Kamal Abdulla Nobel ala biləcəkmi?
Bizi izləyin

Yazarlar

Kamal Abdulla Nobel ala biləcəkmi?

Bu günlərdə yazıcı Kamal Abdullanın əsərinin Nobel mükafatına namizədliyinin qeydə alınması bu məsələ ilə bağlı müxtəlif yanaşmaları gündəmə gətirib.


Ötən əsrin 70-ci illərində Azərbaycanın tanınmış cərrahı Mustafa Topçubaşovun və fizioloq Qəhrəman Qəhrəmanovun Nobel mükafatına namizədliklərinin qeydə alınmasından sonra ədəbiyyat sahəsində bu

hadisənin təkrarlanması sevindirici olmaqla yanaşı, bəzi suallara da yol acır. Bəllidir ki, Alfred Nobelin sərvətinin bu gün nüfuzlu mükafat şəklində verilən kifayət qədər böyük hissəsi o zaman dünyanın əsas neft şirkətlərindən biri olan Nobel Brothers Petroleum Production Company-dən, Bakı neftindən qazanılan milyonlar hesabına formalaşıb. Amma indiyədək bu mükafat Şimali Azərbaycandan heç bir azərbaycanlıya qismət olmayıb. Düzdür, Bakıda yəhudi ailəsində doğulan Lev Landau "İxtiraçılığın riyazi nəzəriyyəsi"kəşfinə görə həmin mükafata layiq görülüb. Elə Cənubi Azərbaycandan Şirin İbadi də bu ödülü alıb. Amma söhbət

Şimali Azərbaycandan və buradakı azərbaycanlılardan gedir.

Təbii ki, mükafat fondunun Bakı neftinin pulları hesabına təsis edilməsi Nobelin layiq oldu-olmadı azərbaycanlılara verilməsinə əsas vermir. Amma hər halda, bu nüfuzlu mükafatdan bizim payımıza da düşməsi sevindirici və şirin olardı.

Bu paydan bizə də düşsə...

Elə Nobel ödülünün tədqiqatçısı, fəlsəfə doktoru, Nobel mükafatı haqqında iki kitab müəllifi olan Etibar Əliyev də buna mənəvi haqqımızın catdığını söyləyir (Yeri gəlmişkən, Nobel mükafatı ilə bağlı bu günədək daha iki müəllif - millət vəkili

Qənirə Paşayeva və Macarıstandakı səfirimiz Vilayət Quliyev də kitab yazıblar). E.Əliyev deyir ki, Sovet dövründə iki fəxrimiz bu mükafatı almağın bir addımlığında olub: "Hətta Mustafa Topçubaşova və fizioloq Qəhrəman Qəhrəmanova dəvətnamə də göndərilib. Professor Qəhrəman Qəhrəmanovla söhbətimizdən məlum oldu ki, onların namizədliklərini bir Nobel mükafatı laureatı həkim irəli sürübmüş. Bunu onlara Macarıstanda keçirilən elmi simpoziumda başqa bir nobelçi həkim söyləyib. Ancaq Topçubaşov və Qəhrəmanovun işləri Nobelə layiq olsa belə Sovet rejimi onlara mükafatı qəbul etməyə imkan verməyəcəkdi. Və belə

də oldu. Kommunistlərin əsas qəzetlərində Nobelin şəxsiyyətini və mükafatı təhqir edən seriya yazılar dərc olunmağa başladı. Bu hərəkətlərdən sonra Nobel Komitəsində bir daha bu iki Azərbaycan aliminin adı çəkilmədi. İndi isə belə bir maneə yoxdur. Azərbaycandan da Nobel mükafatına layiq kifayət qədər işlər var. Onlardan biri də Kamal Abdullanın namizədliyi qeydə alınan əsəridir. Mən inanıram ki, o bu ödülə layiq görüləcək".

"Nobel ona sözün əsl mənasında layiq olanlara verilir"

O ki qaldı Bakı neftindən qazanılan milyonlar hesabına Nobel qardaşlarının adına təsis edilən mükafatdan bizə pay düşməməsinə, E.Əliyev deyir: "Mən inanmıram ki, yuxarıda danışdığım məsələdən başqa bunu əngəlləyən hansısa hadisə olsun. İndiyədək bu mükafatın verildiyi işlər göstərir ki, Nobelin təqdim olunmasında hər hansı qərəzli yanaşma olmayıb. Nobel Komitəsi çox şəffaf şəkildə gizli sorğu keçirərək mükafatın laureatlarını müəyyən edir. Belə halda bizə heç bir yad münasibətdən söhbət gedə bilməz. Əgər Nobelə layiq kəşf varsa, dünyanın aparıcı institutları buna biganə qalmayacaqlar".

Bakı nefti və Nobel qardaşları

Sonda bir necə kəlmə də, Fond və onun sahibləri olan Nobel qardaşlarının Azərbaycana gəlişi barədə.

...İsveç əsilli üç qardaş idilər. O vaxt çar Rusiyasını silahla təmin etmək barədə müqavilələri olduğundan, qoz ağacından tüfəng qundağı üçün xammal tapmaq üçün Azərbaycana gəlmişdilər. Bunun sərfəli olmadığını görüb geri qayıdarkən yolları Bakıdan düşür. Burada neft çıxdığını görən qardaşlardan biri bu barədə teleqrafla digər qardaşlarını xəbərdar edir. Hər şey beləcə başlayır. 1879-cu ildən Nobel qardaşları Bakıda Səhmdar Cəmiyyət yaradırlar. Əsas sahibkarları da elə özləri olurlar. O zaman primitiv inkişaf mərhələsini yaşayan neft

sənayesinə ən yeni texnologiyaları tətbiq edirlər. Məhz Nobellər neftin daşınması üçün dünyada ilk dəfə buxarla işləyən neft tankerindən istifadəyə başlayırlar, Qafqazda ilk neft borusunu çəkirlər. Bu və digər yeniliklər sayəsində Bakı dünyanın nefti ən mütərəqqi üsullarla nəql edən qabaqcıl mərkəzlərindən birinə çevrildi...

Nobel mükafatı isə Nobel qardaşlarının sonbeşiyi olan Alfredin 27 noyabr 1895-ci ildə yazdığı vəsiyyətnaməsinə əsasən təsis edilib. Vəsiyyətinə uyğun olaraq, onun bütün daşınan və daşınmaz əmlakı satılıb və yığılan kapital etibarlı bir bankda yerləşdirilib. Əmanətlərdən gələn gəlirlər xüsusi fond tərəfindən 1901-ci ildən etibarən

bəşəriyyət qarşısında böyük xidmətlər göstərən şəxslərə mükafat verilməsinə sərf olunur. Nobelin vəsiyyətnaməsinə əsasən, bank faizləri beş bərabər hissəyə bölünür və fizika, kimya, fiziologiya və təbabət sahələrində mühüm kəşflərə, ən sanballı ədəbi-bədii əsərlərə, habelə sülhün bərqərar olunmasında, qorunub-saxlanmasında müstəsna xidmətlərə görə mükafat fonduna ayrılır. Bir sahədə də Nobel mükafatı təsis olunub ki, bu da onun vəsiyyətində göstərilməyib. Bu, 1969-cu ildə İsveç Dövlət Bankının təşəbbüsü ilə təsis olunmuş iqtisadiyyat üzrə Nobel mükafatıdır. Amma bu mükafatın da statusu o biri sahələrdə verilən Nobel mükafatları ilə eynidir.

Zülfiyyə Telmanqızı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm