• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Şahmar Ədəbi Məclisi” yaradıldı

  • Yazarlar
  • 10 Fevral 2014 18:06
  • 1 058 Baxış
“Şahmar Ədəbi Məclisi” yaradıldı

Azərbaycan poeziyasında öz üslubu ilə tanınmış şairin – Şahmar Əkbərzadənin adını daşıyan ədəbi Məclis yaradıldı. Ədəbiyyatımızın sayılıb-seçilən söz adamları, çox sayda ədiblər, jurnalistlər, Şahmar Əkbərzadənin şeir ruhu ilə yetişən insanlar açılış mərasimində iştirak etdi. Şair-dramaturq, fəlsəfə elmləri doktoru, professor Firuz Mustafa, şairlərdən İlham Qəhrəman, Aybəniz Əliyeva, Savalan Talıblı, Vasif Qurbanzadə, Təranə Mehdi, Siyavuş Əmirli, Tahir Məmmədli, Azər Atilla ve şairin oğlu Elturan Əkbərzadə “Şahmar Ədəbi Məclisi”nin işığına toplaşdılar. Qonaqlar Şahmar Əkbərzadə ilə bağlı olan xatirələrini bölüşməklə yanaşı bu Məclisin Azərbaycan ədəbi mühiti üçün görəcəyi mühüm işlərdən, gələcək planlardan da danışdılar.

Vasif Qurbanzadə bir neçə il əvvəl Şahmar Əkbərzadəni gəncliyə tanıtmaq üçün məktəblərdə və universitetlərdə bir neçə tədbir təşkil etdiyini dedi: “Bu ədəbi Məclisin şairi daha böyük çərçivədə tanıdacağına inandığını bildirdi. Onun hər bir şeirində vətən ruhu duyulurdu. Biz onu təbliğ etməklə Azərbaycan ruhunu insanlara çatdırmış olacağıq”.

Məclisi idarə edən və bu tədbirin əsas təşkilatçılarından biri olan şair Kəmaləddin Qədim Məclisin təkcə şairin təbliğatı ilə məşğul olmayacağını, digər ədəbi yönümlü işlərin görüleceyini de dedi: “Təbii ki Şahmar Əkbərzadənin təbliğatını edəcəyik. Ona həsr olunan əsərləri almanax şəklində çap edəcəyik. “Şahmar ədəbi Məclisi”nin işi bununla yekunlaşmayacaq. Məclis hər bir gəncə, Şahmarın şeirlərindəki vətən ruhunu özündə ehtiva edən insanlara, qələm əhli olan yazıçılara bu açıq olacaq.”

Professor Firuz Mustafa onun həm xoşbəxt, həm de bəxtsiz bir şair olduğunu dedi: “Ona görə xoşbəxt idi ki, o doğulduğu torpağı görmüşdü, oranın havası ilə böyümüşdü. Bəxtsiz idi ki, doğulduğu və bütün ruhu ilə bağlı olduğu torpaqlarının işğalını gördü. Yəqin elə buna görədir ki, onun şeirlərinden bu dərəcədə kövrək vətən qoxusu duyulur.

Yad dildə olan sözlərin gündəlik məişətimizə zorla girdiyi bir zamanda şair qədim türk sözlərimizi şeirləri vasitəsi ilə günümüzə qaytarırdı. Onun şeirlərində həm də ana dilinə olan sevgini görmək mümkündür. Hər bir sözün də öz yeri var.

Tədbirin sonunda Kəmaləddin Qədim, Fəxrəddin, Savalan Talıblı, Səlim Cəfərov, Vasif Qurbanzadə, Ruslan Dostəli, Siyavuş Əmirli və Azər Atilladan ibarət “Şahmar Ədəbi Məclisi” adlı qurumun təşkilat komitəsi yaradıldı. Bu yeni ədəbi qurum ilk addım kimi yaxın zamanda “Şahmar Əkbərzadənin yaradıcılıq gecəsi”ni keçirməyi qərara aldı. Tədbirdə o da qeyd olunub ki, ayda bir dəfə ədəbi Məclisin toplantıları keçirilsin və burada yeni dərc olunan ədəbi əsərlərin müzakirəsi keçirilsin, ədəbi tənqidlə bağlı çıxışlar edilsin. Respublikanın ədəbi-mədəni həyatında yaxından iştirak etmək ədəbi Məclisin əsas qayəsi olacaq.

Azərbaycan ədəbiyyatında “Anama layla" (1978), "Sevgi borc verilməz" (1982), "Ona yanıram ki" (1988), "Haqqa pəncərə" (1998) kimi şeir kitabları ilə imza qoymuş Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da dünyasını dəyişdiyi zaman çoxları onu unutduğu halda, Çingiz Aytmatov, Oljas Süleymenov, Muxtar Şaxanov, Mustafa Krımoğlu, Cavad Heyət, Türkiyədən çoxlu sayda onun ədəbiyyatçı, şair və yazar dostları ailəsinə dərin hüznlə başsağlığı verdilər. Bu ona türk dünyasının mənəvi birliyi üçün illər boyu çəkdiyi zəhmətlərinə verilən dəyər idi.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR