• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Xoşbəxtlik

  • Yazarlar
  • 6 Avqust 2014 16:09
  • 2 154 Baxış
Xoşbəxtlik

Xoşbəxtlik?! Nədir xoşbəxtlik? Xoşbəxt olmaq olurmu?

Bəlkə də çoxlarımız öz-özümüzə bu sualları dönə-dönə vermişik. Əslində, xoşbəxtlik içərindəki bədbinliyi üzə çıxarmamaqdır. Yəni, öz bədbin halını ətrafa yansıtmamaq – xoşbəxtliyin tərifidir.

Bu təsəvvürlə bağlı qısa bir rəvayət var. Daha doğrusu, çox məşhur olan Bektaşi – Yunus Emrenin müəllimi xoşbəxtliyi bu cür təsəvvür edir.

Bir gün qolu kəsik bir nəfər ustad Bektaşinin yanına gəlir. Adamlar çox olduğundan oğlan bir xeyli gözləməli olur. Nəhayət, sıra gəlib ona çatır.

Bektaşi:

- Nədir dərdin? – deyə gəncdən sual edir.

Oğlan başını aşağı salır, dodağının altında:

- Xoşbəxt deyiləm, – deyir.

Bektaşi gülümsünür:

- Nədən, övladım? – deyə sorur.

Oğlan qolunu göstərir:

- Qolum kəsiləndən sonra həyat mənə zindan kimi görsənir. Yaşamaq istəmirəm.

Sonuncu cümləni oğlan çox sakit dediyi üçün Bektaşi eşitmir.

- Nə istəmirsən? – deyə xəbər alır.

- Yaşamaq... – oğlan bir az ucadan deyir.

- Aha... – Bektaşi azacıq gülümsünür, sonra üzündən qırışı silinir, dərin fikrə qərq olur.

- Oğlum, - o, darıxdırıcı sükutu pozub üzünü gəncə tutur. – Sənə bir şey deyəcəm, onu edərsən.

- Nə dersəniz, xocam, – oğlan razılıqla başını aşağı salır.

- Al bu qaşığı, bərk-bərk tut. Get, sarayı yaxşı-yaxşı gəz. Amma diqqət elə yağı damcılatma.

Oğlan Bektaşinin dediyi kimi edir. Sarayın kənarlarındakı şəlalələrə, bağlara üz tutur, quşların civiltisini eşidir, amma qaşığa diqqət yetirdiyindən heç nəyi görmür. Qayıdıb Bektaşinin yanına gəlir. Bektaşi oğlanın qaşıqdakı yağı damcılatmadığını görüb maraqla:

- Oğlum, mənim bağımı, bağımdakı sarı, bənövşəyi gülləri, bər-bəzəkli quşları gördünmü? – soruşur.

Oğlan:

- Qaşığa fikir verdiyimdən heç nəyi görə bilmədim, – deyə cavab verir və günahkarcasına başını aşağı salır.

Bektaşi gülümsünür:

- Get indi o gözəllikləri gör, – deyir.

Oğlan yenidən saraydan çıxır. Bağa, bağdakı rəngbərəng güllərə, bərbəzəkli quşlara baxır. Gözəlliyin sehrinə qapıldığından qaşıqdakı yağın damcıladığından xəbəri olmur. Geri qayıdanda Bektaşi ondan soruşur:

- Oğlum, nədən yağı damcılatdın?

- Əfəndim, bağa, bağdakı bərbəzəkli quşlara, rəngbərəng çiçəklərə baxdığımdan qaşığa fikir verə bilmədim.

Bektaşi gülümsünür:

- Oğlum, gördünmü? – deyir. – Sən qolunun kəsik olduğuna fikir verdiyindən ətrafındakı gözəlliyi görmürsən. Qoluna fikir verməsən, görərsən ki, həyat necə gözəldir. Öz bədbinliyi içində boğ, oğlum. Onda xoşbəxt olacaqsan.

Xoşbəxtliyin tərifini axtarmaq lazım deyil. Elə xoşbəxtliyin varlığını da. Bəzən insan xoşbəxtdir, ancaq bunun fərqində deyil. Ramiz Rövşən demiş:

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

bəlkə də, xoşbəxtik, xəbərimiz yox...

Xoşbəxtlik üstü bağlanmış, gizli, qaranlıq yerdə saxlanmış kimi görünməzdir. Onu duymaq lazımdır. Xoşbəxtlik bəzən insan cildində, bəzənsə başqa bir cilddə qarşına çıxa bilər. Sadəcə onu öz qiyafəsində deyil, içinin qiyafəsində görmək lazımdır.

İnsanın həyatdan tutacağı bir dayaq olmalıdır. Bu dayaq onu xoşbəxtliyə, ulaşa bilməyəcəyi xoşbəxtliyə daşıyacaq. Çalışın, özünüzü xoşbəxt hesab edin, özünüzdə bədbəxtlik axtarmayın, Bektaşi demiş, həyatın gözəlliyinin sehrinə qapılın.

Oğuz Ayvaz

Xəbər lenti

DAHA ÇOX XƏBƏR