• USD 1,7475 0,00% EUR 1,8490 0,00%
    • GBP 2,1933 0,00% RUB 0,0303 0,00%

On dəli dahi - FOTOLAR

  • Yazarlar
  • 19 İyul 2014 11:40
  • 1 268 Baxış
On  dəli dahi - FOTOLAR

Bədii yaradıcılıq prosesi birbaşa şüurla bağlı məsələdir. Şöhrətə meyil isə həmişə təhlükəlidir...

Publika.az dünya ədəbiyyatına öz bənzərsiz şedevrlərini bəxş etmiş, amma əvəzində ağlını itirmiş yazıçıların siyahısını təqdim edir:

I pasiyent: Edqar Allan Po. Amerika yazıçısı. Şair (1809-1849).



Diaqnoz: əqli pozğunluq. Dəqiq diaqnoz yoxdur.

Simptomlar: qaranlıq qorxusu, yaddaş problemləri, təqib maniyası, qeyri-adekvat davranış, hallüsinasiyalar. Xəstəlik tarixçəsi: 1830-cu illərin sonundan Edqar Po tez-tez depressiyalardan əziyyət çəkir. Bundan başqa, o, alkoqoldan istifadə edir. İçkinin təsiri altında dəlilik tutmaları başlayır. Sonra yazıçı tiryəkə keçir. Arvadının ölümü isə ona çox pis təsir edir və Virciniyadan sonra o, cəmi iki il yaşayır. Amma bu müddət ərzində bir neçə qadına vurulur və iki dəfə evlənməyə cəhd edir. Birinci (əslində, ikinci – red.) dəfə seçdiyi qız onun tutmalarından qorxub nikahdan imtina edir, ikincidə bəy özü toyuna təşrif buyurmur. Nikaha az qalmış o, xeyli içir və özündə olmur. Beş gün sonra onu ucuz meyxanalardan birindən tapırlar. Yazıçı klinikaya yerləşdirilir və cəmi beş gün sonra dünyasını dəyişir.

Tez-tez hallüsinasiya görən yazıçı ən çox tənhalıqda ölməkdən qorxurdu və elə qorxduğu da başına gəlir. Hamıdan son anında onu tək buraxmamaları ilə bağlı vəd alsa da, son nəfəsində yanında yaxınlarından heç kəs olmur. Ölümündən əvvəl nə üçünsə sayıqlayaraq Şimal qütbünün təqdiqatçısı Ceremi Reynoldsu çağırır.
Bəşəriyyətə töhfələri: iki müasir ədəbi janr. Qorxu (dəhşət) romanları və ya hekayələri və detektiv. Yeri gəlmişkən, Şerlok Holms məhz onun baş qəhrəmanı olan Ogüst Düpenin təsiri ilə yaranıb.

II pasiyent: Fridrix Nitşe. Alman filosofu (1844-1900)

Diaqnoz: şizofreniya.

Simptomları: dahilik maniyası (“İki ay sonra mən dünyada birinci adam olacağam” tipli mətnlər yayırdı, evinin “məbəd olduğunu” əsas gətirərək divardan şəkillərin yığışdırılmasını istəyirdi); əqli pozğunluq (mərkəzi meydanda atla qucaqlaşaraq yol hərəkətinə mane olurdu); güclü baş ağrıları; adekvat olmayan davranış. Nitşenin tibbi tarixçəsində deyilirdi ki, xəstə öz sidiyini çəkməsinə töküb içir, anlaşılmaz sözlər çığırır, xəstəxana nəzarətçisini Bismarka bənzədir, stəkan sınıqlarından qapıda barrikada düzəldir, döşəmədə yatır, keçi kimi tullanırdı.


Xəstəlik tarixçəsi: Nitşe ömrünün son 20 ilini psixi xəstəliklə keçirdi (“Zərdüşt belə deyirdi” əsəri məhz bu zaman yazılıb) – 11 müxtəlif ruhi xəstəxanada yatdı, evdə isə anası onun qayğısına qalırdı. Vəziyyəti günü-gündən ağırlaşırdı, ömrünün sonlarında yalnız sadə cümlələrdən istifadə edə bilirdi.

Bəşəriyyətə töhfələri: fövqəlinsan ideyası, faşizm ideyası. “Allah öldü” fərziyyəsi.

III pasiyent: 
Ernest Heminquey. Amerika yazıçısı (1899-1961)

Diaqnoz: kəskin depressiya, əqli pozğunluq.

Simptomlar: intihara meyl, təqib maniyası, əsəb tutmaları.

Xəstəlik tarixçəsi: 1960-cı ildə Heminquey Kubadan ABŞ-a qayıdır. Tez-tez depressiyalardan, qorxu və özünəinamsızlıqdan əziyyət çəkir, heç nə yaza bilmirdi — buna görə də ruhi xəstəxanada müalicə olunmağa könüllü razılıq verdi. Heminquey 20 elektroşok seansı qəbul etdi. Bu barədə o belə yazırdı: “Mənə elektroşok verən həkimlər yazıçıları anlamır. Mənim kapitalım olan beynimi məhv etməyin, yaddaşımı silməyin və məni həyatın kənarına atmağın nə mənası var?”.

Amma müalicələrin heç bir mənası olmadı və növbəti intihar cəhdlərindən biri uğurla nəticələndi.
Bəşəriyyətə töhfələri: “İtirilmiş adam” ideyası. Yeni ədəbi üsul – “aysberq metodu” (az sözlə böyük mətnaltı məna ifadə etmək). Həyat və yaradıcılıqda “maçoluq”.

IV pasiyent: Frans Kafka. Çex yazıçısı (1883 — 1924)

Diaqnoz: ağır dərəcəli nevroz, funksional xarakterli psixasteniya, qeyri-müntəzəm depressiv vəziyyət. Simptomlar: ruh düşkünlüyü ilə müşayiət olunan əsəbilik, yuxu pozğunluğu, şişirdilmiş qorxular, intim sahədə psixosomatik çətinliklər.

Xəstəlik tarixçəsi: problemin kökü yazıçının atasıyla münaqişədən, ailəsiylə çətin münasibətlərdən, qarışıq sevgi əhvalatlarından başladı. Bədii yaradıcılığa meyli ailədə dəstəklənmədiyindən o, gizli yazmağa məcbur idi. Kafka gündəliyində yazırdı: “Mənim üçün bu ikili həyat dəhşətdir, yəqin ki, bir çıxış yolu var - ağılsızlıq”. Atası onun “axmaq işlər görmək əvəzinə” işdən sonra dükanlarında işləməsini istəyəndə Frans intihar etməyi qərara alır və dostu Maks Broda vida məktubu yazır. Amma Brod onu bu ağılsız fikirdən daşındıra bilir.
Bəşəriyyətə töhfələri: o, ədəbiyyata yeni estetik istiqamət gətirdi.

V pasiyent: Conatan Svift. İrland yazıçısı (1667-1745)

Diaqnoz: Mütəxəssislər hələ də onun Pik, yoxsa Altsheymer xəstəliyindən əziyyət çəkməsi üzərində mübahisə edirlər.

Simptomlar: baş gicəllənməsi, məkanda istiqaməti müəyyən edə bilməmək, yaddaş pozuntusu, adamları və ya əşyaları tanımamaq.

Xəstəlik tarixçəsi: simptomlar tədricən artaraq ömrünün sonunda yazıçının tamamilə ağlını itirməsinə səbəb oldu.

Bəşəriyyətə töhfələri: siyasi satiranın yeni forması.

VI pasiyent: Jan-Jak Russo. Fransız yazıçı və filosofu (1712-1778)

Diaqnoz: paranoya.

Simptomlar: təqib maniyası.

Xəstəlik tarixçəsi: kilsə və hökumətlə konflikti (1760-cı illərin əvvəlləri, “Emil və ya tərbiyə haqqında” kitabı çıxdıqdan sonra) nəticəsində Russodakı şübhəcillik xəstəlik dərəcəsinə çatdı. O, heç yanda uzun müddət yaşaya bilmirdi, yazıçıya elə gəlirdi ki, daim onu izləyirlər, hətta o, dostlarına belə inanmırdı. Bir dəfə Russo qərara gəldi ki, qonaq olduğu qəsrin sahibləri guya onu ölmüş xidmətçini zəhərləməkdə ittiham edirlər. Bundan sonra, o, mərhumun cənazəsinin açılmasını tələb etmişdi.

Bəşəriyyətə töhfələri: pedaqoji islahat. Hüquqi demokratik dövlət ideyası. İnqilab ideyası.

VII pasiyent: Nikolay Qoqol. Rus yazıçısı (1809-1852)



Diaqnoz: şizofreniya, periodik psixoz.

Simptomlar: görmə və səs hallüsinasiyaları; zaman-zaman əsəbiliklə əvəzlənən düşkünlük və reaksiyasızlıq; depressiv hallar; kəskin ipoxondriya (ona elə gəlirdi ki, orqanları qarışıb, mədəsi isə “tərsinədir”); klaustrofobiya.
Xəstəlik tarixçəsi: şizofreniya təzahürləri onu heç vaxt tərk etməyib, sonuncu il isə ümumiyyətlə, kəskinləşib. Bacısının ölümündən sonra yazıçının halı bir az da ağırlaşıb. Qoqol daim dua edir, qida qəbul etmir, zəiflikdən və halsızlıqdan şikayət edirdi və deyirdi ki, sağalmaz xəstəlikdən əziyyət çəkir, hərçənd həkimlər azacıq mədə-bağırsaq pozuntusundan başqa heç bir şey aşkarlamamışdılar. Qoqol əlyazmalarını yandırdıqdan sonra vəziyyəti daha da ağırlaşdı. Özünü müalicə də səmərə vermədi və 1852-ci il fevralın 21-də yazıçı dünyasını dəyişdi. Onun ölümünün əsl səbəbləri hələ də bəlli deyil.

Bəşəriyyətə töhfələri: Kiçik insana spesifik nifrət və mərhəmətqarışıq sevgi. Dəqiq tapılmış rus tipajları.

VIII pasiyent: Gi de Mopassan. Fransız yazıçıs (1850-1893)



Diaqnoz: beyin iflici.

Simptomlar: ipoxondriya, intihara meyl, əsəb tutmaları, sayıqlamalar, hallüsinasiyalar.
Xəstəlik tarixçəsi: Gi de Mopassan bütün ömrü boyu ipoxondriyadan əziyyət çəkib: o, ağlını itirməkdən çox qorxurdu. Yazıçı əsəb tutmaları zamanı iki dəfə intihara cəhd edib. 1891-ci ildə onu ruhi xəstəxanaya yerləşdiriblər və yazıçı ölümünədək orada qalıb.

Bəşəriyyətə töhfələri: ədəbiyyatda fiziologizm və naturalizm (o cümlədən, erotik naturalizm). Ruhsuz cəmiyyətə qarşı yorulmadan mübarizə ehtiyacı.

IX pasiyent: Vinciniya Vulf. İngilis yazıçısı (1882-1941)


Diaqnoz: depressiya, hallüsinasiyalar, qarabasmalar.

Simptomlar: Güclü depressiyada olan Virciniya bütün günü “Qədim Yunanıstanın zeytun ağaclarında oxuyan quşların səsini eşitdiyini” deyirdi. Yuxusuzluq və qarabasmalar ona işləməyə imkan vermirdi. Uşaqlıqdan intihara meyilli idi.

Xəstəlik tarixçəsi: 13 yaşında Virciniya onlara qonaq gələn qohumlarının təcavüzünə məruz qalıb. Bu travma onun kişilərə insani və cinsi münasibətinə təsir göstərib. Anasının ölümündən sonra qızcığaz intihara cəhd edib. Onu xilas etsələr də, Virciniya bütün ömrü boyu depressiyalardan qurtula bilməyib. Atasının ölümündən sonra güclü əsəb pozuntusu keçirib. Virciniyanın qeyri-ənənəvi oriyentasiyaya malik olduğunu iddia edirlər, o, həqiqətən qadınlara vurulurmuş, amma cismani yaxınlıq onun üçün iyrənc bir şey idi. Nə kişilərlə, nə qadınlarla qucaqlaşa bilirdi, əl sıxmalar belə onu iyrəndirirdi. Deyilənə görə, yazıçı, əri ilə də cinsi münasibətdə olmayıb. II dünya müharibəsi başlayanda Londonun bombardmanı zamanı onun evi dağılır, kitabxanası yanır, əri isə zorla ölümdən qurtulur — bütün bunlar onun psixikasını tamamilə pozur və həkimlər onu xəstənaxanaya yatırmağı məsləhət görürlər. Amma ərinə artıq əziyyət vermək istəməyən qadın özünü çaya ataraq intihar edir.
Bəşəriyyətə töhfələri: fani dünyanın, qəhrəmanların daxili dünyasının əksində ifadəsində novatorluq.

x pasiyent: Sergey Yesenin. Rus şairi (1895-1925)

Diaqnoz: ikiqütblü affektiv pozuntu

Simptomlar: təqib maniyası, qəfil və kəskin əsəb tutmaları, qeyri-adekvat davranış (adamların içində mebeli dağıdır, güzgüləri sındırır, söyüş söyürdü).

Xəstəlik tarixçəsi: Alkoqolun təsirindən güclənən əsəb tutumalarına görə Yesenin bir neçə dəfə Fransa və Rusiya klinikalarında müayinə alıb. Amma müalicə səmərə verməyib: məşhur klinikaların birindən çıxandan cəmi bircə ay sonra mehmanxanadaca özünü asıb.
Bəşəriyyətə töhfələri: Poeziyada yeni intonasiya.


Çevirdi: Rəbiqə Nazimqızı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR