Böyük filosofun düşdüyü məhəbbət üçbucağı
Bizi izləyin

Yazarlar

Böyük filosofun düşdüyü məhəbbət üçbucağı

Jan Pol Sartr və Simona de Bovuar NƏSRİN HƏSRİ layihəsində.

Fransız filosof, ekzistensializm cərəyanının nümayəndələrindən olan Jan Pol Sartrın fransız yazıçı, feminist Simona de Bovuar ilə tanışlığı Ali Müəllimlər məktəbində Simonadan xoşu gələn Herbard vasitəsilə olub. Uzun bir təkiddən sonra Sartrla görüşməyə dilinin ucunda “hə” – deyən Simona görüşə bacısı Helenanı göndərir. “Eynəkli çirkin adam” adlandırdığı Sartr haqqında, bacısının görüşdən gələndə “əyləncəli deyildi” cümləsini eşidəcəyini gözləyirdi Simona. Ancaq bunun tamam əksini eşitdi: “Herbardın Sartr haqqında dedikləri öz uydurmasından başqa bir şey deyil”. Simona yavaş-yavaş, özü də hiss etmədən Sartrın fəlsəfi söhbətləri olan yerlərə gedir və bir də gözünü açır ki, artıq onun yanındadır. Bu dəniz gözlü, incə, əsmər qız da Sartrın diqqətini çəkmişdi. Simona Sartrın universitetdə maraq göstərdiyi digər qızlardan çox fərqli idi. Onunla saatlarla ədəbiyyat və fəlsəfə haqqında söhbətə dalır, gələcəkdə yazacaqlarının xəyallarını qururdu.

Yay tətilində Simona babasıgilə – Limuzinə getməli olur, ancaq Sartr ona elə bağlanmışdı ki, dərhal tərəddüdsüz onun arxasınca gedir. Həmin vaxtdan onların gizli görüşləri başlayır. Ancaq Simonanın atası bundan duyuq düşür və Sartra qızıyla görüşməyi qadağan edir. Ailəsinin kommunizmə duyduğu antipatiyayagörə Sartrla Marksizmi tənqid edən bir kitab üzərində çalışdıqlarını desə də, atası Simonaya inanmır və dediyinin üstündə dayanır. Buna baxmayaraq, aşiqlərin gizli görüşləri davam edir.

Parisə qayıdanda Simona ayrı ev tutaraq dostları ilə burada daha rahat görüşür.

Sartrla paylaşdığı düşüncələr və etdiyi mübahisələr nəticəsində öz bilgisinin qeyri-kafi olmasını qəbul edən Simona çox çalışmalı olduğu halda, Sartrın da onun yanında olacağını bilirdi. “O günə qədər xoşuma gələn bütün kişilər və daha az nisbətdə Herbard mənə bənzəməyən, başqa quruluşun adamlarıydılar. Dəyişkən, əsassız, bir növ ölümcül çəkiciliklə təyin olunmuş adamlar idi. Onlarla müəyyən ölçüləri gözləmədən dərhal münasibət qurmaq qeyri-mümkün idi. Amma Sartr 15 yaşımdan bəri xəyallarını qurduğum qəhrəmanıma çox uyğun gəlirdi. O közərən yandırıcı həsrətimin qaynağı olan xəyali qəhrəmanımın eynisi idi. Avqustun əvvəlində ayrıldığımız zaman Sartrın həyatımdan bir daha heç çıxmayacağını hiss etmişdim”.

Onlar münasibətlərinin zərurət və alışqanlıq şəklinə düşərək pozulacağına icazə verməyəcəklərinə söz verdilər. Belə ki evlənməyəcək və bir-birlərinə verdikləri azadlıqdan heç vaxt vaz keçməyəcəkdilər. Əvvəlcədən razılaşsalar da, bu onlara, xüsusilə, Simonaya sonralar baha başa gələcəkdi.

Berlin-fransız universitetinə gedən Sartr bir il Almaniyada qalmalı oldu. Simonanın ona yazdığı eşq məktubları Sartrı ruh düşkünlüyündən xilas edirdi.

Münasibətlərinin davam etdiyi bir vaxtda Simona Olqa adlı bir qızla tanış olur və Sartrın yoxluğunda həmin qızla daha da yaxınlaşır. Olqa çox tənbəl və miskin bir qadın idi. Elə bu tənbəlliyi və istəksizliyi ilə o, Sartrın da diqqətini çəkə bilmişdi. Və gözlənilməz anda Sartrın Olqaya yaxınlaşdığını görən Simona özü də Olqaya laqeyd olmadığını, hətta onu sevdiyini etiraf edir. Simona ilə Olqanın münasibəti Sartrı da duyğulandırırdı. Bir gün Simonadan icazə alaraq Olqa ilə gəzintiyə çıxan Sartr həmin gecəni onunla birlikdə keçirir.

Fəlsəfə ilə maraqlanmağı dayandıran kimi Olqanın bacısı Vanda ilə maraqlanan Sartr Helenanı (Simonanın bacısı) ona rəsm dərsi keçməyə razı salır. Ancaq Vanda da tənbəllik cəhətdən Olqadan geri qalmırdı. Fəlsəfə və rəsm dərslərinin fayda vermədiyi bu iki gənc qız, Sartrı çox maraqlandırırdı. Sonralar bu qızlar Sartr sayəsində teatr aktrisası oldular və Sartr ömrünün böyük bir qismini o qızların oynaması üçün pyeslər və rollar yazmağa həsr etdi. Hansı ki sonralar həmin pyeslər onun ən uğurlu əsərlərindən hesab olundu.

Sartr bu dövrdə “Varlıq və Heçliy”i qələmə alırdı. İrəli sürəcəyi qaydaları daim Simona ilə məsləhətləşirdi. Çox vaxt Sartrın düşüncələrini Simonanın reaksiyaları cilalayırdı.

Parisə qayıdanda ilk mətni olan “Ürəkbulanma”nı nəşr etdirdi. Bunu Simonadan ayrı qaldığı müddətdə keçirdiyi yalnızlıqda yazıb. Roman yazmaq üçün yola çıxan Sartr filosof olaraq geri döndü. O başqa qadınların arxasınca düşdüyü vaxtlarda Simonanın tələbəsi Loran Bost təsəlli edirdi. Onların münasibəti on il çəkdi.

İkinci Dünya müharibəsi başlayanda Jan Pol Sartrın kabusu gerçəkləşdi və əsgərliyə çağırıldı. Simona yenə acılar içindəydi və “Qonaq qız” əsərini məhz bu yalnızlığında qələmə almışdı. Bu mövzuda Sartrın danışıqları ona yol göstərirdi.

Müharibə başa çatır və aşiqlər yenə görüşürlər. Simonanın atası öldüyünə görə anası Fransisk də onunla qalır.

Bir müddət məktəblərdə müəllimlik edən Bovuar axırda Parisdə məskunlaşıb əsas istəyinə – düşünməyə, mübahisə eləməyə və yazmağa diqqətini yönəldir. İlk əsəri – “Qonaq qız” 1943-cü ildə nəşr olunur. Sartrın və bir gənc qızla qurduqları məhəbbət üçbucağından bəhs edən bu əsər olduqca böyük maraq doğurur. Sartrın nəşr olunmamışdan əvvəl oxuduğu bu romanın qəhrəmanı Fransisk (Simone) kitabın sonunda qızı öldürür. Bu, əslində, yazarın Sartr ilə arasındakı zehni bərabərliyə verdiyi önəmin dolayısıyla izahıdır. Yaxşı, tündxasiyyət bir katolik olan anasının Simonaya yeniyetmə vaxtlarında aşılamağa çalışdığı dəyərlərə reaksiyasını biseksual roman qəhrəmanına məhz onun adını (Fransisk) verərək göstərmiş ola bilərmi?

Simonanın “Qonaq qız” əsəri nəşr olunduqda böyük səs-küyə səbəb olur, hətta Sartrın bir neçə ay əvvəl nəşr olunan “Varlıq və heçlik” əsərini də geridə qoyur.

Vandanın israrı ilə Sartr daha bir teatr əsəri yazır. Bu, onun ən önəmli pyesi idi – “Gizli iclas”.

Jan Pol Sartrın növbəti məhəbbəti ABŞ-da tanış olduğu Doloresdi. O qadının evinə yerləşən və orada qalma müddətini artıran Sartrın bu hərəkəti Simonanı çox üzmüş və aşağılamışdı. Yalnız qalan Simona bu ağrının verdiyi güclə “Başqalarının qanı” adlı yeni bir roman üzərində işləməyə başlayır. Romanın baş qadın qəhrəmanı isə müəllifin bacısı Helena olur.

Sartr Amerikadan qayıdanda Doloresdən məhəbbətlə danışır və bundan sonra hər ilin iki ayını Doloresin yanında keçirməkdən ötrü Amerikaya gedəcəyini deyir. Hətta Simona “hansımızı daha çox sevirsən?” sualına da “onu çox sevirəm, amma sizin yanınızdayam” cavabını alır.

Simona xatirələrində Sartrın sevgililərindən bəhs etsə də, Doloresdən heç bəhs etməyib. Onu sadəcə “M” adlandırıb və anlatdığı bəzi xatirələrdə də adı belə gedib.

Bir dəfə Sartr başqa bir iş üçün Simonanın yanına gedir. O bir dərgi çıxartmaq və bu dərginin proyektini Simonayla birlikdə gerçəkləşdirmək istəyirdi.

Sartr “Azadlığın yolları” romanının iki cildini nəşr etdirdikdən sonra 1945-ci ilin oktyabrında “Müasir zaman” adlı bu dərgini ilk sayı çıxdı. Həyəcanla gözlənilən dərginin ilk səhifəsində Jan Pol Sartrın qələmə aldığı “Ədəbiyyat manifesti” yer alırdı. Bu yazının redaktəsini Simona de Bovuar etmişdi. Ancaq o, dərginin birinci səhifəsini açanda şok oldu – manifestin başında Doloresin adı var idi. Ona həsr etmişdi bu əsəri. Sartrın elədiyi bu hərəkət nankorluq, həqarət idimi? Simonanın fikrincə, bu, əlbəttə ki, çox aşağılayıcı bir durum idi. Hətta bacısı Helena göz yaşlarını saxlaya bilmədi. Ancaq dəmir kimi möhkəm olan bu qadın yaranan çirkin vəziyyətin qarşısında sadəcə, susdu...

Bovuar 1947-ci ildə bir konfrans üçün Çikaqoya getdikdə Nelson Alqren adlı bir yazıçı ilə tanış olur. Və onların həmin vaxtdan başlayan eşq məktublaşmaları 1964-cü ilə qədər davam edir.

Sartr bu illərdə “Kirli əllər” adlı növbəti pyesini yazır. Simonaya görə bu, Olqa və Vanda bacıları üçün yazılmış əsər idi.

Simona artıq bütün enerjisini “İkinci cins” əsərinə yönəltmişdi. Kişilər tərəfindən əhatə olunan dünyanın çətinliklərinin, qarşısına çıxan əngəllərin, cinsi ayrıseçkiliyin əks olunduğu ilk əsərlərdən başlayaraq, hamısını feminist dəqiqliyi ilə incələyir, bunları oxuduqca daha da əsəbiləşirdi. Bu əsərin ilk cildi 1949-cu ilin aprel ayında nəşr olunur. Simona bu əsəri dostu və aşiqi Loran Bosta ithaf etmişdi. Bunun da Sartrın bir çox qadına həsr etdiyi əsərlərə cavab olaraq yazıldığı hesab olunur, çünki Bost əsər həsr etmək üçün gözlənilməz adam idi.

Sartr da Doloreslə olan münasibətindəki dayazlığı anlamışdı. Bu qadın Simon kimi Sartrın siyasi düşüncələrini paylaşacaq, lazım gələndə mübahisə edəcək və məsləhətlər verəcək qadın deyildi. Üstəlik Sartrın həssas olduğu evlənmək məsələsində də israr edirdi. Buna görə də Sartr Simonanın yanına qayıdır, sarılaraq onu çox sevdiyini və Doloresdən can qurtararaq buralardan çıxıb getmək lazım olduğunu deyir. O, heç kimlə paylaşa bilmədiyi duyğularını, düşüncələrini məhz Simonayla bölüşə bildiyini anlayır. Simona ona Nelsondan ayrıldığını deyir. Lakin Sartra Doloresdən ayrılmağı öz təsirini sonradan göstərməyə başlayır. Və bu acını ört-basdır etməkdən ötrü o Mişel adlı bir qadınla münasibət qurur. Simona isə qırx iki yaşında olanda iyirmi yeddi yaşında olan Lanzman adlı yaraşıqlı bir gənclə çılğın sevgi yaşayır, hətta bundan Nelsona yazdığı məktubda da bəhs edir. Onların münasibəti beş il çəkir.

ENS(Ecole Normale Superievre)-in qəbul sınaqlarına hazırlaşan Əl Qaim adlı gənc bir qız Sartrla görüşmək istəyir. Sartr buna etiraz etmir və hətta gənc bir xanımla görüşməyin həyəcanını yaşayır. Maraqlı burasıdır ki, sonralar Sartrın soyadını alacaq tək qadın da elə bu yəhudi qız olur.

Simona de Bovuar 1954-cü ildə “Mandarinlər” əsərini yazdı. O, bu əsərini bir müddət sevgi yaşadığı Amerika yazıçısı Nelson Alqrenə həsr edib. Əsərdə Alqrenlə şəxsi əlaqələri olmaqla yanaşı, Sartr və Bovuarın ətrafında olan adamların həyatı da yer alıb. Bu əsərdə Bovuar Alqrenlə olan cinsi əlaqələrini açıq-aşkar əks etdirib onu biabır etdiyi üçün Nelson ömür boyu Simonanın yazdıqlarını oxumur, məktublarına cavab vermir, onu görmək belə istəmir.

Jan Pol Sartrın Simona de Bovuara yaşatdığı son ağrılı hadisə dünyadan köçüb gedəndə “Əsərlərimlə Arlet maraqlansın” – deməsi idi. Sartr, Arleti övladlığa götürmüşdü. Artıq onu yalnız qoymayacaq adam var idi. Vəziyyəti ağırlaşan Sartr son nəfəsini verdiyi anda yatağının yanında da, çox təəssüf ki, Arlet var idi, Simona yox. Amma ölmədən bir neçə saat əvvəl o Simonaya “Səni çox sevirəm, qunduzum” – demiş və Simona ona bir öpüşlə qarşılıq vermişdi. Vidalaşmaları bu cür oldu. Sartr öldükdən altı il sonra – 1986-cı ildə Simona de Bovuar da vəfat etdi və sevgilisinin yanında torpağa tapşırılaraq “Varlıq və Heçliy”ə büründü...

KULT.AZ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm