Kult.az-ın 1 yaşı oldu
Bizi izləyin

Yazarlar

Kult.az-ın 1 yaşı oldu

Kult.az (əvvəlki adı 1937.az) mədəniyyət portalının 1 yaşı tamam olur. Bu münasibətlə sənət adamlarının portal barədə fikirlərini təqdim edirik.

Kamal Abdulla (yazıçı): Mən sizi çox istəyirəm. Ədəbiyyat, tənqid sahəsində bizdə xeyli boşluqlar vardı ki, bu boşluqları sizin sayt çox gözəl şəkildə doldurur. Mənə elə gəlir ki, sizin saytın ab-havasını, məna-məzmununu öz içinə çəkməyən ədəbiyyat adamını ciddiyə almaq mümkün deyil. Siz ciddi ədəbiyyatın daşıyıcılarını hazırlayırsınız. Qısa zamanda buna nail olmaq asan məsələ deyildi. Təbrik eləyirəm, uğurlar arzulayıram.

Amaliya Pənahova (Xalq artisti): Sizin haqqınızda ən gözəl fikirləri deyə bilərəm. Mədəniyyəti işıqlandırmaq savab işdir. Çünki bu gün mədəniyyəti önə çəkənlər çox azdır. Bu baxımdan sizin saytınız çox xeyirxah iş görür. Təbrik edirəm. O gün olsun, 1 yaşını yox, 100 yaşını qeyd edəsiniz. Sizin saytınıza heç bir iradım yoxdur, çünki sizə o nəzərlə baxmamışam

Flora Kərimova (Xalq artisti): Sizə etibar edib, sizinlə fikirlərini bölüşüb, paylaşanlar da olur. Amma siz heç bir zaman deyilən o sözlərdən sui-istifadə etmirsiniz. Elə bu gözəl cəhətinizə görə sizə “çox sağ olun!” deyirəm. Dəyərli portal olmasaydınız, insanlar sizə ürək edib müsahibə verməzdilər. Çünki hamı bilir ki, “mərdimazar” sayt deyilsiniz. Bilinir ki, reytinq xətrinə işləmirsiniz və buna görə də sizin saytınıza böyük hörmətim var. 1 yaşınız xeyirli və uğurlu olsun.

Seyran Səxavət (yazıçı): Kompüteri açan kimi birinci Kult.az saytına girirəm. Çox çevik bir saytdır. Mən çox istəyirəm o saytı, hər gün baxıram. 1 yaşı da mübarək olsun, böyük oğlanlardan olsun. Əvvəl bu saytı “1937.az” saytı kimi tanımışam. Sonra bir müddət paralel şəkildə hər iki addan istifadə olundu, indi də tamamilə dəyişib “Kult.az” oldu. Ən xoş arzularımı bildirirəm. Rəhbərliyinizi, yazılarına xüsusi önəm verdiyim Kəramət Böyükçölü və başqa əməkdaşıarınızı təbrik edirəm. Ad gününüz mübarək olsun.

Fikrət Qoca (Xalq şairi): Sizin sayta uzunömürlü olmağı arzulayıram. Bir də çalışın ki, hər fikri ümumiləşdirməyin. Həqiqi olan informasiyalar verin. Yaxşı xəbərlərinizi eşidək.

Fazil Mustafa (Millət vəkili): Kult.az Azərbaycanda fərqli bir layihədir. Həvəslə izləyirik. Xüsusilə, müsahibələrin orijinallığını bəyənirəm. Hesab edirəm ki, yanaşma tərzi, sualların qoyuluşu, müsahibin açılması baxımından onun problemlərə baxışını, xüsusilə də, ədəbi problemlərə baxışını, aydın izahını vermə baxımından xeyli faydalıdır. Ədəbiyyat adamlarının, sənət adamlarının bir çox məsələlərə baxışını öyrənmək çox faydalıdır. Hər halda, cəmiyyətdə buna ehtiyac var. Çünki indiyə kimi titullar hansısa sahəni inhisara götürür və elə bilirlər ki, ədəbiyyatdan ancaq ədəbiyyatçı danışmalıdır, sənətdən ancaq sənətçi danışmalıdır, amma daha çox başqa sahəyə məxsus olan insanların bu məsələdə baxışları, görüşləri və yanaşmalarının əks olunması cəmiyyət üçün bir yenilikdir.

İqbal Ağazadə (Millət vəkili): Kult.az mədəniyyət portalının ədəbiyyat, incəsənət sahəsindəki rolunu önəmli hesab edirəm. Sizin sayt bu istiqamətdə çox ciddi işlər görür. “1937.az”, bəlkə, bir az ədəbiyyatımız, incəsənətimiz, mədəniyyətimiz üçün ağır ad idi. Çünki 37-ci il həm də bizim böyük repressiyalar ilimizdir. Amma repressiyadan çıxan bir ədəbiyyatda bu gün yeni çalarlar, yeni rənglər gətirməsində hesab edirəm ki, rolunuz, ədəbiyyata baxışınız 37 rolunda yox, XXI əsr rolundadır.

Mövqeyini, fikrini bu və ya digər şəkildə ifadə etmək istəyənlər üçün saytınızın qapıları açıq olur. Arzu edirəm ki, Kult.az bizim xalqımızın formalaşmasına ciddi töhfələr versin.

Firəngiz Mütəllimova (Xalq artisti): Uzunömürlü olasınız. İncəsənət adamı kimi arzum budur ki, bütün xəbərləri insanlara doğru və düzgün çatdırsın. Sizin saytınız elədir və belə də davam edin. Təbrik edirəm. Orda çalışan hər bir əməkdaşınıza can sağlığı arzulayıram.

Əliqismət Lalayev (Azərbaycan Dövlət Musiqili Teatrının direktoru): Biz mədəniyyət xadimləri olaraq daha çox bu saytı izləməyə üstünlük veririk. Ona görə ki, bizim fəaliyyətimiz, bizim tanıdığımız sənət adamlarının da fəaliyyəti bu saytda öz əksini tapır. Mədəniyyətimizin keşiyində duran Kult.azın bütün əməkdaşlarına can sağlığı arzulayıram.

Murat Çidamlı (Türk aktyor və rejissor): Türkiyə və Azərbaycan arasındakı qarşılıqlı mədəni əlaqələri təbliğ edəcək layihənizdə mənim də, az da olsa, rolum oldusa, buna görə çox xoşbəxtəm. Ümid edirəm ki, bu istiqamətdə irəliləyən zamanlarda reallaşdıracağımız layihələrdə yenidən qarşılaşma və işbirliyi etmək şansına nail olarıq. Kult.az-a bu işində uğurlar və hər kəsə Türkiyədən salamlar.

Zöhrə Abdullayeva (Əməkdar artist): Saytınıza üzün ömür arzulayıram. İntriqalardan uzaq bir saytdır. Allah mənə də, saytınıza da uzun ömür versin ki, 100 il yaşayaq, yenə də əməkdaşlığımız davam etsin. Sizdə sırf mədəniyyət saytıdı və çox istərdim ki, mədəniyyət adamlarının, müğənnilərin intellektual səviyyəsini yoxlayan sorğular təşkil edəsiniz. Müğənnidən soruşurlar, “Mozambik hardadır?”, yaxud da “Cəfər Cabbarlı kimdir?”, tanımır. Bizim müğənnilərin bəziləri bicliyi ana bətnində öyrənirlər, elmi, biliyi və mərifəti öyrənə bilmirlər. Amma bir çəkilişə gələndə özlərini elə aparırlar, heç həmkarına salam da vermirlər. Toy qiymətini 6000-10000 deyir. Belələrinin elmini, mədəniyyətini, bilgilərini sınamaq lazımdır. Bir mədəniyyət saytı kimi müğənnilərin intellektual səviyyələrini nəzarətdə saxlayasınız. Portalınız maraqlıdır. Sadəcə, təklifim var ki, incəsənət adamlarının beynini, qəlbini, ruhunu yoxlayın, görün bunlar nəyə qadirdirlər.

Siyavuş Kərimi (Azərbaycan Milli Konservatoriyasının rektoru): “Saytınız hər zaman baxımlı olsun. Oxunma sayınız altırəqəmli sayda olsun. Yəni oxucu sayınız altı milyonu keçsin. Say üçün ən gözəl arzu da elə bu ola bilər.

İlham Namiq Kamal (Xalq artisti): Yeni yaşınız mübarək olsun. Saytın inkişafında və yeni layihələrində müvəffəqiyyətlər arzulayıram. Arzu edirəm ki, Azərbaycan incəsənəti, Azərbaycan mədəniyyətinə olan münasibətiniz günüdən-günə çiçəklənsin və bu qəbildən də hər zaman uğurlar qazanasınız.

İsrafil İsrafilov (Akademik Milli Dram Teatrının direktoru): Kult.az portalını bir yaşı tamam olması münasibətilə təbrik edirəm. Bu gün Azərbaycanda mədəniyyət sahəsində baş verən prosesləri diqqətlə izləyən, işıqlandıran mətbu orqanların, elektron dərgilərin sayı o qədər də çox deyil. Kult.az saytı yaşı az olmasına baxmayaraq, bu sahədə peşəkarlığı ilə seçilən, mədəniyyət və incəsənətimizin, o cümlədən, teatr sənətinin təbliğini məqsəd kimi qarşıya qoymuş portallardandır. Ötən bir il ərzində bir sıra maraqlı layihələri ilə diqqəti cəlb edən, mədəniyyət və incəsənət sahəsi ilə maraqlanan hər kəsin diqqətini cəlb etməyi bacaran Kult.az-a uğurlar arzulayıram.

Mübariz Həmidov (Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru): Müasir texnologiyaların, internet resurslarının, sosial şəbəkələrin geniş yayıldığı dövrümüzdə ədəbiyyat, mədəniyyət və incəsənəti, ədəbi prosesin mənzərəsini obyektiv şəkildə əks etdirən saytlara, portallara nadir hallarda rast gəlmək olur. Artıq bir ildir ki, fəaliyyət göstərməyinə baxmayaraq, geniş oxucu kütləsi qazanmış Kult.az saytı məhz həmin nadir informasiya toplumundan biridir. Sayt cəmiyyətdə baş verən mədəni hadisələrə öz mövqeyini bildirməklə, qələmə aldıqları ədəbi parçalarla çıxış etmək üçün gənclərə geniş meydan verir, cari ədəbi prosesin təbliğinə böyük həssaslıqla yanaşır. Sizi təbrik edirəm.

Kəmalə Müzəffər (Əməkdar artist): Siz çirkli-bulaşıq mətbəxlərdən, alt və üst paltarlarından, iftira və məkrdən, dava və boşanmalardan keçən yox, işıqlı və şərəfli, vicdanlı və qərəzsiz, mədəniyyətin və incəsənətin içindən keçən bir saytsınız. Sevgilərlə, 1 yaşınız mübarək.

Volkan Özgömeç (Türk aktyor və rejissor): Saytınız, doğrudan da, çox gözəldir, burda sənətçi yoldaşlarıma da paylaşacam. Uğurlarınızın daimi olmasını diləyirəm, bir sözlə, çox gözəl portaldır. Sizinlə birgə işimiz çox gözəl idi. Göstərdiyiniz qardaşlıq, qonaqpərvərliyə görə sizə minnətdaram. Heyətim və öz adıma sizə çox təşəkkür edirəm.

Elxan Qasımov (Əməkdar artist): Kult.az mədəniyyət portalının 1 yaşını təbrik edirəm. Siz düz yoldasınız, saytınız bayağı xəbər və məlumatlardan, demək olar ki, uzaqdır. Əslində, deyirlər, bayram ərəfəsində tənqidi fikirlər olmaz, amma arzu edirəm ki, ətrafdakılarla, başqa saytlarla gərəksiz rəqabətə girib öz çəkinizi itirməyəsiniz. Hansısa sayt reytinq xətrinə sizdən irəli çıxmaq istəyəndə, siz gecə ilə daha sanballı araşdırmalar və yazılarla onlardan da səviyyəli yazılar dərc edin, necə ki, belə edirsiniz. İnanıram ki, bu günə qədər olmayıbsa, bundan sonra da olmayacaq.

Həmid Herisçi (yazıçı, şair): Mən, təxminən, dörd ay çox gərgin şəraitdə Kult.az ilə əməkdaşlıq etdim. Ayda bir hekayə verirdim. Bu, mənə çox xoş idi. İşin gərginliyi, o cümlədən, bəzən qorxulu anlar da olurdu. Çünki xatirələrimdə qorxulu anlar var idi. Ancaq çox yaxşı ki, yazıldı, çap olundu, cəmiyyət tərəfindən qəbul edildi. Buna görə Kult.az-a borcluyam. İndiyə qədər Kult.az ilə çox yaxşı əməkdaşlıq etmişəm. Bundan sonra da edəcəyəm. Bu yaxınlarda Anarın yeni povesti çıxıb. Əsərin adı “Göz muncuğu”dur. Mən onu oxudum, bu haqda çox yaxşı bir yazı yazmışam, belə desək, təhlil etmişəm. Bu yazını da Kult.az-a verəcəyəm. Yazı artıq hazırdır, sadəcə, bəzi əlavələr etməliyəm. Bu yazını da hədiyyə kimi Kult.az-a təqdim edəcəyəm. Çox sevinirəm. Bir illik fəaliyyətiniz çox gözəl idi. Ədəbi mübarizələr həmişə lazımdır. Bu ədəbi mübarizələrdə də çox vicdanlı göründüyü üçün Kult.az-a təşəkkür edirəm.

Məmməd Süleymanov (yazar): Sizi təbrik edirəm. Kult.az-ı tələsmədən, sakit-sakit oxunmalı web-jurnal kimi görmək istərdim. Ki, oxucu düşünsün, suallar yaransın, qeydlər götürülsün, ətraflı və yeni bilgilər toplamaq həvəsi yaransın. Deyək ki, Frida Kalo məhz rəsmlərinə görə diqqət mərkəzinə düşsün, keçirməyə məcbur olduğu cərrahi əməliyyatların sayına görə yox. İstərdim, sayt ədəbi dilin qoruyucusu və təbliğçisi rolunu oynasın. İstərdim ki, klassik musiqi, rəssamlıq, ayrı-ayrı kitablar barədə yazılar çox olsun...

Çingiz Abdullayev (yazıçı): Sizi təbrik edirəm. İnanıram ki, bundan da böyük uğurlar qazanacaqsınız. Bir daha təbrik eləyirəm.

Rüstəm Kamal (tənqidçi): Kult.az saytının mədəni həyatımızda, maarifçiliyimizdə böyük rolu var. Şəxsən mənim yazılarım da orda gedib, mənə həmişə diqqətiniz olub. Ona görə də sizə şükranlığımı və təşəkkürümü bildirirəm. Bu çətin işdə, fikirlərin mücadiləsində, toqquşmasında sizə dəyanət, iradə və tolerantlıq, ilk növbədə isə yaradıcılıq uğurları arzu edirəm. Kult.az-da işləyən uşaqların çoxunu tanıyıram. Hamısı savadlı, istedadlı, maraqlı düşünən uşaqlardı. Onlar cavan olmalarına baxmayaraq, öz düşüncələri ilə bizim düşüncə dünyamıza böyük təsir ediblər. Ona görə mən sizi çox istəyirəm. Mən də yeni yazılar söz verirəm. Onsuz da, həmişə sizi, sizin kollektivi nəzərdə tutub yazıram. Sizinlə əməkdaşlıq etmək mənim üçün böyük şərəfdir. Həmişə belə şərəfli və ləyaqətli olun.

Qulu Ağsəs (şair): Təbrik eləyirəm, uğurlar arzulayıram. Ədəbiyyat, mədəniyyət, incəsənət profilli saytlarda bəzən elə başlıqlar çıxarırlar ki, yazıları oxunsun, oxucu yığsınlar. Məncə, saytlarda hər şey oxucuya hesablanmalı deyil. Bu cür saytlarda oxucunun tələbatını nəzərə almaq lazım deyil, əksinə, oxucunu yetişdirmək lazımdır. Bu gün oxucu sayt, jurnal, televiziya, radio yetişdirir. Mənə elə gəlir, heç olmasa, ədəbiyyat saytları, dərgiləri oxucu yetişdirməlidir, oxucunun ardınca getməli deyillər, oxucunu arxalarınca aparmalıdırlar. Kult.az saytına belə sayt olmağı arzulayıram. Bu saytın buna potensialı var.

Etimad Başkeçid (yazıçı): Kult.az saytı ixtisaslaşmış media orqanı kimi bütün funksiyaları son dərəcədə ləyaqətlə yerinə yetirən bir mətbuat orqanıdır. Bu saytın Azərbaycanın media sferasında, ədəbi mühitində özəl bir yeri var. Bu, oradakı dostlarımızın ən uğurlu proyektlərindən biridir. Kult.az saytı Azərbaycan cəmiyyətində ədəbi, bədii fikir laboratoriyasıdır. Təkcə Azərbaycanda yox, bütün dünyada baş verən hadisələri, başqa saytlara baxmadan buradan rahat izləmək olar. Bir sözlə, Kult.az mədəniyyət sahəsində aparıcı media orqanıdır.

Niyazi Mehdi (filosof): Kult.az-ın təqdim etdiyi menyu mənə belə gəlir ki, Azərbaycan mədəniyyətində yetərincə zəngin və gözəl menyudur. Mən hesab edirəm ki, bu, orada çalışanların xidmətidir və Azərbaycan mədəniyyətinə töhfəsidir. Ümid edirəm ki, bu bir ildə topladıqları təcrübə ilə ikinci, üçüncü və sonrakı illərdə yeni-yeni yetənəklərə çatacaqlar. Təbrik edirəm.

Səfər Alışarlı (yazıçı): Kult.az saytını 1 yaşının tamam olması münasibətilə təbrik edirəm! Açığı, ədəbiyyat haqqında söhbətlər və müxtəlif müzakirələr indi çoxlarına bir qədər qəribə görünür. Amma mən yaxın 30-40 ilin ədəbi mənzərəsini xatırlayanda zamanın ciddi ədəbiyyata həmişə eyni prizmadan baxdığını görür və bu qənaətə gəlirəm ki, sizin saytınız kimi platformaların mövcudluğu vacibdir. Saytınıza və əməkdaşlarınıza uğurlar arzulayıram!

Zahir Əzəmət (Qaynar.info-nun rəhbəri): Başda Aynur xanım, Salam, Aqşin olmaqla Kult.az komandasının hər bir üzvünü təbrik edirəm. Daha böyük uğurlarınızı görməyi diləyirəm.

Vüsal Məmmədov (asvision.az saytının baş redaktoru): Mən Kult.az-ın oxucusuyam. Sayt fəaliyyətə başlayandan Azərbaycanda ədəbiyyat və mədəniyyət sahəsinə çox yeniliklər gətirib. Həmişə özünün maraqlı, qeyri-adi layihələrilə diqqət çəkib. Saytınıza baxan kimi hiss olunur ki, orada böyük yaradıcı və intellektual potensial cəmlənib. O cür insanların toplaşdığı kollektiv başqa cür ola da bilməzdi. Bu kollektivə ancaq bircə arzum ola bilər: potensiallarını gələcəkdə daha yaxşı reallaşdıra bilsinlər. Bundan bütün ölkə udacaq!

Rövşən Qəmbərov (oxuzalı.az-ın baş redaktoru): Təbrik edirəm. 1 yaşı tamam olan Kult.az-a ədəbiyyat adamlarının həm sevdiyi, həm hörmət etdiyi, həm yaxşı mənada çəkindiyi, həm bəzən nifrət etdiyi, həm də həmişə son ümid yeri kimi baxdığı uzun bir ömür arzulayıram.

Cavanşir Yusifli (tənqidçi): 1 yaşınızı təbrik edirəm, qığıltının səsə, sözə çevrilməsi ümidi ilə. Gül səbəti. Güllər səbətdən daşlanıb. Ləçəklər danışmaq istəyir. Toxunacaq əlin həsrətindədir. Kult.az-ın, ümumən, böyük bir tarixi var, saytın sahibliyi SİZƏ keçdikdən sonra daha da məşhurlaşıb, əvvəlki adın altında qalmayıb. Arzum peşəkarlığı daha da artırmaqla bağlıdır. Çünki peşəkarın sözü ağrıtmır, incitmir, bu sözdə aqressiya olmur. Peşəkarlığın son həddi olmur. Xüsusilə, yazı-pozu adamları həmişə sıfırdan başlamağa məhkumdurlar. Kollektiviniz gəncdir, onların hamısı ilə dostam. O gün olsun, bu balaca kollektiv məktəbə çevrilsin, nümunə olsun. Sizə daha böyük uğurlar diləyirəm! Həmişə axtarışda!

Anar Şuşalı (Əməkdar artist): Saytınızın 1 yaşı münasibətilə cəfakeş kollektivinizi ürəkdən təbrik edirəm. Kult.az bu gün Azərbaycan mədəniyyətinin keşiyində duran azsaylı informasiya vasitələrinin bayraqdarıdır. Sizə çox ehtiyacımız vardı. Niyəsini yaxşı bilirsiniz. Getdikcə bayağılaşmağa meyl edən musiqimizi yox, əsl Azərbaycan musiqisinin, onu qoruyub saxlayanların təbliğində, təqdimində gördüyünüz işləri yüksək qiymətləndirirəm. Siz nüfuzlu elm və sənət adamlarından müsahibələr alır, onlar haqqında çox maraqlı məqalələr dərc edir və onların görünməyən tərəflərini maraqlı şəkildə xalqa təqdim edirsiniz. Fikrimcə, bu çox təqdirəlayiq bir işdir və xalqa xidmət deməkdir. Sizə uzunömürlülük arzulayıram.

Anar Niftəliyev (axar.az-ın baş redaktoru): Kult.az – əvvəlki adı ilə desək, 1937.az, təxminən, bizimlə eyni vaxtda yarandı. Aqşin Yeniseyin baş redaktorluğu ilə fəaliyyətə başladı. Aqşin ədəbi mühitdə tanınan istedadlı yazarlarımızdan biridir. Bu sayt, ümumiyyətlə, baş redaktorlarının avtoritetliyi ilə fərqlənib. Aqşin Yenisey və ardınca da Salam Sarvan.

Salam Sarvanın gəlişi həm dizayn dəyişikliyi, həm bədii-estetik dəyişiklik, həm də saytın bütövlükdə adının dəyişməsinə – Kult.az-a qədər gətirib çıxardı. Orda Azərbaycan ədəbi mühitində kifayət qədər tanınan gənclər toplaşıblar. Gedənlər də olur, amma gələnlər gedənləri yaxşı mənada əvəz eləməyi bacarırlar. Sayt elə də olmalıdır. Gəlməlidirlər, getməlidirlər, işləməlidirlər, dəyişməlidirlər... Kollektiv dəyişikliyi saytda müsbət mənada özünü göstərirsə, bu, kadrların güclü və ya zəif olmasından yox, redaktorun idarəetməsindən asılıdır. Mən heç vaxt saytlararası tiraj rəqabətində Kult.az-ı görmək istəməmişəm. Kult.az-ın özünün dəst-xətti, konkret auditoriyası, ixtisaslaşdığı sahə var – Ədəbiyyat, mədəniyyət sahəsi. Hesab edirəm ki, öz layihələri ilə, maarifləndirici xətti ilə sanbalını qoruyub saxlamalıdır. Bizim saytın rəhbərliyində olan şəxslər də ədəbiyyatçıdır, ədəbiyyata yaxın olan şəxslərdir. Ona görə də bizim bir gözümüz Kult.az-dadır. Nələrsə axtarırıq, nələrsə oxumaq istəyirik. Çox arzulayardım ki, növbəti yaşınızda bizim, ədəbiyyatçı olaraq şəxsən mən özüm axtardığım layihələri, mövzuları Kult.az-da tapım. Ümid edirəm, inanıram ki, sizin kollektiv müəyyən bir mərhələyə gəlib çatıb və bundan sonrakı mərhələdə də bütün bunları eləyəcək. Salam Sarvanın istedadına, sanbalına bələd olduğum üçün bilirəm ki, bunlar olacaq. Bir daha uğurlar arzu edirəm.

Nurəddin Mehdixanlı (Xalq artisti): Hal-hazırda yanımda Füzuli Hüseynov, Abbas Qəhrəmanov və İlham Əsgərov əyləşib. Mənə belə gəlir ki, ümumi şəkildə onların da adından deyə bilərəm ki, Kult.az saytı fəaliyyət göstərən bir çox saytlardan onunla fərqlənir ki, orda söyüş yoxdur, orda təhqir yoxdur, orda kimisə aşağılamaq yoxdur. Orda intellekt var, ağıl var, məsələlərə ağıllı şəkildə və praqmatik yanaşma var, gözəl təhlili yazılar var, bu gün mədəniyyətimizdə baş verən hadisələrə peşəkar yanaşma var. Kult.az saytını digər bütün saytlardan fərqləndirən cəhəti odur ki, cəmiyyətimizin hər təbəqəsinin qəbul etdiyi şəkildə fəaliyyət göstərir və əslində, heç kimin iradəsini də yerinə yetirmir. Yəni hiss edirsən ki, bu insanlar bu cür düşünürlər. Bu, onların yanaşma tərzidir. Füzuli müəllim də əlavə edir ki, əslində, belə də olmalıdır. Mən sizi 1 yaşınız, ad gününüz münasibəti ilə hamımızın adından təbrik edirəm, sizə uğurlar arzu edirəm. İnanın və bilin, Kərbəlayi İsmayılın sözü olmasın, sel gələndə əvvəl çör-çöp gətirir, sonra arxasınca təmizlənir, dupduru su axır. Təbii ki, bizim müstəqilliyimiz dövründə bir çox kütləvi informasiya vasitələri yarandı. Qəzetlər, elektron mətbuat və s. Ancaq sonunda artıq Kult.az kimi dupduru, ağıllı və cəmiyyətin beyninə, ruhuna təsir edə biləcək bir sayt da yarandı. Bu tərif deyil. Bu, doğrudan da, həqiqətdir. Sizin saytınızın bir çox nümayəndələri ilə görüşmüşəm. Bu görüşlərdə mən sizlərdən ancaq böyük mədəniyyət gördüm, peşənizin sahibi olduğunuzu gördüm, səmimiyyət gördüm. Ona görə də səmimi qəlbdən öz adımdan və Respublikanın Əməkdar artisti Füzuli Hüseynovun, Əməkdar artist Abbas Qəhrəmanovun və Xalq artisti İlham Əsgərovun adından təbrik edirəm, sizə uğurlar, can sağlığı arzulayıram.

Şahbaz Xuduoğlu (“Qanun” nəşriyyatının rəhbəri): Mən başa düşürəm ki, Kult.az-ın göstərmək istədiyi mövqe və əhatə etdiyi sahə fərqlidir və fərqli olmağa da çalışır. O elə bir sahəni əhatə etmək istəyir ki, orda teatr, kino və mədəniyyətin digər müxtəlif sahələri burada əks olunsun. Amma nə qədər ki, bu sahədə böyük bir nailiyyətlər yoxdur, təbii ki, informasiya yükü də gözlənilən səviyyədə deyil. Ancaq bir ideya olaraq, götürdüyü istiqamət olaraq mən bunu çox bəyənirəm və təbrik edirəm. Bir yaş bütün sahələr üçün kiçik yaşdır, amma media yeganə sahədir ki, bir yaş media üçün kiçik yaş deyil, böyük yaşdır. Azərbaycan tarixində elə böyük media nümunələri var ki, bir ildən çox yaşamayıblar. Yaxud da yaşayıblar və öz sözlərini elə bir ildə deyiblər. Bu mənada Kult.az da bir ildə demək istədiyi sözü deyə bilib.

Zərdüşt Əlizadə (politoloq): Sizləri təbrik edirəm, işiniz avand olsun, oxucularınızın sayı artsın. Jurnalistika fəaliyyətində sizə uğurlar arzulayıram.

Yusif Mirzə (rəssam): Kult.az saytı çox gərəkli vacib bir işlə – cəmiyyətin, auditoriyanın maariflənməsi ilə məşğul olur. Buna görə də az vaxtda əməlli-başlı populyarlaşıb. Mən bu saytı maraqla oxuyuram. Ədəbiyyatın, incəsənətin təbliği üçün saytın gördüyü işləri yüksək qiymətləndirirəm. Bu saytla, göründüyü kimi, sənət adamlarının sıx əlaqələri yaranır və bunun özü də məmnunluq doğuran bir haldır. Kult.az saytının redaksiyasında olmuşam. Məni ən yaxın doğma bir insan kimi qarşılayıb, sözümü demək üçün hər şərait yaradıblar. Burada çox istedadlı, mədəni, ağıllı və işgüzar gənclər çalışır. Sizin hamınızı Kult.az.-ın bir yaşının tamam olması münasibəti ilə təbrik edirəm.

Xalid Kazımlı (müsavat.com-un baş redaktoru): İlk növbədə, Kult.az saytının ildönümü münasibəti ilə kollektivin rəhbərliyini və yaradıcı heyətini təbrik edirəm. Son illərdə elektron media aləmində yeni-yeni saytlar yaradılıb və onların fəaliyyətini təqdirəlayiq hesab edirəm. Bu cür ixtisaslaşmış ədəbi saytlar köhnə dövrlərin ədəbi dərgilərini xatırladır, ancaq onlardan daha operativ və daha dinamik işləyirlər. Həyat sürətlənib, saytlar da bu sürətə uyğunlaşmağa, zamanla ayaqlaşmağa çalışırlar. Kult.az da bu cür azsaylı saytlardan biridir. Arzu edirəm ki, Kult.az həmişə öz zamanı ilə həmahəng olsun, nə ondan geri qalsın, nə də sensasiya dalınca qaçıb qabağa getsin... Uğurlar arzulayıram...

Könül Kəngərli (rəssam): Kult.az mədəniyyət və incəsənət portalı öz intellektual və maraqlı məlumatları ilə seçilən portallardan biridir. Mən Kult.az ilə tanış olduqda çox sevindim ki, ölkəmizdə maraq dairəsini yalnız şou biznesə yönəldən yox, məhz istedadlı insanların düşüncəsinə, təfəkkürünə üstünlük verən və onların cəmiyyətdə tanınması üçün səy göstərən bir internet portalı mövcuddur.

Təbii, düşünürəm ki, burda çalışan insanlar çox zəngin dünyagörüşünə malik olduqlarından məhz bu cür maraqlı və diqqətəlayiq materiallar hazırlayıb, insanları maarifləndirirlər. Bu isə gənclərin oxuyub, bu portal vasitəsilə dünyagörüşlərini inkişaf etdirməsinə köməklik göstərir. Öz adımdan burda əməyi keçən hər bir insana təşəkkür edirəm!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm