Sayman Aruzun “İran dəftəri“ndən
Bizi izləyin

Yazarlar

Sayman Aruzun “İran dəftəri“ndən

Həmin yazını yazıb bitirənə qədər ruhi baxımdan müxtəlif hallara düşürəm. Kədər, sevinc, nifrət və sevginin birləşməsindən yaranan bu dəqiqələrim məni o üzdən bu üzə çevirir. Məni şairliyimdən alıb inqilabçıya, hətta Allahsevər bir insandan dinə nifrət eləyən bir ateistə çevirir. Bunun səbəbi isə oranın paradoksal mühitinin törətdiyi ruhi fəsadlardır. Türk doğulub amma fars kimi yaşamağa, qanunu və milliliyi sevə-sevə teokratik və tək partiyalı mühitdə şəriətin 21-ci əsrdə çox mənasız görünən qanunları ilə yaşamağa məcbur olmaq olduqca acıdır.

Uşaqkən İranı sevirdim. Elə bilirdim, dünyanın ən gözəl, ən dəyərli ölkəsidir...

Futbolu da çox sevirdim...

Müqayisə üçün deyirəm ki, o vaxt İran adlanan ölkənin milli kamandasıyla hansısa bir başqa ölkənin kamandasının görüşü keçirilsəydi, səmimi qəlbdən özümüzünkülərin qalib gəlməyini Allahdan diləyib dua edərdim. Elə bilirdim İran adlanan yer doğrudan da Vətənimdir! Hardan biləydim ki, elə deyil. Uşaq idim, böyüklərin dünyasından və o dünyanın həqiqətlərindən xəbərim yox idi. Uşaqların vətəni - onların küçələri, sevdiyi kiçik əşyaları və hər şeyə sadəlövhcəsinə inanan saf ürəkləridir.

Amma böyüdükcə Vətən anlamı da sənin ürəyində böyüyür, küçələr şəhərə və sevdiyin kiçik əşyalar böyük və milli dəyərlərə dəyişir.

İrandan yazanda əlim əsir, qələmim bu kəlməyə, bu ismə üsyan edir. Qələmi necə firlatsam da, gəlib Təbrizin adının üzərində dayanır. İran adlanan bir məkandan yazmaq və İranı tanımaq üçün Təbrizdən başlamalısan - Təbrizi tanımalısan. Dumanlı və sirli Təbrizi. Ancaq bu yazıda Təbrizin inqilablar tarıxındən deyil, mühitindən - ictimai və psixoloji durumundan yazacam. Deyirlər kimTəbrizdə baş çıxara bilsə, demək, dünyanın hər bir yerində baş çıxara bilər. Təbrizlilər hər şeyi əla dərəcədə bilir, bacarırlar. Ticarət və elm sahəsində həmişə birinci olub Təbriz. İlk çapxana, ilk kitabxana, ilk üstü örtülü bazarlar, insaıarın yaşadığı ilk məskən.

Təbrizdə yaşamaq olduqca çətin və eyni zamanda maraqlıdır. Nə qədər ki, tacirləri ifrat dərəcədə zirəkdirlər, o qədər də dindarları ifrat dərəcədədirlər.

Deyirlər Təbrizi iki dəstə idarə edir. Birinci dəstə xalça bazarının tacirləri, ikinci dəstə isə məscid və hüseyniyyələrdə nohəxanlar. Deyirlər bu iki dəstəni razı sala bilməsən, heç bir dəyişiklik eləyə bilməzsən. Təbrizin bazarı isə o qədər sirli, özəl, hətta bəlkə də mistik bir yerdir ki, onu başa düşmək olduqca çətin işdi. Novhəxanlara yaxınlaşmaq üçün də ən azından gərək, özləri qədər qəddar və radikal ola biləsən. Novhəxanlara "qəddar" deməyimdən təəccüblənməyin, məncə, insanları mənasız yerə ağladıb, dolamaq üçün gərək kifayət qədər qəddarlığın

olsun. Yoxsa haçansa vicdan əzabı çəkib savadsız və günahsız kütləni aldatdığın üçün özünü günahlandıra bilərsən.

Təbrizi yığma kamanda adlandırsaq, heç də yanılmamışıq. Yəni Azərbaycanımızın hər bir yerinin, hər şəhərinin Təbrizdə öz ayrıca məhəlləsi və küçəsi var. Misal üçün, Şuşalılar məhəlləsi, Qarabağlılar məhəlləsi, Naxçıvanlılar məhəlləsi və s. Bu səbəbdən də hər küçənin özünəməxsus mədəniyyəti və qanunları var. Hətta deyərdim ki, Təbrizdə evlə evin, yəni iki qonşu evlərin də bir-bir ilə fərqli mədəniyyətləri ola bilər. Təsəvvür edin, bir ölkədə, bir şəhərdə yaşayan iki qonşu heç də bir-birini bəyənmir və qarşı tərəfi qorxmasa, açıqca "kafir" və ya qatı dindar olsa "qulağı tüklü" adlandıra bilər. İnsanların bu qədər ziddiyyət içində yaşamaqlarının səbəbi mühitin və idarəetmə sisteminin ziddiyyət və paradoks əsasında qurulmasıdır. Yəni bir halda ki, dünya Aya səfərə gedir, İranda musiqiyə qulaq asmaq belə haram sayılır. Bir halda ki, Quranda da deyilmişkən, dünya sevgi və məhəbbət əsasında yaranıb, Təbriz küçələrində hansısa bir qızla səni söhbətləşərkən tutsalar, mütləq şallaq və zindanın var...

Bəli, dünya demokratiya və insan hüquqları hayqırıkən, orada hətta insanların ən primitiv istəkləri belə ödənmir. Sevmək istəyirsən, amma sevgi günah sayıldığı üçün sevə bilmirsən, əylənə bilmirsən, rahatca danışıb gülə bilmirsən və ən sonunda da özünə qapanıb bir ruhi xəstəyə çevrilirsən. Bədbinlik səni bürüyür, sən hər şeyi pis və günah bilirsən. Qonşunun gülməyinə, inkişafına və sevməyinə dözə bilmirsən. Satırsan və satılırsan. Çünki vətənsiz, faktiki məhbus insanların itirməyə onsuzda heç nələri yoxdu. Bəri başdan uduzmuş insanlar kimi heç nədən ləzzət almırsan... Ala bilmirsən...

Bizim qonşuluğumuzda bir "qulağı tüklu" dindar yaşayırdı. Hər həftə ən azı iki gün evini "hüseyniyyə"yə çevirib uca səslə mərsiyə oxutdurub səhərə kimi baş-beynimizi aparardı. Bizim evimizdənsə çaşıb musiqi səsi ucalsaydı və onun qulağının tüklərindən keçib "beyninə" çatsaydı, mütləq polisə zəng edib qapımıza çağırtdıracaqdı. Ondan sonra isə o "dindar"ın sözü ilə 2-3 polis maşından tökülüşüb bizə hədə-qorxu gələrək deyəcəydilər ki, "bir dəfə də bu işi təkrar eləsəz, sizi polis idarəsinə apararıq"! Gülməlidir, deyilmi? Hələ bir dəfə 3 oğlan və bir qız sinif yoldaşım gəlmişdilər qapımıza ki, mənimlə birlikdə hansısa ədəbi bir yığıncağa gedək. Həmin "qulağı tüklü" qonşumuz onları görüb gəlmişdi qapıya, hay-küy salmışdı ki, "deyin görüm, üç oğlan bir qız burada nə işiniz var?". Bədbəxt elə bilirdi ki, əgər hardasa oğlanla qız bir yerdə olsa, bu, bir küfrdür və onun qarşısını hər vəchlə almaq lazımdır. Yəni teokratiyanın yaratdığı bədbinlik və psixologi xəstəliyin nəticəsi elə bizim qonşumuz kimilərdilər...

Bizim qonşumuzdan Təbrizdə minlərcədir. Bax, elə buna görə də milli düşüncə və milli həqiqətlərimiz həmişə pərdə altında qalıb. İnkişaf edə bilməyib. Mən özüm Təbriz Universitetinin qarşısında öz qrup yoldaşım olan bir qızla söhbət elədiyim üçün iki gün həbsdə qalmışam. Çox utandırıcı bir həbs idi. Utandığımdan kimsəyə deyə bilmirdim. Axı biz eşitmişdik ki, kimsə tutaq, adam öldürmək, ya hansısa bir hüquqi-siyası günah üstündə həbsə düşər. Mən isə qız üstündə, o da küçənin ortasında onunla dərs barəsində danışdığım üçün həbsə düşmüşdüm! İndi

siz təsəvvür edin ki, mənim kimi minlərcə, on minlərcə iranlı gənc nə vəziyyətdədir...

Ardı var...

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm