• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Böyük əsərlər səliqəsizlik içində doğulur

  • Yazarlar
  • 19 Mart 2012 13:27
  • 314 Baxış
Böyük əsərlər səliqəsizlik içində doğulur

Söhbətin şirin yerində Murad bəy yaxınlıqda bir rəssam dostunun- Yusif Mirzənin emalatxanası olduğunu dedi və təklif etdi ki, həmin emalatxanaya baş çəkək. Həmən razılaşdım. Murad bəy rəssama zəng etdi:


- İstəyirəm emalatxanana bir baş çəkək…

- Vallah, gəlməyinə gəlin, amma buralar bir az səliqəsizdir.

- Əşşi, emalatxana dediyin tör-töküntülü olar. Eyb etməz. Gəlirik.

Üz tutduq rəssam Yusif Mirzənin emalatxanasına sarı. Kitablardan oxuduğum, filmlərdə gördüyüm rəssam emalatxanalarını gözümün önünə gətirdim… Darısqal küçələrin birinə keçdik. Qədim binaların birinə bitişik olan emalatxanaya, köhnə, dəmir pilləkənlərlə qalxdıq… Və hər şey xəyal etdiyim kimi oldu. Gözdən uzaq bir yer. Əsl yaradıcılıq mühiti.

İçəri girən kimi rəssamın açıq əllə yaratdığı yarımçıq işi qarşıladı bizi.

Yusif Mirzə “xoş gəlmisiz, bağışlayın, buralar bir az qarmaqarışıqlıqdı” deyib əsərlərinin toplandığı otağa dəvət etdi bizi...

Böyük əsərlərin səliqəsizlik içində yarandığına inananlardanam. Növbənöv fırçalar, boyalar, heykəllər, rəsmlər, çertyojlar ətrafa səpələnib. Klassik səliqəsizlikdi. Murad Köhnəqala siqaret çəkmək üçün çıxır. Dərhal suallar yağdırmağa başlayıram. Və məlum olur ki…

Yusif bəy rəngkarlıq, qrafika, heykəltəraşlıqla məşğul olur...

Özünəməxsus yaradıcılıq yolu, qeyri –adi üslubu, ustalıq dəst xətti ilə seçilir...

Azərbaycan ərazisində eramızdan əvvəl XIV-XIII minilliklərdə yaradılmış Qobustan Qayaüstü rəsmləri ənənələrinin müasir sənətə gətirilməsi, dirçəldilməsi, inkişaf etdirilməsi, mükəmməl formada orijinal sənət üslubunun yaradılması Yusif Mirzənin ən böyük nailiyyətlərindəndir. Onu “Qobustan yaddaşını oyadan rəssam” adlandırırlar. Özünün unikal üslubunu yaratmış və təsdiq etmiş sənətkarın yaradıcılığını izləyənlərdən bir çoxu bu fikirdədir ki, dünyada bu qədər qədim, iyirmi-otuz minillik ənənələrə əsaslanaraq, son dərəcə çağdaş, yeni bir üslub yaratmış ikinci belə rəssam tapmaq demək olar, mümkünsüzdür...

Ənənəvi materiallarla, lakin bənzərsiz, analoqu olmayan texnikalar, metod və vasitələrlə yaratdığı əsərlər dərin psixoloji təsir gücünə, sehrli bir ovqat yaratmağa malikdir...

Əsərləri Azərbaycan Rəssamlar İttifaqında, Bakı İncəsənət Mərkəzində, Azərbaycan Xarici İşlər, İqtisadi İnkişaf, Mədəniyyət və Turizm Nazirliklərində, Norveçin, İngiltərənin ,Yaponiyanın , Türkiyənin, Rumıniyanın, Polşanın, ABŞ-ın, İsrailin, Fransanın paytaxtımızdakı səfirliklərində, BP, STATOİL və digər neft şirkətlərinin ofislərində, otellərdə, banklarda, muzeylərdə, qalereyalarda saxlanılır...

Norveçlə sıx əlaqələri var. Norveçdəki bir sıra müəssisələrlə qarşılıqlı əlaqələr sayəsində orada da tanınır. Dünya şöhrətli böyük Norveç alimi, səyyahı, tədqiqatçısı Tur Heyerdalla görüşüb və ona öz rəsmlərini nümayiş etdirib. Heyerdalın dərin rəğbətini qazanıb.

Təkcə Qobustan qayaüstü rəsmlərindən deyil, digər qədim sənət nümunələrindən də ilhamlanıb, yaradıcılığında onlardan məharətlə istifadə edən rəssam fikir və məqsədini belə açıqlayır:”Qədim ənənələr, çağdaş yozum”...

Bütün ciddi sənət sahələrində olduğu kimi, rəssamlığa da marağın az olmasından gileylənən rəssam, əsərlərinin daha çox xaricdə satıldığını söylədi.

Budur, Murad Köhnəqala otağa qayıdır və söhbət ədəbiyyatın üstünə gəlir. Əslən Laçından olan Yusif Mirzə başlayır gah Murad bəydən, gah cavanlardan, gah da özü yazdığı şeirlərdən deməyə...

Məlum olur ki, həm də gözəl şeirləri, hekayə və esseləri varmış. Söhbət əsnasında “ədəbiyyatla rəsm sizin üçün harda birləşir, nə kimi əlaqələri var” deyə soruşuram və çox maraqlı bir cavab alıram:

- İstedad - dillə bağlıdır. Öz dilini yaxşı bilməyən şair yaxşı şeir yaza bilmədiyi kimi, rəsm dilini dərindən bilməyən rəssam da milli üslubda rəsm yarada bilməz. Yəni rəssamı fırçasından çıxan əsərdə mütləq milli ştrixlər olmalıdı. Bunsuz mümkün deyil.

İncəsənətin müxtəlif sahələrilə bağlı uzun-uzadı maraqlı müzakirələrdən sonra son sualımı verirəm rəssama:

- Rəssamlıqda ən çox sevdiyiniz dövr hansıdır?

- Ən çox o dövrü sevirəm ki, o dövrdə rəssam olmayıb...

Bu orjinal cavabdan sonra sağollaşıb, sözlərlə rənglərin ahəngdə olduğu mistik aləmdən uzaqlaşaraq, real aləmin rənglərinə qarışırıq…


Aytən Təhmasib
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR