Rasim Balayev od püskürdü: “İxtiyarları yoxdur!“ - MÜSAHİBƏ
Bizi izləyin

Yazarlar

Rasim Balayev od püskürdü: “İxtiyarları yoxdur!“ - MÜSAHİBƏ

Bu gün "Nizami" Kino Mərkəzində keçirilən "Kino və konseptual problemlər" mövzusundakı tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradılması barədə qərar verilib.

Xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri seçilib. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin tərkibinə isə Şəfiqə Məmmədovadan başqa Ayaz Salayev, Cəmil Quliyev, Vaqif Mustafayev, Oqtay Mirqasımov, Ramiz Fətəliyev, Mais Ağabəyov, Yusif Quliyev, Siyavuş Kərimi, "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov, "Nərimanfilm" Kinostudiyasının direktoru Nəriman Məmmədov daxildir.

Bu təşkilatın 1956-cı ildə fəaliyyətə başlayan, hazırda Rüstəm İbrahimvəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqına alternativ olaraq yaradıldığına dair fikirlər səslənir. Məsələ ilə əlaqədar ittifaqın birinci katibi, xalq artisti Rasim Balayevin münasibətini öyrəndik.

- Rasim müəllim, yeni qurumun yaradılmasına münasibətiniz necədi?

- Yaratsınlar da... Belə şeylər, təzyiqlər o qədər görmüşük ki

.

- Deyirlər, yeni təşkilat sizin ittifaqa alternativ olaraq yaradılıb...

- Alternativdir, bəli. Amma bunun kinoya heç bir aidiyyyatı yoxdur.

- Sizi bugünkü tədbirə çağırmışdılar?

-Yox. Məni çağıra bilərlər?! Mən orda olsaydım, hamısını ifşa edərdim. Məni çağırmazlar axı! Özlərinə bab adamları dəvət ediblər.

- Sizcə, bu, Azərbaycan Kinematoqrafçılar İttifaqının sonu demək deyil?

- Yox, niyə sonu olur ki? Biz çalışırıq, fəaliyyət göstəririk. Kinematoqrafçılar İttifaqı 1956-cı ildə yaradılıb. Özünün nizamnaməsi var. Bu vaxta qədər xeyli işlər görüb. Əksinə, onlar bizim təşkilatın adından istifadə edirlər. Özü də bu, qeyri-qanunidir. Belə adda təşkilat illərdir var.

İxtiyarları yoxdu eyni adla təşkilat yaratsınlar. Dəyişik ad götürməliydilər. Və onların əksəriyyəti hələ də bizim üzvümüzdür. Şəfiqə Məmmədova və Cəmil Quliyev isə ittifaqın katiblərdir. Bir təşkilatın üzvü ola-ola başqa təşkilata üzv olmaq nə dərəcədə düzgündür? Gərək əvvəl ərizə yazıb üzvlükdən çıxardılar. Əgər siz bizim təşkilatı bəyənmirsinizsə, alternativ təşkilat yaradırsınızsa, ərizə yazıb çıxın da burdan. Qanunla belə olmalıdır.

Vallah, çox şey var. Adam deyə bilmir. Yoxsa açaram sandığı, tökərəm pambığı. Bunların gördüyü iş budur da. Ümumi işə xidmət etmək lazımdır. Vaqif Mustafayevin "Fransız" kinosuna baxanda mən xəcalət çəkirəm. Gedib telestudiyasının dərdini çəkməkdənsə Kinematoqrafçılar İttifaqının fəaliyyətinə qiymət verir.

Şəfiqə Məmmədova - həmişə özünü düşünən adam - indi gəncləri düşünən olub? Altdan-altdan siyasət aparan adamdı. Onların hamısı vaxtilə ittifaqdan bəhrələniblər. İndi ağızları ətə çatmır. Odur ki, bunların hamısı öyrədilmiş nanəcib insanlardır.

- Bundan sonra hansı addımları atmaq fikrindəsiz?

- Fəaliyyətimizi davam etdirəcəyik. Biz öz işimizlə məşğuluq. Həmin şəxslərə də müraciət edəcəyik ki, ərizə yazıb ittifaqın üzvlüyündən çıxsınlar. İki ittifaqın üzvü olmaq doğru deyil.

- Bu hadisə həmin kino xadimləri ilə olan münasibətlərinizə xələl gətirəcək?

- Nə xələl gətirəcək ki?! Yox, heç bir xələl gətirməyəcək. Zaman hər şeyi yerinə qoyacaq, sübut edəcək ki, bunlar hamısı boş şeylərdir. Sadəcə, hər şeyin zamana ehtiyacı var.

Xəyalə Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm