlayıb. Məsələ burasındadır ki, adam qədim ərəb dilini bilmir, fars dilini bilmir, rus dilini bilmir, müxtəlif mənbələrə girə bilmir. İxtisası tamam başqadır, ömür boyu bir sətir belə yazmayıb və birdən-birdən Nadir şah haqqında qalın cildli kitab yazıb.

– Romandır?

– Bəli, romandır. Özü də tarixi romandır. Nadir şah haqqında əsas mənbələr fars və ərəb dillərindədir. Nadir şah Azərbaycan hökmdarı olsa da, əsas fəaliyyəti indiki İran ərazisində və Cənubi Azərbaycanda olub. O vaxt da dövlət dili, əsasən, fars dili və müəyyən sahədə ərəb dili idi. Sarayda danışıq dili Azərbaycan dili olmağına baxmayaraq, bütün sənədlər və arxivlərin hamısı ərəb və fars dillərindədir. Hesab eləyirəm ki, bu arxivə girməmiş, bu materialları qaldırmamış, bundan məlumatın olmamış, bu cür yükün altına girmək düzgün deyil. Belə şeylər, doğrudan da, ədəbiyyata yaxşı heç nə gətirmir. Əksinə, ədəbiyyatda olan yazarlara hörmətsizlikdir. Təsəvvür elə ki, illərlə, aylarla, gecəsini gündüzünə qatıb əsər yazanlar qalır qıraqda, belə adamlar da, beş manat pulu varsa, onun sayəsində gəlib roman müəllifi olur. Təəssüf ki, yazılan şeylərin hamısı arxivə çevrilir. Gələcək nəsillərə gedib çıxacaq. Bu gün biz bilirik ki, “Nadir şah” romanını yazan bu adamın o sahədə heç bir bacarığı və qabiliyyəti yoxdur. Amma 50 ildən sonra bu əsəri mənbə kimi istifadə eləyəcəklər. Çünki artıq dərc olunub, müəyyən kitabxanalara göndərilib, kitabxanalar da götürüblər, qəbul eləyiblər.

– Belə şeylərin qarşısını necə almaq olar ki? Çıxış yolunu nədə görürsünüz? Adam deyir, yazıram, yaxşı eləyirəm.

– Hesab eləyirəm ki, ədəbiyyat sahəsində yazılan kitablarla bağlı bir qrup yaranmalıdır. Həmin qrup öz rəyini verməlidir. Məsələn, “Əli və Nino” ortaya çıxanda milyon tirajla çap olundu. Amma görürsən, bizim yazarlar şikayət eləyir ki, mənim kitabım alınmır. Yenə deyirəm, xüsusi yanaşma lazımdır. Kitab gərək elə olsun ki, alınsın. Vaxtilə kitablar vardı ki, kitabxanadan götürəndə üç gün növbədə dururdun. Təsəvvür eləyirsən? İnsanlar kitab alıb oxumaq üçün növbəyə dururdular. Yəni əsərin özü əsər olmalıdır ki, onun üçün növbəyə durulsun, alınsın və oxunsun. Və yaxud çap olunanda onun tirajı milyonları keçsin. Məsələn, “Şərqdə neft və qan” həmin seriyadan olan kitablardandır. Çox belə kitablar saymaq olar. O kitabları oxuduqca həm Bakı qırğınları haqqında kifayət qədər məlumat alırsan, həm də gözəl publisistik yazı üslubi ilə tanış olursan. Yoxsa mübtəda ilə xəbərin yerini bilməyənlər görürsən ki, yazı yazmaqla məşğuldurlar.

– Siyavuş müəllim, deyirsiniz ki, xüsusi qrup yaradılmalıdır ki, çap olunan kitablara nəzarət eləsin. Məncə, dostluqla, tanışlıqla, əlaqələr vasitəsi ilə yenə də istedadsız adamların kitabı çap olunacaq, istedadlılar yenə kənarda qalacaq.

– Mümkün qədər çalışmaq lazımdır ki, belə şeylər olmasın. Hər hansı bir yolla qarşısını almaq lazımdır. Düşünmürəm ki, belə şeylər dostluqla, tanışlıqla olmalıdır. Axı söhbət yaradıcılıqdan gedir.

– Bir məsələ var ki, cəmiyyətin özündə də kitaba maraq yoxdur. Elə bil kitabsız bir cəmiyyət yetişib. Görəsən, niyə belədir?

– Təbii ki, belə şeylər insanı düşündürür. Bir dəfə Şimali Qafqaza istirahətə getmişdim. Orda hər üç mağazadan biri kitab mağazasıdır. Hətta ərzaq mağazasının bir hissəsini ayırıb kitab satırlar. İnsanların hər birinin əlində, ən azı, bir kitab var. Parkdan keçirsən, görürsən ki, oturub kitab oxuyurlar. Və yaxud avtobusda, tramvayda, təyyarədə kitab oxuyurlar. Deyim ki, Azərbaycan cəmiyyətində də vaxtilə belə olub. Amma sonrakı hadisələr və yeni nəşrlərin olmaması bu prosesi getdikcə geri saldı.

Məsələn, indi hamı istəyir ki, övladı ali məktəbə daxil olsun. Necə daxil olsun, bunun heç bir fərqi yoxdur. Azərbaycan ədəbiyyatını, tarixini bilən insan kimi daxil olsun, yoxsa tapmacalrı tapmaqla daxil olsun? Mən bir neçə dəfə imtahan vermişəm deyə, bu sahəni yaxşı bilirəm. Keçmişdə imtahan verirdin, rus-türk müharibəsini, bağlanan sülh müqaviləsinin şərtlərini, onun beynəlxalq əhəmiyyətini yaxşı öyrənirdin və bilirdin. Yəni qəbul imtahanı belə olurdu. Və bu da səni vadar eləyirdi ki, bütün mənbələri oxuyasan və bu sahədə geniş məlumatın olsun. İndi belə deyil. Rus-türk müharibəsinin tarixini bildin, testdə dairəyə aldın, vəssalam. Bununla da sənin işin bitmiş hesab olunur. Xronalogiya əzbərləməklə məşğuluq. Və yaxud ədəbiyyatda da belədir. Əvvəllər imtahanda inşa yazılırdı. Bu, dilin formalaşmasına, yazını dərindən mənimsəməyə köməklik göstərirdi. Düzdür, testin yaxşı cəhətləri də mövcuddur, amma bu cür çatışmazlıqları da var. Dəqiq elmə gedənlər səthi şəkildə ədəbiyyat və tarixi öyrənir. Humanitar sahəyə gedənlər isə səthi şəkildə dəqiq elmləri öyrənir. Bir sözlə, kitab ancaq imtahan vermək üçün oxunur və nəticədə cəmiyyətdə belə bir vəziyyət yaranır.

– Gənc yazarların əsərlərinə münasibətiniz necədir?

– Son dövrlərin gənc yazarları ancaq girişiblər ata-babalarından yazmağa. Sənin atan, baban öz nəslini, tayfanı maraqlandıra bilər. Bunlar ümumi Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?

– Bəs nədən yazsınlar?

– İndi mövzular daha çoxdur. Azərbaycanın müstəqilliyi dövründən bu tərəfə kifayət qədər mövzular var. Müstəqillik uğrunda gedən mübarizə ilə bağlı, Qarabağ münaqişəsi ilə bağlı... Yadıma gəlir, Azərbaycanımızın çox yaxşı ədəbiyyat jurnalında gözəl bir hekayə oxudum. Azərbaycanlının Rusiyaya gedib, öz ailəsini burda qoyması ilə bağlı “Sel” adında hekayə idi. Çox maraqlı bir hekayədir. Oxuduqca görürsən ki, mövcud dövrün nə qədər problemlərini qabardıb. Ailə qalır burda, özü gedir orda qalır. Arada əlaqə itir. O orda məhv olur, ailə də burda məhv olur. Bu cür mövcud problemləri ədəbiyyata gətirmək və onların həlli yollarını göstərmək vacib olan şərtlərdən biridir. Amma bu sahədə təəssüflər olsun ki, belə yazılar çox azdır.

– Ata-babasından yazmağın nəyi pisdir ki? Məsələn, Markes babasından yazıb Nobel aldı. Və yaxud bizim nə qədər böyük yazıçılarımız var ki, ata-babalarından yazıblar...

– Markes buna qədər xeyli əsər yazmışdı.

– Məsələn...

– “Yüz il tənhalıqda”... Bunları yazandan sonra Markes atasıyla bağlı yazmışdı. Orda da ata obrazını əsas götürmüşdü.

– Siyavuş müəllim, niyə, adətən, adamlar vəzifədən çıxarılandan sonra şeir yazmağa başlayırlar? Yəni son ünvan, son dayanacaq yeri ədəbiyyat olur.

– Bunu bir məşğuliyyət kimi seçirlər ki, bekar qalmasınlar. Bəziləri qəzetlərdə köşə yazarına çevrilir, bəziləri Amerika prezidentləri haqqında tərcümələr verir. Yəni bu bekarçılığın aradan qaldırılması üçündür. Amma mənə elə gəlir ki, müəyyən tərcüməni vermək olar, çünki onun müəllifi tamam başqa insandır və yaxud da ictimai-siyasi sahədə hər hansı bir yazı yazmaq olar. Amma ədəbiyyat sahəsində tarixi romanlar yazmaq üçün kifayət qədər təhsilə və elmi mənbəyə malik olmaq lazımdır. Əgər yoxdursa, onu yazmaq qeyri-mümkündür. Və yaxud da kimsə cəmiyyətdən kənarda qalmamaq üçün kiminsə yazdığının yanına öz adını pərçim eləyir, kitabı həmmüəlliflik şəklində çap elətdirir. Yəni başqası yazır, bu da vəsaitini verir, öz adını kitabın üstünə yazdırır. Belə kitabları oxumursan, kənara tullayırsan. Təbii ki, əməyini satan insanı başa düşürəm, çünki ehtiyacı var. Amma bu birisi niyə onun altına qol çəkir, bu məni çox narahat eləyən məsələdir. Axı bilirsən ki, bunu sən yazmamısan, axı bilirsən ki, cəmiyyət də bunu bilir və qəbul eləmir. Bəs özünü aparıb ora pərçim eləməklə cəmiyyətə nəyi sübut eləmək istəyirsən? Əslində, özünü biabır eləyirsən. Bu hallar son vaxtlar lap çoxalıb.

– Milli Məclisdə də xeyli qələm adamları var.

– Bəli, var. Musa Urud, Tahir Rzayev və Hüseynbala Mirələmovun əsərlərini maraqla oxuyuram. Hüseynbala Mirələmovun çox gözəl hekayələri, romanları, povestləri var. Onun mövcud həyatla bağlı xeyli sayda yazıları var ki, ardıcıl olaraq izləyirəm. Amma eləsi də var ki, adını gedib kiminsə adının yanına yazdırır, onun əməyini istismar eləyir. Belələrini heç vaxt oxumuram.

– Maraqlıdır, xoşunuza gələn yazarların adını çəkirsiniz, amma xoşunuza gəlməyənlərin adını çəkməkdə ehtiyat edirsiniz...

– Lenin deyir ki, oxumadıqlarımı ayağımın altına yığsam, başım göyə dəyər. Mən də bəyəndiklərimin adını çəkirəm. Bəyənmədiklərimin adını çəksəm, mənim də başım göyə dəyər. (gülür) O qədərdir ki... Tutalım, görürsən ki, biri qəzetdə verdiyi müsahibələri toplayıb kitab kimi çap elətdirir. Bu müsahibələri yığıb, kitab çıxardıb camaata paylamağın nə əhəmiyyəti var?

– Jurnalist ehtiyac ucbatından məcbur olub səndən müsahibə alır. Sən də onları yığıb kitab eləyirsən. Adama deyərlər, sənin müsahibən kimə lazımdır?

– Əlbəttə... Müsahibəni verdin, getdi. Ona qalsa, gərək bizim tonlarla kitabımız çap olunsun.

– Görəsən, adamlar niyə belədir? O boyda pulun, var-dövlətin içində hələ gəlib kitab müəllifi də olmaq istəyir.

– Düşünürlər ki, kitab yazmaqla cəmiyyət tərəfindən hörmət qazanacaqlar, camaat ona hörmət bəsləyəcək. Amma səhv düşünürlər. Get öz sahənlə məşğul ol, gəlib ədəbiyyata niyə girişirsən? Ədəbiyyatçıların da çörəyini əlindən alırsan.

– Sizcə, ədəbiyyatçıların çörəyi var ki?

– Bu məsələdə mənim yanaşmam bir az fərqlidir. Təbii ki, gənc yazarlar birdən-birə məşhurlaşa bilməzlər. Şübhəsiz ki, gənc yaşında belə bir zirvəyə çata bilməzsən. Ki, kitabların tirajlansın və bunun nəticəsində də qonorarını alıb həyatını təmin eləyəsən.

– Maraqlıdır, bəs siz vəzifədən getsəniz, nə işlə məşğul olacaqsınız? Siz də şeir, hekayə, roman yazmağa başlayacaqsınız?

(Ardı var)

Fotolar: Elnur Muxtar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR