Məcidi Məcid vurdu...
Bizi izləyin

Yazarlar

Məcidi Məcid vurdu...

MƏCİDİ MƏCİD VURDU

Zəka Vilayətoğlu MƏCİDİ MƏCİD VURDU (“Şah ölüm” romanından) ...

Məcid ağa yenə də bayırda tappıltı, xışıltı səsləri eşidib, dinşədi. Qoca palıda yenə də kimsə dırmaşırdı. Bir azdan İsgəndər kişinin vücudu görünəndə Məcid ağa toxdadı: -Gəl, İsgəndər kişi, gəl görək! Alçaqlar, deyəsən mənim zəif damarımı yaxşı tutublar!..

Həə. Gəl görək, səndən nə istəyirlər! Səni nə adla bura göndəriblər?-deyib İsgəndər kişinin mağaraya adlamasını gözlədi. İsgəndər kişi mağaraya keçib nəfəsini dərdikdən sonra dilə gəldi: -Vəziyyət çox ağırdır, ağa! Onlar yaxamıza gənə kimi elə yapışıblar ki, istədiklərini almasalar, əl çəkənə oxşamırlar,-İsgəndər kişi yazıq-yazıq dillənəndə Niftalı ağa baş barmağını, şəhadət və orta barmağının arasına pərçimləyib dedi: -Onlar, bax, bunu alarlar! -Yaxşı, nə deyirlər elə?-Məcid ağa Niftalı ağaya baxmadan İsgəndər kişidən soruşdu. -Onların nə demək istədikləri məlumdur... Ayaqlarının altında ölüm Məcid ağa, bəlkə,.. silahı yerə qoyub təslim olasınız!..

Vallah sənə çox heyfim gəlir. Deyirlər, guya hökumət sizi bağışlayacaq!.. Belə görürəm ki, onlar məni də öldürmək istəyirlər,..-sənə görə... Vallah-billah sənin uğrunda hər an ölməyə hazıram... Əlimdən nə gəlir ki!.. İndi nə təhər deyirsən, elə də eləyək. Siz getməsəniz, mən də o əclafların yanına qayıdan deyiləm. Ölsəm də sizi tək qoyub getməyəcəm... Amma ağıl-ağıldan üstündür, deyirəm, bəlkə,.. -Nə deyirsənsə, düz deyirsən, İsgəndər kişi.

Mən səninlə razıyam. Bir azdan üçümüz də təslim olacağıq, amma bir şərtlə. O şərtlə ki, əvvəlcə bizə bir içim su tapıb gətirəsən, ciyərimiz su deyə od tutub yanır. Sən qayıdanacan biz də yır-yığış edib, təslim olarıq,-Məcid ağa, susuzluqdan qurumuş dodaqlarını diliylə isladıb dilləndi. İsgəndər kişi Cəmşidin ona uzatdığı su bardağını götürüb, ehtiyatla, mağaradan palıd ağacına adladı... Məcid ağa, İsgəndər kişi gələnəcən əvvəlcədən planlaşdırdığı kimi hərəkət elədi.

Dönüb, sınaq üçün uşaqlardan soruşdu: -Neyniyək, uşaqlar, təslim olaqmı? -Sən bilirsən?-ağa eyni cavabı birdən eşitdi. Və hiss etdi ki, onlar hələ yaşamaq istəyirlər və hökumətin onları bağışlayacağına inanırlar. Deyəsən, ağa özü də buna inanmağa başlamışdı, amma özü üçün yox, ciyərparası Cəmşid üçün... -Neçə gülləniz qalıb?-Məcid ağa soruşdu.

Niftalı ağayla Cəmşid, əvvəlcə biri-birinin, sonra da Məcid ağanın üzünə baxıb, günahkarcasına boyunlarını bükdülər. -Deməli, heç birinizin ehtiyat gülləsi qalmayıb?!.. Bəs onda, sizcə neynəyək? -Sən necə istəyirsənsə, biz də,..-Niftalı ağa dilləndi. Cəmşid də ona qoşuldu. -Onda mən nə desəm, ona da əməl etməlisiniz... Hazırlaşın, çıxın bayıra! Sol tərəf meşənin içərisiylə, cəld və ehtiyatla keçib, adlayın dərəyə. Çalışın gözə görünməyəsiniz!.. Hələ mənim bir qatar gülləm qalır. Düşmənin başını qatıb, iz azdırmam üçün bu güllələr yetər... İsgəndər kişi çeşmədən qayıdan kimi, özüm də sizin arxanızca gələcəm.. Amma məni gözləməyin, qaça bildikcə, qaçıb aradan çıxın!

Di tərpənin!..-Məcid ağa qətiyyətlə dilləndi. -Lələ, mən səni tək qoyub, heç yana gedən deyiləm,-Cəmşid kövrəldi, ağlamaqdan özünü zorla saxladı. -Sözümü çevirmə, vaxtımız azdır! Uşaq deyilsən, çıx bayıra, dediklərimə əməl et!-yalnız bundan sonra Cəmşid Niftalı ağanın arxasınca bayıra çıxmalı oldu. Məcid ağa mağarada tək qaldığını görüncə, cib bıçağını çıxarıb, tüfənginin qundağına bu sözləri yazdı: “Məcidi Məcid vurdu”. Sonra oğlunun və Niftalı ağanın qarasınca dedi: “Məni bağışlayın, uşaqlar!..” Məcid ağanın, cəmisi iki gülləsi qalmışdı.

Bu güllələri də o, bilərəkdən saxlamışdı. Dayanıb gözləmədən həmin güllələrdən birini öz ürəyinin başına boşaltdı. Güllə sinəsini dəlib keçsə və ağanı al qana boyasa da, ağa dərk etdi ki, güllə lazımi hədəfə dəyməyib. Ona görə də bütün qüvvəsini toplayıb ikinci gülləni atmağa hazırlaşdı... İsgəndər kişi su dolu bardaqla təzəcə palıda çıxdığı an mağarada güllə səsi eşitdi. Birdən-birə ürəyinə nəsə damdı və əl-qolu boşaldı. Su dolu bardaq əlindən qopub yerə çırpıldı.

O, bardağı unudub, birtəhər özünü mağaraya saldı. Bu an Məcid ağanın qan içində yerə sərildiyini görüb, sarsıldı. Ağanın, çox çətinliklə, ikinci bir gülləni özünə vurmağa hazırlaşdığını duyunca, irəli atıldı: -Ağa, qadan alım, qurban olum, atma!-dedisə də, artıq çox gec olduğunu anlayıb, diz çökdü, hönkür-hönkür ağladı.-Niyə belə iş tutdun, a Məcid, niyə?.. Niyə dağladın ürəyimi, a qıvlasız?.. Adam da Məcid kimi oğula qıyardımı, a zalım?!.. Sən allah, bu gülləni atma, heç olmasa!-ağanın sağala biləcəyinə ümid edən İsgəndər kişi irəli atılıb tüfəngin qundağından yapışdı. -İsgəndər kişi, mənə toxunma!.. Gecdir, çox gecdir daha!.. A kişi, sənə dedim ki, mane olma mənə! Daha mən, sən görən, sən tanıyan Məcid deyiləm! Dost-düşməni ayırd edəcək halım da qalmayıb!

Çəkil, çıx get, yoxsa, sənə də qıyaram!-Məcid ağanın bu dəm qəzəbindən də, sanki al qan fışqırıb töküldü. Hər hansı bir cəhdin mənasızlığını anlayan İsgəndər kişi göz yaşları içində boğula-boğula bayıra çıxmalı oldu və Məcid ağa bu an ikinci gülləni öz çənəsinin altından atdı... Məcid ağanın meyidini, çətinliklərə baxmayaraq, eniş-yoxuşlu, qalın qarla örtülmüş qorxulu yollarla, iri bir xizəkdə İvanovka kəndinə gətirdilər. Xəbəri eşidincə, ətraf kəndlərdən axışıb gələn adamlar bir-birini itələyərək, sonsuz maraq və həyəcanla ağanın meyidinə baxmağa çalışırdılar. Hamı onun vaxtsız və acınacaqlı ölümünə yanır, ürək yanğısıyla meyidə tamaşa edirdilər. Meyidin üzündə bir qalibiyyət nuru vardı. Bu nurlu çöhrədə əzabdan, yorğunluqdan əsər belə yox idi. Komandir bir tərəfdə dayanıb, heyrət içində qalmışdı.

O, gah bu əzəmətli meyidə, gah da əlində tutduğu silaha baxır, silahın üstündəki “Məcidi Məcid vurdu” yazısını oxuyur, (yazı kiril əlifbasıyla yazıldığından komandir onu asan oxuyur və mənasını çox yaxşı anlayırdı), göz yaşlarını heç cür saxlaya bilmir, sakit-sakit ağlayırdı. Qarşısındakı Şah ölümün hüzurunda baş əymək, diz çöküb səcdə qılmaq istəyir, yanındakılara deyirdi: “ Heyif, çox heyif! Axı o, niyə qıydı özünə?.. Hökumətimiz onu mütləq bağışlardı!... O, niyə belə elədi, axı?.. Dəhşətdir!.. İki gülləni birdən,.. Siz ondakı ürəyə, cəsarətə baxın!.. Amma, o, heç də pis adam təsiri bağışlamır. Onun üzündəki nura bir, baxın!.. Heyif, çox heyif!..” Komandir daha ağlamırdı, amma Məcid ağanın özünü öldürdüyü anı təsəvvürünə gətirdikcə, sarsılır, qəhərdən boğulurdu.

Təbii ki, o da insan idi, onun da, daşdan yox, ət və qandan ibarət döyünən ürəyi, duyğuları vardı. Adamların, heyrət və təəccüb dolu baxışları, Məcid ağanın meyidindən yayınıb komandirin gözlərinə dikilmişdi. Öz aralarında pıçha-pıça başlamışdılar. Xeyli əvvəl Topal Kazımın, adamların beyninə yeritdiyi fikir təzədən oyanmağa başlamışdı: “Komandir, Məmməd ağanın Sibirdə, sürgün zamanı evləndiyi rus qızından olan oğludur.

Deməli, Məcid ağanın qan qardaşı olduğundan onun ölümünə yanır, ağlayır!..” Meyid hələ də ortalıqdaydı. Onun hara aparılacağı, aqibətinin necə olacağı hələ bəlli deyildi. Kimi deyirdi, vətən xaininin meyidi kimi götürüb Sibirə aparacaq, qarğa-quzğuna yem eləyəcəklər. Kimi də deyirdi ki, Şura Hökuməti meyidə iş kəsəcək, onu ora-bura daşımaqla, Məcid ağanın ruhunu incidəcək. Adamların baxışları, indi də başqa bir şeyə yönəlmişdi. Hamı o başqa şeyə həsrətlə, həsədlə tamaşa edirdi. Meyidin barmağındakı qiymətli qızıl üzük adamların gözünün işığını çəkirdi.

Indi bu qızıl üzüyə baxan ac, həris gözlər bir cüt deyil, beş cüt deyil, on cüt deyil, daha çox idi... Hər kəs özlüyündə o qızıl üzüyə necə sahib çıxa biləcəyini düşünürkən, orta yaşlı bir rus kəndlisi, əlində bel, ehtiyatla meyidə yaxınlaşdı və komandirin diqqətinin ondan və meyitdən yayındığını görüb, beli Məcid ağanın üzüklü barmağına endirdi ki, üzüyü barmaqla birgə oğurlayıb qaçsın. Bel barmağa sarı enib xırçıltı salanda adamlar vaysınıb səs saldılar. Bu an komandir nə baş verdiyini anladı və gördüyü acı mənzərədən dəhşətə gəldi. Qəzəb və nifrətlə silahını çəkib, gözləmədən, aman vermədən həmin yaramaz rus kəndlisini yerindəcə güllələdi.

Və bundan sonra ehtimallar daha da gücləndi, yəqinləşməyə başladı: “Ay camaat, komandir Şabalov, Məcid ağanın Sibirə sürgün olunmuş atası Məmməd ağanın,... oğludur. Əgər belə olmasaydı, o, hökumətin qanlı düşməni Məcid ağanın bir barmağına görə, öz millət qardaşını güllələməzdi!..” ***** Əsrin əvvəllərindən əsrin sonlarına gəlib çıxan, duruşundan, çiynindəki aynalı tüfəngdən, yel qanadlı atından, heç də bu yerlərin və bu zəmanənin adamına oxşamayan atlı, yenidən atını əsrin əvvəllərinə doğru çapırdı.

Atlı yetmiş ildən çox yol gəlmişdi və təzədən yetmiş illik bir yolu geri qayıtmalıydı. Sürətlə çapan atın qaynar döşündən də yetmiş ilin təri süzülüb tökülür, at daha sürətlə çapır, sahibini mənzilə tez çatdırmağa çalışırdı. Buna baxmayaraq, atlı atın başını çəkib qəfil dayanmalı oldu. Hardasa, yaxınlıqda bir qadın sakitcə ağlayır, kədərli zümzümə edirmiş kimi sızlayırdı. Elə bu ağlartı, bu sızlartı atlını dayanmağa vadar etmişdi. Atlı ətrafına çox diqqətlə baxdıqdan sonra qadının kimliyini öyrənə bildi. Bu qadın Məcid ağanın qızı Xırdaxanım idi.

Bir ağacın altında oturub hıçqırır, “lələm, vaay” deyib, göz yaşları tökürdü. Bir az öncə bir kişi düzə-dünyaya səs salıb, Məcid ağanın ölüm xəbərini aləmə car çəkmişdi: “Ay camahat, heeey, Məcid ağa Çətindərədə özünü öldürüüüb!..” Eşitdiyi bu acı, sarsıdıcı xəbər Xırdaxanımın köksünü dağlamışdı. Atlı atın üstündəcə donub qalmışdı.

Çox can atırdı ki, irəli yeriyib Xırdaxanımın saçlarını sığallasın, ovutsun, təsəlli versin ona, di gəl ki, heç cür ona yaxınlaşa bilmir, səsi, ünü belə çıxmır, yetmirdi Xırdaxanıma. Tərs kimi at da inad edir, sahibinin cəhdlərinə baxmayaraq, dartınıb başqa bir istiqamətə-əsrin əvvəllərinə doğru çapmağa tələsirdi. Onun bu inadı qarşısında yenidən inad göstərməyən atlı, həzin və qəmli bir melodiyaya qulaq asırmış kimi, Xırdaxanımın ağlartısını, sızlartısını dinləyə-dinləyə, yavaşca atın cilovunu boşaltdı və atı aramla yenidən əsrin əvvəllərinə doğru sürməyə başladı. Onsuz da burdan əsrin əvvəllərinə elə də uzaq bir məsafə qalmamışdı...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm