Çingiz Abdullayev Sabir Əhmədlinin sirrini açdı
Bizi izləyin

Yazarlar

Çingiz Abdullayev Sabir Əhmədlinin sirrini açdı

Başqa mövzuda yazacaqdım. Amma bu dəfə bütün xırda mövzulardan yüksəkdə dayanan Azərbaycanın fikir və düşüncə adamı, xalq yazıçısı Sabir Əhmədli haqda yazmaq qərarına gəldim. Yadımdadır, bir neçə il bundan əvvəl onun 80 illiyi səssiz-səmirsiz ötüşdü. O ərəfədə yazıçının möhtəşəm bir kitabı nəşr olundu: “Yazılmayan yazı”. Sabir müəllimin vəfatından sonra işıq üzü görən sonuncu, həm də ən irihəcmli romanı cəmi 200 tirajla çap olunub. Ayıb olsun!

Kitabı acgözlüklə, birnəfəsə oxudum və təəssüfləndim ki, avtobioqrafik səciyyə daşıyan, tarixi faktlarla zəngin olan bu əsər, demək olar ki, redaktə olunmadan, tələm-tələsik nəşr olunub. Hətta bəzi yerlərdə mötərizəyə alınmış müəllif qeydləri olduğu kimi qalıb( “dəqiq öyrən, dəftərçəyə bax.” səh.57) Əlbəttə, bu qüsurlar əsərin sanbal və siqlətini azaltmır, çünki Sabir Əhmədli ədəbi dili yaradan, zənginləşdirən yazıçılardandır. Amma yaxşı olardı ki, romanın gələcək nəşrində bu qüsurlar aradan götürüləydi.


Onun yubileyi Kitab klubunda məhdud dairədə keçirildi. Amma belə olmamalıydı. Sabir Əhmədli öz millətini ürəkdən sevən, söz sənətini vicdan işi bilən, özünə və sözünə heç vaxt xəyanət etməyən tək-tük yazıçılardandı.


Sabir Əhmədlinin bir romanı da var, son illərdə yazıb - “Həmişə azadlıqda”. Bu roman haqqında nədənsə heç yerdə danışılmır, halbuki həmin əsərdə dövrümüzün acı həqiqətləri güclü yazıçı qələmiylə təsvir olunub. Romanın bir yerində yazıçı yazır:

“...insanların içini təmizləmək lazımdır. Buna bizim cındır süpürgələrimzin gücü çatmaz.”

Bu sətirləri yazarkən Binəqədidəki o sadə, iddiasız məzar gözlərimin önündən çəkilib getmir. Bir də Varşavanın qar basmış məzarlığında bir-bir qəbirləri qardan təmizləyə-təmizləyə inadla qardaşının məzarını axtaran cavan bir adamın soyuqdan göyərmiş əlləri. Bu əllər “Dünyanın arşını”nı ölçə-ölçə “Gedənlərin qayıtmağı”na həmişə sidq-ürəkdən inanmışdı. “Ömür urası”ndan sonra da canında təpər tapıb “Yazılmayan yazı”nı yazmağa vaxt, macal tapa bilmişdi.

Avtobioqrafik romandan bəzi detalları bu yazıda bölüşmək maraqlı olardı.


Cəbrayılın uzaq kənd məktəbində Qabil müəllimin yuxarı sinif şagirdlərinə, təzəcə yetişən qızlara dünya ədəbiyyatından nümunələr oxuması çox maraqlı faktdır. O, Stendalın, Emil Zolyanın, Hüqonun, Mopassanın əsərlərindən parçalar oxuyurdu. “Onun söylədiyi romanların havası yeniyetmələri götürmüşdü. Cəbrayılda Ovodlar, Jülyənlər, hətta madam de Renallar törənməkdəydi.”


Təsəvvür edin ki, bu gün orta məktəbin ədəbiyyat müəllimi yuxarı sinif şagirdlərinə Markesdən, Frans Kafkadan, Henrix Bölldən danışır. Təsəvvür edə bilirsinizmi? Mən bacarmıram...


Kitabın 339-cu səhifəsində rəhmətlik Qabilin Mirmehdi Seyidzadənin zay bir “poema”sını tərifləməsi və Sabir müəllimi sərt müdaxiləsi maraqlı detallarla işlənib:


“Az qaldım Qabilin ağzını əlimlə yumam. Onun zövqünə, tələbkarlığına bələddim. ...Açıq-aşkar o zəif əsəri mədh edirdi? ...Mən Qabili yavaşca çağırdım otağıma. Yaxınlaşıb soruşdum: “Qabil, indi söylə görək fikrini! Necə əsərdir Mirmehdinin poeması?” Hər iki qolunu qaldırıb, əllərini yelləyib yanıqlı dilləndi: “Çox pis, çox zəif əsərdir, zaydır.”

İbrətamiz əhvalatdır. Əsər bu tipli əhvalatlarla zəngindir.


Sabir Əhmədli bu əsərdə özü qədər inandığı oxucudan heç nəyi gizlətmir, ömrünün ən gizlin, pünhan məqamlarını açıb-tökür.

Onunla ilk və təəssüf ki, son ünsiyyətimizi xatırlayıram. 2005-ci ilin yaz çağıydı, yolum Filarmoniyanın həyətindəki Vahid poeziya evinə düşdü. Sabir müəllimi orada gördüm, şair Rəfail Həbiboğlu ilə həyətdə oturub çay içirdilər. Rəfaillə tanışlığımız vardı, yaxınlaşıb salamlaşdım. Rəfail sevincək:

– Əyləş, yaxşı gəlmisən,– dedi. Stul çəkib oturdum. Sabir müəllim qayğılı, bir az da yorğun görünürdü. Rəfail məni ona təqdim elədi:

– Sabir müəllim, Kənan bizim istedadlı gənc şairlərimizdəndir.

Sabir müəllim çayından aramla bir qurtum alıb:

– Lap yaxşı,– dedi.– İstedadlı gənclərə meydan verilməlidir. Qoy tam şəkildə özlərini göstərə bilsinlər. Çox şad oldum. İstedadlı adam görəndə elə bilirəm öz balamı görürəm, inan.

Sonra Rəfailin təkidilə bir şeir oxudum, xoşu gəldi.

Yollar ölçüsüz başmağım,
Bu başmaqla yal aşmağım,
Küləklərlə savaşmağım
Daşlı-kəsəkli torpağın
Yaxası yırtılıncadı...

– Nə maraqlı şeirdi. Səni təcili çap eləmək lazımdır,– dedi. Əlbəttə, onacan artıq çap olunurdum. Nə gizlədim, qürur duydum ki, Sabir müəllim mənim şeirimi bəyənib. Bu xoş təsadüf də taleyin bir fürsəti idi. Bir xeyli söhbət etdik, Sabir müəllim güzərandan gileyləndi, qızının heç yerdə işləmədiyini, aldığı təqaüdlə onun da ailəsinə kömək etdiyini dilə gətirdi...

Sabir müəllim bir müddət sonra “Mars” jurnalına verdiyi müsahibədə mənim “Quyu” hekayəm haqqında bir neçə xoş söz söyləmişdi. Zəng edib təşəkkür edəndə Vahid bağındakı görüşümüzü yadına saldım. Xatırladı: “Həə, sən həmin oğlansan? İstedadını qoru, bala. Sənə ancaq bunu arzulayıram”.

Bu, Sabir müəllimin mənə dediyi sonuncu sözlər idi və bu sözləri ustad vəsiyyəti kimi ömrümün axırınacan yaddaşımda qoruyub saxlayacağam.


Sonralar mən Sabir müəllimin həmin fikirlərini “Çəhrayı qan” kitabıma da daxil etdim.


Yeri gəlmişkən, bir məqamı da xatırlayıram. Lap yaxın vaxtların söhbətidir. Yazıçılar Birliyinin Natəvan klubunda Çingiz Abdullayevin gənc yazarlarla görüşü keçirilirdi. Həmin görüşdə Çingiz Abdullayev indiyədək çoxlarının bilmədiyi bir sirrin üstünü açdı və dedi ki, ilk dəfədir ki, bu faktı açıqlayıram, Sabir Əhmədlinin ruhundan üzr istəyirəm.


Müharibənin qızğın vaxtında Sabir müəllimin oğlu Məhəmmədi cəbhəyə yollayırmışlar. Yazıçılar Birliyində bu barədə söhbət gedərkən rəhmətlik Yusif Səmədoğlu deyib ki, Sabir müəllim, heç narahat olmayın, biz yuxarılarla danışıb onu saxlatdırarıq. Sabir müəllimsə qəti etiraz eləyib "sonra deyəcəklər ki, Sabir Əhmədli oğlunu Vətəndən əsirgədi. Qoy getsin!" deyib. Bildiyiniz kimi, Məhəmməd cəbhəyə getdikdən qısa müddət sonra qəhrəmanlıqla şəhid oldu...


Mən bu faktı yazmaya da bilərdim, Çingiz Abdullayev də xahiş etdi ki, deyirəm, amma yazmayın. Yazmaya bilmədim, çünki bu faktın arxasında Sabir Əhmədlinin yenilməz xarakteri dayanır. Onun “Ədəbiyyat qəzeti”nin baş redaktorluğundan çıxarılmağı isə əsərdə təfsilatıyla qələmə alınıb və oxucu, bu günkü gənc nəsil oxuyub görəcək ki, kim kimdir.


Bu kitabda çox adamların iç üzü açılıb, indi onların bəziləri haqq dünyasındadır...


Çox istərdim ki, “Yazılmayan yazı”nı – Sabir Əhmədlinin bu son əsərini bütün qələm əhli oxusun.

Kənan Hacı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm