Rüstəm Behrudi: “Elçibəyin evində lobya və soyutma kartof yedik”
Bizi izləyin

Yazarlar

Rüstəm Behrudi: “Elçibəyin evində lobya və soyutma kartof yedik”

Gənc nəsil Rüstəm Behrudini millətçi ruhlu, dəli-dolu şeirləri ilə sevib. Xüsusən “Salam dar ağacı” şeiri ilə daha məşhurdur. Baxmayaraq ki, haqqında dəfələrlə plagiat iddiası qaldırıblar, amma bu şeir yenə də aktualdır, yenə də seviləndir. Rüstəm Behrudi yaradıcılığına mənim də güclü heyran qaldığım vaxtlar olub.

Kitabını çantamda gəzdirir, dost-tanışa onun şeirlərini oxuyub tərifləyirdim. Sonra şeir zövqüm dəyişdi, amma məktəb illərindən yaddaşıma həkk olunan misraları indidə unuda bilmirəm...

Rüstəm Behrudi ilə söhbətləşməyi çoxdan planlaşdırırdım. Bir qələm adamı kimi ona veriləcək çoxlu suallarım vardı... Ədəbiyyatdan, şeirdən, tənhalıqdan, dərvişlikdən və bir də dostu, böyük insan Elçibəydən danışmaq istəyirdim. Əvvəlcədən xeyli düşünüb daşınsam da, heç cür bu görüşü gerçəkləşdirə bilmirdim. Amma günlərin bir günü, şairlə görüşəcəyimə inanırdım. Və bu görüş baş tutdu...

- Rüstəm bəy, əslində bir çox mövzularla bağlı sizə veriləcək suallarım var. Amma istəyirəm əvvəlcə gənclərlə münasibətiniz haqqında danışaq. “Rüstəm Behrudi “CEEP”-də gəzir” yazan gəncə cavab vermişdiniz ki, “mən Rüstəm Behrudiyəm, təyyarə də ala bilərəm”...

- Mənim həm Azərbaycanda, həm də dünyada kitablarım çap olunur, qonorar alıram. Məni pul qazanmağıma görə nə üçün ittiham etməlidirlər ki? Pul qazanıram, oğurluq etmirəm ki?

Oğurluq etsəydim çoxdan məhbəsdə olardım. Yeddi qardaşım iş adamıdır, mən də onların böyük qardaşıyam, şairəm. Onlar mənə dəstək verir və bu çox normal bir şeydir. İmkanları olsa, mənə təyyarə də alacaqlar.

Axmağın biri 150 min manatlıq maşında gəzəndə niyə danışmırlar? Mənim maşınımın qiyməti heç 50 min də deyil. İlk kitabım 100 min tirajla dəfələrlə çap olunub. Elə o kitabın qonorarı bir maşının puludur da...

- Biz şairi zəngin, dəbdəbəli görməyə alışmamışıq...

- Biz şairi ya tribunada, ya dar ağacında, ya zindanda görməyi xoşlayırıq. Şair niyə həbsxanada, niyə dar ağacında olmalıdır?

- Bəs şairin bohem olmasına münasibətiniz necədir? Şair “yeyib-içən” olmalıdır sizcə?

- Bu, sovet düşüncəsidir. Ruslardan keçib bizə. Rus şairləri hamısı içən olduğu üçün bizdə də belə bir obraz yaranıb. Sovet dövründə bizim şairlərin çoxusunun içkiyə meylli olmasının səbəbi budur.

- Sizdə bohemlikdən çox, dərvişliyə meyl var...

- Mənim içməyimə səbəb yoxdur. Çünki mən içməmiş sərxoşam... Yəqin kitablarımı oxumusunuz və bilirsiniz ki, mənim düşüncələrim nədir... Vaxtilə mən də içmişəm. 18 yaşımdan içməyə başlamışam və bəlkə də Bakının arağının tən yarısını mən içmişəm. 6-7 il əvvələdək içirdim.

- Kimlərlə içirdiniz?

- Daha çox dost-tanışla...

- Ədəbi mühitdən kimlərlə?

- Ədəbi mühitlə nə cavanlıqda, nə də indi sıx münasibət saxlamışam. Təkbaşına, tənha yaşayan adam olmuşam. Dostlarım, Ramiz Rövşəndi, Sabir Rüstəmxanlıdı, Əjdər Oldur. Başqa şairlərlə də oturub durmuşam. Tanışlığım olub. Amma dərin münasibət qurmamışam. Daha çox Əbülfəz Elçibəylə oturub-durmuşam.

Tale elə gətirib ki, mən Kələkidə, onların kəndində müəllim işləmişəm. Elçibəylə 17 yaşımda tanış olmuşam. 6-7 il Kələkidə yaşamışam. Sonra Bakıya gəldim, “Yazıçı” nəşriyyatında qarovulçu işləməyə başladım. Əbülfəz bəyin iş yeri ilə “Yazıçı” nəşriyyatının arası heç yüz metr də olmazdı. Biz səhər, günorta, axşam bir yerdə yemək yeyərdik.

Çox hörmətli bir dostumuz da vardı. Yüksək vəzifədə çalışırdı, yaxşı imkanı vardı və hər gün bizə qonaqlıq verirdi. İndi o adam fəlsəfə elmlər doktorudur. Rəhmətlik Elçibəy məni çox adamla tanış eləmişdi...

- Bütün bu tanışlıqlar yəqin ki, yaradıcılığa müsbət təsir edirdi...

- Əlbəttə. İnsanın ətrafı çox şey ifadə edir. Yaxşı adamlarla münasibət insan üçün əlavə qazancdır. Pis adamla, tərbiyəsiz adamla oturub durmaqla heç nə qazanmaq mümkün deyil. Bu baxımdan Elçibəy çox nadir adamlardan idi.

- Elçibəy həm də şeiri, poeziyanı çox gözəl bilirdi...

- Bəy heç vaxt mənim haqqımda heç nə yazmayıb. Amma müsahibələrində sevdiyi şairlərin arasında mənim də adımı çəkib. İki-üç il əvvəl arxivimdəki qəzetlərdən birini atmaq istəyəndə gördüm ki, Elçibəyin müsahibəsi var. Müsahibədə özünə yaxın şairlərin adını çəkib. Deyib ki, Ramiz Rövşən, Vaqif Bayatlı və Rüstəm Behrudi mənim ruhuma yaxın şairlərdir.

- Bu ruhi yaxınlıq Elçibəyin də dərvişliyi ilə bağlı deyildi ki?

- Bizim ruhumuz çox yaxın, doğma idi. Təbii ki, Elçibəy çox böyük dərviş idi.

- Elçibəyin sevdiyi şairlərdən yalnız Ramiz Rövşəndə dərvişlik yoxdur...

- Ramiz dərviş olmasa da, böyük istedad sahibidir. Mənim şeirlərim haqqında maraqlı fikirlər deyib. Məsələn, deyir ki, mənim şeirlərim yarımçıqdır. Sanki, mən oxucunun ixtiyarına buraxıram düşünməyi. Sonradan özüm də oxudum və hiss elədim ki, doğru deyib, mənim şeirlərim sanki tamamlanmır. Amma bu yarımçıqlıq deyil.

- Elçibəydən danışırdıq...

- Elçibəy, ədəbiyyatı, xüsusilə Şərq ədəbiyyatını gözəl bilirdi. Ən kiçik məqamları belə çox gözəl duyurdu. Bir şeirim var:

Tanrı mənə gör neylədi,

Yol verib yoldan əylədi,

Bir fağır dərviş eylədi,

Bu yol ki, qandan keçəcək...

Bir dəfə televiziyada Elçibəy haqqında verilişdə demişdim ki, Tanrı Əbülfəz Elçibəyi dərviş elədi, amma yolunu qandan keçirdi. Onun seçdiyi yol mütləq qandan keçirdi. Amma Elçibəy dərviş idi. Meydan hərəkatı, prezidentlik dönəmi, ümumiyyətlə bütün həyatı qandan keçdi bəyin...

- Elçibəy prezident olandan sonra nə dəyişdi sizin münasibətlərinizdə?

- Heç nə dəyişmədi. Mən əvvəlki kimi onun yanına gedib gələ bilirdim. Biz çox möhkəm dost idik.

- Mən bilən sizə vəzifə də təklif olunub Elçibəy dönəmində...

- Mənə vəzifə təklif eləmişdi Elçibəy. Amma mən bəyə dedim ki, mən şairəm, məndən vəzifə adamı çıxmaz. Zarafatla dedim ki, 100 dollar olsa gedib yeyib-içərdim. Onda 2 saat Prezident Aparatını gəzdilər və o pulu tapa bilmədilər. Sonradan kimsə 120 dollar pul tapıb gətirdi və mən o pulla düz bir həftə şəhərin mərkəzində yeyib-içdim. O dövrdə qəzetlərin biri yazmışdı ki, “Rüstəm Behrudi nazir vəzifəsini 100 dolara dəyişdi”. Sonradan bir daha əmin oldum ki, düz etmişəm.

- Bəs Elçibəy, Naxçıvanda yaşadığı vaxtlarda münasibətləriniz necə idi?

- Elçibəy Naxçıvana gedən günün səhərisi mən də oğlumla Naxçıvana, onun yanına getmişdim. Oğlumun o zaman 5-6 yaşı var idi. Süfrəyə lobya gətirdilər, yanında da soyutma kartof. Oğlum Elçibəydən soruşdu ki. “Əbülfəz əmi, bu nə yeməkdi yeyirsən?” Yəni bu cür çətin vəziyyət idi.

Bəy dünyasını dəyişən gün “Şərq” qəzetindən bir xanım zəng edib məlumat verdi, inanmadım. Sonra oğlum zəng elədi. Bircə söz dedim o an: “Bundan sonra kimə zəng edəcəm?” Mən tək yaşayan adamam və ancaq Elçibəyə zəng vurardım. Onunla söhbətimiz tuturdu. Bizim düşüncə tərzimiz eyni idi. Əbülfəz Elçibəy mürşidim idi.

- Bu tənhalıq nədən yaranır, nədir bu tənhalığın səbəbi?

- Ətrafdakı adamlar çox şey istəyir, sən isə heç nə istəmirsən. Bax belə olanda adamlarla arandakı bağ qırılır. Heç nə istəməyən adamla hər şey istəyən adamın arasında bir bağın olması mümkün deyil.

- Heç vəzifə sahibi olmağı arzulamamısınız?

- Mən Azərbaycanda başlayan azadlıq hərəkatının öncüllərindən olmuşam. Yüz min tələbəni meydana çıxarmışam. Mən meydana çıxanda nə İsa Qəmbər, nə Etibar Məmmədov, nə də Əli Kərimli var idi. Mən Əli Kərimli kimi gəncləri ətrafıma toplayıb çıxmışdım meydana. Mənim lider olmaq imkanlarım, adamlara rəhbərlik etmək imkanlarım böyük idi. Ancaq sevmədim belə şeyləri.

- Şahlıqla dərvişlik bir araya sığmır axı...

- Təbii ki. Mənim çox böyük imkanlarım vardı vəzifə əldə etməyə. Amma heç vaxt bunun üçün çalışmadım. Elçibəyin təklifini də ona görə qəbul etmədim. Bəy o vaxt mənə təklif elədi ki, hansısa ölkədə səfir olum. Amma onu da qəbul etmədim. Dedim belə çıxır ki, mən Azərbaycandan gələn hansısa məmurun qabağına qaçmalıyam. Ən gözəli azadlıqdır.

- Bəy hakimiyyətdən gedəndən sonra nə dəyişdi?

- Zəng edib gecələr də məni narahat edən adamların zəngi kəsildi. Mənimlə bir masada oturmağı arzulayan adamlar məndən uzaqlaşdı. Mən təbiətən ağıllı adamam. Bütün bunları əvvəldən hiss edirdim. Onların dəyişəcəyini əvvəldən bilirdim. İnsan hansı imkanla doğulursa, elə də ölüb gedir.

Azərbaycan ədəbiyyatında elə adamlar olub ki, onlar mahiyyətcə rəzil olsalarda onlar ləyaqətli adam kimi ölüb gedib. Onlar rəzilliklərini göstərməyə imkan tapmayıb. Elə adamlar da olub ki, illərlə ləyaqətli adam rolu oynayıb, amma şərait yaranan kimi onların da rəzilliyi ortaya çıxıb. Dünyanın ən qəddar, ən vəhşi hökmdarı Neronun müəllimi alim olub. Mən bu düşüncədəyəm ki, insanı tərbiyə dəyişmir və onun mahiyyətində nə varsa üzə çıxır. Belə adamlar məni qəti maraqlandırmır.

- Yeni nəsillə maraqlanırsınızmı?

- Çap olunan bütün şeirləri oxumağa çalışıram. Məsələn bir gənc var, Elşad Ərşadoğlu. Onun şeirlərini oxumuşam bu yaxınlarda. Aqşinin özünü bəyənməsəm də, şeirlərini bəyənirəm. Sevinc El Sevərin şeirlərini də çox bəyənirəm.

- Bəs sizə ruhən yaxın olan kimdir? Gənc qələm adamlarından kimləri oxuyursunuz?

- Məsələn, Salamla dostuq. Uzun illərin dostuyuq. Salam çox intellektual insandı. Murad Köhnəqalanın dərvişliyi var. Qan Turalı maraqlı yazır. Baxmayaraq ki, məni də tənqid edib. Seymur Baycan isə boş və cəfəngiyat yazmaqla məşğuldur, ortada ciddi heç bir əsəri yoxdur. Seymur tənqid etdiyi yazarların heç birindən ciddi əsər qoymayıb ortalığa. Ümumiyyətlə, qələm adamlarının hərəsi bir ulduz kimidir. Hərəsinin bir özəlliyi var...

Cəlil CAVANŞIR

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm