Ətrafımızda əsəri ilə birgə ölən nə qədər istedadlı adam var? - ÇAĞIRIŞ
Bizi izləyin

Yazarlar

Ətrafımızda əsəri ilə birgə ölən nə qədər istedadlı adam var? - ÇAĞIRIŞ

On doqquz il əvvəlin ağrısıdır, tez-tez yadıma düşür və öz-özümdən soruşuram: “Görəsən, Nicat indi hardadır?”... O il universitetə yeni qəbul olunmuşduq, ilk gündən bir-birimizi tanımağa, ortaq maraqlarımızı tapmağa çalışırdıq – necə olsa, qarşıda dörd il vardı.

Dil-ədəbiyyat fakültəsiydi, şeir qaralayanlar, tənqidə meyil eləyənlər vardı. Bir sözlə, qrupda beş-altı nəfər az-çox yaradıcılıq həvəsiylə fərqlənirdi. Qalanları ya eləcə dərs proqramını oxuyur, ya da vaxtlarını keçirib imtahanlarda birtəhər - bu və ya digər yolla başlarını girləyirdilər.

Amma ilk gündən diqqətimi cəlb eləyən bir oğlan vardı – Nicat. Kəlbəcərdən olduğunu bilirdik, vəssalam. Çox dərs buraxardı. Dinməz, danışmaz, həmişə arxa partada tək oturardı. Ciddi ünsiyyət probleminin olduğu sezilirdi. Dərs oxuyana da oxşamırdı. Çox zaman başını qollarının arasında gizləyib doxsan dəqiqəni eləcə yatırdı. Hiss olunurdu ki, bu sakit, adamayovuşmaz oğlanın içərisində nəsə böyük bir sirr gizlənir. Çözməyə çalışmışdım – bir-iki dəfə keçib yanında otursam da, çifayda, müəmmanı aça bilməyib yorulmuşdum. Hətta onun qaradinməzliyi getdikcə məndə qıcıq yaradırdı...

Bir gün sirr gözlənilmədən, öz-özünə açıldı. Müəllimə ilk dəfə bizə yaradıcı mövzuda inşa tapşırdı. Fakültəyə testlə qəbul olunan tələbələr əvvəl çaşdılar, amma yarıxoş-yarızor tapşırığı icra etmək lazım idi. Heç özümün də nə yazdığım yadımda deyil, başqa yazılar da şagird inşasından fərqlənmirdi. Sonda növbə Nicata çatdı.

Oxuduğu ilk cümlədəcə donub qaldıq, fəal tələbələr sual dolu nəzərlərlə əvvəl bir-birlərinə, sonra Nicatın üzünə baxdılar. O isə heç nə olmamış kimi davam edirdi. Günəşi təsvir eləmişdi, necə təsvir eləmişdisə, şüası gözümüzə düşmüşdü, gözümüz qamaşmışdı, üfüqdən necə yazmışdısa, qeyri-ixtiyari pəncərəyə baxmışdıq və anlamışdıq, aramızda yeganə fenomen elə Nicatdır.

Qaradinməz, təvazökar bu oğlana münasibətimiz dəyişmişdi, amma onun bizə münasibəti dəyişmirdi. Yenə dərslərdə yatır, suallarımızın cavabında ya fikrə gedir, ya da mənasını anlamadığımız təbəssümlə gülümsəyirdi. Onu heç düz-əməlli tanıya bilmədik də. İlk semestrdəcə Nicatı çox dərs buraxdığına görə universitetdən xaric etdilər. Onu müdafiə eləyə bilmədik: təcrübəmiz yox idi, bizə başqasının hüquqlarını müdafiə eləməyi, dostluğu-yoldaşlığı öyrətməmişdilər.

Hamı öz başının qayğısına qalmalıydı: imtahanlar, sevgi, məişət-qayğıları və qorxu. Bəli, qorxu. Bizə evlərimizdə nə aşılayırdılar? Müəllimlə münaqişəyə girmə, özündən böyük haqsız olanda da dinmə, başını aşağı salıb dərsini oxu, başqasının probleminə görə beç kəsin yanında özünü pis eləmə. Üstəlik, biz Nicatın dərs buraxmasının səbəblərini bilmirdik. Maraqlanmışdıq, deməmişdi. Sonradan öyrəndik ki, valideynləri qaçqın şəhərciyində yaşayır, Nicat da gecələr qarovulçu işləyir, şəhərdən kənarda kirayə qalır. Evdə də universitetdən qovulduğunu deməyib, bəlkə, bərpa oluna biləcəyinə ümid edib, kim bilir. Onu da eşitdik ki, universitetdən qovulandan sonra bazarda meyvə satır. Sonra bunların hamısını unutduq.

Başımız yenə özümüzə qarışdı. Yadımıza da düşmədi ki, bu fakültədə oxumağa hamıdan çox onun haqqı çatır (Etiraz etməyi gec öyrəndik, gərək ki, üçüncü kursda oxuyurduq. Sevimli müəllimimiz və sabiq dekanımız Qəzənfər Kazımov universitetdən uzaqlaşdırılanda. Elmi Şuranın qarşısında etiraz elədik, amma heç bir işə yaramadı, bizi aldatdılar ki, elə bir şey yoxdur, narahatlığa dəyməz. Amma bu etirazımız pərakəndə idi, nə edəcəyimizi, necə edəcəyimizi bilmirdik. Qorxu vardı. Universitetdən qovulmaqdan daha çox evdəkilərə hesabat vermək qorxusu)...

Nicat son vaxtlar daha tez-tez yadıma düşür. Elçin Səlcuq, Məmməd Nazimoğlu, Şaiq Vəli, Zakir Sadatlı və adını çəkmədiyim adamlar kimi... Fikirləşirəm ki, biz heç vaxt itirdiklərimizə görə özümüzü günahkar bilməmişik. Biz heç vaxt heç kəsə görə rahatlığımızdan keçmək istəməmişik. Fikirləşirəm ki, bu gün də itirmək üzrə olduğumuz adamlar var, istedadlı adamlar, təvazökar adamlar, qiymətli adamlar. Ad çəkmək istəmirəm, hələ yaşayan, hələ ümidi qalan o adamları incitmək, onları bir az da depressiyaya salmaq istəmirəm. Amma bu dəqiqə beynimdə o adlar sıralanır...

Məişət girdabında ədəbiyyatın genefondu məhv olur, tanıdığımız-tanımadığımız, kəşf etdiyimiz və etmədiyimiz Nicatlar gedir. Biz onlar üçün heç nə eləyə bilmirik, çünki başımız “mən daha yaxşı yazıram”, “filan əsər əsər deyil, niyə “üçlüy”ə düşüb?”, “filankəs cümlə qura bilmir”, “bəhmənkəs filan vaxtı mənim ayağımı tapdaladı, bu gün də mən ona badalaq gəlim”, “filankəsin tənqidlərinə filan saytda cavab verəcəyəm” kimi mənasız iddialara qarışıb. Halbuki bu söhbətlərin heç birinin ədəbiyyata dəxli yoxdu...

Yaxşı baxın, ətrafınızda kirayə qalan, işi olmayan, xəstəliklərdən əziyyət çəkən neçə istedadlı adam var? Bütün gününü heç bir perspektivi və çəkisi olmayan mənasız işlərlə məşğul olan, hər gün nə qədər ciddi əsəri və onunla birgə özünü öldürən neçə yazar var? Və bu adamların problemiylə məşğul olan hansı qurum, həmkarlar təşkilatı var? Mənasız umu-küsüləri bir yerə qoyub təşkilatlanmağın vaxtı deyilmi, cənablar? Əvvəlcə özünüzə, ətrafınıza, rəqiblərinizə şərait yaradaq, sonra ədəbi zəmində bir-birinizin ətini yeyə bilərik, amma yenə də sümüyünü kənara atmamaq şərtiylə...

Rəbiqə Nazimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm