• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Fizikadan tapşırıqlar toplusu

  • Yazarlar
  • 31 İyul 2014 10:28
  • 1 112 Baxış
Fizikadan tapşırıqlar toplusu

Rus yazıçısı Qriqori Osterin "Fizikadan tapşırıqlar toplusu" hekayəsini təqdim edirik:

1

Kolya qızları tutub gölməçəyə basır və səylə onların suya enmə dərinliyini hesablayırdı. Tolya isə kənarda dayanıb qızların çabalamağına baxırdı. Tolyanın hərəkəti Kolyanın əməllərindən nə ilə fərqlənir və fizikada bu hərəkətlər necə adlanır?

Cavab: Fiziklər də, kimyaçılar da həm Kolya, həm də Tolyanın hərəkətlərini adicə xuliqanlıq adlandırıb hər ikisini yaxşıca kötəkləyərdilər. Amma etiraf etməliyik ki, elmi ehtiras nöqteyi-nəzərindən baxsaq, Kolya elmi təcrübə keçirir, Tolya isə əməli müşahidələr aparırdı.

2

Məktəb direktoru tərəfindən tualetdə siqaret çəkərkən tutulmuş yeddinci sinif şagirdi Vasya nə səbəbdən molekullara parçalanıb aradan çıxa bilmir?

Cavab: Vasyanın molekullarının cazibəsi bu işə mane olur. Hətta bu cazibə olmasaydı belə, yəni Vasya molekullara parçalanıb aradan çıxsaydı, onda direktor da molekullara bölünüb onun dalıyca düşərdi...

3

Petya elektrik qatarına minib nənəsigilə gedirdi və bütün yol boyu hansısa naməlum qüvvələr ona sataşmaqla məşğul idilər. Bu qüvvələrdən biri hər dəfə vaqon dayananda Petyanı qabağa itələyir, ikinci naməlum qüvvə isə qatar yerindən tərpənəndə Petyanı arxaya dartırdı. Bu xuliqanlar kimlər idi və nəqliyyat milisi onlarla bacara bilərmi?

Cavab: Petyanı dolayan ətalət qüvvəsi ilə sükunət qüvvəsi olub. Bu qüvvələrlə nəinki hansısa milis, heç xirtdəyəcən silahlanmış hərbi hava, dəniz və quru qüvvələri də bacara bilməz.

4

Bir dəfə fizika dərsində cismlərin qarşılıqlı təsiri mövzusunu öyrənəndən sonra bayıra çıxan yeddinci sinif şagirdi Vasya, təsadüfən sürətlə ona çırpılan üçüncü sinif şagirdi Dimoçkanın təsiri nəticəsində guppultuyla yerə yıxıldı. Bəs ayağa qalxan Vasyanın saat yarım ərzində Dimoçkanın dalıyca düşüb onu qovmasının səbəbi nə idi?

Cavab: Vasyanın bu hərəkətinə səbəb “cismlərin qarşılıqlı təsiri” haqqında olan fiziki qanunu həyata keçirmək olub. Bu qanuna görə, cismlərin bir-birinə təsiri birtərəfli ola bilməz. Hər bir təsir mütləq əks-təsir doğurur. Vasya da Dimoçkanı tutub öz əks-təsirini göstərməli idi.

5

Mişa ilə Lyalya göl sahilində gəzişərkən oğlan qıza təklif etdi ki, qayığa minib göldə səyahətə çıxsınlar. Qız razılaşdı. Bir azdan Lyalya darıxdı və qayığı sahilə tərəf sürüb körpüyə tullandı. Bəs Mişanın sonrakı taleyi necə oldu?

Cavab: Körpüyə tullanan zaman Lyalyanın bədəni ilə qayığın qarşılıqlı təsiri nəticəsində qayıq gölün ortasına tərəf üzüb. Qayıqda oturan Mişanın sonrakı taleyi isə fizika elminə məlum deyil.

6

Qaynar qazandan ayrılıb mətbəxin tavanına doğru hərəkət edərkən su molekulu qəfildən içəri soxulmuş naməlum hidrogen molekuluyla kəllə-kəlləyə gəldi. Hansı biri daha sürətlə kənara sıçradı?

Cavab: Çəkisi daha az olan molekul. Yəni hidrogen molekulu. Ona bu da azdır. Camaatın mətbəxində az avaralansın.

7

Nəyə görə bizim altımızda, yəni Yer kürəsinin o biri üzündə yaşayan amerikanlar planetdən qopub noxud kimi aşağı səpələnmir? Yaxud nəyə görə yer dövr edən zaman biz yıxılmırıq?

Cavab: Ona görə yıxılmırıq ki, Yer kürəsi, amerikalılar və biz bir-birimizi qarşılıqlı surətdə cəzb edirik. Buna Ümumdünya Cazibə Qanunu deyilir. Yəqin elə bu səbəbdən də hamımız Amerikaya meyilliyik.

8

Şkafın üstündən növbə ilə aşağı tullanan Tolya və Kolya nə səbəbdən döşəmədə dayanır və aşağı mərtəbədəki qonşuların başına uçmurlar? Kolyanı və Tolyanı qonşuların başına düşməyə qoymayan döşəmənin sıxlıq qüvvəsidir. Nədənsə, bu dəfə ustalar insafla iş görüb, döşəməni yaxşı düzəldiblər. Yəqin yüz-yüz vurmağa döşəmə sahibi icazə verməyib.

9

Toydan sonra 55 kq çəkisi olan xoşbəxt ər öz əlləri üstə 110 kq çəkisi olan gözəl arvadını evə gətirir. Bu xoşbəxt cütlük döşəməni nə qədər qüvvə ilə sıxır?

Cavab: Döşəmənin üstünə düşən qüvvə 1617 nyutondur. Döşəmə dözəcək, amma kişiyə adamın lap yazığı gəlir. Bədbəxtin “qrija”sı çıxmasa yaxşıdır.

Ruscadan çevirdi: Kənan HACI

Xəbər lenti

DAHA ÇOX XƏBƏR