KQB-nin 300 il qadağan etdiyi kitab
Bizi izləyin

Yazarlar

KQB-nin 300 il qadağan etdiyi kitab

Sovet şairi Vasili Qrossman “Bunları oxumaq qadağandır” layihəsində

Sovet şairi Vasili Qrossman 1905-ci ildə Ukraynada bir yəhudi ailəsində anadan olub. İlk təhsilini Moskvada kimya mühəndisliyi üzrə alan Vasili bir müddət Donbas hövzəsində kimya mühəndisi olaraq çalışır. Daha sonra yazar olmağa qərar verərək roman və pyeslər yazmağa başlayır. Vasili Qrossman həm də İkinci Dünya Savaşında Sovetin “Qırmızı Ordu”sunun ön sıralarında Moskva, Stalinqrad, Kursk və Berlin döyüşlərinə qatılaraq böyük qəhrəmanlıq göstərir, eyni zamanda müharibə bölgəsinin müxbiri kimi “Qırmızı Ulduz” qəzeti üçün yazılar yazır. Qrossman cəbhənin daim ön sıralarında müxtəlif rütbədən olan adamlarla saysız müsahibələr alıb. O fikirləşirdi ki, rəsmi açıqlamaların əksinə olaraq, əsgərlər fikirləşdiklərini açıq şəkildə ifadə edəcəklər. Buna görə də həmin müşahidələrin kəskinliyi və təməl daşını təşkil etdikləri yazılar yazıçılar və tarixçilər tərəfindən yüksək əhəmiyyətə malikdir. Bu yazılar sonradan “Həyat və alın yazısı” əsərinin meydana gəlməsi üçün də əsas vəsait olacaqdı. 1943-46-cı illər arasında İlya Erenburqla almanların işğal altındakı torpaqlarında yəhudilərə qarşı törədilən qırğını – vəhşəti geniş əks etdirən “Qara kitab” adlı kitabını nəşrə hazırlayır. Bu əsərində Qrossman həm ictimai, həm də şəxsi faciəsini qələmə alıb. O anasını digər minlərlə yəhudi ilə birlikdə Ukraynadakı düşərgələrdə itirmişdi.

İstər tarixi, istərsə də insani nöqteyi-nəzərdən əhəmiyyətli olan bu kitab Stalinin kosmopolitizminə qarşı kampaniya olduğuna görə məhv edilməsinə baxmayaraq illər sonra işıq üzü gördü. Yazarın “Ölümsüz xalq” adlı romanı Stefan Kolçukin kimi Stalin mükafatına namizəd göstərildi, ancaq elə Stalinin özü tərəfindən buna veto qoyuldu. 1944-cü ildə ilk dəfə nasist ölüm düşərgələrindən bəhs edən “Treblinka cəhənnəmi” adlı məqaləsini yazdı. Qrossmanın bundan sonra – 1952-ci ildə yazdığı “Haqlı bir məhkəməyə görə” adlı əsəri isə əvvəlcə tərifləndi, sonra qınağa səbəb oldu.

Vasili Qrossman şah əsəri olan “Həyat və alın yazısı” əsərini 1960-cı ildə yazıb bitirdi və əsərin əlyazmasını “Znamya” dərgisinə verdi. Əsərdə Sovet Rusiyasında baş verən hadisələri göz önünə sərən yazıçı ustadı Tolstoyun “Hərb və sülh”ünün izi ilə gedir. Ancaq dəhşətli bir ağrı-acı ilə qələmə alınmış bu əsər gələcəkdə onu qadağan olmaqdan xilas edə bilməyəcəkdi. Stalinin ölümündən sonrakı “yumşalma” dövründə əsərini nəşr etdirəcəyinə ümid edən Qrossman yanılırdı. Səlahiyyətli şəxslər müəllifi deyil, kitabı məhkum etdi. Roman bir səlahiyyətli şəxs tərəfindən “sistem üçün bir atom bombası” olaraq tanıdıldı və 300 illik məhkumiyyət cəzasına layiq görüldü. Belə olan halda Vasili Qrossman özünü bu sözlərlə müdafiə etdi: “Mənim həyatımı həsr etdiyim kitab həbsdə olduğu müddətdə bugünkü fiziki azadlığımın heç bir mənası yoxdur. Çünki mən o kitabı yazdım, rədd etmədim və rədd etmirəm. Kitabımın azad olmasını istəyirəm”... Ancaq KQB-nin səlahiyyətli şəxsləri Qrossmanın kitabın daha iki nüsxəsini çıxartdırmağından xəbərsiz idi. Qərbə qaçırılaraq yalnız 80-ci illərdə nəşr olunan “Həyat və alın yazısı” əsərini tənqidçi Corc Steyner belə qiymətləndirir: “XX əsrdə “böyük ədəbiyyat” adlandırılan bütün əsərləri kölgədə buraxan bir roman olaraq bu günə qədər milyonlar tərəfindən oxunmaqdadır”.

“Həyat və alın yazısı” əsərində əsas mövzu kimi Stalinqrad müharibəsi və müharibədən sonra yaşanan hadisələr, parçalanan bir ailənin əhvalatı nəql olunur. Əsər real dialoqları, şeir dili və fəlsəfi mühakimələri ilə diqqət çəkir və bu məxsusi keyfiyyətlərinə görə dünya ədəbiyyatında məxsusi yer tutur. Dövlət bu əsəri nəinki rədd etdi, onunla bağlı bütün yazılara da qadağa qoydu. Bu əsərdən də artıq tənqidi ruha malik “Hər şey keçib gedərmi?” adlı əsərini tamamlayan Qrossman həyatının on ilini Sovet siyasi rejiminin ağır təzyiqi altında keçirdi və bu illərdə yazarın heç bir əsəri nəşr olunmadı. Şair, yazıçı Qrossman 1964-cü ildə böyük bir boşluq və ümidsizlik içində iztirablarla dolu həyata göz yumdu.

“Həyat və alın yazısı” əsəri isə yazıçının ölümündən 16 il sonra rejimə müxalif olan adamlar tərəfindən ölkə xaricinə çıxarılaraq 1980-ci ildə İsveçrədə nəşr etdirildi. Bu əsər 70 il sonra minlərlə oxucu tərəfindən oxunulur, bəyənilir və tənqid edilir. Qrossmanın ölümündən sonra XX əsrin “Hərb və sülh”ü kimi qiymətləndirilən “İkinci Dünya Savaşı yazıları” yığılaraq çapa verildi, müxtəlif ədəbiyyatşünaslar, tənqidçilər və tarixçilər tərəfindən bu sahədəki ən önəmli əsərlərdən hesab olundu.

“İkinci Dünya Savaşı”, “Ölümcül mühasirə: Stalinqrad – 1942-1943”, “Berlinin çöküşü – 1945”, “Qurtuluşdan sonra Paris: 1944-1949” və s. əsərlərin müəllifi olan ingilis tarixçi, yazar Antoni Bevorun Vasili Qrossman haqqında nəşr etdirdiyi “Savaşda bir yazar” kitabı həm Qrossmanın savaş dəftərləri, həm də Rus Dövlət Ədəbiyyat və Sənət arxivində olan məqalələrin əsasında yazılıb.

Vasili Qrossmanın “Həyat və alın yazısı” əsəri qadağalarla üzləşsə də, bu əsər torpaq altında yatanların səsi, ağır rejim təzyiqlərinin həyata və azadlığa əsla qalib gəlməyəcəyini göstərən ölümsüz bir sənəd olaraq qalacaq. “Həyat və alın yazısı” kitabı haqqında məşhur yazıçıların müxtəlif fikirləri var:

“Bu roman, sadəcə, “kitab” adlandırılmayacaq qədər böyük bir əsərdir. Roman içində bir neçə romandır, əslində – biri keçmişdə, digəri gələcəkdə. İki tarixi olan bir əsərdir”.

Henrix Böll

Tarixçi və yazar Antoni Bevor, “Həyat və alın yazısı”nı İkinci Dünya Savaşını əks etdirən ən yaxşı roman olaraq göstərir!

“The Wall Street” dərgisi

Vasili Qrossmanın romanı görünüşdə Sovetlərin ordusunda savaş müxbiri olaraq çalışdığı İkinci Dünya Savaşıyla bağlıdır. Ancaq romanın əsl məsələsi, totalitarizmin hissləri korşaldan insanlıqdankənar quruluşuna rəğmən – təsadüfi, banal, ya da qəhrəmancasına yaxşılığın gücünü göstərməkdir. Romanın son səhifəsi ilə nasistlər də, Stalinin Rusiyası da sanki buxarlanır və özündən sonra bizi insan edən şeyin, nəticəsi nə olursa olsun, məqsədsiz yaxşılıq olduğu gerçəyi qalır”.

Linda Qrant, “The Wall Street” dərgisi

“Qrossman gec-tez, hətta tezliklə XX əsrin ən böyük yazarları arasında xatırlanacaq”...

Qardia

Vasili Qrossmanın “Həyat və alın yazısı” əsərinə ön söz yazmış Riçard Çandler əsəri belə qiymətləndirir:

“Ədəbiyyat tarixinin ən əhatəli romanlarından biri olan “Həyat və alın yazısı”nda ard-arda gələn qısa hekayələr və yüzlərcə fərqli xarakter yer alır, Sovet dönəminin geniş bir panoraması əks olunur. İnsana aid bütün duyğu və təcrübələrin təsvirini verən Vasili Qrossman daha öncə heç bir ədəbiyyatçının bacara bilmədiyi şeyi bacarır: yazar tarixin ən qaranlıq və tragik dönəmində belə həyatın, azadlığın əsla yox edilməyəcəyi gerçəyini ortaya çıxarır.

Sadəcə, ədəbi deyil, tarixi baxımdan da böyük əhəmiyyətə malik olan “Həyat və alın yazısı”, böyük bir savaş və təzyiq rejiminin insanlarda yol açdığı yaraları çəkinmədən göz önünə sərir. Totalitarizmin açıq şəkildə təsvir edildiyi bu əsərdə fərqli siniflərdən, hətta fərqli milliyyətdən olan insanların acıları, qorxuları, məğlubiyyət və etirazları sanki Çexov hekayəsinin obrazlarını xatırladır.

Yazıldığı dönəmdə qadağan olunan, ancaq bu gün milyonla

r tərəfindən oxunan, teatr və radio oyunlarının mövzusu olan, haqqında hər il seminarlar təşkil olunan “Həyat və alın yazısı” insanlıq tarixindəki ən böyük tragediyalardan birini mövzu olaraq işləsə də, savaşın və faşizmin insanın azadlığına əsla qalib gələ bilməyəcəyini göz önünə sərən ölümsüz bir əsərdir!

“Həyat və alın yazısı” bir növ totalitarizmin hakimiyyəti altında yaşamağın yol açdığı çətinliklərin bir ensiklopediyası kimidir. Fərdin totalitarizmin təzyiqlərinə qarşı mübarizə aparmasının nə qədər çətin olduğunu heç kim Qrossmandan daha yaxşı ifadə etməyib.

kult.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm