28 may və 28 aprel arasında qalanlar – POLEMİKAYA İLK REAKSİYA
Bizi izləyin

Yazarlar

28 may və 28 aprel arasında qalanlar – POLEMİKAYA İLK REAKSİYA

Sözə müasir tarix fəlsəfəsinin banisi və Hegelin sələfi Vikonun bir fikri ilə başlamağı uyğun görürəm. Belə deyir Viko: “Böyük dövlətlər çürüyərkən, onlarla birgə fəlsəfə də çürüdü. Fəlsəfədə şübhə anlayışları çoxaldı. Təhsilli axmaqlar həqiqətə qara yaxmağa başladılar. Bir mübarizədə iki tərəfi də dəstəkləməyə hazır yalan ideologiyası da yüksəlmək fürsəti buldu” (Giambattista Vico, The New Science, Cornell University Prss, 1968, 1102:423).

Müasir Azərbaycan Respublikası azadlıq bəyannaməsində özünü 1918-1920-ci illər arasında yaşamış Azərbaycan Xalq Cumhuriyyətinin varisi hesab etdiyinə görə Azərbaycan vətəndaşlarının öz dövlətlərinin yaradılış fəlsəfəsinə hörmətlə yanaşması onların konstitusiya borcudur. Dövlətin yaranış və varlıq fəlsəfəsi hüququn üstündədir və hər dövlət hər hansı bir güc tərəfindən bu anlayışın pozulmasını və çeynənməsini özü üçün təhdid hesab edər. Başqa bir siyasi gücün, hərbi qüdrətin və ideologiyanın təsiri, nəzarəti və vəsaiti altında müstəqillik və azadlıq olmur.

Müasir tarixşünaslıqda “ərazi” ilə “milli dövlət” anlayışları arasında fərq var. Misal üçün, Anadolu bir coğrafiya adıdır, milli dövlət adı deyil. Milli dövlətin adı Türkiyədir. 1918-ci ilə qədər Azərbaycan coğrafi termin olub və mixiyazılı tabletlərə inansaq bu ad b.e.ə. VIII əsrdə yaranıb.

Tarixdə yalnız iki siyasi quruluş bu adı dövlət adı kimi qəbul edib: Atropatena və Eldəniz Atabəyləri. Bunlardan Atropatena b.e.ə. III ərsin son rübü ilə b.e. III əsrinin ilk rübü arasında mövcud olmuş və ilk hökmdarı Atropat idi.

İkincisi isə 1236-1225-ci illər arasında hökm sürmüş və rəsmi olaraq “Arran və Azərbaycan atabəyləri” adlanırdı. Banisi Şəmsəddin Eldənizdir. Azərabaycan adı tarixdə ilk dəfə 1918-ci ildə milli dövlət adı olaraq qəbul edilib.

Tarixdə bir ölkə, əyalət, ərazi vahidi kimi Azərbaycanın sərhədləri çox dəyişib. Bəzən kiçilib, bəzən genişlənib. Atabəylər dövründə Azərbaycan ölkəsinin qərbdəki sərhədləri Ani və Tiflisi də ətahə edirdi.

XIX ərin əvvəllərində gerçəkləşən rus işğalı zamanı “Azərbaycan xanlıqları ərazisi” termini Rusiya, İran və Osmanlı mənbələrində qeyd olunur. Bu xanlıqlar müstəqil siyasət aparsalar da hüquqla özlərini Qacar dövlətinə tabe hesab edirdilər. Qacarlar Səfəvi dövlətini yaradan yeddi türk tayfasından biri olub, yaratdıqları dövlətə səfəvilər kimi “Qızılbaş” adını vermişdilər.

Qacar dövlətinə “məmalik-i məhrusə-yi İran” adının verilməsi Nəsrəddin Şah dövrünə (1858-1896) təsadüf edir. Azərbaycan Elxanlı, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və Nadir Şah Əfşar dövründə olduğu kimi Qacarlar dövründə də “mərkəzi əyalət”, “paytaxt və ya vəliəhd mülkü” hesab olunurdu. Yəni inzibati ərazi vahidi idi.

1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti yarananda Azərbaycanı vahid ərazi hesab edilmirdi. Çünki bölgə 1870-ci ildə aparılan islahatlar nəticəsində dörd quberniyaya bölünmüşdü: Tiflis, Bakı, Yelzavetapol, İrəvan və Tiflis quberniyaları. Quberniya olmasa da Zaqatala bölgəsi də ayrı bir inzibati-idarə sayılırdı. Bu guberniyalar mərkəzi Tiflisdə yerləşən Rus hərbi qərərgahının nəzarəti altında olub, bir başa Rusiyaya tabe idi. Qubernatorları təyin etmək, onların yerini dəyişdirmək və vəzifəsindən azad etmək səlahiyyəti rus çarında idi.

1917-ci ildə hazırlanan “Kavkazskoqo kalendarya za 1917 qq.” və 1920-ci ildə nəşr olunan “Adres – kalendar Azerbaydjanskoe respubliki” adlı iki karteoqrafiya sənədinə görə, Bakı quberniyasının ərazisi 39.075,15 kv. km, Yelzavetapol (yəni Gəncə) quberniyasının 44.371,29 kv. km, Zaqatala bölgəsinin isə 3.999,54 kv. km torpaq sahəsi vardı. İrəvan quberniyası, türklərə məxsus ərazi olduğu halda 1828-ci ildə Çar II Nikolayın əmri ilə yaradılan “Erməni vilayəti”i ərazisində formalaşdırılmışdı.

“Erməni vilayəti” daha sonra ləğv edilmiş, bu torpaqlar Yelzavetapol və Tiflis quberniyalarına birləşdirilmiş, daha sonra İrəvan quberniyası adı altında yenidən inzibati-əraziyə çevrilmişdi.

Belə məlum olur ki, rus işğalından 1918-ci ilə qədər vahid Azərbaycan ərazisi anlayışı yox idi. Həm vahid ərazi anlayışını, həm də milli dövlət anlayışı 1918-1920-ci illər arasında mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti formalaşdırmışdı.

1920-ci ilin mart ayında faktiki olaraq Azərbaycan Xalq Cumhuriyyətinin ərazisi 97.297,67 kv. km idi. Bunun 44.371,29 kv. km-ni keçmiş Yelzavetapol quberniyasının, 39.075,15 kv. km-i Bakı quberniyasının, 3.999,54 kv. km-i Zaqatala bölgəsinin, 9.858,69 kv. km-i İrəvan quberniyasının payına düşürdü. Bunların toplamı da 97.297,67 kv. km olub Azərbaycan Xalq Cumhuriyyətinin beynəlxalq aləmdə qəbul edilən ərazisi hesab edildi.

Bunlardan başqa, mübahisəli ərazilər də vardı. Mübahisəli sayılmasına səbəb dövlətlər arasında bir komissiya yaradılıb sərhədlərin tam müəyyənləşdirilməməsindən irəli gəlirdi.

Keçmiş İrəvan quberniyasının 7.913.17 kv. km-i Azərbaycanla Ermənistan, keçmiş Tiflis quberniyasının 3.686.13 kv. km-i isə Azərbaycanla Gürcüstan arasında mübahisəli ərazi adlanırdı. Bunların ümumi sahəsi isə 14.559.98 kv. km idi. Mübahisəli torpaqlarla birlikdə Azərbaycan Xalq Cumhuriyyətinin ümumi ərazisi 113.895,97 kv.km sahəni əhatə edirdi.

Azərbaycan Xalq Cumhuriyyəti 1920-ci ilin 28 aprelində hakimiyyəti Azərbayan Komunist (bolşevik) Partiyasına təslim edəndə rəsmi və hüquqi olaraq ölkənin coğrafi sahəsi bundan ibarət idi.

Son bir neçə ildə Azərbaycan mətbuatında gedən güya “Musavat höküməti 1918-ci ildə ermənilərə Aleksandropol (Gümrü), İrəvan, İçmiədzin, Sürməli və s. olmaqla 18,7 min kvadrat kilometr, gürcülərə Borçalı, Qarayazı və Sığnax olmaqla 8,7 min kvadrat kilometr, ruslara isə 7 min kvadrat kilometr əraziyə malik olan Dərbəndi - hamısı bir yerdə təxminən 34,4 min kvadrat kilometr ərazi - güzəştə getmişdi” şəklindəki açıqlamalar tarixi faktlara əsaslanmır.

1918-ci ilin 26 mayında Zaqafqaziya Seymi dağılanda gürcü menşeviklər, erməni daşnaklar və türk-azərbaycanlı müsavatçılar özlərinin milli dövlət yaratmaq siyasətini keçmiş quberniya torpaqları üzərində müəyyənləşdirmişlərdi. Bu tarixdə Bakı quberniyasının ərazisi 26 Bakı komissarlarının nəzarəti altında olub, 1918-ci mart soyqırımı nəticəsində ağır siyasi, iqtisadi və humanitar problemlərlə üz-üzə idi.

Qarabağda, Zəngəzurda, Gümrüdə, hətta Sürməlidə isə silahlı erməni daşnak və xıncaq quldurları bölgəni “türklərdən və müsəlmanlardan təmizləmək siyasəti” aparıdırdılar. Müsvatçılar və onların yanında yer alan bəzi partiyalar, qeyd edilən 97,297,67 kv. km, mübahisəli hesab edilənlə bərabər 113.895,97 kv.km-lik ərazidə Osmanlı imperiyasından aldıqları hərbi kömək nəticəsində Azərbaycan Xalq Cumhuriyətini yaratmağa nail oldular. Yəni XX əsrin əvvəllərində Azərbaycan istiqlalının aşiqləri ərazisi, siyasi kimliyi, sərhədləri məlum olmayan bir coğrafiyada milli dövlət yaratmışdılar.

Nəzərə alsaq ki, öz dövlətini yaratmasına rəğmən, Mondros və Sevr müqaviləsinə görə, Azərbaycan I Dünya müharibəsində məğlub olmuş ölkələrin müstəmləkəsi hesab edildiyindən, ittifaq dövlətləri arasındakı razılaşmaya görə İngiltərənin nəzarətinə keçməli idi. Buna rəğmən, Müsavat hökuməti Azərbaycan Xalq Cumhuriyyətini İngiltərənin müstəmləkəsindən xilas etdiyi kimi, öz siyasi və hüquqi varlığını da 1919-cu ildə Paris Sülh Konfransında iştirak edən dövlətlərə (40 dövlət) qəbul etdirmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti erməni daşnak və xıncaq hərbi quldur dəstələri tərəfindən ələ keçirilmiş İrəvan topraqları üzərində Ararat Respublikasının yaradılması faktını qəbul edərkən, Bakı, Gəncə quberniyasının bir çox ərazilərini, o cümlədən Zəngəzur, Göyçə və ətrafını bolşevik-daşnak silahlı qüvvələrindən azad etmək qəhrəmanlığını göstərdi.

Azərbaycan Xalq Cumhuriyyəti olmasaydı Azərbaycan Sovet Sosialist Respublikası əsla olmayacaqdı. Azərbaycanda Sovet Sosialist Respublikası yaradılması anlayışı Rusiya bolşeviklərinin dəstəyi ilə Azərbaycan Xalq Cumhuriyyətinə alternativ olaraq və məcburən ortaya atılmış bir fikir idi.

1919-cu ilin 23 noyabrında Azərbaycan Xalq Cumhuriyyəti ilə Ararat Respublikası arasında bağlanan müqavilə atəşkəs müqaviləsi olub, Zəngəzurun Ermənistana verilməsi mənasına gəlmirdi. Üstəlik, bu razılamadan sonra Zəngəzur Azərbaycanın tabeliyində idi. Oxşar vəziyyət bu gün Qarabağda mövcuddur. Dövlətlər arası müqavilələri ilə atəşkəs razılaşmaları bir-birinə qarışdırılmamalıdır.

Əgər 1919-cu ilin 23 noyabr sazişi ilə Azərbaycan Xalq Cumhuriyyəti Zəngəzuru Ararat Respublikasına vermişsə, niyə görə 1920-ci ilin 1 dekabrında səlahiyyəti olmadığı halda Bakı Soveti “Zəngəzur və Naxçıvan Sovet Ermənistanının ayrılmaz bir parçasıdır” şəklində qərar qəbul etdi.

1920-ci il dekabrın 2-də Gümrüdə Ermənistanla Türkiyə arasında bağlanan müqavilədə Naxıvan, Şərur və Şahtaxıda yaşayan insanlara səsvermə yolu ilə öz hüquqi-idari müqəddəratını həll etmək haqqı verilməsəydi bəlkə Naxçıvan da Ermənistanın əlinə keçəcəkdi.

Əgər biz “Nərimanov Zəngəzurun itirilməsini 1920-ci ilin dekabrında bir şərtlə etiraf etməyə razılıq vermişdir ki, Dağlıq Qarabağ, Naxçıvan Azərbaycanın tərkibində saxlanılsın” fikrini paylaşırıqsa, onda o zamankı hökuməti Azərbaycanın tamamilə itirilməməsi üçün 1918-ci ildə İrəvanda Ararat Respublikasının yaranması faktı ilə razılaşmaq məcburiyyətində qoyan çətin, böhranlı siyasi və hərbi şərtləri də qəbul etməliyik.

Tarixçilərimizin səhvi ondadır ki, 28 may Azərbaycanın istiqlaliyyəti faktını, 28 aprel sovet işğalı faktı ilə qarşı-qarşıya qoyurlar. Və ya Müsavat-Kommunist, M. Ə. Rəsulzadə - N. Nərimanov fenomenlərini bir-birinə zidd, barışmaz kimliklər kimi təbliğ edirlər.

Bu bir tarixi prosesdir. Tarixdə hər hadisə, hər şəxsiyyət özünün bağlı olduğu siyasi, sosial, beynəlxalq və hərbi şərtlər daxilində öyrənilir. 28 mayda Azərbaycanın üzləşdiyi şəraitlə 28 apreldəki şərait arasında böyük fərqlər vardı. Hər şeydən əvvəl beynəlxalq sistem bir çox cəhətdən tamamilə dəyişmişdi.

Tarixçi öz fikirlərini tarixi hökm kimi göstərməməlidirr. Azərbaycan tarixçisi hər şeydən əvvəl hansı tarixi metodologiyanı izlədiyinə qərar verməlidir: Mişelet kimi “romans tarixini”, Ranke kimi “komediya tarixini”, Tosqavelli kimi “tragediya tarixini”, yoxsa Burkhard kimi “tənqidi tarixi”? Vəya “həqiqətlər tarixini”?

Əkbər Nəcəf

tarixçi-araşdırmaçı,

“313” jurnalının baş redaktoru

Oxumağa davam et
Reklam
Reklam

Gündəm