"Tormoz Hüseyn" (Hekayə)
Bizi izləyin

Yazarlar

"Tormoz Hüseyn" (Hekayə)

"Tormoz Hüseyn" (Hekayə)

Həbsdən bir ay idi, buraxıldığı. Səkkiz il müddətinə azadlıqdan məhrum olunmuş bu adam indi qırx beş yaşındaydı. Səkkiz il öncə heç bir günahı olmayan cavan bir oğlanı qətlə yetirdiyi günə qədər o, ömrünü keflə yaşamışdı. Amma,.. lənət olsun o günə... Dilinə içki dəymədiyi vaxtlar yer üzündə bəlkə də ondan məsum bir bəndə tapmaq olmazdı.

Elə ki, dilinə içki dəydi, özü də toy şənliklərində, o, qırx gün qaranlıqda bəslənmiş buğa kimi fısqırır, dırnaqlarıyla torpaq eşir, göyə hovxururdu. Bu üzdən də onu toy şənliklərinə dəvət etmirdilər. Sonuncu dəfə yaxın qonşusunun oğlunun(qonşuluq xatirinə)toyuna dəvət olunmuşdu. Ürəyi istəyən kimi yeyib-içdikdən sonra könlündən “Tormoz Hüseyn” mahnısını çaldırıb oynamaq keçmişdi.

Elə bu istəklə də musiqiçilərə yaxınlaşıb, istəyini bildirmiş, ortalıqda qol qaldırıb oynayan gənclərə əhəmiyyət vermədən, israrla onların sifariş etdiyi musiqini yarıda saxlatmışdı. Gənclərdən biri etirazını bildirəndə o, dediyindən dönməmiş, gərgin mübahisə qanla, ölümlə sonlanmışdı. O, cibindən çıxardığı bıçağı qəfildən həmin gəncin ürəyinə saplamışdı. Yenə azdlıqdaydı.

Səkkiz illik həbs onu çox dəyişdirmiş, çox qocaltmışdı. Və yenə toy şənliyinə dəvət almışdı. Yaxın qohumlarından birinin övladının toyu idi. Qəlbisınıq olduğu və həm də ağıllandığını ehtimal etdikləri üçün dəvət etmişdilər onu. O da bir tərəfdə sakitcə əyləşib yeyir-içir, heç kəsə fikir vermirdi. Yenə də ortada gənclər coşquyla rəqs edir, şənlənirdilər. O, nəhayət, ayağa qalxıb musiqiçilərə doğru yön aldı. Hiss olunurdu ki, çox içib. Ləngər vura-vura musiqiçilərə yaxınlaşdı və ciblərini eşələyib bir beşlik çıxararaq, onların stoluna atdı: “Bir yaxşı Tormoz Hüseyn çalın, - dedi. Musiqiçilər ona əhəmiyyət vermədilər. O, bir daha təkrarladı. Sonra dörd tərəfinə baxdı. Hərə öz işindəydi.

Kimsə ona məhəl qoymurdu. Bundan ürəklənib bir daha musiqiçilərə dedi: “Saxla!.. Adə, saxla, dedim!.. Saxlaaaaaa!” Nər kimi qızmışdı. Ona yenə əhəmiyyət verməyəndə, əlini qarmonçalanın qarmonun dillərində gəzişən barmaqlarının üstə qoydu: “Sənə dedim, saxla!” Musiqiçilər bir anda musiqini dayandırdılar. Rəqs edənlər də yerlərində dondular. Gənc oğlanlardan biri yaxınlaşıb, mehribanlıqla onun qoluna girdi və dedi: -Əmi, belə yaramaz! Gəlin, əyləşin, yeyin-için! Axı, görürsüz, gənclər necə gözəl rəqs edirlər?! Qızmış, qızarmış gözləri gəncin üzündə, gözlərində gəzdi.

Əlini üzünə, gözlərinə çəkdi. Bu həmin gənc idi-səkkiz il öncə bıçaqla qətlə yetirdiyi gənc. Yaraşıqlı, ata-anasının bircəsi... Həbsdə olduğu illərdə bu gənci çox xatırlamış, düşünmüş, içdən ağrımış, sarsılmışdı. Səkkiz illik həbs həyatından da daha çox bu sarsıntı üzmüş, qocaltmışdı onu. Yenə də həmin gənclə qarşılaşmışdı. Yenə də əlini cibinə aparıb bıçaq çıxarmaq istəyirdi. Amma fikrindən daşındı. Oğlana təslim oldu. Onunla birgə öz stoluna doğru yeridi və sakitcə öz yerində əyləşdi.

Gənc oğlan da qarşılığında ona minnətdarlıq etdi, baş əydi və ayrılıb dostlarının yanına qayıtdı. O isə hələ də qəzəbli, hiddətli idi. Bayaqdan qəzəbini boğmağa çalışsa da boğa bilməmişdi. Yerində rahat otura bilmədiyini, əvvəl-axır əlindən xəta çıxacağını düşünürdü. Bu xəta çıxmayınca rahatlanmayacağını da yaxşı bilirdi. Mütləq qan çıxmalı, qan axmalı idi-başqa yol yox idi. Gözlənilmədən süfrədəki boşqablardan birini götürüb, musiqiçilər tərəfə baxdı və “ Tormoz Hüseyn” deyə bağıraraq, öz başına çırpdı...

Zəka Vilayətoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm