Yazarlar
Bə nə bilmişdin?
Şəxsən mən Azərbaycan televiziyalarına maraqla baxıram: hər an bu kanallardan hansınınsa mahiyyətinin dəyişəcəyi inamıyla. Hərçənd bu aksiomanı da qulaqardı eləməmişəm: iyirmi il televizorda eyni şeyi görürsənsə, ya səndə nəsə xarab olub, ya da televizorda...
Həyatımızdakı tək dəyişikliyin altı aydan bir saat əqrəbinin yay
vaxtından qış vaxtına və qış vaxtından yay vaxtına çəkilməsindən
ibarət olan bu cani-fani-mani dünyada televiziyalarımızda da dörd
ildən bir havasat dəyişir. Parlament seçkiləri vaxtı camaatımız
oxumağı dayandırıb başlayır danışmağa.
Və dəhşətli fakt çıxır ortaya. Məlum olur ki, namizədlərin
əksəriyyəti danışa bilmirmiş.
Məlum olur ki, bu əksəriyyətin qabiliyyəti təkcə alış-verişdə
qiymət danışmağa, “razborka”larda söhbət xırdalamağa, əyri-əyri
işləri danışıb-düzüb-qoşmağa çatırmış.
Yəni ki, bu əksəriyyətin dili yoxmuş, dilçəyi varmış.
Deyirəm axı, niyə bizim leksikonumuzda, məsələn, bir yetimi
ovunduracaq çalar yoxdu? Niyə bizim danışıq dilimizin loruluğunda
bu qədər köntöylük var? Niyə, məsələn, tamadanın toy təbrikiylə
mollanın fatihəsindəki ton eynidi?
Çünki həmin əksəriyyət durğun, standart, əzbərçi məişət
vəziyyətlərindən heç vaxt kənara çıxmayan çoxluqdu. Düşüncə tələb
eləməyən bu hallarda hazır ünsiyyət şablonlarından istifadə
edildiyindən ifadə rəngarəngliyi də yaranmır. Bu situasiyalar
həyatın kobud, natəmiz yerlərində olduğundan, danışıq dili də belə
çirkli və qaba.
Bu çoxluq ünsiyyət şablonlarıyla leksikonumuzu qurudub. Bizim
danışıq dilimizdə bədahətənlik yox.
Radiolarımız televiziyalarımızdan daha faydalı, heç olmasa, tıxac
olan yollar barədə sürücülərimizi xəbərdar eləyirlər.
Televiziyalarımızın isə göstərdiyi səhnəciklərdə
tamada-aktyorlarımız hələ də sətiraltıda cinsiyyət üzvləri başa
düşülən atmacalarla ermənilərə sataşmaqla məşğul. İmkanın ola,
düşmənə söyüş söyüb qaçmağa oxşayan bu bayağı, bu şit vətənbazlığı
qanunla qadağan eləyəsən. Ola da...
Gör indi nə deyirəm. Radiolarımızın Bakıdakı tıxaclar barədə
məlumatları bizi çaşdırmasın, hər min nəfərə düşən maşın sayı
Gürcüstanda yüz on yeddi, Ermənistanda yüz doqquz, azərbaycanda
doxsan səkkizdi. Ermənidi yalan deyən, məqsədim bu məsələdə
regionun lideri olmadığımıza işarə vurmaq deyil. Demək istəyirəm
ki, düşmən ölkədə tıxac problemi bizdə olduğundan da böyük.
Ancaq noolsun, şəhərimizdəki “Hammer-mammer”lərin qədərinə ki, söz
yox. Ta orası ayrı söhbətdi ki, belə maşınlardan Əfqanıstanda mərmi
atırlar, bizim tərəflərdə isə...
Qayıdıram iki abzas yuxarıya: mən də bilirəm ki, vətənpərvərlik
insanın təbii halı. Hərçənd Azərbaycanda da yaxşı tanınan yazıçı
Ceyms Coys “İrlandiyanın uğrunda ölməyə hazırsanmı?” sualına belə
cavab vermişdi: “Xeyir ola?! Qoy İrlandiya mənim uğrumda
ölsün”.
Deməsəm bağrım çatlar: illər dir ki, erməniləri Moskvada KVN
yarışmasında udmağımızı fəxrlə dövriyyədə saxlayan daxili
təbliğatın nəticəsidi ki, vətənpərvərlik məsələsi yavaş-yavaş gülüş
obyektinə çevrilməkdə. Bir ay bundan qabaq rayonda bir kişinin
balqabağ bostanından hazırlanan reportajda o elə beləcə də dedi:
“Mən bu bostanla xalqıma xidmət eləyirəm”.
Neynəsin kişi?! Telejurnalist mikrafonu adamın ağzına tapança kimi
dirəyəndə kimin yadından çıxmaz ki, bostanı xalqçün deyil, öz
mənfəəti üçün becərməkdə ayıb bir şey yox. Kapitalizmdi e, onda
şəxsi mənafelər birləşərək ictimai mənafe yaradırlar.
Neynəsin kişi?! Vətənpərvərlik ruhunda “tərbiyə”də şantaja əl
atılanda, hətta vətəni sevməyənə dərsliklərimizdə Abbas Səhhətvari
söyüş də qoyulanda, on yaşlı məktəbliyə Vətənə borclu olduğu diktə
edilərək, az qala, bu borca görə onun üstünə “tavan” da qoyulanda
nəticəsi belə olur da.
Bə nə bilmişdin?!
Publika.Az
-
Magazin119:10
Brilliant Dadaşovanın rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR