Baxımlı və sevimli simvol - REPORTAJ
Bizi izləyin

Yazarlar

Baxımlı və sevimli simvol - REPORTAJ

Yaşıl "hikmət"


Bilmirəm nə hikmətdi, bayramlar günümüzə yaşıl simvolarla gəlir. Yeni il ərəfəsində yaşıl küknarlar bəzəyir şəhəri, Novruz ərəfəsi yamyaşıl səmənilər…
Yeni il heç. Yeni ilin yaşıl simvolundan həmin şən dönəmə təsadüf edən bir vaxtda danışarıq. Indi səmənimizlə məşğul olaq…

Ömər Xəyyamın "Novruznamə" əsərində ilin məhsuldar olması arpanın göyərdilməsilə müəyyənləşirmiş. Əgər arpa şux göyərdidisə, deməli, həmin il məhsuldar olardı. Yox əgər arpa yaxşı göyərmədisə, həmin il çətin olacaqdı. Bəlkə də səməni göyəytmək ənənəsi o vaxtdan qalıb.

Mütəxəssislər səməninin həm də nəsilartırma, müqəddəslik rəmzi olduğunu deyirlər. Bəzən səməni həlimi, suyu, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilirmiş. Axır çərşənbədə xanımlar qabda səməni göyərdərdilər. Kimin səmənisi birinci cücərərdisə, onun ürəyində tutduğu niyyət mütləq həyata keçəcəkdi. İnanclardan biri də budur: səməni insanlara övladvermədə də istifadə edilərdi. Novruz günlərində göyərdilmiş səmənini "başıbütöv", yəni ailəli adamlar övladı olmayan qadının başı üzərinə tutar və su axıdardılar. Bir nəfər də səmənini qayçılar və deyərdi: "Ay bunu göyərdən, bu gəlini də göyərt".

Səmənin ətrafındakı şamların yandırılması isə yaslı insanların hüzrdən çıxarılmasına xidmət edir. Qədimdə səməni əsasən toxumluq buğdadan qoyulurdu. Süni qablarda göyərdilən səməni yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verirdi. Əgər səməni yaxşı cücərib boy atsa, bu o deməkdir ki, bol məhsul olacaq. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Özü də səməni yalnız evdə hazırlanmalıdır. Folklorşünaslar bazarlardan hazır səməni alınmasını düzgün hesab etmirlər.

Səməni vaxtı

Səməni ilk iki çərşənbədən sonra, Novruz bayramına 10 gün qalmış göyərdilir.Amma indi çox insanlar səməni cücərtməyə meyl etmirlər. Müxtəlif problemlərinin, qayğılarının çoxluğundan gileylənərək, buna vaxt tapa bilmədiklərini deyirlər.
Folklorşünasların fikrincə, səməni göyərtmək insana böyük enerji verir. Bununla belə, bu gün səməni becərdənlərə nisbətən, onu satanların sayı daha çoxdur. Bazarlarda müxtəlif ölçülü, formalı səməni olduğu kimi, qiymətlərdə də müxtəliflik var. Biz də səməni satılan bazarlara baş çəkib qiymətlərlə, alıcı tələbatı ilə maraqlanmaq qərarına gəldik.

500 manatlıq səməni

İlk üz tutduğumuz "Ağ çiçəyim" gül salonu oldu. Mağazanın qarşısında buta şəklində səbətin içərisindəki səməni diqqətimizi çəkir. Satıcı Hacı bu səməninin xüsusi olaraq Novruz bayramında nişanlı qıza aparılan "bayramlıq" üçün sifariş edildiyini deyir: "Yaz gəlib deyə, insanların əhvalı yüksəlib. Nəfis tərtibatlı səmənilərə tələbat artıb. Gördüyünüz bu səməni 30 manata xüsusi bəzədilib. Səmənilərin üzərinə sulana bilən güllərlə bəzədilməsinə üstünlük veririk".

Həmsöhbətim deyir ki, ən çox satılan səmənilərin qiyməti orta hesabla 5 manatdır: "Bu səməniləri Şüvəlanda, Maştağada, Nardaranda evlərdə becəririk. Sonra həmin səməniləri minimum 80 qəpikdən alırıq və 1 manata satırıq".

"Ötən il sizin mağazada 500 manatlıq səməni satılırdı, bu il necə qiymətlər maksimum nə qədərdir?" - sualımıza Hacı belə cavab verdi:
- Hələ belə böyük məbləğdə sifariş gəlməyib. Ancaq ümid edirik ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Park üçün böyük səməni bəzədilməsini bizə sifariş edəcək. Ötən il biz Dövlət Neft Şirkətinin qarşısında yelləncək formasında səməni bəzəmişdik. Onun qiyməti 500 manat idi. Ümumilikdə böyük və əzəmətli səmənilərin qiymətləri 150-500 manat arasında dəyişir.

Satıcı təəccübümüzü görüb tez dillənir:
- Niyə təəccüblənirsiz ki? Önəmli olan səməninin qiyməti deyil. Əsas odu ki, göz oxşasın, zövqlə bəzədilsin. Şəhərimizdəki iri şirkətlər də məhz buna görə səməni bəzədilməsini bizə sifariş verirlər.

Hacı səməninin "şıdırğı" alverinin Novruzun son çərşənbəsi olacağını deyir: "Çox şükür, bir həftədir ki, gətirdiyimiz səmənilərin satışından şikayətimiz yoxdur. Ancaq bayrama bir neçə gün qalmış böyük sifarişləri gözləyirik. Səmənini 5 santimetr boyunda alırıq və bayrama qədər bu səməni 10 santimetrə qədər uzanır. Səməninin bəzədilməsində süni kəpənəklərdən, böcəklərdən, təbii güllərdən istifadə edirik. Səmənilər əsasən buğdadan, keşniş toxumundan, hətta mərcidən də becərdilir".

Səməni "monopoliyası"

Mağazadan uzaqlaşıb Nəsimi bazarına gedirik. Bazarın girişindəcə ən müxtəlif formalı səmənilər göz oxşayır. Vaqif adlı satıcı səməni alverindən narazılıq eləmir:
- Bir həftədir ki, 50 qəpikdən tutmuş 15 manata qədər səmənilər satırıq. Xüsusilə xaricilər və xarici şirkətlərin işçiləri alırlar. Bu yaxında Koreyalı iş adamları gəlib böyük səmənilərdən seçib aldılar. Üstəlik, kamera ilə səməniləri çəkdilər.

Stenddə diqqət çəkən səməni formalarından üzərində əjdaha və quş fiqurları qoyulmuş muncuqlu səmənilər, 8 mart-Beynəlxalq Qadınlar gününə həsr olunmuş 8 rəqəmi formasında, Novruzda bayramlıq aparılan nişanlı qızın xonçasına qoymaq üçün iki ürək birləşməsi və ağac şəklində becərdilən səmənilər var.

Vaqif deyir ki, ən bahalı səmənilərin qiyməti 100 manatı ötmür:
- Bu səmənilər "parnik" şəraitində becərilir. Biz də Yaşıl Bazardan alıb gətiririk. Ona görə də, malın mayası çox baha olur. Bu soyuqda öz-özünə becərilən səməni tapmaq mümkün deyil. İki ürəyin birləşməsindən ibarət səməni bu aralar çox alınır, qiyməti 8 manatdır. Amma son çərşənbədə böyük ölçülü səmənilər gətiririk ki, 4 nəfər onu çətin qaldırır.

Qiymətlər fərqlidir

Bazarı bir az fırlandıqdan sonra başqa bir piştaxtaya yaxınlaşıb 3 mərtəbəli səməninin qiymətini soruşuruq. 15 manata satılan səməninin satıcısını danışdırmaq istəyəndə dərhal yanımızda Vaqif peyda olur və gülümsünərək:
- Bu bazarda səməni bizim monopoliyamızdadır, - deyir.

Müxbirimizin səməni almaq istəyini anındaca qəbul edən satıcı yamyaşıl bir səmənini seçib bizə verir. Xüsusi bir zövqlə səməninin "belin"ə qırmızı lent bağlayan satıcı 1 manatı almağı da unutmur...

Şirin sonluq - Səməni halvası

Novruzla bağlı elə şirniyyatlar var ki, hazırlanması çətin olduğundan, çox az adam onu bişirməyə həvəs göstərir. Bunlardan biri də, xalq arasında "səməni halvası" kimi tanınan şirniyyat növüdür. Səməni halvasına bəzən "suhan halvası" və ya "İsfahan halvası" da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında, yalnız təbii məhsullardan hazırlanmasındadır.

Dietoloqlar müasir istehsalın insan orqanizminə vurduğu ziyanı təsdiqləməyə məcburdurlar. Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. Uşağa süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyatlar belə qadının südünü artırır. Novruzda bişirilən səməni halvası "jenşen"dən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır.
Bazardan çıxarkən səməni halvası kimi tanınan şirniyyatın yalnız xüsusi sifarişlə hazırlandığını öyrəndik. Lakin bu halvanı hazırlayanları tapmaq mümkün olmadı. Satıcılar şirniyyat mağazasında səməni halvası tapacağımızı dedilər.

"Səməniatdı" mərasimi

Hər il bahar bayramından 14 gün sonra - aprelin 2-si Qubada səməni atdı mərasimi keçirilir. Bayramda evdə cücərdilmiş səməni axar suya atılır. Bu, Qubada uzun illərdən bəri yaşadılan qədim adət-ənənələrindəndir. Günorta saatlarından sonra rayonun qız-gəlinləri, uşaqlar, yaşlı qadınlar Qudyalçaya gələrək, bu adətin şərtlərini icra edirlər. Yerli sakinlər deyir ki, sınanmış inanca görə, ürəyində niyyət və arzu olan şəxs axar su üstə gəlir, niyyətini edib əlindəki səmənini suya atır. Növbəti ilədək arzusu çin olanlar xonça düzəldib, yenidən su başına gəlirlər və təzədən suya səməni atırlar.
Qeyd edək ki, səməni zibilliyə atılmamalıdır. Onu solandan sonra, təmiz, axar suya atmaq lazımdır.

Nailə RÖVŞƏNQIZI

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm