Akif Səmədin yubileyi niyə narazılığa səbəb oldu?
Bizi izləyin

Yazarlar

Akif Səmədin yubileyi niyə narazılığa səbəb oldu?

Bu günlərdə R. Behbudov adına Mahnı Teatrında Azərbaycanın bənzərsiz şairi Akif Səmədin 55 illik yubiley tədbiri keçirildi. Tədbirin təşkilatçısı Uluslararası Aktivist Sənətçilər Birliyi idi. Akif Səmədin yubiley tədbirindən sonra mətbuatda, sosial şəbəkələrdə tədbir iştirakçılarının narazılıqları yer aldı. Bəziləri bu tədbirin Akif Səmədin adına layiq bir tədbir olmadığını diqqətə çəkdi.

Gənc yazar Həmid Ormanlı facebook səhifəsində belə bir status yazdı:

“Mürşüdüm Akif Səmədin 55 illiyinə həsr olunmuş tədbirin keçirilməsinə uşaq kimi sevinmişdim. Nə yazıqlar ki, xırda nüansları nəzərə almasaq, tədbirdə Akif Səmədi görə bilmədik. Bəzi-bəzi Akifi bilməyənlərin ərə gedən qızın valideyni kimi ərklə mikrofon gotürüb uzun-uzadı mənasız-məzmunsuz danışmaları zalda təəssüf doğururdu. O cür qələbəlik görməyən zal yarımca saat sonra keçəlləşməyə başladı.

Düzdür, adamın üstündə Allah var. Bu tədbirin düzənlənməsi üçün Nəvai Mətin həqiqətən də çox ciddi əmək sərf etmişdi. Heç şübhəsiz ki, Nəvai Akifi ən çox istəyənlərdən biridir. Akif Səmədin ən stajlı tanışlarından biridir. Söhbət ondan gedir ki, Akif Səmədi sevməklə iş bitmir, bəylər, onun haqqında söz demək üçün həm də onu bilmək lazımdır.

Kimiydi Akif Səməd? Akif Səməd hər şeydən əvvəl haqqın səngərində şəhid olan bütöv bir şəxsiyyət idi. Bizlərsə 5-3 nəfəri çıxmaq şərtiylə, olsa-olsa, ona balabanda dəstək verənlər olmuşuq. Akif Səmədə sevgimizin kökündə onun içinin işığı, sevgisi, səmimiyyəti, düzlüyü, halallığı və əqidəsi durur. Akif Səmədə sevgimizin kökündə həm də bizim xırda hislərə, tamaha, yerlibazlığa qarşı etirazımız durur. Elçibəy deyirdi ki, Şuşaya yol Təbrizdən keçir. İndi görün, Akif Səməd nə deyirdi və necə deyirdi. Akif Səməd də deyirdi ki, Təbrizə də, Şuşaya da, Göyçəyə də yol halallıqdan keçir. Mən deyərdim ki, elə Akif Səmədi bilməyin yolu da həmin o halallıqdan keçir. Bir də rica edirəm, heç kim Akifi, ay uşaq vaxtından tanıyıram, ay nə bilim, belə dostuyduq, elə dostuyduq deyə yazmasın. Akifin bir dostu var idi, o da haqq idi, həqiqət idi. “Akifə ən çox mən kömək eləmişəm” deyən dostlar deyilsinizmi siz? Elə xeyirxah insansınızsa, birinci özünüzü inandırın, cənablar. Həmid babam demiş, sizi mən yaxşı tanıyıram. Siz şura hökuməti kimi 10 almasanız, 1 verən adamlar deyilsiniz. Mən Akifin bu yönləri haqqında heç bir çıxışda səxavətli danışığa rast gəlmədim. Yalandırmı? Adımı gecə ilə çıxışçılar siyahısından çıxarmasaydınız, mən bunları deyəcəkdim. Bunları deyən oldumu? Bunları deyə bilmək üçün Akifi bilmək lazımdır bəylər”.

Yazıçı Aslan Quliyev Akif Səmədin yubileyilə bağlı narazılıqlara belə münasibət bildirdi:

“Akif Səmədin 55 illik yubileyinə mən də dəvətliydim, amma orucluq səbəbiylə gedə bilmədiyim üçün təəssüflənirəm. Tədbirdən sonrakı bəzi yazıları, statusları oxuyuram, yenə də təəssüflənirəm. Dediyim kimidir, biz iş görənin qolundan yox, ayağından yapışırıq. Nəvai Mətin əziyyət çəkir, bu boyda iş görür, Akif Səmədin adını yaşadır, onu unudulmağa qoymur, buna görə ona beləmi təşəkkür eləyirik? Tədbirdə nöqsanlar ola bilər, nəsə, kiminsə ürəyincə olmaya bilər, bunlar təbiidir. Amma bir şeyi unutmayaq, Nəvai bəy bir kimsənin pulunu yemədən, bir kimsəni əziyyətə salmadan, bir təmənnası, umacağı olmadan, qabağa düşür və bu boyda iş görür. Bacarırıqsa, əlimizdən gəlirsə, ona kömək eləməliyik, yanında olmalıyıq, nöqsanlar olmasın deyə yardımımızı göstərməliyik. Yoxsa iş görməyib də, iş görəni ruhdan, həvəsdən salmağın adı nəymiş?”

Qazaxda yaşayan şair Elməddin Nicat da öz fikirlərini bildirdi:

“Mən rayondan Bakıya Akif Səmədin qoşa beşinin işığına qaça-qaça gəldim, orda kimlərin danışıb danışmayacağı heç ağlıma belə gəlməmişdi. Gəlin dostlar, Nəvai bəyin bu qədər ürək yanğısı və könül çırpıntısıyla yerinə yetirdiyi vəfa borcunu qiymətləndirək. Sözsüz ki, bütün məclislərdə hamı istəyir danışsın, amma bu vaxt və zaman baxımından mümükün deyil. Biz dost olaraq Akifin ruhunun işığında toplaşmağımızı bir müqəddəs çıxış hesab eləyək”.

Rəssam, tədbirin təşkilatçısı Nəvai Metin isə narazılıq edənlər haqda belə dedi:

“Akif Səmədin tədbirində iştirak edən bütün insanlara təşəkkür edirəm. Amma mikrofona çıxa bilməyib indi dedi-qoduyla məşğul olanlara, sadəcə, yazığım gəlir. Dava, sadəcə, mikrofon davasıdır. Tədbir qismən mən istədiyim kimi keçdi. Mən istəyirdim o qədər adam gəlsin ki, içəri keçmək mümkün olmasın. Adamlar incisin getsin. O qədər çıxış eləmək istəyən olsun ki, inciyib getsinlər. Zal doldu, çöldə qalan da olmadı, amma inciyənlər oldu”.

Kənan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm