60 ilin mübahisəsinə son qoyan kitab
Bizi izləyin

Yazarlar

60 ilin mübahisəsinə son qoyan kitab

Beriya və Bağırova qarşı qurulan tələsik, qeyri-obyektiv aparılan istintaq, o vaxtların ölçülərilə götürsək, şübhəsiz ki sifarişli və olduqca siyasi idi. Ona görə ki, bu ittihamçılar və onların sifarişçilərinin böyük əksəriyyəti özləri müxtəlif cinayətlər

Adıgözəl Məmmədov, yazıçı-publilist (Prezident mükafatçısı)

Çoxsaylı oxucularımın bildiyinə görə mən uzun illərdir ki, L.P.Beriyanın və M.C.Bağırovun həyat yollarını araşdırıram. Onlar yaxın dost olaraq həmişə bir-birlərinə kömək etmişdilər. Beriya və Bağırova qarşı qurulan tələsik, qeyri-obyektiv aparılan istintaq, o vaxtların ölçülərilə götürsək, şübhəsiz ki sifarişli və olduqca siyasi idi. Ona görə ki, bu ittihamçılar və onların sifarişçilərinin böyük əksəriyyəti özləri müxtəlif cinayətlər törədərək, günahsız insanları güllələnməyə məhkum etmişdilər. Sanki onlar bu cinayətlərin şahidi olmuş Bağırovu və Beriyanı fiziki cəhətdən məhv etməklə, törətdikləri cinayət əməllərini və niyyətlərini güllələnmiş insanların məzarlarında gizlətmək istəyirdilər.

İki qəhrəmanımızın həyat tarixçəsinin bir çox məqamları «yeddi möhürün» arxasında hələ də gizlədilir. Stalinin dövrünə aid siyasi repressiya haqqında arxiv sənədlərini əldə etmək son dərəcədə çox çətindır.

Kreml hökmdarlarının hələ açılmamış böyük miqyasda cinayətləri hələ də tarixi informasiya kimi arxivlərdə saxlanılır. Çünki, bu arxivlər açıldıqca onların böyük miqyasda törətdikləri iyrənc işlər adamı heyrətə gətirir…

Lakin tarix göstərdi ki, onlar istəsələr və çalışsalar da bu sirlərini gizli saxlaya bilmədilər.

Belə ki, 1953-cü ildə L. P. Beriyanın həbsindən sonra onun şəxsi arxivindən tapılan sənədlərdə , gənc Lavrentinin Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanlarındakı fəaliyyəti barədə də məlumat var idi. Beriyanın istintaqı zamanı bu sənədlər barədə ondan soruşulanda, “Bağırov verib” deyərək cavab vermişdi. Həqiqətən də bu sənədlər M.C.Bağırovun göstərişilə Azərbaycan SSR arxivlərindən götürülmüş və Beriyaya göndərilmişdi.

Ancaq məsələ burasındadır ki, Beriya 1923-cü ildə yazdığı tərcümeyi-halında Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanlarına, sol yönümlü “Hümmət” siyasi təşkilatının görkəmli nümayəndələrindən biri olan Mirzə Balanın təqdimatı ilə işə götürüldüyünü qeyd edirdi. Bununla da bu hadisə ilə bağlı əlavə heç bir məlumat verilmirdi. Uzun illər Beriyanın həyatının bu qaranlıq tərəfini araşdıran çoxsaylı rus və amerika yazarları Beriyanın Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanlarındakı fəaliyyəti barədə dəqiq məlumat vermirdilər. Məsələn, A.A. Ovsienko “Beriya” kitabında Beriyanın Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanlarından bolşevik sıralarına salınmış bir agent kimi, digər məhşur rus tarixçisi və yazarı B.Sokolov isə müəllifi olduğu “Beriya” kitabında əks iddianı irəli sürür. Ancaq əsl həqiqət Azərbaycan tədqiqatçısı, tarixçi-alim Məmməd Cəfərlinin müəllifi olduğu və tamamilə arxiv sənədlərinə söykənən “Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanları” kitabında göstərilir. Bununla da Beriya həyat və fəaliyyətinin öyrənən təqiqatçılar arasında 60 ilin mübahisəsinə son qoyulur. Bu barədə Azərbaycanın xüsusi xidmət orqanlarının görkəmli tədqiqatçılarından biri olan Məmməd Cəfərlinin 1997-ci ildə işıq üzü görmüş “Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanları” kitabında geniş bəhs edilir. Məhz bu bu kitab vasitəsi ilə ADR hökumətinin Hərbi Nazirliyin kəşfiyyat və əks-kəşfiyyat bölməsinin, habelə Əksinqilabla Mübarizə Təşkilatının yaranması və təşəkkülü sahəsində fəaliyyətini əks etdirən məxfilik qrifi götürülmüş arxiv materialları və sənədləri ilk dəfə olaraq elmi dövriyyəyə gətirilir. Belə ki, Məmməd Cəfərlinin “Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanları” kitabından bizə aydın olur ki, Azərbaycan Demokratik Respublikasının vaxtında yaradılan xüsusi xidmət orqanı – «Əksinqilabla Mübarizə Təşkilatı» paritet əsaslarla formalaşdırılırdı.

Yəni Azərbaycan parlamentində olan hər partiya bu kəşfiyyat strukturunda öz nümayəndələri ilə təmsil olunurdular. Bu tədqiqat əsərinə görə bizə məlum olur ki, Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərdiyi 23 ay ərzində Milli Ordunun təşkili prosesində və həmçinin dövlətin təhlükəsizliyi baxımından general Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Belə ki, 1919-cu il mart ayının 28-də Hərbi nazir Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyinin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Bu əmrdən sonra bölmənin komplektləşdirilməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində xeyli iş görüldü. Lakin hərbi idarə çərçivəsində olan bu struktur fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspektlərinə yönəldirdi. 1919-cu il aprelin 2-də Nazirlər Şurası sədrinin adına göndərdiyi məktubunda Səməd bəy Mehmandarov yazırdı (Məmməd Cəfərli “Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanları”, Bakı – 1997): «Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir, bolşevizmlə mübarizə ümumdövlət işi olduğundan tək hərbi idarə onun öhdəsindən gələ bilməz…». Beləliklə, 1919-cu il aprelin 13-də dövlət hakimiyyətinin bütün strukturları Azərbaycan hökumətinin ixtiyarına keçdikdən sonra mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyat haqqında məsələnin müzakirəsi mümkünləşdi. Azərbaycan Demokratik Respublikasının parlamentinin qərarı ilə iyun ayının 9-da Vətəni müdafiə sahəsində fövqəladə səlahiyyətlərə malik olan xüsusi orqan – Dövlət Müdafiə Komitəsi yaradıldı. Respublikanın daxilində və sərhədlərində vəziyyət daha da gərginləşdiyindən Dövlət Müdafiə Komitəsi 1919-cu il iyun ayının 11-də Azərbaycanda fövqəladə vəziyyət elan etdi və elə həmin günlərdə də müvafiq qərarla Azərbaycanın dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanı – «Əksinqilabla Mübarizə Təşkilatı»nı yaratdı. Qısa müddət ərzində Bakıda təşkilatın yeddi rayon bölməsi yaradıldı.

Yeni yaradılan bu strukturun rəhbəri Məmmədbağır Şeyxzamanov olur. Ancaq çox keçmir ki, paritet əsaslarla formalaşan «Əksinqilabla Mübarizə Təşkilatı» işləməz hala gəldi. «Əksinqilabla Mübarizə Təşkilatı»nda təmsil olunmuş hər partiyanın nümayəndələri səmərəli işləmək əvəzinə daha çox bir-birlərini pusur və pozuçuluqla məşğul olurdular. Bu da kəşfiyyat və əks kəşfiyyat işini iflic hala salmışdı. Ona görə də bu paritet əsaslı struktur formalaşmasına etiraz edən Məmmədbağır Şeyxzamanovstefa verir. Məhz Məmməd Bağır Şıxzamaovun bu addımından sonra paritet əsaslı struktur formalaşmadan imtina edilir. «Əksinqilabla Mübarizə Təşkilatı»-nın yeni rəhbəri Nağı Şeyxxzamanov isə çox ciddi kadr islahatları həyata keçirərək əsasən sədaqətli və peşakarlardan ibarət komanda formalaşdırır. Bu zaman Beriyanın sədaqətinə tam inanan Nağı bəy ona daha məsul vəzifəni tapşırır. O, «Əksinqilabla Mübarizə Təşkilatı»nın məktubların yoxlanılması şöbəsinin rəisi təyin edilir.

Əslində Beriyaya çox ciddi strateji bir sahə tapşırılmışdı. Ona görə ki, o dövrdə məktublar rabitənin ən birinci növü idi. Beriyanın bu təyinatı gələcəkdə onu ittiham atəşinə tutanların ən əsas arqumentinə çevriləcəkdi. Məntiqlə “Hümmət”in «Əksinqilabla Mübarizə Təşkilatı»ndakı nümayəndəsi paritet prinsiplərə son qoyulandan sonra istefa verməli idi, lakin Beriya nəinki bu strukturda öz vəzifəsin qorudu və hətta daha məsul vəzifəyə irəli çəkildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm